Yuxarı

Yolunuz hayanadır?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəyi fərqlidir ki, bu əsrin Spartakın erasından?

Siyasiləşmiş Nobel mükafatının 2014-cü ildəki laureatlarıının kim olacağı bəlkə də diqqətimi bu qədər çəkməzdi, nəinki onun narahat dünyamızda çox uğurlu namizədlərə təqdim olunması tunelin sonunda görünən kiçik bir işıq oldu.

Neyrofizioloqlar Con Okif və onun ər-arvad tələbələri May Britt və Edvard Mozero tibb sahəsində uzunmüddətli tədqiqatların nəticəsi olaraq insanlığın fiziki xilası üçün mühüm uğura imza atdılar və münsiflər heyəti onların misilsiz əməyini qiymətləndirmək qərarına gəldi. Fəzada hərəkətin orientasiyasına cavabdehlik daşıyan hüceyrəni kəşf edən alimlər təcrübi siçovul üzərində sübuta yetiriblər ki, harada olduğumuzu təyin edən və koordinat sistemimizi bizə xəbər verən biokamplar vasitəsilə insan bir ünvandan başqasına gedir və şüurlu hərəkətini təmin edir.

Kəşfin gələcək tibbi inqilablara necə yol açacağı və müxtəlif beyin xəstəliklərindən əziyyət çəkən insanlara hansı yardım göstərəcəyi ilə işimiz yox. Sıraları sürətlə genişlənən yaddaşsızlıq və altsqeymerli pasientlər üçün əsil xilas eliksirinin tapıldığına dair əminliklərə də heç bir şübhə etmirik. Lakin doğrudanmı, insanlığın və bəşəriyyətin gələcəyi ona "yol xəritəsi" hazırlayan "beyin fəhlələri"nin ixtira edilməsi, funksionallığını itirən hüceyrələrin bərpası ilə özünün əbədi həllini tapacaqdır?

Cəmi bir neçə gün öncə dünyada təhlükəsizliyə cavabdehlik daşıyan əsas qurumun tribunasından müxətlif ölkə başçılarının qarşılıqlı ittihamlarla dolu nitqini dinlədik. Sülh missiyasına hələ başlamamış 6 il öncə buna görə ödüllənmiş Barak Obama Rusiyanı İŞİD təhlükəsindən də böyük şər qüvvə adlandıraraq dövlətləri ona qarşı birləşməyə çağırırdı. Amerika rəhbərinin yüksək natiqlik qabiliyyətinə və sürətli nitq modelinə heyranlığınızı bir anlıq kənara qoyub onun beynindəki növbəti planları təyin etməyə çalışanda sahib olduğunuz rahatlığın və çevrənizdəki sülhün nə qədər kövrək xarakter daşıdığına əmin olacaqsız.

Soyuq müharibədən təzəcə çıxmış xalqlar yenidən Şərq-Qərb qarşıdurmasına doğru sürüklənməkdədir. Sanksiyalarla məhdudlanmış iqtisadi bağların və hərəkəti yasaqlanmış insanların əvəzində Avropa qitəsində hərbi texnikanın, silahın, sursatın, qırıcı təyyarə və vertolyotların sayı artır. Bütün bunları qarşılıqlı demonlaşdırma təbilğatı ilə elə əsaslandırmaq mümkündür ki, millətlər növbəti savaşı yeganə xilas yolu kimi qələmə versinlər və başqa alternativlər haqda düşünməsinlər. Çünki ötən əsrin milyonlarla insan itkisi bəşəriyyəti heç bir dərsə sahib eləməyib.

Obama gülümsünərək ikinci bəlanı barmağı ilə göstərəndə, Keniyadakı nənəsini xatırlayıb "islamın insanlara sülhü öyrətdiyini" anladanda BMT salonundakıların xəyalları onları Afrikanın vəhşi florası və faunasına aparırdı. Adama elə gəlirdi ki, dünyanın bir nömrəli qaradərilisinin niyyəti hər kəsi təmiz uşaqlıq illərinə qaytarmaq, qayğısız, mehriban və unudulmaz keçmişlərini onlara yenidən yaşatmaqdır. Lakin Obama Yaxın Şərqdə tüğyan edən terroru bütünlüklə məhv etməyin vacibliyindən danışanda mətləb hər kəsə bəlli oldu. Amerika islamla müharibə etməsə də, İslam Dövləti ilə vuruşacaq. Lakin İlahidən dəstək almayanları yerdən yox, göydən vuracaqlar.

Qoy indi hərbi dairələr bir kənara dursun, istənilən mülki insan hesablasın ki, sıraları getdikcə genişlənən və konkret ünvanları, dayanacaq nöqtələri olmayan, İraqın və Suriyanın hər yerinə səpələnmiş cıhadçıları tamamilə qırıb qurtarmaq üçün nə qədər vaxt və silah lazım olacaq?

Beyninizin naviqasiyasını buna yönəldərkən, axtarış sisteminə İŞİD-ə qoşulanların həyatı məqsədlərini də müəyyənləşdirməyi unutmayın. Tutaq ki, əbədi dinclik tapmaq üçün cənnət axtarışında olan bir qism xəyalpərəst özünü bu vəhşətin içinə atmaqdan çəkinməyib, bəs təminatlı Qərb ailələrinin övladları hansı motivi rəhbər tutaraq cəhənnəmin qapısından içəri daxil olub və başkəsən ordunun qəssablarına çevriliblər? Onların mənəvi-siyasi portretini hazırlamağa çalışanlar yəqin ki, ilk növbədə Avropada hökm sürən dəyərlər böhranını, limitsiz azadlığın doğurduğu tüfeyliliyi əsas göstərəcəklər, lakin bir fakt inkar olunmazdır: İŞİD bütün cəmiyyətlərdəki mövcud olan antoqonizmin, daxillərdəki canavarlığın və barbarlıq hissinin, həmçinin mənfəətpərəstlik və hökmranlıq duyğularının ümumi simvoldur. O, sadəcə bir təşkilatın adı deyil. Heç kəs onları konkret dinə, millətə bağlaya bilməz. Bu dünya ordusudur. Ekranlarda gördüyümüz səhnələr hamının qəlbindəki Şeytanın səhraya buraxılmış formasıdır və Əllədindən fəqli olaraq, əl-Bağdadi 21-ci əsrdə cini şüşədən çıxarsa da, onu könüllü yerinə qaytarmaq fikrində deyil.

Əksinə, yayılan xəbərlərə görə, İŞİD İranın nüvə silahı hazırlamaq texnologiyasını və elmini ələ keçirmək üçün məxfi qüvvələrlə danışıqlara baş vurub. İndi təsəvvür edin ki, atom reaktorları içərisində illərlə özünü incidilmiş və atılmış sayan alimlərdən terror qruplarına yardımlar edilir, Xirosimaya atılan bombaların hazırlanma üsulları onlara satılır, onda Şərin hakimiyyəti, xofu və çevrəsində yaşayan dünyanın mənzərəsi hər gün ölümünü gözləyən hərbi əsirlərdən heç nəylə fərqlənməyəcək.

Müqəddəsliklər məhv olanda səhnəyə peyğəmbərlər çıxır. İsa nə etdiyini bilməyən insanlığın xilası naminə çarmıxa çəkilmiş, hamının zülmünü tək cismində yaşayaraq böyük bir din qoyub əbədi ruha çevrilmişdi. Müsəlman dünyası pisiliklərin, köləliyin, istismarın, imansılığın və inamsılığın əlindən Tanrı elçisi Məhəmmədin Allahla ünsiyyəti hesabına qurtula bilmişdi. Lakin indi o qutsal kitablar qurtuluşa deyil, dünyəvi müharibənin ideologiyasına, fərqli sivilizasiyaların arasında gedən davanın başlıca səbəbinə çevrilməkdədir. Dinin xilaskarlıq missiyasına son qoyulub, məscidin, kilsənin və sinaqoqun cazibə aləminə tapınanlar bir göz qırpımında qladiatorlara çevriliblər. Nəyi fərqlidir ki, bu əsrin Spartakın erasından?

Ölümün kultu yaranıb. Ona pərəstiş edənlər hər gün cansız başlardan ibarət açıq səhra sərgilərində və genosid muzeylərində nə qədər desən, əylənə bilirlər. Ölüm artıq mədəniyyət hadisəsidir. Minlərlə adamın intiharı və kütləvi qətllər günahdan daha çox incəsənət nümunəsinə çevrilib. Dünya özü boyda qəbir evinə dönüb və ölümün ətri, qoxusu hər yanı bürüyüb.

Ebola virusu da insanlığa cəza olaraq 40 ilin fasiləsindən sonra yenidən baş qaldırıb. Məlumatlara görə, artıq İspaniyada ilk qurbanların taxtı hazırdır və ehtimal edilir ki, epidemiyanın qarşısı alınmasa, 1 milyondan çox adam bu bəladan həyatını itirə bilər. İndi siz deyin, nobelçi alimlərin kəşfi ölmüş beyinləri, çürümüş zəkaları və zülmət qaranlığına çevrilmiş mənəviyyatları haqq yoluna çıxara bilərmi?

İndi Romada 1.2 milyard katolikin, xüsusi olaraq acların, kimsəsizlərin və istismar olunanların hamısı kimi ad çıxarmış Fransiskonun növbəti dini moizəsidir. On minlərlə adam müxtəlif ayinləri icra edərək bəşəriyyəti humanizmə və qardaşlığa səsləyir. Lakin insanlar kimin mənəvi hakimiyyəti altında olduqlarını sona qədər kəsdirmək gücündə deyillər.

İkinci Dünya Müharibəsindən sonra hamı birləşib beynəlxalq hüququn norma və prinsiplərini ərsəyə gətirdilər ki, dinc yanaşı yaşamanı bərqərar edə bilsinlər. Lakin Hitlerin və Stalinin mistik obrazı ölümsüzlük qazandı və keçmişin gələcək üzərində hökmranlığının qarşısını bir kimsə ala bilmədi.

Qloballaşmanın sərhədsizliyi insanları azdırıb. Ona görə bu üzübağlı, əli bıçaqlı və cəllad baltasından asılı qalmış bəşəriyyəti xilas etmək üçün üç Nobel mükafatlı alimin kəşfi çox zəif təsəllidir. Onlar yolunu itirmiş və səhraya - daş dövrünə qayıtmış adamları oyatmaq, yaddaşlarındakı insafı, mürvəti, xeyirxahlığı və ədaləti dircəltmək üçün hər kəsin beyninə bir naviqasiya qurğusu – "putevoditel" - yerləşdirmək gücündə deyillər.

Cavid deyirdi ki, qorxu bilməyən insan kafirdir! Azmış adamları xilas etmək indi nə orduların, nə də dinin işi deyil. Laboratoriyalarda on illərdir ki, canını bizə fəda edən siçovullar bir hüceyrənin yerini tapıb onu bərpa etməyə yarayacaq, lakin təbiətin bu cılız varlığı bir gün dil açsa, onu hər cür təcrübəyə qurban edən yırtıcı məxluqların yaxasından tutub soruşacaq: Yolunuz hayanadır?!

Tarix
2014.10.09 / 12:06
Müəllif
Zahid Oruc
Şərhlər
Digər xəbərlər

45-ci gün: Əliyevin və müqəddəs torpaqların qayıdışı

Əliyevin Marşal planı: Zahid Orucdan sensasion yazı

Əsas məsələ ləyaqətli və könüllü qayıdışdır

Bakıya qarşı böyük savaş: kuratorlar nələr ötürür…

Zəngəzurda Ordumuza qarşı "döyüşə atılan" çobanlar – Video

Mehriban xanımın siyasi obrazına baxış

Simonyanın müraciəti: Rus mediası Nikola sitəm edir

Xudafərinə görə Əliyevin İrana şok cavabı

Prezident xalqı xilas edir, hətta Əli Kərimlini də...

Onlara nəfəs aparatı çatmayacaq – Sensasion baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla