Yuxarı

“Feliçita” – 30 illik xoşbəxtlik və acı son - Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir vaxtlar bütün sovet məkanının müsiqisevərləri onların nəğmələri ilə italyan dilini öyənirdilər. Bu cütlük öz sevgilərini nümayiş etdirməkdən zövq alır və fotokameraların obyektivi qarşısında öpüşməkdən çəkinmirdilər!

Xoşbəxtlik hissi onlardan sanki elektrik dalğaları şəklində yayılırdı, daha sarı mətbuatın piar xatirinə şişirtdiyi qondarma duyğu deyildi.

Bu xöşbəxtlik bir gerçək idi...

Onlar uzaq 1967-ci ildə İtaliyada baş rola dəvət aldıqları filmin çəkilişlərində tanış olurlar. Bu, ilk baxışdan yaranan sevgi idi. Qızın 16, gəncin isə 24 yaşı var idi. Qız - Hollivudun məşhur və zəngin ailələrindən olan gözəl, gənc isə İtaliyanın yalnız istedadı ilə özünə yol açmış qızıl səsi idi.

İdeal cütlük: Al Bano Karrizi və Romina Pauer

Romina Françeska Pauer Hollivudda zəngin ailədə doğulub. Onun atası məşhur Hollivud aktyoru Tayron Pauer, anası isə aktrisa Linda Kristian idi.

Romina uşaqlıqdan qeyri-adi vokal istedadı olan şox gözəl bir qız idi. Onu şahzadə kimi böyütmüş, hər istəyini yerinə yetirmişdilər. Anası inanırdı ki, Romina aktrisa olacaq və onun özünə müyəssər olmayan bir karyera quracaq.

Ancaq nağıl tezliklə başa çatır – Romina heç beş yaşına çatmamış Tayron Pauer ailəni tərk edir. Səbəb - başqa qadın... Bundan bir il sonra isə həyatı tərk edir. Anası Rominanı Meksikaya, sonra isə İspaniyaya və nəhayət, İtaliyaya - ərinin vətəninə aparır.

Artıq 14 yaşlı Romina kinoda tanınmağa başlayır, daha sonra isə ilk solo plastinkasını yazdırır. Ana qızı ilə fəxr edir. Bəs necə?! Böyük uğurlar, məşhurluğun başlanğıcı, gözəllik. Qızını çox böyük gələcək gözləyirdi!..

Al Bano Karrizi isə çox kasıb italyan ailəsində doğulub. Atası əkinçilik və maldarlıqla məşğul olurdu. O, İkinci Dünya müharibəsi illərində döyüşdüyü Albaniyadakı hərbi əməliyyatların şərəfinə oğlunu Albano adlandırır. Sonralar müğənni öz adından utanaraq onu iki hissəyə ayırır və Al Bano Karrizi olur. Al Bano ilk mahnısını 12 yaşında yazır, 16 yaşında isə müğənnilik karyerası üçün Milana gəlir.

O, 1965-ci ildə Adriano Çelentanonun təşkil etdiyi konkursda iştirak edənədək ofisiant, aşpaz, koveyerdə fəhlə kimi işləyir. Burada axır ki, uğur ona gülümsəyir, onu görürlər!

Al Bano özünün ilk plastinkasını buraxır, qastrollarla ölkəni gəzir və nəhayət, bütün İtaliyada tanınır.

1970-ci ildə təkcə İtaliya üçün deyil, bütün dünya üçün ən gözəl və istedadlı cütlük olan Al Bano Karrizi ilə Romina Pauer evlənirlər. Romina Pauer iki qızını təklkdə böyüdən və bütün kişilərə nifrət edən anasının təsiri altına düşməməyi bacarır.

O, Amerika stereotiplərindən də imtina etməyi və qadının tamamilə ərinə, ailə başçısına tabe olduğu möhkəm katolik ailəsi qura bilir. Və İtaliyada Rominanı "özümüzünkü" adlandıraraq ona çəp baxmaqdan əl çəkirlər. Axı onlar ideal cütlük idilər.

Xanım şeirlər yazır, əri isə mahnı bəstələyirdi. Onlar özlərinin məşhur "Felicita", "Ci sara" və bir çox digər nəğmələrini birlikdə ifa ediblər. Onun musiqisinin motivləri əsasında 7 film çəkilib. Filmlərin əksəriyyərində o, baş rolları Romina ilə birlikdə ifa edib.

Gözəl, yaraşıqlı, istedadlı, zəngin və xoşbəxt – onlar kamilliyin pik həddinə çatmışdılar. Onlar hər şeyə macal tapırdılar. 1970-ci ildə onların ilk övladları – qızları İleniya, üç ildən sonra oğlu Yari, sonra qızları Kristel və sonbeşikləri Romina dünyaya gəlir. 1976-cı ildə onların ailə dueti İtaliyanı Avroviziyada təmsil edir və 7-ci yeri tutur. 1982-ci ildə isə San-Remo festivalında məşhurluqlarının pik həddinə çatırlar.

Cütlük bütün dünyanı qastrola çıxır, Sovet İttifaqı da kənarda qalmır. Hətta Leninqradda ən gözəl hitlərinin plastinkalarını da yazdırırlar. Bir-birinin ardınca yazılan albomlar, beynəlxalq müsabiqələrdə prizlər, şöhrət və bütün dünyaya səpələnmiş milyonlarla pərəstişkarın məhəbbəti – bunu ancaq arzulamaq olardı, ancaq təəssüf, xoşbəxtlik əbədi olmur.

Bədbəxtlik qapını döydü...

6 yanvar 1994-cü ildə Al Bano Karrizi və Romina Pauer böyük qızlarının itməsi haqqında ərizə ilə polisə müraciət edirlər. Sonuncu dəfə qızlarıyla bir həftə əvvəl, o, Amerikadan valideynlərinin Yeni ilini təbrik etməkçün zəng edəndə danışmışdılar. Sonra o, telefon zənglərinə cavab vermir. 24 yaşlı İleniya Yeni Orleana məşhur alternativ gənclik festivalına getmişdi.

Uşaqlar tez-tez Amerikaya, Rominanın çoxsaylı qohumlarıgilə gedirdilər. Bu dəfə İleniya onlara düşmür. Onun başqa planları var idi. Musiqi, narkotiklər, seksual azadlıq – festivalın bu atmosferi dünyanın bütün guşələrindən yüz minlərlə gənci özünə cəlb etmişdi. Sonra isə onlarla valideyn itmiş uşaqlarını tapmaq yalvarışları ilə polis idarələrinin kandarını əldən salmışdılar. Bəziləri tapılmışdı da. Əksəriyyətinin isə heç izi-tozu da tapılmamışdı. İlenanı da tapmaq mümkün olmur. Nə Rominanın televiziya ekranlarından göz yaşları içində etdiyi yalvarışları, nə Amerika ilə nüfuzlu əlaqələri, nə də bahalı detekivlər İleniyanı qaytara bildi.

Karrizilər matəm içərisində idilər. Romina dərddən az qala ağlını itirəcəkdi: o, həyatını təhlükə altına qoyaraq planlaşdırılmış cərrahiyyə əməliyyatından imtina edir. Onun qayğısına ehtiyac duyan yerdə qalan üç uşağını sanki gözləri görməz oldu. "Qızım olmadan yaşaya bilmirəm", - deyə ərinə bildirir. Axırda iş o yerə çatır ki, daha bir övladı – oğlu Yari – İtaliyadan Bostona gedir.

Al Bano Rominadan az iztirab çəkmirdi. Ancaq o, heç olmasa yaradıcılıqla təskinlik tapa bilir. Bəli, itkilər, dərdlər – ancaq həyat davam edir, yaşamaq lazımdır – ailənin xatirinə, uşaqların naminə, heç olmasa pərəstişkarların naminə yaşamaq lazımdır.

Bir dəfə intervü verərkən Al Bano etiraf edir ki, İleniya artıq yoxdur və mən artıq bu fikrə alışmışam. Romina bu sözləri heç vaxt ona bağışlamır. "Sən qızımızı satdın və mən satqınla yaşamaq istəmirəm!" – deyə Romina hökm çıxarır. Axı o özü inanırdı ki, qızı əvvəl-axır tapılacaq...

İtalyansayağı boşanma

Ailə - katolik İtaliyasının ən böyük dəyəridir. Burada nikaha girmək çox sadədir, boşanmaq isə çox çətin. Bürokratik maneələri aşmaq üçün əsəblərini sərf etməli, xeyli pul xərcləməli və illərlə gözləməli olursan.

Yox onlar dalaşıb qab-qacaq qırmadılar, küçələrdə qalmaqal salmadılar, bir-birilərinə xəyanət etmədilər – bir sözlə, boşanmaları haqqında şayiə yaymaq üçün ictimaiyyətin əlinə girəvə vermədilər. Pərəstişkrlarının əksəriyəti, elə tanışlarının da çoxu sonadək bu gözəl yaradıcılıq və ailə duetinin dağıla biləcəyinə inanmadılar.

1995-ci ildə Al Bano və Romina son albomlarını yazdırırlar, bir ildən sonra isə Al Bano artıq San Remoda "Е’ la mia vita" ("Bu mənim həyatımdır") avtobioqrafik mahnısı ilə tək çıxış edir. Mahnının sonunda o, diz üstə çökür. Bütün dünya əmindir ki, o, bununla Rominadan əfv diləyir...

Günlər, aylar keçir, məşhur cütlük bir daha heç vaxt səhnədə görünmür. Bir neçə il sonra isə paparassilər Al Banonun adını özündən 26 yaş kiçik olan slovak jurnalisti Qabriella Skrabakova ilə hallandırırlar.

1999-cu ildə Al Bano Karrizi və Romina Pauer rəsmən boşanırlar. Al Bano mahnılar yazmaqda davam edir, Romina isə həyatını 180 dərəcə dəyişdirir.

Romina Romanın ən bahalı rayonunda özünə gözəl malikanə alır, təsviri sənətlə məşğul olur, teleşoularda iştirak edir, kitablar, ssenarilər yazır, sənədli filmlər çəkir. Romina qəlbən olduğu kimi zahirən də gözəl qalıb. Sanki zaman onun gözəlliyinə qıymayıb. Kübar tabloidləri onu 25 yaşlı rəssam Conatan Bişopla birlikdə olduğunu yazırlar. Onları bir neçə dəfə çimərlikdə birlikdə görüblər.

Nə etmək olar, həyat belə bir axındır, dayanmaq olmaz, olmur!

Tarix
2014.10.16 / 08:30
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla