Yuxarı

"Yəni Lotu Bəxtiyarın tutduğu yol düz deyildi?.." - Türmə

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Məhbəs xatirələri" layihəsində: Zaur

Zaur əslən lənkəranlı olsa da, Bakıda Alatava qəsəbəsində doğulub böyümüşdü. Dediyinə görə, gözünü açıb ətrafda nəşəxor, cibgir, qumarbaz, kriminal aləmə bağlı adamlar görmüşdü. Həm də onların məhlələrində dərslərini yaxşı oxuyana pis baxırmışlar.

O da tay-tuşları arasında "yaxşılığa" tərəf fərqlənmək istəyib. Ona görə də dərsdən yayınıb, pis vərdişlərə aludə olub. Əvvəlcə siqaret çəkib ki, özünü böyüklər arasında "qərib hiss etməsin". Bir müddətdən sonra nəşəyə keçib. İynəyə isə birmənalı olaraq "yox" deyib.

İstəmirdim narkoman olam

Zaur hər dəfə ötənləri yada salanda belə deyərdi:

- Nəşəyə baxma, bu heç də narkomanlıq deyil. Heroin iyləmək, tiryək atmaq, iynə vurmaq adamlıqdan çıxmaqdır. Mən istəmirdim narkoman olam. Allaha şükür olmadım da.

Zaurla biz Bayılda, birinci korpusun 25-ci kamerasında tanış olmuşduq. Mən ora gələndə o, artıq iki aydan çox idi ki, özünün məhkumluq həyatını yaşayırdı. Açığı, "xatada" o, o qədər də sevilmirdi. Dikbaş idi. Özünü oğru dünyasına hazır olan bir adam kimi görürdü. Kamerada olan köhnə "koterjanlar" onun bu iddiasına ikrahla yanaşırdılar. Onun həmyerlisi, köhnə gömrük işçisi olmuş Füzuli deyirdi ki, Zaurun boynu qoltuqaltı görməyib. O, hələ bilmir ki, bu dünyanın sakini olmaq üçün nə qədər yol keçməlidir.

Anan səni doğub əski üstünə qoyanda…

Elə Xanlar kişi də Zaura sözarası ağıllı olmağı tövsiyə edirdi:

- A bala, anan yazıqdır. Səni doğub əski üstünə qoyanda, layla çalanda, p…-büsürünü təmizləyəndə heç də arzulamamışdı ki, gedib oğurluq edəsən, adam öldürəsən. Sən nə qədər gec deyil, cəzanı çək, qayıt düz yola.

Belə anlarda Zaur əsəbləşərdi:

- Xanlar kişi, nə demək istəyirsən? Yəni Batyanın (Lotu Bəxtiyar), Sabirabadlı Hikmətin, Masallı Mamedin, rəhmətlik olmuş böyük qardaşların tutduqları yol düz yol deyildi?

Bala, səndən oğru omaz, oğurçu olar

Xanlar kişi onun bu cavabından udqunar, siqaret yandırıb aramla deyərdi:

- Bala, səndən oğru omaz, oğurçu olar amma. Sən "uf" demədən adanı baqaja qoyar, "prokladka" qurub, "pod atkoz" qoyarsan. Oğru dünyası bunu sevmir. Olarınsa yolu düz yoldur. Sən düz yolda yeriyə bilmirsən axı…

Məndən təxminən 10-12 yaş kiçik olan bu adamın tökmə bədəni, güclü, əzələli qolları vardı. İsti havalar olduğu üçün o da bəzilərimiz kimi çox vaxt canlıqda (mayka) oturardı. Boynundan qara, möhkəm iplə xırda Quran asılmışdı. Bəzən kamerada "ağsaqqallıq" etmək iddiası da hiss olunurdu. Və içəridən başqa kamerada olan Bayılın "smotriyaşi"sinə - "Canavara" "malyovka"lar göndərərdi. Bu da heç kəsə xoş gəlməzdi.

Onun həbs səbəbi isə heç kəsə xoş gəlmirdi. Zaur gənc bir qızın boynundan qızıl zəncirini qırıb qaçarkən izlənilib həbs edilmişdi. Nə qədər dikbaşlıq etsə də, həbsinin nəyə və nə üçün olması ona az da olsa utanc gətirirdi. Mən bunu hiss etmişdim.

Buranın nə oğraş qanunları var

Zaurla mənim ilk tanışlığım inisidentsiz ötüşməmişdi. İlk günlər o mənimlə söhbət edir, türmə qanunlarını danışır, məni bu qanunlara hörmətlə yanaşmağa çağırırdı. Danışdıqlarının çoxu da çıxarılan qərarlar, özünü yaxşı aparmayanlar üçün verilən qorxunc hökmlər idi. Belə söhbətlərin birində özüm də bilmədən:

- Buranın nə oğraş qanunları var, - dedim.

Dedim və hiss etdim ki, səhvə yol verdim. Zaur sözümü ağzımdaca tutdu:

- Sən nə danışırsan, oğru qanunları haqda belə sözlər deyirsən?!. – deyib, yaxama əl atdı. Onun biləngindən tutub möhkəm sıxdım:

- Əlini çək, sənin düşüncən bura qədərdir, mən oğru qanunlarını deyil, buranın – türmənin qanun-qaydasını nəzərdə tuturam, - deyib, onun biləngini daha möhkəm sıxdım.

Zaur tutduğunu buraxmaq istəmirdi. Sol əli ilə biləngindən tutduğum əlimdən yapışdı. Əsəbi halda ona:

- Əlini yığışdır, yoxsa qolunu kəsib elə bir yerinə soxaram ki, ömrü boyu başıaşağı gəzərsən...

O, hər kəsdə bir "çp", qüsur axtarır

Söhbətə kamera yoldaşlarımız da kurs oldu. Hər birimiz "qardaşlıq xatası"nın tələbinə uyğun fikrimizi səsləndirdik. "Bratva" bu qənaətə gəldi:

- Zaur Faiqin dediklərini səhv anlayıb. Yoxsa şairə nə düşüb ki, ağrımayan başına yaş dəsmal bağlasın. Zaur söhbətdə diqqətli olmayıb və o, hər kəsdə bir "çp", qüsur axtarır.

Zaur "prav" idi

Bu söhbət belə də gömüldü. Ancaq bir dəfə gəzinti zamanı Xanlar kişi mənə yavaşca dedi:

- Şair, mən sizin söhbətə qulaq asırdım. Zaur "prav" idi. Sadəcə o, kameranın sirlərini dağıtdığına görə onu dəstəkləmədik. Sən isə fərqinə varmadan belə danışdın.

Mən Xanlar kişiyə də əvvəlki sözümü dedim:

- Yox, mən oğru qanunlarını nəzərdə tutmamışdım.

Ehtiyatlı olmaq lazım idi. Cəmi 7-8 gün idi ki, burada idim. Heç kəsi tanımırdım və heç kəsə də güvənə bilməzdim. Əslində, kamerada hər gün idman edib, gəzinti zamanı trüklər etməyim də kamera yoldaşlarıma özümün fiziki cəhətdən də hazırlıqlı olduğumu göstərmək idi. Bunu isə elə edirdim ki, heç kəs başa düşməsin. Müxtəlif oyunlar adı ilə, fiziki durumumun yerində olmasını isbatlayırdım.

Baxmaram jurnalistsən…

Bir müddətdən sonra isə Zaurla dostlaşa bildik. Bir dəfə səhər vaxtları kamerada "şmon" oldu. Qəfildən qapı açıldı. Türmənin rəis müavini Ağəmməd, korpusun starşinası, Xeyrulla və bir neçə nəzarətçi içəri daxil oldu. Hər kəs oyaq olsa da, Zaur "şponka"nın (çarpayı) üst qatında yatırdı. Ağamməd onu sürüyüb yerə saldı və təpikləməyə başladı. Çox pis söyüşlərlə söydü. Boynundan asılan Quranı qırdı. Fərqinə varmadan yerə atdı və yenə də söydü. Zaur müqavimət belə göstərə bilmədi. Özüm də bilmədən:

- Cənab podpolkovnik, yazıq öldü ki, - dedim.

Ağamməd mənə tərəf dönüb:

- Baxmaram jurnalistsən, salaram karsa. Səndən, bunlardan artıqdır bu …. oğlu? Yazdığı molyavkalardan xəbəriniz var? Burada qara qanunlar yaratmaq istəyirsiz? – bu dəfə kameradakılara üzünü tutdu. Sonra da nəzarətçilərə əmr verdi:

- Axtarın, görün nələri var.

Bizi isə gəzinti meydanına apardılar. Zaurun qanını sildim, yaralarını bağlamaq üçün Makarın (Ağdamlı İlqar) əynindən çıxardığı maykadan tənzif kimi istifadə etdik. O, zarısa da, özünü möhkəm tuturdu. Bir saat sonra kameraya qayıdanda hər şey ortalıqda idi. "Krıtı"da olanlar üçün topladığımız siqaretlər, ərzaqlar, alt paltarları da ortalğa səpələnmişdi.

Ay bala, bu, hələ o qoltuqaltı deyil

Zaur həmin günün axşamı məni yuxudan oyatdı. Çay hazırlamışdı. Bir qədər söhbət etdik. Mənə təşəkkür etdi:

- Görmürdüm, başımı tutmuşdum ki, təpik dəyməsin. Amma eşitdim ki, sənə çımxırdı. Sən məni müdafiə etdin. Gərək yox idi. Səni qaralayacaqlar.

Amma məni qaralamadılar. Zaurun isə bu hadisədən sonra axara düşməsinin şahidi olduq. Xanlar kişi hərdən zarafata salıb deyirdi:

- Ay bala, bu, hələ bizim dediyimiz qoltuqaltı deyil. Cavansan, gözləyənin var…

Məktubu azad olsan, oxuma

Təxminən iki aydan sonra mən sonuncu dəfə məhkəməyə çıxdım. Bununla da kamera yoldaşlarımdan ayrılacaqdım. Səhər kameradan çıxanda Zaur mənə bir məktub Verdi:

- Bu məktubu azad olsan, oxuma, cır at. Yox, əgər iş versələr, oxuyarsan, - dedi.

Həmin gün hakim hər kəsin gözlədiyinin əksi olaraq mənə azadlıqdan məhrum olunma haqda hökm çıxartdı. Elə məktubu ordaca oxudum. Zaur yazırdı ki, sən yaxşı kişisən, amma heç kəsə güvənmə. Burda çox qalsaydın, sənə "proklatka" qurulacaqdı. Oxuyursansa, demək, sən azadlıqda deyilsən. Ona görə yazdım ki, bu "qniloyları" tanıyasan…

Tarix
2014.10.28 / 09:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla