Yuxarı

Qurbanova yol göstərdi: "Düzgün taktika seçməlidi"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazanması, eləcə də millinin baş məşqçisi postunda baş verən dəyişikliklə bağlı yığmanın sabiq baş məşqçisi Vaqif Sadıqovla söhbətləşdik.

- Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən oyunda "Qarabağ" ilk qələbəsini qazanmaqla tarixi uğura imza atmış oldu. Kiyevdə "Dnepr"lə baş tutan oyun haqda fikrinizi bilmək maraqlı olardı.

- "Qarabağ" bu gün qürurumuzdu. Nümayiş olunan oyun onu göstərdi ki, artıq bizdə də Avropa səviyyəli komanda formalaşdırılıb. Bu gün rəqibin kimliyindən asılı olmayaraq, öz dəst-xətti ilə seçilən, nəticəyə yönəlik oyun qurmağı bacaran məşqçimiz və komandamız var. Kiyevdəki oyunda da bunun şahidi olduq. Ukrayna çempionatında məğlubiyyətsiz lider olan "Dnepr" komandamızın qarşısında aciz idi. Meydanda heç bir qol epizodu yarada bilməyən, nə etmək istədiyi anlaşılmayan "Dnepr" gördük. Təbii ki, burada "Qarabağ"ın da yaxşı oyununu qeyd etməliyik. Düzgün seçilən taktiki gedişlər, mövqelər üzrə futbolçular əks-hücumlarda daha yaxşı çıxış etməyimizə imkan verdi. Nəticədə həm qol vurduq, həm də bir neçə real epizod yaratdıq.

- Hazırkı məqamda "Qarabağ"ın qrupdan çıxmaq şanslarını necə dəyərləndirirsiniz?

- Bizi çətin, ağır cavab qarşılaşması gözləyir. Bu matç vəziyyətə 70-80 faiz aydınlıq gətirə bilər. Cavab oyununda Qurban Qurbanov düzgün taktika seçməlidir ki, rəqib üçün boşluqlar yaradılmasın. Kiyevdəki oyun sübut elədi ki, "Dnepr"ə boşluq verməyəndə onlar nə edəcəklərini bilmirlər. Onlara boşluq lazımdır ki, ondan sürətlə istifadə etsinlər. Bunu "Qarabağ"ın məşqçiləri də futbolçuları da yaxşı başa düşür və onlara cavab oyununda öz üstünlüklərini nümayiş etdirməyə imkan verməyəcəklərinə inanıram. Azarkeşlərin dəstəyi ilə lazım olan qələbəni qazanacağımızı düşünürəm. "İnter"lə də Bakıda oyunumuz var. Ola bilsin, həmin vaxta qədər onlar qrup liderliyini təmin etsinlər və birgə növbəti mərhələyə yüksələk. Çünki "Sent-Etyen"lə Bakıdakı oyun potensialımızın qat-qat çox olduğunu sübut elədi və ümid verdi ki, səfərdə də lazım olan nəticəni qazanacağıq. "Sent-Etyen" elə-belə komanda deyil. Hərçənd hələ ki qol vura bilməyiblər, amma qol da buraxmayıblar.

- Milli ilə bağlı nə deyə bilərsiniz? Berti Foqtsun istefası gözlənilən idi?

- Yığmanı ağır oyunların gözlədiyini bilirdik. Açığı, Bolqarıstanla matçdan xalla ayrılacağımıza ümid edirdik. Berti Foqts rəsmi oyunlar öncəsi açıqlamasında yığmanın pley-offa vəsiqə qazanmağa hazır olduğunu bildirəndə bizdə belə fikir yarandı ki, komanda buna hazırdı. Düzdür, Bolqarıstanla bərabər səviyyədə keçən oyunun son dəqiqələrində buraxdığımız səhvdən sonra məğlub olduq. Psixoloji durumumuzun yaxşı olmadığı vaxtda çətin səfər qarşılaşmalarına yollandıq. Yığmamızın İtaliya kimi güclü komandaya qarşı sona qədər mübarizə apardığını gördük. Ancaq bu oyun göstərdi ki, komandamızın potensialı imkan vermir ki, qısa vaxt ərzində digər favorit - Xorvatiya ilə matçdan müsbət nəticə ilə ayrıla bilərik. Millinin məğlubiyyəti hardasa gözlənilən idi, amma böyükhesablı yenilgi ağlımıza gəlmirdi. Çünki yığmanın bu cür hesabla uduzmağını çoxdan yaddan çıxarmışıq. Elə Berti Foqtsun fəaliyyət dövründə komanda belə məğlubiyyətlərdən qurtulmuşdu. Nə baş verdi, bunu Foqts bizdən daha yaxşı bilir. Mətbuat konfransında gələcəyini yığmamızla görmədiyini deyəndə, açığı inanmırdıq ki, o, sözünün üstündə duracaq. Ancaq Berti Foqts böyük şəxsiyyət olduğunu elə sözünü üstündə durmaqla göstərdi.

- Foqts 7 ilə yaxın millinin baş məşqçisi oldu. Bu müddət ərzində o, hansı müsbət və mənfi məqamları ilə yadda qaldı?

- Berti Foqtsun rəhbərlik elədiyi komanda idi ki, son seçmə mərhələdə 9 xal toplamaqla bizə sevinc bəxş etdi. Komanda tarixində ilk dəfə olaraq seçmə mərhələni 4-cü pillədə başa vurdu. Reytinq cədvəlində xeyli irəlilədik və milli 73-cü pilləyə qədər yüksəldi. Məhz bu göstəricilər və Berti Foqtsun sözləri ümid verirdi ki, yığmamız AVRO-2016-nın pley-off mərhələsinə vəsiqə qazanacaq. Yeri gəlmişkən, 6 ay onunla birgə çalışmışam və peşəkar məşqçi olduğunu bildirməliyəm. Ancaq onun xasiyyətindən doğan bəzi xüsusiyyətlər bundan artığına nail olmağa imkan vermədi. Ola bilsin, futbolçu və baş məşqçi kimi dünya və Avropa çempionu olması, buna görə də özünü üstün tutması Foqtsun işinə maneçilik yaratdı. Hər dəfə uğursuz nəticədən sonra futbolçuları, klub məşqçilərini qınayırdı, məğlubiyyətin səbəbini gah fiziki hazırlığın aşağı olmasında, gah da oyunçuların sırf pula görə oynamalarında görürdü. Fikrimcə, bu cür qınaqdansa, tez-tez bir araya gəlmək, əlaqəli şəkildə işləmək daha üstün və faydalı olardı. Həmin futbolçularla tarixi 9 xalı topladıq, dördüncü pilləni tutduq, qrup çərçivəsində keçirdiyimiz 10 oyunun cəmi 3-də məğlub olduq. Xeyli vaxt bir yerdə çalışdıqdan, bu cür nəticələr qazandıqdan, eyni zamanda onlara ümid olub pley-offa yüksəlməyə çalışacağımızı açıqladıqdan sonra futbolçuları pulgir adlandırmaq, onları fiziki cəhətdən zəif hesab etmək, klublarda işlərin peşəkarcasına qurulmadığını demək nə dərəcədə düzgündür? Bax problem belə şeylərdən yarandı.

- Gələn ay milli Norveçlə qarşılaşacaq və komandanı oyuna Mahmud Qurbanov çıxaracaq. Bu matç və təyinatla bağlı nə deyə bilərsiniz?

- Üç məğlubiyyət bizi hardasa hədəfimizdən bir qədər kənarda qoyur. Ancaq rəqibimiz üçüncü yer uğrunda mübarizə aparan komandadır. Əgər onları məğlub etsək, cəmi 3 xal geri qalacağıq. Nə qədər çətin olsa da, hədəf olmalıdır. Mahmud Qurbanovun rəhbərliyi altında yığmamızın müsbət addım atmaqla, yaxşı oyun nümayiş etdirməklə azarkeşlərimizi sevindirəcəyinə inanıram. Qurbanovu başa düşürəm. Yığmanın baş məşqçisi kimi ilk oyununa çıxacaq və istər-istəməz müəyyən qədər həyəcanlı olacağı gözləniləndir. Futbolçularımızın Mahmud Qurbanovla birgə vəhdət yaradıb güclü komanda şəklində mübarizə aparacağına inanıram. Milli komanda qürurumuz, şərəfimizdir.

Tarix
2014.10.24 / 20:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla