Yuxarı

Xırdaçı olmağımdan bezmişəm

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 oktyabrı gətirən gecələrdən ilk olaraq hansına hesabat verdiyimi xatırlamıram. Hər halda, özümü tanımağa cəhd etdiyim yeniyetməlik dövrünə qədər uzanıb gedən illərin o tayında olmalıdır.

Deyəsən, gecələrlə ilk ünsiyyətim də o vaxtdan başladı. Ürəyimdəkiləri ona dedim, üzümü ona tutdum… Aradan bu qədər illər keçdi, bir dəfə də olsun, məni ələ vermədi; həmişə qatı qaranlığa bürüdü etiraflarımı, canına çəkdi.

Artıq adətkərdədir, indi də qulaqlarını şəkləyib lal-dinməz, heç bir irad demədən etiraflarımı dinləyir:

Yaman dəymədüşərəm, çox tez inciyirəm, havadan nəm çəkirəm.

Ancaq küsülülüyümün ömrü üç gündür: Hər şeyi gecəyə danışıb ürəyimi boşaldıram, oluram azad – unuduram küsünü, heç nə olmamış kimi, "üç gün əvvəldən" başlayıb, yola davam edirəm.

Dostlar, "Sən lap uşaqsan ki" - deyib, gülürlər mənə.

Həqiqəti deyirlər, çünki mən heç böyümədim, həmişəlik uşaq qaldım – içimdə bir uşaq cığallığı, uşaq sərgüzəşti daşıyıram: yenə gecələrdən möcüzə gözləyirəm, yenə xəyallar qururam, yenə sözümün canını gecənin qaranlığına yazıram…

Amma boy-buxunum əməlli-başlı böyüyüb, yamanca kökəlmişəm: bu köklük, böyüklük içimdə daşıdıqlarımla (elə yaşımla da) tərs mütənasibdir.

Özümlə bacara bilmirəm. Hər günüm dietadır -- səhərdən axşama qədər; axşam dieta pozulur - düz gecəyə qədər və gecə bir də sabahkı dieta ilə bağlı vədələşirəm özümlə.

Yox, prinsiplərimi pozan deyiləm (deyəsən, özümü müdafiəm işə düşdü), prinsipiallığım da var, sözü üzə deməyim də. Bəzən qarşımdakı haqqında rəyimi açıq şəkildə dilə gətirdiyimə görə mənə uşaq… demirlər, "qırmızı adamsan" deyirlər.

Xırdaçı olmağımdan özüm də bezirəm; hansısa məqamda dərinə getməyim səhəri dirigözlü açmağım deməkdir. Sanki cəza çəkirəm: üzülürəm, özümə əsəbiləşirəm… Günün, ayın, ömrün ən xırda, heç kimə heç nə verməyən anı yaddaşımın hansısa qatında ilişib, bəzən illərdən sonra oyanır, şirin yuxularıma haram qatır.

Domino – asudə vaxtımın canını alan məşğələmdir. İşdən-gücdən fürsət edəndə, istirahəti domino ilə edirəm. Uduzdumsa, vay "rəqiblərin" halına, bircə gülüşləri "üç günlük küsümün" əsasını qoyur; uddumsa, yenə vay "rəqiblərimin" halına – güldükcə gülür, dostları əməllicə söz oyununa qonaq edir, rəqiblərimin bir-birində səhv axtarmasına "şərait" yaradır, sonra buna da gülürəm… Mənim kimi cığal oyunçu heç vaxt ağlınıza gəlməz... )))

Hə, bir də yaman kövrəyəm. Bəzən bir mahnının sözündən, bəzən bir filmin təsirindən bahar leysanına dönür gözlərim.

Yəqin ona görə gözümdə və ürəyimdə həmişə ağırlıq hiss edirəm: bu ağırlığın səbəbi gözümdə və ürəyimdə SƏNİ gəzdirməyim olmasın gərək…

Ətrafımı incitməkdən qorxa-qorxa ətrafımı incitdiyimin fərqindəyəm. Amma bir şeydən əminəm, özümü incitdiyim qədər kimsəni incitmədim!

…Hə, bu gecəylə də beləcə danışdıq; inanıram ki, kimsəyə deməz etiraflarımı.

Sabah… yox, bu gün artıq 20 oktyabrdır, daha bir ilin kürəyini yerə vurdum.

Bu illərdə itirdiklərim o qədərdir ki! Ancaq qazandıqlarım da var. Sabah… yox, artıq bu gün səhərdən qazandıqlarımın zənglərini, təbriklərini qəbul edirəm.

Bilmirəm, bu təbriklərdən sevinim, yoxsa Sona bir il də yaxınlaşdığıma görə kədərlənim…

Tarix
2014.10.20 / 12:36
Müəllif
Anar Yusifoğlu
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla