Yuxarı

Sirxan milis zabitini nədən öldürdü? - I hissə

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sirxanla "voronok"da tanış oldum. 3-cü gün idi həbs olunmuşdum. İki gün Nərimanov rayon Polis idarəsinin müvəqqəti saxlanma məntəqəsində (bura dustaqlar ŞİZO deyir) saxlandıqdan sonra Bayıl türməsinə aparılırdım.

"Məhbəs xatirələri" layihəsində: Sirxan

Əvvəlcə Xətai, sonra isə Yasamal rayon Polis idarəsində saxlanılan dustaqları maşına götürdülər. "Voronok"da artıq sıxlıq yaranmışdı. Yasamaldan maşına mindirilənlər içərisində bir nəfər özünü daha sərbəst aparırdı. Sanki hansısa dayanacaqda marşrut avtobusuna minirdi. Ağbəniz oğlan idi. Yaşı 30-35 ancaq olardı, bəlkə də az.

"Voronok"a gircək hər kəsə ünvanlanan ümumi salam verdi. Hər bir kəsi diqqətlə süzüb, onunla maşına mindirilən əli "nakolka"lı adama tərəf döndü:

- Çoxu "pasajirlərdi". Sifətlərindən oxunur.

Mən belə "dobrı" olmamışam

Sonra da mənim yanımda yerini rahatladı. Konvoylara da söz atmağı unutmadı:

- Pampers bağlamısız? Bu, nə iydir sizdən gəlir? Qorxmayın, mən hələ belə "dobrı" olmamışam.

Əli silahlı konvoyların kimdən və nədən qorxacağını heç ağlıma da gətirmədim. Onları biz dustaqlarla qalın dəmir barmaqlıqlar ayırırdı. Barmaqlıqlar çox sıx toxunmuşdu. Oradan siqaret giləsi zorla keçirdi. Əsgərlərdən biri siqaret istəyəndə bunu görmüşdüm. Bu adamın saymazyana hərəkəti əsgərlərin vecinə də olmadı. Bir-birlərinə baxıb gülümsədilər. Əli "nakolka"lı isə əsgərlərin gülüşünü həzm edə bilmədi:

- Nəyə gülürsən, alə, salaqa?..

Əsgərlərdən biri digərinə:

- Fikir vermə, görmürsən əlində o birinin "veşini" aparır. Bu, təmiz oğlan deyil.

Əsgərin sözü əli "nakolka"lını qəzəbləndirdi:

- Kaş "volya"da əlimə düşəsən də...

Ölüm hökmü altında yatmışam

Özünü daha sərbəst aparan adam "nakolka"lıya çəpəki baxdı. Araya sükut çökdü. Maşın tərpəndi. İlk dəfə həbs olunanlar özlərini möhkəm tutdu – maşın yırğalananda kimsəyə toxunub artıq söz-söhbətə rəvac verməsinlər deyə. Mən də ayaqlarımı döşəməyə möhkəm sıxdım. Bu yanımda əyləşən özünü daha çox sərbəst aparan dustağın diqqətindən yayınmadı. Gülümsədi. Təbəssümündə özündən tam arxayınlıq vardı. Mənə tərəf çevrildi:

- Kişi, narahat olma. Sərbəst otur. Hamımız eyni gündəyik. Tanış olaq. Mənim adım Sirxandı. Şəkiliyəm. Ölüm hökmü altında yatmışam. Sonradan dəyişdirilib hökmüm.

Özünütəqdimi əslində mənə yox, "voronok"da olanların hamısına ünvanlayırdı. Amma üzünü mənə tərəf tutmuşdu.

- Bu mənim 3-cü "xodka"mdı. Görürəm, bu həyat sənə yaddır. Çöldəki adamlarına de, evini də satsalar, səni qurtarsınlar. Elə hamıya aiddi. – Üzünü gənc dustaqlara tutdu: – Yoxsa zay olacaqsız, adamlıqdan çıxacaqsız. Narkoman, oğru, yalançı, "moşennik" olacaqsız. Sizi içəri atanlar sizi çölə o vaxt atacaq ki, yenidən içəri düşməyə hazır olacaqsız. Yəni çöldə dayana bilməyəcəksiz. Sizlər türmə işçiləri, prokuror, müstəntiqlər üçün bir obyekt, qazanc yeri olandan sonra.

Dil boğaza qoymurdu, içərinin xoş olmayan aurasından danışırdı. Onunla birgə mindirilən dustaq isə onun dediklərini təsdiq edirdi. Sirxan mənə yenə də üz tutdu:

- Kişi, adın nədir?

Dedim. Artıq o mənə "Faiq kişi" deyərək müraciət edirdi. Bir qədər də söhbət etdikdən sonra əli "nakolka"lıya tərəf dönüb soruşdu:

- Səni nəyə görə saxladılar? Çoxdan burda idin? Görən kimi tanıdım.

Əli "nakolka"lının üz-gözünə yaltaq təbəssüm "dağıldı".

Onun gözlərinə bax

Başa düşdüm ki, bunlar çoxdanın tanışı olsalar da, elə indicə bir-birlərini görüblər. İkilikdə etdikləri söhbətdən məlum oldu ki, nə vaxtsa eyni yerdə cəza çəkiblər. Sirxan arada "nakolka"lıya mənim haqda dedi:

- Sən allah, onun gözlərinə bax. Necə də durudur, təmizdir. Çirkabdan, hiylədən uzaqdı...

"Nakolka"lı isə gözlərimə baxmadan başı ilə onun dediklərini təsdiq edirdi. Mənə maraqlı gəldi. Cəmi iki gün idim həbs olunmuşdum. Korrupsiyaya qarşı Mübarizə İdarəsinin müstəntiqləri Tariyel Əhmədovun, Elçin Məmmədovun verdikləri suallarda onları qane edə bilməyən cavabları aldıqda Sirxandan tam fərqli olaraq haqqımda bir-birlərinə demişdilər:

- Görmürsənmi, gözlərində hansı hiyləgərlik var?

İndi Sirxan danışdıqca "görəsən hansılar daha dəqiq idi? - deyə düşündüm...

Bayılda bizi birinci korpusun 2-ci qatında yerləşən karantin adlanan kameraya saldılar. Sirxan içəri girən kimi bizdən qabaq gələn dustaqların və kamerada məskunlaşanların üstünə çımxırdı.

- Tez üç yer hazırlayın. Alt qatda olsun.

Mənə üzünü tutdu:

- Görmürsən qorxaq siçovullardı? Yaxşı bir yer seç özünə.

Məhkum polkovnik

Mən divarın 90 dərəcəsində yerləşən çarpayını seçdim. Təhlükə ancaq bir tərəfdən ola bilərdi. Digər tərəf və başımı qoyacağım yer divara bitişik idi. İçəridə 16 nəfər dustaq olardı. 4 nəfərə yatmağa yer çatmadı. Onlar iki günü oturduqları yerdə mürgülədilər. Dördü də İmişlidən olan at oğruları idilər.

Kamerada diqqətimi çəkən bir nəfər də var idi. Ayağını ayağının üstünə aşırıb çox arxayın və məğrur oturmuşdu. Üzündən alicənablıq və qorxmazlıq oxunurdu. Siqaret çəkirdi. Bir neçə dəqiqədən sonra ona verilən sualdan məlum oldu ki, bu adam hərbçidir. 130 saylı hərbi hissənin komandiri olub. Adı Gülağa, rütbəsi polkovnik idi. Ona qardaşım Balabəyin vaxtı ilə həmin hərbi hissədə batalyon komandiri olduğunu dedim. Gülağa:

- Sən cəlilabadlısan? – soruşdu. - Qardaşın haqda çox eşitmişəm. Yaxşı zabit olub, - dedi.

Bundan sonra onunla daha yaxından tanış olduq. Əslən Masallıdan idi. O Müdafiə naziri Səfər Əbiyevlə mübahisənin, ona qaytardığı cavabın qurbanı olmuşdu. 3 aya yaxın Gəncə türməsində "yatmışdı". İndi onu Bakıya etap etmişdilər. O, qəzetlərə verdiyi müsahibələri mənə göstərdi:

- Bax, oxu. Bu müsahibələrdə naziri pisləmişdim. Onun ordu quruculuğundan xəbəri yoxdur, demişdim.

Oxudum və zarafatla dedim:

- Səni elə haqq edib tutublar. Bəs bilmirsən ki, hara ilişibsən?

"Krışa"lıq yaxşı hal deyil

Sirxan at oğrularına:

- Nəyiniz var, tökün ortaya, - dedi. Burada gərək hamı qardaş ola. "Krışa"lıq yaxşı hal deyil.

Bir azdan süfrə açıldı. Başda Sirxan və "nakolka"lı oturdu və polkovnikə tərəf döndü:

- Paqon, gəl bir tikə də sən götür, bizə səninlə çörək kəsmək yaraşmasa da, ta neynəyək. Nə olsun sən paqon daşımısan, dur gəl.

Gülağa əsəbi halda ona çımxırdı:

- Sən kimsən, adə, mənimlə belə danışırsan?!. Siçovul kimi uşaqların yeməyini əlindən alırsan, hələ bir utanmırsan da...

Mübahisə düşdü. Mən keçib Gülağanın yanında oturdum. At oğruları da. Başqa iki kişi də bizim yanımıza keçdi. Gərginliyi Sirxan aradan qaldırdı.

Sən burda "neprav"san

"Nakolka"lıya tərəf acıqla:

- Brat, paqon olub, nə pislik edib ki... "Uçastkovı" deyil, müstəntiq deyil, prokuror deyil. Erməni ilə vuruşub da. Sən burda "neprav"san. Dur, kişinin könlünü al.

"Nakolka"lı udqundu:

- Qədeş...

- Nə deyirəm, onu da elə. Üzr istə! - Bu dəfə qəzəblə dedi.

"Nakolka"lı polkovnikə tərəf döndü:

- Sən məni düzgün anlamadın. Gəl, çörək ye.

- Öz yeməyin, süfrən olanda dəvət edərsən, - bunu da polkovnik dedi. Sonra da uzanıb siqaret çəkdi. Elə bu vaxt mənə "peredaça" gəldi. İsti plov, qızardılmış toyuq, çörək, su, meyvə, siqaret.

Qəbul etdikdən sonra polkovnikə yemək təklif etdim. Durub əl-üz yuyana tərəf getdi. Qurşaqdan yuxarı yuyundu. Gəlib oturdu. Yemək yedik. Sirxan da təklif gözləmədən bizimlə gələn nemətdən daddı.

Gözləmədiyim sovqat

Bir azdan qonşu kameraların birindən bizim kameraya "qrev" gəldi. Qənd, çay, siqaret, kolbasa və iki ağ çörək. "Nakolka"lı "qrevi" qəbul edib Sirxana tərəf döndü:

- Qədeş, qardaşlar bilib ki, burdayıq.

Sirxan siqaret çəkərək:

- Alə, nə danışırsan. "Pervıy raz zamuj çtoli?". Karantində olanlara "qrev" mütləq olunur. Kimliyindən asılı olmayaraq. Gör bir "malyovka" var?

"Nakolka"lı "var, - dedi, - amma bizim dildə yazmayıblar, oxuya bilmirəm". Kiçik kağız parçasını Polkovnikə uzatdı. Məlum oldu ki, namə latın əlifbası ilə yazılıb. Polkovnik oxudu: "Faiq Balabəyliyə Əyyub Qiyasdan və bratvadan". Sən demə, qonşu kamerada cəza çəkən tanınmış yazıçı Əyyub Qiyas gəzintiyə çıxanda məni koridorda görübmüş. O mənə "qrev" göndərmişdi. Əyyub bunu bir neçə dəfə təkrarladı. Mən də onunla əlaqələri qırmamağa çalışdım.

Sirxan mənim nəyə görə həbs olunduğumu bildikdən sonra elə həmin axşam öz hekayətini nəql etdi. Və mən onun taleyinə doğurdan da acıdım. O, həbs olunanda doğurdan da saf uşaq imiş...

(davamı var)

Tarix
2014.11.05 / 09:15
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla