Yuxarı

İblisanə güclər

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Froyddan və Yunqdan bir-iki kəlmə (Şəxsiyyətin psixoloji portreti)

Ziqmund Froyd özünün psixoanalizində, Karl Qustav Yunq özünün analitik psixologiyasında şəxsiyyətin iç sistemində düşünüş, özünübilmə bölgəsi ilə (yəni bilinclə, şüurla) düşünüşsüzlük (bilincsizlik), bilincaltı (şüuraltı) bölgələr arasındakı ilişgilərə böyük fikir vermişdilər. Bu sadalananlar baxımından insanı ayrı-ayrı tiplərə bölmək olar. İnsan var ki, onun özünü bilməsi yaşamında aparıcı olur. İnsan var ki, bilinci bilincsizliyinin, bilincaltının əsir-yesiridir. Belə adamlar nevrotik tiplərdir. İnsan da var ki, iç varlığının hər üç bölgəsini uyarlıqda saxlayır.

Güman ki, eyni prinsiplə sənət əsərlərini də bölgülərdirmək olar. Əsər var ki, onu şüur, bilmə aydınlığı xarakterizə edir. Əsər var ki, nevrotik tip təsiri bağışlayır (surrealizmi, absurd teatrı, postmoderni yada salmaq olar). Əsər də var ki, hər iki tipin uyarlığında özünü qurur.

Yuxular, şizovrenik psixoloji ilə miflərin yaxınlığı

Froyd və Yunq çox ilginc bir nəsnəni üzə çıxartmışdılar. Nevroza tutulmuş adamların, bir də şizofreniklərin təsəvvürlərində əski miflərlə rituallar üçün xarakterik olan görklər (obrazlar), strukturlar özlərini bol-bol göstərir. Bütün bunlar həm də insan yuxularında durmadan peyda olur. Özü də belənçi durum, təkcə mifləri bilənlər üçün deyil, bilməyənlər üçün də xarakterikdir.

Bu psixoloji olayı Yunq "proyeksiya" anlayışı ilə açıqlayır. Onun fikrincə, miflər heç də təbiət olaylarını alleqoriyaya çevirməkdən, yəni hansı mənaları isə bildirən nişanlara, işarələrə çevirməkdən yaranmayıb. Əski insan özü də bilmədən (yəni bilincsiz, şüursuz olaraq) psixi dünyasındakıları təbiət olaylarının üstünə proyeksiya edirdi ki, bu olaylar "ekranında" onlara tamaşa etsin. Beləcə, miflər əski insanın bilincsizliyinin dünyadakı olaylara proyeksiyasından yaranır. İnsan, tutalım, günəşin doğub batmasını öz psixikasına mənimsətmək üçün bu ritmik prosesi tanrıların, ərənlərin taleyi ilə bağlamışdı. Tanrı, ilahi qəhrəman görklərinin kökü isə, Yunqa görə, insanın psixikasının bilincsiz qatlarına gedib çıxır. Ayın fazalarında, yağış mövsümlərində ritmik təkrarlarda əski insan özünün bilincsiz dünyasının dramasını, yəni toqquşma və uyuşmazlıqlardan törəyən gərginliklərini izləyirdi.

Yunqun nəticəsi. İnsanın iç dünyasının bilincsiz bölgəsi həm miflərin, həm də yuxuların qaynağıdır, ona görə də hər ikisi eyni başlanğıcdan oxşar obraz və simvolları alırlar. Təxminən, eyni ideyalar Yunqdan qabaq Froyd tərəfindən irəli sürülmüşdü. Ancaq Yunqun müəllimi miflərin və yuxuların vahid qaynağı kimi insandakı bilincsiliyi yox, bilincalını götürürdü.

Bu ideyalarda düzü və əyrini üzə çıxarmaq psixologiya və fəlsəfənin işidir. Hər halda indiki çağda elmdə nəsə tənqidi işlər aparılmışdır. Araşdırıcılar boyunlarına alırlar ki, tutalım, Yunqun "arxetip" anlayışını mistik örtükdən çıxarsan, doğrudan da, onun vasitəsi ilə incəsənətin bəzi dərində gizlənmiş strukturlarını tutmaq olar.

Arxetiplər Yunqa haradan gəlibmiş

Yunq arxetip anlayışını Platondan yaman təsirlənmiş İskəndəriyyəli Filondan götürmüşdü və onu belə açırdı: insan psixikasında elə ilkin biçimlər var ki, boş strukturu, formanı andırır. İnsan özü onları bilmir. Ancaq bu arxetiplər əzəli strukturlar kimi insanın gördüklərinə, bildiklərinə əlini qoyur. İnsan özü də bilmədən ürcahına çıxan olayları, nəsnələri arxetiplər biçiminə düşəndə anlayır, dəyərləndirir, onlara reaksiya verir. Yunq belə arxetiplərdən birini "Kölgə" adlandırırdı. Kölgə insan "Mən"ində "Anti-Mən"dir. İnsan irsən vəhşi təbiətlə bağlı elə nəsnələr alır ki, sonra şüurun, əxlaqın təsiri ilə onların qorxuncluğunu görüb bilincindən onları sıxışdıraraq çıxarır. Bu sıxışdırılıb çıxarılanlar bilincsizlikdəki Kölgə arxetipinə yığılırlar. Beləliklə, Kölgə psixi dünyanın İblisanə güclərinin təzahürüdür. Adamın içində cinayətkar, saldırqan (təcavükar) başlanğıcdır.

Sonda deməliyəm ki, hamıda bədii əsərlərdən ilginc və ağıllı danışmaq problemi var. Bax, bu problemi Froyd və Yunq Edip kompleksi, arxetiplər sayəsində çözə bilmişlər.

Tarix
2014.10.02 / 17:21
Müəllif
Niyazi Mehdi
Şərhlər
Digər xəbərlər

İslamın ən ciddi problemi müsəlmanlardır

Balaca adamın böyük görünmək effekti

Dahiliyə yaxınlaşmış adam

“Şok! Şok! Şok!”

Şüurun heç nəliyindən

Demokratiya nəyi dağıdır?

Meracda Allah peyğəmbərə nə dedi?

Dində islahatlara qarşı

İbadətin “qıl körpüsü”

Ateistə cavab: Atın dini olsaydı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla