Yuxarı

Bilqeys xanımdan Elçinə: "Çıxar o qalstuku, at yerə..."

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əsrin o üzündən" layihəsində:

Elçin üçün uşaqlıq xatirələrini danışmaq, o illərə səyahət etmək çətin olduğu qədər asan, asan olduğu qədər çətin idi. Bəzən söhbət açdığı mövzular onu güldürürdü, bəzən isə dərin ah çəkib, gözləri yol çəkirdi. Bir insan üçün bu söhbətlərin sehrini anlamaq var idi yazıçı Elçinin qismətində.

Bəlkə də, buna görə yazıçı söhbət zamanı keçmişin doğma əks-sədasından, o illərin xatirələr körpüsündən azad olmaq istəmirdi. Əslində, heç ayrıla bilmirdi. Bunu hiss etmək üçün, sadəcə, onun gözlərinə diqqətlə baxmaq kifayət edirdi. Görmək isə mütləq idi. Atası İlyası xatırlayanda dərin ah çəkən yazıçı, nədənsə nənəsini xatırlayanda gülürdü. Demə, nənəsi bir qadın kimi onun yaddaşında əbədi iz qoyub gedib. O, əsil həqiqəti bilirdi!

Uzaqlaşan illər Xalq yazıçısına nə qədər yaxın olsa da, bir daha var olmayacaqdı... Yenidən mövcud olması mümkün olmayan əziz insanlar ikinci həyatlarını yaşasalar da, Elçinin ürəyində daim var olan uşaqlıq adasında nənəsi Bilqeys xanımı, atası İlyas xəyalların fonunda həmişə yaşayacaq...

İlyas Əfəndiyevin 100-illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərancamından sonra baş nazirin müavini, Xalq yazıçısı Elçin uşaqlıq xatirələrindən söhbət açıb.

O zərifliyini hiss elətirməzdi...

- Geri qaytarılması əsla mümkün olmayan uşaqlıq illərinizdə nə baş verirdi? Necə xatırlayırsınız o illəri, nənəniz Bilqeys xanım Sovet Quruluşuna niyə nifrət edirdi?

- Nənəm Bilqeys xanım zəhmli qadın idi, Sovet Quruluşuna son dərəcə nifrət edirdi, həm də sərtdi. Bu nifrətin səbəbi vardı. Onun ev-eşiyini əlindən almışdılar.

Yoldaşı 34-ci ildə rəhmətə gedir, bu qadın yeddi uşağa tək başına baxır, qeyd edim ki, böyüyü də İlyas Əfəndiyev idi. Sərtliyi ilə bərabər o, çox bacaraqlı qadın idi. 7 uşağın təhsil alması üçün çalışır və bu istəyinə nail olur.

Onun məni öpdüyü yaddıma gəlmir!

Əslində, nənəm nə qədər sərt olsa da, çox incə qəlbə malik zərif bir insan idi. O, həmişə mülayimliyi, zərifliyi, nəcibliyi içində saxlayır, onu hiss elətirmirdi. (Gülür və fikirləşir). Nənəmin məni bircə dəfə olsun belə öpdüyü yaddıma gəlmir. Xarakterli qadın idi, yazılcaq qədər xarakterli bir insan idi. Sənəti hiss eləyən, başa düşəndi.

Bir xatirə yaddıma düşüb…

7 nömrəli məktəbdə oxuyuram. Bizi pionerə keçirdilər. Hamımız pioner qalstuku taxmışıq, hamı da çox sevinclidir. Valideyinlər gəlib bizi təbrik edir. Onu da deyim ki, o zaman İlyas Əfəndiyev Yazıçılar İttifaqında işləyirdi, mənim məktəbim də İttifaqla üzbəüz idi. Söhbət 52-53 ci illərdən gedir.

Dedi ki, o pioner qalustukunu aç at kənara!

Mən də boynumda qalstuk sevinə-sevinə gəldim evə (gülür). Artıq pioner olmuşam. Nənəm rəhmətlik qapını acid, mənə belə baxdı, dedi: - Aç at o qalstuku o tərəfə. (Yenə gülür). Yəni onu demək istəyirəm ki, nənəmdə daxili bir qəzəb var idi o üsul-idarəyə. Nənəmin belə xarakteri İlyas Əfəndiyevin qələminə təsir etmişdi.

Bu 18 ildə

- "Sən həmişə mənimləsən" pyesi ilə ədəbiyyat tariximizdə var olan, İlyas Əfəndiyevin yoxluğunu yazıçı Elçin necə hiss edir?

- Onun vəfatından 18 il keçir. 1996-cı ildə vəfat elədi. Şəxsən bu tarix mənim üçün inanılmazdır, inanılmaz bir müddətdir. Mənə elə gəlir ki, bu hadisə dünən olub. Elə bil, aradan 18 il keçməyib. Bu illər bir-birini əvəz etdikcə elə bil, İlyas Əfəndiyevi uzaqlaşdırmaq əvəzinə daha da yaxınlaşdırır, daha da canlı edir, yaxına gətirir. Buarada bir təskinlik ondadı ki, bu on səkkiz ildə İlyas Əfəndiyev nəinki azacıq da olsa unuduldu, azacıq da olsa yaddan çıxdı, əksinə, elə bil, bu 18 ildə İlyas Əfəndiyevin ikinci bir həyatı başladı. O insan kimi haqq dünyasına getsə də, yazıçı kimi onun ikinci bir ömrü başladı.

- Deyirsiz yazıçının ikinci ömrü başladı. Maraqlıdır. Bəs İlyas Əfəndiyevin ikinci ömründə nə baş verir?

- Bəlkə də onu yazıları sağ vaxtından daha çox nəşr olundu, tamaşalara qoyuldu. Burada bir məsələ var, mən o haqda fikirləşib yazmışam da. Fikrimcə, bu məsələ İlyas Əfəndiyevlə bağlı prinsipial məsələdir. İlyas Əfəndiyevin əsərlərinin böyük əksəriyyəti – doxsan-doxsan beş faizi Sovet dövrünə təsadüf edir. Amma bu gün müstəqil Azərbaycan oxucularına o öz əsərlərini Sovet vaxtında necə yazıbsa, bir sözü dəyişmədən elə də nəşr edirlər.

İdeologiya üçün yox, ədəbiyyat üçün yazıb...

Bu da nədən xəbər verir? Ondan xəbər verir ki, İlyas Əfəndiyev Sovet vaxtı, ideologiyanın, necə deyərlər, qılıncının dalının da, qabağının da kəsdiyi bir zamanda, ideologiyanın ədəbiyyatı sosializm-realizm çərçivələrinə pərçim elədiyi bir vaxtda İlyas Əfəndiyev ideologiya üçün yox, ədəbiyyat üçün yazıb. Bu gün onun yazdıqları fərqli bir cəmiyyətə, fərqli oxuculara o vaxt yazdığı kimi təqdim olunursa, deməli, həqiqətən onun istedadı ideologiya yox, ədəbiyyata xidmət edir.

"Sən həmişə mənimləsən" Londanda...

Onun əsərləri respublikanın teatrlarında səhnəyə qoyulmaqla yanaşı başqa ölkələrin səhnələrində də tamaşaya qoyulub. Bu yaxınlarda Türkiyədə Ərzurum Universitetinin professoru Sedat Adıgözəlin "İlyas Əfəndiyevin yaradıcılığı" adında bir monoqrafiyası çap olunub. Məsələn, ötən günlərdə Londonda "Sən həmişə mənimləsən" tamaşasının ingilis dilində premyerası oldu. May ayında Yuneskoda yazıçının 100-illiyi təntənəli şəkildə qeyd edildi. Yuneskonun baş direktoru xanım Bokova İlyas Əfəndiyevin yaradıcılığı haqqında məruzə elədi. Onun xatirə günü yazıçının 100 illiyinə təsadüf edir və hörmətli prezidentimizin sərancamına əsasən, bu yubiley respublika səviyyəsində qeyd olunur. Qeyd edim ki, onun ikinci yazıçı ömrü hələ də davam edir...

Çətin illər

- Səsi alınan Əfəndiyev. 32-ci illərdən sonra Əfəndiyevlər ailəsində baş verən çətinliklər gənc İlyasın həyatında hansı izlər qoydu?

- İlyas Əfəndiyev məktəbi bitirdikdən sonra Azərbaycan Pedoqojı Universitetinin ədəbiyyat fakültəsinə qəbul olur. Bunlar 32-ci ildə baş verir. Məhz o illərdə İlyas Əfəndiyevin atası Məhəmməd Əfəndiyevin Sovet hakimiyyəti tərəfindən səsi alınır. Bu o deməkdi ki, o, qanundan kənar elan olunur. Onun nə səs vermək hüququ vardı, nə də seçilmək hüququ. O, faktiki olaraq qanundan kənar idi, cəmiyyətdə vətəndaşlığdan kənar bir şəxs idi. İlyas Əfəndiyev birinci kursu bitirib universitetdən uzaqlaşmağa məcbur olur. Məktəbdə coğrafiyadan dərs deməyə başlayır. Sonra həmin Pedoqojı Universitetin qiyabi coğrafiya fakültəsinə daxil olur, bu fakültəni bitirir və coğrafiya müəllimi olur.

Yazıçılar İttifaqı poçt qutusu deyil

- Gənc İlyas Xalq yazıçısı Əbülhəsən Ələkbərzadə ilə necə və harada tanış olur? Əbülhəsən onu necə qarşılayır?

...Gülür.

- İlyas Əfəndiyev 38-ci ildə hekayələr yazmağa başlayır. 39-ci ilin əvvəlində yeddi-səkkiz hekayəsini götürüb gəlir Bakıya. Yazıçılar İttifaqının yerini tapır. Məşhur yazıçımız Əbülhəsənin yanına gəlir. Əbülhəsən həmin illərdə Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi işləyirmiş. İlyas Əfəndiyev öz hekayələrini Əbülhəsən müəllimə təqdim edəndə Əbülhəsən soruşur ki, sən nə işlə məşğulsan? İlyas Əfəndiyev deyir, mən coğrafıya müəllimiyəm. "A bala, cografiya hara, ədəbiyyat hara? Nə yazmısan?" – soruşur. İlyas Əfəndiyev də: - "Kənddən məktublar" adında bir neçə hekayə yazmışam, - deyə cavab verir. Əbülhəsən deyir, bura poçtdu ki, "Kənddən məktublar"ı gətirmisən? (gülür) Məktub yazmısan, apar at poçta". İlyas Əfəndiyev də hekayələrini qoyur orada və gedir.

Əbülhəsən çox koloritli insan idi...

Bir müddət sonra İlyas Yazıçılar İttifaqına gəlir. Bu dəfə Əbülhəsən onu tamamilə başqa cür qarşılayır və deyir ki, əzizim, sən coğrafiyaçısı deyilsən.

Əbülhəsən çox koloritli insan idi. Mən də Yazıçılar İttifaqında işləyəndə onunla təmaslarım olurdu. Tez-tez "əzizim-əzizim" deyirdi. Hə, Əbülhəsən İlyas Əfəndiyevlə söhbətləşir, deyir, əzizim, sən düz deməməmisən. Sən coğrafıyaçı deyil, əməlli-başlı yazıçısan və onun hekayələrini göndərir Azərnəşrə. Azərnəşr həmin "Kənddən məktubları" kitabça şəklində çap edir. Kitabın ilk redaktoru Sabit Rəhman olur və 39-cu ildə işıq üzü görür.

- İlyas Əfəndiyevin yaradıcılığına nənəniz Bilqeys xanımın hansı təsirləri olub?

- İlyas uşaq vaxtlarından kitabların əhatəsində olub. Baxmayaraq ki, onlar rayonda olublar. İlyas Əfəndiyevin anası Bilqeys xanım, yəni mənim nənəm böyük bir bəy qızı idi. Bayram bəy Qarabağ mahalında çox məşhur adam olub. İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" pyesi var, o pyesdə böyük bəy obrazı var a, Bayram bəy həmin böyük bəyin prototipi idi. O, çox ziyalı bir adammış. Nənəm Bilqeys xanım rus, ərəb dillərini çox yaxşı bilirdi, oxumuş bir qadın idi. İnqilabdan əvvəl çap olunan kitabları yığırdı, baxırdı, oxuyurdu. Çox həvəskar idi kitaba. Onun da balaca İlyasa çöx böyük təsiri olmuşdu. Böyük bir kitabxanamız var idi. Erməni təcavüzündən sonra kitabxana Füzulidə məhv olub getdi…

"Sən həmişə mənimləsən"

Elə bilirəm bəzi söhbətlərdə uşaqlıq illərinin adasına səyahət etmək insana xüsusi zövq verir. Elçinin səfər etdiyi o illəridə bir yazıçı ömrü vardı. Məhz Eçinin zövq aldığı o illərdə İlyas Əfəndiyev belə yazırdı: "Sən həmişə mənimləsən". Məncə, o, həmişə bizimlədir...

Tarix
2014.10.30 / 09:19
Müəllif
Nigar İsmayılqızı
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla