Ana səhifə Gündəm |
Bir neçə gün öncə Prezident İlham Əliyev "Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" sərəncam imzalamaqla yerli bələdiyyələrin imtiyazlarını artırdı. Qərara əsasən, Bakı şəhəri istisna olmaqla, ölkənin digər şəhərlərində və rayon mərkəzlərində şəhər avtomobil yolları müvafiq yerli icra hakimiyyəti orqanlarının balansına, şəhərlər və rayon mərkəzlərinin məhəllədaxili yolları, habelə kənd və qəsəbələrin ərazisində yerləşən küçələr, keçidlər, ictimai nəqliyyat xətləri, digər yollar və yol qurğuları isə müvafiq bələdiyyələrin balansına verildi.
Bələdiyyə seçkilərinə az müddət qalmış belə bir addımın atılması bir çox ekspert tərəfindən yüksək qiymətləndirilir.
İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, bu qərar bələdiyyələrin statusunun formalaşmasına böyük təsir göstərəcək:
"Prezidentin qərarı ilə bələdiyyələrin imtiyazlarının artırılması istənilən halda müsbət hadisədir. Çünki yerli bələdiyyələr bu yolla inkişaf edəcək. Düşünmürəm ki, Azərbaycanda Avropa bələdiyyə təcrübəsi tətbiq olunsun. Bu yaxşı effekt verməyəcək. Amma zamanla bələdiyyələrin statusunun artırılması, büdcə formalaşması, seçkilərdə rəqabətin güclənməsi ölkə ərazisində infrastruktur layihələrin daha tez inkişaf etməsinə və reallaşmasına gətirib çıxara bilər. Bu, istənilən halda müsbət qiymətləndirilməlidir".
Ekspertin sözlərinə görə, seçkilər ərəfəsində bələdiyyələrin statusunun artırılması prinsip etibarı ilə gələcəkdə kompakt təşkilatlanma ilə nəticələnə bilər:
"Dünya təcrübəsinə nəzər saldıqda görərik ki, bələdiyyələrin böyük imtiyazları var və bu indiyə kimi əks-effekt verməyib. Azərbaycan üçün bir qədər tez olsa da, təşkilatlanmağa ehtiyac var. Belə bir qərar bu istiqamətdə atılan yaxşı addımdır".
Tarix
2014.10.24 / 01:36
|
Müəllif
Şəmsəddin Ənsar
|