Yuxarı

AYB-nin katibi: “Bu iş mənimçün müvəqqətidir” - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

AYB-nin nəhayət ki baş tutmuş qurultayından xeyli vaxt keçdi. Yazıçılar Birliyinin strukturunda dəyişikliklər oldu. Birliyin bəzi orqanlarına yeni redaktorların təyinatı diqqəti çəkdi. AYB rəhbərliyində gözlənilməyən dəyişikliyindən biri Birliyin ədəbi əlaqələr üzrə katibi Arif Əmrahoğlunun vəfatından bir müddət sonra baş verdi. "Ulduz" jurnalının qurultaydan sonra təyin olunmuş redaktor müavini yazıçı İlqar Fəhmi bu posta təyin edildi. Bu günlərdə yeni təyinat almış katiblə görüşdüm. Ona yeni işində uğurlar arzulamaq, təzə və məsuliyyətli vəzifənin öhdəsindən necə gəldiyi və yaxın zamanların planı ilə maraqlanmaq istədik. İş gününwn sonu olsa da, İlqar bəy otağında idi. Amma deyəsən harasa tələsirdi, yır-yığış edirdi.

- İlqar, deyəsən harasa gedirdin?..

Hal-əhval tutduqdan, oturmaq üçün yer göstərdikdən sonra:

- Hə, axşam tədbir var, orda çıxış eləməliyəm, – dedi.

Deyəsən gedəcəyi yerə o qədər də tələsmir. Sərbəst söhbət etməyə vaxtının olduğunu öyrənirəm. Yeni işi ilə bağlı sual verirəm:

- Necədir yeni iş yerin? Adaptasiya ola bilirsən? Deyəsən, burada daha çox olursan, nəinki jurnalda...

- Düzü, yayda bir neçə ağır iş götürmüşdüm, bu təyinat olanda, hələ o işləri bitirməmişdim, yarımçıq da qoya bilməzdim, çünki söz vermişdim. Ona görə sentyabrın əvvəli bütün fikrim o işlərin üstündə idi ki, tez bitirim, təhvil verim. Şükür ki, axırı yekunlaşdırdım. Hələ bundan sonra adaptasiya-filan barədə fikirləşmək olar...

- Hər halda bu mühit sənə doğmadır.

- Düzdür. Kənardan gələn adam olsaydım, yəqin ki, daha çətin olardı... Amma on ildən çoxdur burda işləyirəm, bura mənim doğma evim kimidir. Onu görə, məncə, çətin olmaz.

Arxasında oturduğu stolun üstündə səliqə-sahman var. Mərhum Arif Əmrahoğlunun böyüdülmüş, qara çərçivəyə salınmış fotosu isə kənrdakı stolun üstünə qoyulub. Bu otaqda çox şeylər onu xatırladır. İlqar bəyə stolu göstərərək soruşuram:

- Bu stolun üstü bir vaxtlar qarmaqarışıq olardı. İndi səliqə-sahman var. İşə təzə başladığındandır, ya işdə az olmağından?

- Hələ təzə-təzədir. Bir azdan yəqin ki, kitablar, qəzet-jurnallar qalaqlanacaq. Ən çətin şey odu ki, mən bir az səliqəsiz adamam. Əvvəllər itirib-axtarmırdım, amma indi görürəm ki, gəlib-gedənlər buna çox fikir verirlər. Gərək özümü məcburən səliqə-sahmana öyrəşdirim.

Ayaqlarını uzadıb ölmək

- "Ulduz"dan fərqli olaraq işlər bir qədər çətin olar, güman edirəm.

- Hər yerin çətinliyi də var, asanlığı da... Ümumiyyətlə, həyatda asan olan şey ancaq ayaqlarını uzadıb ölməkdi. Bundan asan, rahat heç nə yoxdur. Qalan nə varsa çətindir. "Ulduz"un öz çətinlikləri var idi, şəxsən mənim üçün ən çətin şey yazısı zəif olanlara bunu başa salmaq idi. Hər adamın yazısı onun hissləri, duyğuları, iç dünyasıdır. Və təbii ki, onun öz gözündə əhəmiyyətlidir, gözəldir, maraqlıdır. Hansısa bir yaradıcı adama necə başa salasan ki, sənin hiss və duyğuların, daxili aləmin, fikir və düşüncələrin maraqlı deyil, yüngüldür, ucuzdur... Axı adamın ruhu sına bilər. Ona görə min cür yolla çalışırdım ki, sözü elə deyim, inciməsinlər, ürəkləri sınmasın... Hərdən alınırdı, hərdən alınmırdı. Kiminsə ürəyi sınırdısa, mən ondan betər pis olurdum. Şəxsən öz jurnalım olsaydı, yaxşı-pis hamını çap edərdim. Amma burda mümkün deyil axı...

İlqarın gileyindən "tuturam". Sözsüz, belə hallarda "güvəndiyi dağlara qar yağdığını" görən dostlar incik düşür. Görəsən onun "incitdikləri" ondan üz çeviribmi, deyə düşünərək soruşuram:

Qapalı həyat tərzi keçirən adam

- Yaradıcı adamlarla işləyirsən. Artıq AYB-nin rəhbərliyində təmsil olunursan. Nələr dəyişdi? Dostlar seyrəldi, yoxsa çoxaldı?

- Sən özün yaxşı bilirsən ki, mən uzun illər qapalı həyat tərzi keçirən adam olmuşam. Ona görə də o qədər fərq hiss eləmirəm. Çünki ətrafdakılarla ünsiyyət elə həddə olub ki, mənə olan münasibəti də mənə deməyiblər, çox şeylərdən xəbərim olmayıb. Elə indi də, sən dediyin "dost çoxalmağı" yoxdur, bunu istəyənlər də çox yaxın gəlməyə ehtiyat edirlər.

Narkomaniyaya da bənzəyə bilər

- Qapalı həyat tərzi keçirən adam olmuşam deyirsən. Eyni vaxtda yaradıcılığın da çoxşaxəli olub. Maraqlıdır, indi işlərinin və məsuliyyətinin daha çox olduğu bu vaxtlarda yaradıcılığına vaxt ayıra bilirsənmi?

- Yaradıcılığım olmasa, nəfəs ala bilmərəm. Hətta ən böyük vəzifə olsun, sonu görünməyən var-dövlət olsun, şan-şöhrət olsun, amma əvəzində yaradıcılığım əldən getsə, yaşaya bilmərəm. Daimi yaradıcı fəaliyyət kobud mənada haradasa narkomaniyaya da bənzəyə bilər. Bu baxımdan işim nə qədər çox olsa da, paralel olaraq öz yaradıcılığıma vaxt ayıracam. Bunsuz həyatımı təsəvvür eləmirəm.

Serial bir az yorub məni

- O biri tərəfdən də kino, teatr, serial və sair...

- Düzü, serial bir az yorub məni. Əslində, heç bundan sonra o sahəylə məşğul olmağa o qədər həvəsim də qalmayıb. Belə baxanda, heç əvvəldən serial həvəskarı olmamışam. Sadəcə, bu sahə bizdə təzə yarananda, gördüm ki, ssenari yaza bilən azdı, məndən xahiş elədilər, bir-iki il məşğul oldum... Amma əvvəldən bilirdim ki, bu iş müvəqətidi mənimçün... Amma kino və teatr fəaliyyətim yəqin ki, davam edəcək... Bu ay dövlət sifarişi ilə "Azərbaycanfilm"də çəkilən "Axırıncı dayanacaq" filminin təqdimatı olacaq. Ssenari müəllifi mənəm. İlin sonunda da daha bir filmimizə start veriləcək... Bu yeni film ssenarisini yazdığım və dövlət sifarişi ilə çəkilən altıncı filmim olacaq. Teatrla bağlı işlər də davam edir.

AYB rəhbərliyinin uzun illik əsəb gərginliyi

- AYB davamlı olaraq tənqid olunur. Tənqidlər də əsasən Anar müəllimə ünvanlanır. Necə başa düşürsən, işinizlə bu tənqidləri azalda biləcəksən? Yaxud bu tənqidlərin müəyyən faizini üzərində hiss edə bilirsən?

- Tənqid həmişə olub, bundan sonra da olacaq. Axı mümkün deyil ki, sənin gördüyün işlər hamı tərəfindən bəyənilsin. Kimlərsə görülən işlərin mahiyyətini başa düşmür, ona görə tənqid edir, kimlərsə düşmənçilik aparır, kimlərsə öz qəhrəmanlığını göstərmək istəyir, kimlərsə bekarçılıqdan tənqid edir... Tənqidə münasibətdə AYB ən liberal təşkilatlardan olub. Düzdü, bu liberallıq AYB rəhbərliyinin uzun illik əsəb gərginliyi, daxili stresləri hesabına başa gəlib... Mətbuat bizim yazı əhlinin, ziyalı mühitin aparıcı fəaliyyət yeridir. Ədəbiyyat da eynən. Mətbuatda çalışanlar gərək ədəbiyyat adamlarını, xalqın barmaqla sayılan ziyalılarını haqsız tənqidlərdən qorusunlar. Əfsuslar olsun ki, bəzi mətbuat orqanlarındakı dırnaqarası jurnalistlər bunun əksini eləyiblər.

"Ulduz" jurnalının dinamik inkişafı

- İlqar, səncə "Ulduz"da vəziyyət indi necədir? Sənin yerinə Vüsal Nuru gəldi. Təklif səndən gəldi, yoxsa bu, redaktorun seçimi idi?

- Yox, həm Vüsalın şöbə müdirliyi, həm Təranə Vahidin Baş redaktor müavinliyi Qulu Ağsəsin seçimidir. Və məncə, çox uğurlu seçimdir. Vüsalla uzun müddət kino sahəsində işləmişəm, çox enerjili, istedadlı və ən əsas da məsuliyyətli adamdır. İnanıram ki, "Ulduz" jurnalı bundan sonra da öz dinamik inkişafını saxlayacaq...

Tarix
2014.10.02 / 08:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla