Ana səhifə Gündəm |
"Bu gün Qərb regionda öz maraqlarını inkişaf etdirmək və həyata keçirmək üçün Rusiyadan qat-qat güclüdür".
Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycann Xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Qərb və Rusiyanın hazırkı durumda Cənubi Qafqaz uğrunda apardığı siyasət kursunu şərh edərkən deyib.
Onun sözlərinə görə, Almaniyanın Ermənistandakı səfirinin bəyanatı bu ölkəyə bir təzyiqdir:
"Səfir açıq-aşkar Ermənistana bildirdi ki, Rusiyanın yaratdığı birliyə qoşulmağınızdan dolayı sizinlə bundan sonra heç cür əməkdaşlıq etməyəcəyik. Ermənistan isə hesab edirdi ki, Avrasiya İttifaqına qoşulmaqla həm Rusiyanın yaratdığı birliklə, həm də Avropa İttifaqı ilə fəal əməkdaşlığı davam etdirə biləcək. Ancaq Almaniyanın İrəvandakı səfirinin bəyanatı sübut etdi ki, Avropa İttifaqı Ermənistanla heç bir əməkdaşlıq etməyəcək. Qərb regionda siyasətini uğurla aparır və aparacaq. Yəni Azərbaycan və Gürcüstanın Qərblə əlaqəsi hazırda çox genişdir. Ona görə də Ermənistan indi pis vəziyyətdədir. Təklənmiş və təcrid durumda olan və Rusiyanın öz mənafəyinə görə istifadə etdiyi Ermənistanın vəziyyəti olduqca acınacaqlıdır. Qərb çox güclüdür, öz maraqlarını inkişaf etdirir və yeni regionları öz təsiri altına ala bilər. Bu baxımdan da hesab edirəm ki, Qərb Cənubi Qafqazı da öz təsiri altına alacaq və münaqişəni həll edə biləcək. Ən önəmlisi isə buna qədər Ermənistan daha da pis vəziyyətə düşəcək. Çünki Rusiyanın heç nə vermədiyi Ermənistandan indi də Qərb üz döndərib".
Tarix
2014.10.23 / 09:00
|
Müəllif
Aygün Yusibova
|