Yuxarı

Leninin saç-saqqalına cəmi üçcə manat - Açıq dərs

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aydın Dadaşovun "Açıq dərs" layihəsində: Rejissor Ağa Əli Dadaşov

1906-cı ilin baharında Bakıda, İçəri şəhərdə Ağşalvarlılardan gəmiçi Abbas Əlinin beş oğlan, iki qızdan ibarət xoşbəxt ailəsinin beşinci uşağı Ağa Əli Dadaşov erkən yaşlarından digər bacı-qardaşları ilə ərəb dilini, Quranı öyrənir və onun ilk aktyor işi aşura günlərində məsciddə hazırlanan şəbih tamaşasında olur.

1918-ci ilin martında S.Şaumyanın erməni daşnak dəstələrinin kütləvi qırğınlarında ailənin 18 yaşlı oğlu Məhəmməd Əlinin başının kəsilərək onların dalanına atılmasına dözməyib dünyasını dəyişən Abbas Əli kişi də Dağüstü parkdakı Şəhidlər xiyabanında, oğlunun yanında dəfn olunur.

Ahəng qanununu zəif bilirsən

Ağa Əli Dadaşovun 1923-cü ildə daxil olduğu N.Nərimanov adına Sənaye Texnikumunu bitirməyə az qalmış oranı ataraq aktyor dərnəklərində məşğul olması çoxlarına gənclik həvəsi kimi görünür. Lakin 1929-cu ildə bitirdyi M.F.Axundov adına Teatr Texnikumunda oxuyarkən oynadığı Romeo rolu müəllimlərinin diqqətini çəkir. 1930-cu ildə təhsilini davam etdirmək üçün onun Moskvaya üz tutması sənətinə münasibətinin ciddiliyindən xəbər verir. Lunaçarski adına Teatr İnstitutunun rejissorluq fakültəsinə qəbul zamanı sənətdən imtahan götürən K.S.Stanislavski və E.B.Vaxtanqov kimi klassiklərin tələbəsi olmuş, rejissor-pedaqoq Nikolay Mixayloviç Qorçakovun təmiz türk dilində: "Sən ahəng qanununu zəif bilirsən" - deməsi Ağa Əlini heyrətləndirir. N.M.Qorçakovun səhnəyə qoyduğu, Y.Oleşanın "Üç gombul" əsərini uğurla təhlil edən Ağa Əli tələbələr sırasına düşür. Lakin həmin ilin qışında tələbələrə ayrılan təqaüdün Bakıdan zamanında göndərilməməsi səbəbindən şəhər qəbristanlığında, 1912-ci ildə Napaleon ordusu ilə döyüşlərdə həlak olanların sərdabələrində, kitabxanaların saxlanclarında həftələrlə gecələməsini Ağa Əli sonralar da daim xatırlayarmış. Yalnız Moskvada təhsil alan tələbələrlə görüşündə onların acınacaqlı vəziyyətlərini əyin-başlarından, üz-gözlərindən oxuyan M.C.Bağırovun göstərişindən sonra vəziyyət düzəlir.

Ermənilər Bakıda at oynadırlar

1935-ci ildə təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət Dram Teatrında quruluş verdiyi C.Cabbarlının "Almas" əsərinin yeni bədii-estetik tərəflərini üzə çıxaran Ağa Əli Dadaşovun A.Puşkinin "Boris Qodunov" poemasına əsasən səhnəyə qoyduğu tamaşa barədə Moskva mətbuatı yazdı.

1936-cı ildə kiçik bacısı Zeybə ilə savadsızlığı ləğv etmə kurslarında birgə oxuyan, Məhəmməd Həsən Hacınskinin qohumlarından olan Xədicə xanımla ailə quran Ağa Əli Dadaşovun Azərbaycan Dövlət Opera və Balet Teatrında quruluş verdiyi "Əsli və Kərəm" tamaşası da mədəniyyət hadisəsi sayıldı.

1937-ci ilin repressiyalarında Maliyə Nazirliyində yüksək vəzifə tutan qardaşı Həsən Əli, oğlu Çingizi əmisi Ağa Əlinin adına keçirməyə imkan tapsa da, sürücüsü Alyoşanın yanında "Mart qırğınlarında bizi qıran ermənilər indi Bakıda at oynadırlar" - deməsinə görə millətçi kimi "vətən xaini" damğası ilə həbs olunur, arvadı Cəvahir, Nanə və Lalə adlı iki azyaşlı qızları ilə Qırğızıstanın Oş vilayətinə sürgün edilir. Nanənin yolda, Lalənin isə sürgündə tələf olduğunu öyrənən Ağa Əli dözməyib qardaşının arxasınca gedir. "Oş şəhərindəki Orazbəyov adına Dövlət Musiqili Dram Teatrının rəhbəliyi ilə "Şahnamə" əsərinə quruluş vermək barədə müqavilə də bağlasa da"[i] (С.Мцмтаз адына АРЯИА фонд 585. сий1.) qardaşının yaşadığı mərkəzdən çox uzaq olan qapalı zonaya buraxılmadığından kor-peşman geriyə qayıdır və uzun müddət özünə iş axtarmalı olur.

22 iyul 1938-ci ildən nəhayət Gəncə Dövlət Dram Teatrına baş rejissor və bədii rəhbər göndərilən Ağa Əli Dadaşov buradakı Cəlil Məmmədquluzadənin "Ölülər", Səməd Vurğunun "Vaqif", C.Cabbarlının "Od gəlini", A.Ostrovsknin "Günahsız müqəssirlər", S.Rəhmanın "Toy", S.Midivninin "Vətən naminə", H.Quliyevin "Qohumlar" pyeslərini tamaşaya qoyur. Və elə həmin il ailənin böyük qızı Firəngiz dünyaya gəlir.

Bağırovun tənqidi çıxışından sonra

16 iyul 1939-cu ildə teatrdakı vəzifələrindən uzaqlaşdırılaraq yalnız rus və erməni bölməsinin rejissoru kimi saxlanılan Ağa Əli Dadaşov öz ərizəsi ilə işdən çıxaraq Bakıya qayıdır və yenidən özünə iş axtarmağa başlayır.

9 fevral 1940-cı ildə nəhayət Pionerlər evinə müvəqqəti əmrlə bədii rəhbər düzələn Ağa Əli Dadaşov ailəsinin ikinci uşağı, Eldar dünyaya gəlir.

27 avqust 1940-cı ildən cəmisi iki həftə İncəsənət İşləri İdarəsində teatr şöbəsinin rəisi vəzifəsini tutan A.Dadaşov C.Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili Dram Teatrının rejissoru təyin edilsə də, həmin ərəfədə respublika rəhbəri M.C.Bağırovun sənət müəssisələri barədə tənqidi çıxışından sonra burada da, çox duruş gətirə bilmir.

Aktyorsuz teatrın rejissoru

10 avqust 1941-ci ildə müharibə başladıqdan üç ay sonra bədii rəhbəri kimi çalışdığı Ağdam Dövlət Dram Teatrında rejissor kimi quruluş verdiyi N.Vəzirovun "Bəxtsiz cavan", C.Cabbarlının "1905-ci ildə" tamaşalarında iştirak edən aktyorların cəbhəyə yollanmaları səbəbindən işsiz qalan Ağa Əli Dadaşov yenidən Bakıya qayıdır.

29 may 1942-ci ildən Bakı kinostudiyasında rejissor V.Yeremeyevin assistenti kimi çalışan A. Dadaşov dəfələrlə cəbhə bölgələrində olur və bir il sonra rejissor ştatına keçirilir.

Faşizm üzərində qələbədən sonra

28 sentyabr 1943-cü ildən 15 may 1944-cü ilə qədər Azərbaycanın Stavropol vilayətinə hərtərəfli yardımına həsr olunmuş "Qardaşlıq köməyi" sənədli filmində rejissor kimi çalışan A.Dadaşov paralel olaraq müəllimlik etdiyi Teatr Texnikumunun tələbələri ilə respublikanın Ucar, Göyçay, İsmayıllı rayonlarında konsert tamaşaları verir.

Faşizm üzərində qələbədən sonra yenidən Gəncə Dövlət Dram Teatrına bədii rəhbər təyin olunan A.Dadaşov burada Ə.Haqverdiyevin "Pəri cadu", S.Vurğunun "Fərhad və Şirin", K.Simonovun "Praqanın şabalıd ağacları altında", İ.Qasımovun "Arzu və sevinc", K.Sultanovun və M.Bürcəliyevin "Yadigar" pyeslərini tamaşaya qoyur.

Məzarları xilas etmək

Həmin ərəfədə Bakıda, Dağüstü parkda S.M.Kirova heykəl qoyulması ilə bağlı Şəhidlər xiyabanı ləğv olunarkən orada uyuyan atasının və qardaşının məzarlarını xilas etmək üçün bir neçə günlüyə Gəncədən Bakıya gələn Ağa Əli Dadaşov müsəlman adəti üzrə rəhmətliklərin nəşini məsciddə yenidən kəfənə tutdurub yeznəsi nalbənd Məşədi Şükürgilin Əmircan kənd qəbristanlığındakı qohumlarının yanında dəfn edir və uzun illərdən sonra burada avazla oxuduğu "Quran" ayələrini eşidənlər onun ətrafına yığılır.

1947-cı ildə Dadaşovların üçüncü övladı Arifin dünyaya gəlməsi ilə maddi vəziyyəti onsuz da çətin olan ailənin qayğıları artır. Və repressiyaların yenidən genişlənməsi, tərcümeyi-halındakı qardaşı ilə bağlı "qara ləkə"lərin üzə çıxması səbəbindən işsiz qalan Ağa Əli Dadaşov artıq sənətşünaslıq doktoru, professor, rejissorluq kafedrasının müdiri, SSRİ dövlət mükafatı laureatı olan müəllimi N.M.Qorçakova məktubla müraciət edərək bu problemi barədə yazır və səbirlə öz məqamını gözləməyə başlayır.

Tuqanovdan cavab gəlmir

Müharibədə cərimə batalyonunda podpolkovnik kimi vuruşaraq Kerçdə itkin düşən qardaşı Həsən Əlinin boğazında xərcəng gəzdirən arvadı Cəvahir həmin ildə Bakıya qayıdaraq oğlu Çingizə qovuşsa da, bir il sonra dünyasını dəyişir.

1949-cu ilin yazında Moskvadan Lunaçarski adına Teatr İnstitutunun rektorunun və müəllimi, professor N.M.Qorçakovun onun işlə təmin edilməsi barədə A.A.Tuqanova göndərdiyi xahiş məktubu belə uzun müddət nəticəsiz qalsa da, həmin ilin yayında ailənin sonbeşiyi Məlahətin dünyaya gəlməsi onu məmnun edir.

1951-ci ilin əvvəllərində qardaşı Həsən Əlinin bəraət alması hesabına Kommunist partiyası sıralarına daxil olan A.Dadaşovun dondurulmuş yaradıcılıq fəaliyyətində nəhayət ki, işıq ucu görünür. Həmin ilin Novruz bayramı ərəfəsində nəhayət Gənc Tamaşaçılar Teatrının baş rejissoru təyin olunan Ağa Əli Dadaşov böyük həvəslə işə başlayır və hətta burada uşaqlar üçün yaratdığı aktyorluq dərnəyinə də rəhbərlik edir. Beş il ərzində bu teatrın səhnəsində "Məlikməmməd" nağılını, Süleyman Sani Axundovun "Qaraca qız", Cəfər Cabbarlının "Yaşar", Zeynal Xəlilin "Gənc ustalar", İ.Lukovskinin "Əbədi gecənin sirri", Əli Vəliyevin "Gülşən" və xüsusən teatr tariximizdə parlaq yer tutan Şekspirin "İki veronalı" əsərlərini canlandıran A. Dadaşovun tamaşalarında epizodik rollarda səhnəyə çıxan tələbələri arasında gələcəyin Rauf Kazımovski, Arif Babayev, Kamil Rütəmbəyov, İsmət Səfərəlibəyov, Sabir Aslanov, Fikrət Qaradağlı kimi televiziya rejissorları da var idi.

Maddi problemlərini kökündən həll edilməsi

1952-ci ildə özünün səhnələşdirdiyi Mir Cəlalın "Bir gəncin manifesti" tamaşasının rejissorluğuna diplom rəhbəri olduğu tələbəsi Rauf Kazımovskini şərik etməsi isə bu istedadlı gəncin uğurlu sənət həyatının başlanğıcı olur. Tələbələrlə dostluğu ustadından öyrəndiyini deyən Ağa Əli Dadaşov həmin il müəllimi N.M.Qorçakova ikinci SSRİ dövlət mükafatı qazandıran, "K.S.Stanislavskinin rejissorluq dərsləri" kitabının məxsusi ona ünvanlanmış sözlərlə, poçtla göndərilmiş nüsxəsini həmişə özüylə gəzdirərmiş.

1954-cü ildə teatrın 25 illik yubileyi ilə əlaqədar A.Dadaşovun Mehdi Hüseynin "Komissar" romanının "Sirli səhər" adlı səhnə variantını dövlət sifarişi kimi tamaşaya qoyması ailəsinin maddi problemlərini kökündən həll etdi. Və nəhayət ki, bir bölük külfətin yaşadığı uçmaqda olan iki xırda otaqdan ibarət köhnə ev təmir edildi.

1955-ci ildə tamaşaya qoyduğu Məmmədhüseyn Təhmasibin "Çiçəkli dağ" pyesində şər qüvvələrlə mübarizədə fəal iştirak edən At, İt və Göyərçinlər kimi alleqorik personajların obrazlaşdırılması teatr aləmində yeni olmasa da, aktyorlar və gənc tamaşaçılar tərəfindən hədsiz maraqla qarşılanır.

Səhnədə son tamaşası

Onun quruluş verdiyi "Sirli səhər", "Çiçəkli dağ" tamaşalarının bir neçə il sonra "Səhər" (rejissor-A.Quliyev), "Bir qalanın sirri" (rejissor-Ə.Atakişiyev) kimi ekran əsərlərinə çevrilməsindən, aktyorlarından bir neçəsinin də həmin filmlərdə çəkilməsindən məmnunluq duyması A.Dadaşovun mənəvi zənginliyinin təsdiqidir.

14 fevral 1956-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Komitəsində baş rejissor təyin olunan tələbəsi Rauf Kazımovskinin dəvətilə orada fəaliyyətə başlasa da, Gənc Tamaşaçılar Teatrındakı işindən ayrılmayan Ağa Əli Dadaşovun artıq doğmalaşdığı səhnədə son tamaşası Məmmədhüseyn Təhmasibin "Hind nağılı" pyesi oldu.

Məmmədhüseyn Təhmasibin "Çiçəkli dağ" pyesindən sonra teatrın sifarişi ilə "Kəlilə və Dimnə" əsəri əsasında yazdığı, "Başqasına quyu qazan, özü düşər" ideyasını daşıyan "Hind nağılı" tamaşasında isə Rayhidlə (M.Əlizadə), oğlu Çanqdra (C.İskəndərova) istisna olmaqla, Kəl (Ə.Atayev), Ana şir (O.Hacıbəyov), Dimnə (Ə.Ağayev), Kəlilə (T.Qasımov), Ayı (Y.Dadaşov), Pələng (M.Dadaşov), Canavar (Ə.Əhmədov), Meymun (Ə.Vəlbəyov), Tutuquşu (S.Qubanov) kimi alleqorik personajlar, tamaşanın bəstəkarı Zakir Bağırovun yazdığı uğurlu mahnı və rəqslərin də hesabına artıq televiziya tamaşaları üzərində çalışmağa üstünlük verən rejissor Ağa Əli Dadaşov yaradıcılığı uzun illər xatirələrdə yaşadı.

Rejissorlarının müəllimi

F. e. d., professor Qulu Məhərrəmovla vaxtilə birgə yazdığımız, 1999-cu ildə çap olunmuş "Televiziya və radio tamaşaları" dərs vəsaitindəki: "Azərbaycan televiziya teatrının əsasını qoyanlardan biri də, görkəmli rejissor Ağa Əli Dadaşov olub" (səh.7) cümləsi real gerçəkliyi əks etdirir. Rauf Kazımovski, Arif Babayev, Kamil Rüstəmbəyov, Ağakişi Kazımov, Lütvü Məmmədbəyov kimi tələbələrini də ətrafına toplamış Ağa Əli Dadaşovu özündən sonra gələn bütün televiziya rejissorlarının müəllimi hesab etmək olar. 1956-cı ildən Az TV-də rejissor kimi çalışmış peşəkar rejissorun teatrdakı işlərini yekunlaşdırdıqdan bir il sonra C.Cabbarlının "Füruzə" hekayəsi əsasında hazırladığı, 9 yaşlı oğlu Arifin də oynadığı ilk teletamaşanın 1959-cu ildə Moskvada keçirilən incəsənət və ədəbiyyat ongünlüyü zamanı ümumittifaq ekranda nümayiş olunması ilə Ağa Əli Dadaşov əməkdar incəsənət xadimi adını alan ilk televiziya rejissoru olur. Lakin elə həmin ilin sonlarında N.Vəzirovun "Dağılan tifaq" (1959) teletamaşasını hazırlayarkən sürücünün səhlənkarlığı ucbatından çəkilişin pozulması rəhbərliyin iştirakı ilə müzakirə olunarkən Ağa Əli Dadaşov ilk infarktını alır. Həmin dövrdə AzTV–də ingiliscə ilk tədris verilişlərini aparan Xarici Dillər İnstitutunun baş müəllimi Çingiz onu xəstəxanaya çatdırır. Bir il sonra Çingizin gözlənilməz ölümü, ona atalıq etmiş əmisi Ağ Əli Dadaşovun ikinci infarktı ilə nəticələnir.

Üç otaqlı ev

Uzunmüddətli müalicədən sonra özünə gələrək M.F.Axundovun "Molla İbrahimxəlil kimyagər" (1961), "Müsyö Jordan və dərviş Məstəli şah", (1962), H.Cavidin "Xəyyam" (1963) C.Məmmədquluzadənin "Qurbanəli bəy" (1965), M.Əlizadənin "Sən gözəlsən" (1965) kimi əsərləri əsasında sanballı teletamaşalar hazırlayan Ağa Əli Dadaşova televiziya işçiləri üçün 4-cü mikrorayonda tikilmiş binada üç otaqlı ev verilməsi ailəsi üçün bayrama çevrilir.

Leninin saç-saqqalına üçcə manat

Sonuncu teletamaşası özünün səhnələşdirdiyi, bir il sonra kinostudiyada ekranlaşdırılan (ssenari müəllifi M.Dadaşov, M.Yerzikyan, rejissor M.Dadaşov) S.Rəhimovun, "Mehman" (1967) əsəri olan A.Dadaşovun 1968-ci ildə AzTV-ni tərk etməsinin səbəbi maraqlı göründü. Və məlum oldu ki, ədəbi-dram redaksiyasının Leninin ad gününə həsr etdiyi verilişdə proletarların rəhbərinin obrazı yetərincə alınmayıb. Az. KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdirinin, Az.TV-nin sədrinin də iştirak etdiyi partiya iclasında söz alan Ağa Əli müəllim verilişin büdcəsində Leninin saç-saqqalına cəmisi üçcə manat pul ayrıldığından şikayət etdikdə salonda gülüş qopur. Və həmin iclasdan sonra o, keçirildiyi ictimai-siyasi redaksiyada dözə bilməyib təqaüdə çıxmağa məcbur olur.

1968-ci ilin sentyabrından ömrünün son beş ilini baş müəllim kimi İncəsənət İnstitutunda çalışan Ağa Əli Dadaşovun tələbələrdən Valeh Kərimovu mədəni-maarif fakültəsindən aktyorluğa, Zərnigar Ağakişiyevanı axşam şöbəsindən gündüzə keçirməsi onların sənət talelərində mühüm rol oynayır. İnsanların zahirini deyil, mənəviyyatını dəyərləndirən Ağa Əli müəllimin yüksək səviyyədə apardığı məşqlərdə çəkdiyi "Avrora" siqaretinin masa üzərinə tökülən külünü arabir pencəyinin qolu ilə sildiyini və yüksək qiymət almaq istəyən zəif tələbə - aktyorlara "dirsək göstərməsi", istedadlıların isə nazı ilə oynaması xatırlanır. 1969-cu ildə tədris teatrında C.Cabbarlının 70 illik yubileyi münasibəti ilə tələbələrin iştirakı ilə hazırladığı, məşqlərində elmi fəaliyyətini bu müəllifin yaradıcılığına həsr etmiş rektor Rahib Hüseynovun da daim iştirak etdiyi, tələbələrdən Mikayıl Mirzəyevin Aydın, Elmira Şabanovanın Gültəkin, Rasim Balayevin Dövət bəy, Zərnigar Ağakişiyevanın Susanna, Əliabbas Qədirovun Surxay, Şəmsi Şəmsizadənin Novruz, Nazim Ağayevin Mirzə Cavad, Məhəmməd Məcidovun Balaxan oynadıqları "Aydın" tamaşası sənət hadisəsi sayılır. Akademik Məmməd Arifin: "Mən 15-ə yaxın "Aydın" tamaşası görmüşəm, lakin bu tamaşa əvvəlkindən fərqlidir", - deməsi barədə ilk tamaşadan sonrakı müzakirədə iştirak etmiş ADMİU-nun dosenti Əzizağa Quliyevin 2 sentyabr 2006-cı il tarixli "Mədəniyyət" qəzetində çap etdirdiyi "Yaxşıları unutmayaq" məqaləsində oxuyuruq. Məqalədəki: "Ağa Əli müəllim aktyor və rejissor sənətinə çox ciddi yanaşır və tələbələrdən də bunu tələb edirdi. O, tez-tez təkrar edirdi: "Sənətdə güzəştə getmək olmaz. Kiçik güzəştlər böyük güzəştlər doğurur ki, bunun da nəticəsində sənətin mahiyyəti heçə yenir". Qəbul zamanı ixtisas fənnindən imtahan götürən Ağa Əli müəllim istedadlı gənc görəndə o qədər sevinər, fərəhlənərdi ki… O, gənclərə teatrımızın gələcək sənətkarları, incəsənətimizin görkəmli xadimləri kimi baxırdı", - cümlələri A.Dadaşovu bir rejissor-pedaqoq kimi səciyyələndirir.

1973-cü ilin payızında Ağa Əli müəllim televiziya tamaşalarının bir neçəsində aktyor kimi iştirak etmiş tələbəsi, kinorejissor Əbdül Mahmudovun "Qeyri adi ov" adlı diplom işinin Lənkəran çəkilişlərində qoca ovçu, kənd ağsaqqalı rolunda cəmisi bircə gün çəkilərək xəstələnib geriyə qayıdır. Onun rolu Məmmədrza Şeyxzamanova həvalə olunsa da, ümumi planda həyətdə oturub qəlyan eşən ağsaqqalın Ağa Əli müəllim olduğunu tanıyanlar həmən hiss edir.

Həmin ilin dekabr ayının əvvəllərində Lənkərandan gələndən üç gün sonra dünyasını dəyişən rejissor-pedaqoq, əməkdar incəsənət xadimi Ağa Əli Dadaşov valideynlərinin, bacı-qardaşlarının, yeznəsi nalbənd Məşədi Şükürün uyuduğu Əmircandakı ailə qəbiristanlığında dəfn olunur.

"Qağayı" kəşfi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tədris metodundan və tərtib etdiyi proqramlarından bu günə qədər istifadə olunan Ağa Əli müəllimin imtahan biletlərinin suallarına düşən, nəzarət, kurs və diplom işlərində, dissertasiyalarda müraciət olunan yaradıcılığı daim yaşamaqdadır. Onun müəllimi N.M.Qorçakovun "K.S.Stanislavskinin rejissorluq dərsləri" kitabına istinadən 1898-ci ildə A.P.Çexovun "Qağayı" tamaşasına tətbiqdən başlayaraq sənət kəşfi kimi qəbul edilmiş, eyni tamaşanın digər tarixi mərhələlərdə də səhnəyə qayıtmasına imkan verən, əsərin ideyasının, ali məqsədinin, mövzu-problem əlaqələrinin, fabula mexanizminin, personaj, tipaj, obraz, xarakter fərqlərinin, təklif olunan vəziyyətlərin üzə çıxarılması kimi tamaşanın alqoritmini qoruyan məqamların əks olunduğu yazılı rejissor eksplikasiyasının - partiturasının hazırlanması yollarını tədris etməsi və ümumiyyətlə "masa arxası məşq"ləri hər gün xatırlanır.

Tarix
2014.10.18 / 10:30
Müəllif
Aydın Dadaşov
Şərhlər
Digər xəbərlər

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla