Yuxarı

Şəriət polisi və ya hicablı kişilər

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəmi bir il əvvəl Londonun şərqində "müsəlman patrul"lar peyda olanda Avropa islam dünyası ilə yaşadığı münaqişələrin yeni forması ilə üz-üzə qaldığının fərqində deyildi.

İndi Almaniyanın Vutterpal şəhərində baş qaldıran "mənəviyyat keşikçiləri"ni görəndə hər kəs bir həyat nəsihətinin doğruluğuna yenidən əmin olur: "pis vərdiş yoluxdurucu olur". Kimdir bunlar - xalq drujinalarının yeni üzvlərinin məqsədi nədən ibarətdir?

Yarasalar gecə aktiv həyata başladığı kimi, hələ ki, yalnız axşamlar fəaliyyətə keçən və özlərini "şəriət polisi" adlandıran bir qrup üzümaskalı gənc cəmiyyətdə "qayda-qanun yaratmağa" qərar verib. Orta əsrlərdəki dini normaları Avropanın mərkəzinə və xristian dünyasının ortasına daşımağa hazır olan "islam keşikçiləri" insanları qeyri-əxlaqi həyat tərzindən daşındırmaq niyyətindədir. Ruhani təmizlik və əxlaq etalonu statusunu harada qazandıqları bəlli olmayan bu "üzü örtüklü kişilər" qadınların hicabını onların əllərindən alıb axşamın qaranlığında işıqlı amallar uğrunda mübarizəyə qalxıblar. "Şəriətçi"lər açıq-saçıq geyimlərdən, alkoqollu içkilər və qumar oyunlarından, həmçinin cəmiyyyətdə bunu tirajlayan və ictimai normaya çevirməyə çalışan vitrinlərdən, reklam lövhələri və ictimai iaşə yerlərindən kəskin narazı qalaraq özləri sahmanlama tədbirlərinə keçiblər. Budur, "polis" bir gəncə yaxınlaşıb burada müsəlmanların kompakt yaşadığını deyərək, onun siqaret çəkməsini və yaxud pivə içməsini dərhal dayandırmağı tələb edir. Axı tütün və içki müqəddəsliklərə ziddir və necə yol vermək olar ki, "tüfeyli vərdişlərin daşıyıcıları" gəlib sənin aulunun mədəni və mənəvi atmosferini korlasın?

Guya bu əhli-müslümlər öz ölkələrində cənnəti qurub, sonra gediblər dünyada qayda-qanun yaratmağa. Qarşısında kriminal sifətli və rəsmi simvolikalı bu bədheybət varlıqları görən alman vətəndaşları əvvəlcə rəsmi təqdimat tələb etməyə və hüquqi müdafiə tədbirləri görməyə əl atarkən, "polislər" onların günahlarını bir-bir sayaraq küçədə məhkəmə təşkil edir və "müttəhimi" yerindəcə mühakimə edərək, onu öz aləmlərincə haqq yoluna qaytarmağa çalışırlar.

Hə, hamınızın bildiyi tərbiyə dərsi artıq başlayıb. Doğrudur, radikal sələfilərin Avropada artan sayı fonunda islamlaşma tendensiyası orada güclənir. Lakin onlar indi nəinki öz inanclarına kütləvi tapınmaq mərasimlərini kənara daha qabarıq təqdim etməyə çalışırlar, eləcə də yerli polisə və bütövlükdə ədliyyə sisteminə alternativ strukturlar yaratmağa cəhd göstərirlər.

Almaniya Daxili İşlər naziri təbii ki, bu əməllərdən narahatlığını dilə gətirib, təmsil etdiyi hökumətin adından bildirib ki, qondarma din mühafizəçilərinin fəaliyyətinə yol verilməyəcək və onlar cəzalandırılacaq. Cəmiyyətsə belə arxaik tədbirlərə əl atanları, ümumən şəriət sözünü dilə gətirənləri həyəcan və "abstarkt təhlükə" kimi qəbul edir. Onsuz da həqiqi islamın özü ilə ixtilafda olan və onun müqəddəsliyinə şübhə edənlərin gözləri qarşısında hər gün nümayiş etdirilən "başkəsən allahu-əkbərçilər" aşkar vahimə saçır. Hələ bu yandan da belə narıncı libaslı "əxlaqlı cəmiyyət qurucuları"nın adamların başının üstünü alması Qoca qitənin istənilən köklü sakinində niyə də açıq qəzəb və nifrət doğurmasın ki? Axı necə ola bilər ki, kimsə klerikal bir ölkədəki kimi rəsmi dövlət strukturlarını əvəz edərək onlara necə yaşamağın yolunu öyrədəcək? Buna vahiməli yanaşmayıb dözüm göstərməyi tələb edənlər zəmanət verə bilərmi ki, indi diskoteka və barlarda "pozulanları" iman və həqiqət yoluna qaytarmağa çalışanlar sabah kimisə onların inandığı peyğəmbərə təzim etmədiyinə görə linç etməyəcəklər? Hələ heç ruh məsələsindən danışmırıq.

Tutalım ki, ictimai mənəviyyatı aşağılayan cəmiyyət tör-töküntülərini hamılıqla kənardan müşahidə edib görmək mümkün olur, bəs günün birində kimisə ONUN TƏK ALLAHINA VƏ RƏSULUNA şəkkaklıq gətirdiyinə görə "samosuda" əl atanda bu şəriət norması ilə Avropa İnsan Haqları Konvensiyasını necə uzlaşdıracaqlar?

Etiraf edin ki, oturuşmuş toplumlar üçün bu böyük təhlükədir. Vaxtilə gənc Adolf Avstriyadan doğma vətəninə keçib kiçik inqilabi dərnəklər qarşısında öz üsyankar baxışlarını ağzı köpüklənə-köpüklənə bəyan edəndə, yaxud məlum svastikanı Kayzerin qəbrini qazanların qarşısında nümayiş etdirəndə heç kəsin ağlına gəlmirdi ki, bu təsvirlər altında milyonlarla insanın qanı töküləcək və bəşəriyyət öz inkişaf yolundan on illərlə çıxmış olacaq. Onda bir binanın çıxışında Hitlerin cılız boynunun arxasından kimsə linglə bir zərbə endirsəydi, milyonların kürəyi və boynu arxasından cəllad baltası ilə kəsən, yaxud onları domino sobalara qalayan cəlladdan da hər kəs xilas olardı. Belədə İkinci Dünya Müharibəsini törətməyə və nasional-sosializm bəlasını xalqların beyninə zorla yükləməyə də ehtiyac qalmazdı.

Lakin nə yazıqlar ki, "tarix şərt şəkilçisini sevmir" düsturu əbədiyyən doğru olaraq yaşayacaqdır. Çinin dahi lideri Maonun "mədəni inqilabı" da eyni insan cəsədlərinin üstündən adlayıb keçməli olmuşdu. İndi isə bütün xalqların xünbeyvinlərin - "qırmızı keşikçilər"in əməllərindən nəticə çıxarmağa geniş imkanları var. Əsil şəriət qanunlarının isə nədən ibarət olduğunu bilənlər çox azdır. Onun dünyəvi baxışlarla toqquşması isə qaçılmazdır, ÇÜNKİ FƏRDİ itaət olunan DİN HƏR KƏS ÜÇÜN KOLLEKTİV ÖHDƏLİK DEYİL, muxtar və azad ruhi-mənəvi təyinatdır, şəxsi seçim halıdır. Onu məcburiyyətə çevirəndə adamların daxili mənəvi quruluşu nə qədər qarışırsa, bir o qədər də millətlərin mental dəyərləri, fərqli özgürlükləri zərbə altında qalmış olur. Bunun əksini iddia edənlərin qarşısına dindən sonra gələn ideologiyaların kütləviləşmək üçün hansı qırğınlara və insan tələfatlarına səbəb oldulqarını göstərmək kifayətdir.

Əslində, Britaniyada sınaqdan keçməyə çalışmış "şəriət polisi" sabiq Baş nazir Toni Bleyerin "mədəni müxtəliflik" kursunun nəticəsində meydana çıxmışdı. Miqrasiyanı iqtisadiyyat və demoqrafiya üçün yaxşı stimul sayan keçmiş hökumət rəhbəri belə hesab edirdi ki, mənsub olduğu ingilis milləti köklü tarixi ənənələrə malik olduğundan istənilən kənar xalqların kütləvi axınından, hətta mağara təfəkkürü ilə 21-ci əsrə adlamış insanların köçündən narahat olmamalı, əksinə, geriqalmış toplumları ram edib öz içərisində əridərək, onların fiziki və əmək ehtiyatlarından Britaniyanın quruculuğunda istifadə etməlidirlər. Bleyer bir də onda ayıldı ki, kompakt yaşayaraq assimilyasiyadan özünü qoruyan və bununla məhdudlaşmayıb o dəyərləri titullu xalqlara öyrətməyə çalışan xeyli avtonom ərazilər qazanıb. "Müsəlman məhəlləsi" də belə meydana çıxmışdı. Oradakı adamlar nəinki avropalaşmamışdı, hələ üstəlik, yerli sakinləri də onların dünyasına müdaxilə etməkdən çəkindirmək üçün müxtəlif müqavimət cəbhələri və özünüqoruma mexanizmləri yaratmışdılar. Məsələn, London polisi yaxşı bilirdi ki, o ərazilərdə baş verən hər hansı kriminal hadisənin açılması üçün hər kəsi sorğudan keçirməyə ehtiyac yoxdur. Yetər ki, sən həmin qrupların mənəvi, elə həm də fiziki avtoritetlərini tapıb danışdıra biləsən. Lakin bir şərtlə: onların libaslarına, zahiri atributlarına və hətta qeyri-mədəni dəyərlərinə hörmətlə yanaşmalısan!

Bleyer bununla da Avropaya köçmüş və orada Yəmən, Suriya, Əlcəzair, yaxud Misir qurmuş insan qruplarının mədəni inteqarsiyadan nə qədər uzaq olduğunu görəndə isə artıq gec idi. Əslində üsəmalar belə məhəllələrin içindən çıxırdı. Onlar qərblilərin azad cəmiyyət modelini həzm edə bilmirdilər. Hətta ən mötədil və ingilisləri tərbiyələndirməkdən özünü kənarda saxlayan məhəllələrdə sorğu aparılanda hökumət şahid olmuşdu ki, onların içində və mənəvi dünyasında da "cihada pərəstiş" hissi yüksək olaraq qalır. Yəni, azad cəmiyyətlərin içərisində guya sosiallaşan və beynəlmilləlləşən müsəlmanlar ən sonda dini, yaxud milli "mən"lərini unutmurlar. Lakin bir həqiqət danılmaz olaraq qalır: mənəviyyata polislik etmək istəyərkən sən inkvizisiya məhkəmlərinə və tonqallarına əl atmış olacaqsan. Çünki yaşam tərzi ilk növbədə ruhi seçimdir və sən şəriət qanunu çıxararkən millətləri deyil, hər bir fərdi qarşında görəcəksən. Bu isə əbədi müharibə deməkdir.

Almaniyada üzünü bağlayıb "ağıllandırmaq" istədiyi adamı tənbeh edənlə İraqın səhrasında guya Allahın qara bayrağını və Kalaşnikov avtomatlarını göylərə qaldırıb Quran ayələrini söyləyərək ayaqları altına kəsdikləri iki başı dünyaya nümayiş etdirən cahillər eyni admlardır və onlar fərqində deyillər ki, kafirlər, yaxud inanmayanlara qarşı mübarizəni müqəddəs peyğəmbərimizin adından belə aparmaq dünyəvi cinayətdir. İslamın həqiqi elçisinin hədəfi ayrı beyinlər idi. Qəlbləri fəth edə bilməyənlərin, insanların şüur və ruhi dünyasından uzaq olanların ya şəriət polisi, ya da İŞİD adlanmasının heç bir fərqi yoxdur. Onlar üzlərini nə qədər bağlasalar da, allahsız əməllərinin üstü açıqdır!

Tarix
2014.09.13 / 11:39
Müəllif
Zahid Oruc
Şərhlər
Digər xəbərlər

45-ci gün: Əliyevin və müqəddəs torpaqların qayıdışı

Əliyevin Marşal planı: Zahid Orucdan sensasion yazı

Əsas məsələ ləyaqətli və könüllü qayıdışdır

Bakıya qarşı böyük savaş: kuratorlar nələr ötürür…

Zəngəzurda Ordumuza qarşı "döyüşə atılan" çobanlar – Video

Mehriban xanımın siyasi obrazına baxış

Simonyanın müraciəti: Rus mediası Nikola sitəm edir

Xudafərinə görə Əliyevin İrana şok cavabı

Prezident xalqı xilas edir, hətta Əli Kərimlini də...

Onlara nəfəs aparatı çatmayacaq – Sensasion baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla