Yuxarı

Maydan – Qərb-Rusiya savaşı və yeni dünya nizamı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün noyabrın 21-i Maydan hərəkatının başlamasının biri ili tamam olur. Məhz bu hərəkat sonrakı illərdə bütün dünyanın diqqətini özünə cəlb etdi. Beləliklə, dünya tarixinin yeni dönəmi başladı.

Maydan necə başladı?

Noyabrın 21-də Baş nazir Nikolay Azarov rəsmən Ukraynanın Avropa İttifaqının assosiativ üzvlüyü ilə bağlı prosesi dayandırdığını bəyan etdi. Bu isə tezliklə əhali arasında narazılığın güclənməsinə səbəb oldu. Qısa müddət ərzində ölkənin əsas meydanlarına on minlərlə insan toplandı. İlk baxışdan heç bir şey kimi görünən bu mitinqlər qısa müddət ərzində hərəkata çevrildi. Xüsusilə Ukraynanın qərb torpaqlarında bu aktivlik ən yüksək səviyyəyə çatdı.

Avropa isə Azarovun hökumətinin bu addımından şoka düşmüşdü. Bu qərarın xüsusilə Vilnüs sammitindən bir həftə əvvəl verilməsi Qərbin narahatlığını artırmışdı. Artıq Yanukoviç hakimiyyətinin dəqiq fikrini öyrənmək vaxtı çatmışdı.

Noyabrın 28-də Avropa İttifaqı Şərq Tərəfdaşlığı planının 6 dövlətinin ali nümayəndələri Vilnüsə toplaşdı. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edirdi. Bakı ilə bağlı məsələ aydın idi. Sammitdən xeyli öncə Azərbaycan mövqeyini ortaya qoyaraq assosiativ üzvlük haqqında müqavilənin imzalamaması ilə bağlı razılıq əldə etmişdi. Bunun əvəzində isə Avropa İttifaqıyla viza sisteminin asanlaşdırılması ilə bağlı müqavilə imzalanacaqdı.

Gürcüstan isə artıq məsələ ilə bağlı mövqeyini ortaya qoymuşdu. Bir tək Qərbin narazı olduğu istiqamətdə Ukrayna və Ermənistan dayanmışdı. Tezliklə Yanukoviçlə müxtəlif səviyyələrdə görüşlər keçirilir. Amma heç bir nəticə əldə olunmur. Beləliklə, Qərbin geostrateji maraqları Rusiya ilə üz-üzə qalır. Avropa artıq hərəkət düyməsinə basmışdı. Ya Yanukoviç deyilənlərlə razılaşmalı, ya da ki hakimiyyətdən getməli idi. Bunun üçün heç nə etmək lazım deyildi. Onsuz da Ukraynada Avropanın istədiyi münbit şərait var idi.

Beləliklə, proses başladı. Tezliklə yüz minlərlə insanın toplaşdığı aksiyalara qarşı rəsmi Kiyev güc tətbiq etmək qərarına gəldi. Bu isə insanların etirazını bir az da alovlandırdı. Moskvadan gələn sifarişlərlə hərəkət edən Yanukoviç sadə xalqa atəş açmaq əmrini verdi. Lakin bu da "Maydan"ı dayandırmadı.

Bir müddət sonra Baş nazir istefaya göndərildi. Maydan ölkənin qərbində o dərəcədə güclənmişdi ki, artıq bir-bir bölgədə administrasiyalar ələ keçirilirdi. Ölkənin şərqi isə susmuşdu. Moskva verdiyi formal açıqlamalarla əhalini sakitləşməyə çalışır və hadisələrin nə ilə yekunlaşacağını gözləyirdi.

Moskvanın göndərdiyi snayperlər belə Maydanı təmizləməyə kifayət etmədi. Bir müddət sonra isə Yanukoviç ölkədən qaçdı.

Yanukoviçin Bakı müəmması

Viktor Yanukoviçin Kiyevdən qaçmasından sonra onun öz təyyarəsi ilə hara uçması haqqında müxtəlif fikirlər mətbuatda görünməyə başladı. İlkin variant kimi Rusiya göstərildi. Amma Kreml susurdu. Yanukoviçin Rusiyada gizlənməsi məsələsinə bir müddət açıqlama verilmədi. Əvəzində ölkənin şərqi və cənubunda yeni proseslərə hazırlıq başlandı.

Səsləndirilən digər variant isə onun Bakı və İrəvan vasitəsilə hərəkəti idi. Belə ki, Ukrayna mətbuatı ölkədən qaçan prezidentin öncə Bakıya gəldiyini, burada təyyarəsinin enerjiyə olan tələbatı ödəndikdən sonra Dubaya uçduğu bildirildi. Amma Azərbaycanın Prezident Administrasiyası qısa müddətdən sonra bu informasiyanın doğru olmadığını söylədi. Növbəti variant isə Ermənistanla bağlı idi. Həm Rusiya, həm də Qərb mətbuatı İrəvandakı aeroportda Yanukoviçin təyyarəsinin göründüyü ilə bağlı müxtəlif informasiyalar dərc edirdilər. Məlumatların birində isə Yanukoviçin İrəvandan Dubaya, oradan da Rusiyaya gedəcəyi deyilirdi.

Doğrudur, sonradan bütün bu iddiaların hər biri təkzib edilsə də, Yanukoviçin ölkədən qaçış planı haqqında heç kim açıqlama yaymadı. Yanukoviç isə tezliklə Rusiyada göründü. Rostovda ictimaiyyət qarşısına çıxan prezident hakimiyyətdən getmədiyini və mübarizənin davam edəcəyini bildirdi.

QRU işə düşdü: Ukraynanın parçalanması planı

Maydanda aktivlik və prezidentin ölkədən qaçması Moskvanın fəaliyyətini artırmasına səbəb oldu. Geosiyasi baxımdan Rusiya üçün önəmli regionun yenidən geri qaytarılması lazım idi. Plana əsasən Ukraynanı Rusiyanın təsir dairəsindən çıxartmaqla Qərb bu şimal imperiyasının ətrafında olan bufer zonasını tam dağıtmış olacaqdı. Kiyevdən sonra növbət Moskvanın nəzarəti altında olan digər bölgələrə gələcəkdi.

Lakin Kreml asan təslim olmaq niyyətində deyildi. Tezliklə Krımdakı əsas hərbi obyektlər Sevastopoldakı Qara dəniz donanmasının nəzarətinə götürülməyə başladı. Rusiyanın buraya göndərdiyi diversantlar yarımadanın əsas hissələrində özlərinə yer etdilər. Krım rəhbərliyi isə Ukrayna hakimiyyətini tanımadığını və ondan ayrılmaq istədiklərini bildirdi.

Doğrudur, Kiyevdən müəyyən sərt açıqlamalar verilsə də, ruslara qarşı bir güllə belə atılmadı. Döyüşə hazır olan Krımdakı Ukrayna hərbi bazalarına hələlik heç bir əmr verilməmişdi. Ruslar isə yarımadaya axışmaqda davam edirdilər. Krım dörd tərəfdən rus gəmiləri ilə əhatə olunmaqla bərabər onu materiklə birləşdirən bərzəxdə də blokpostlar quraşdırılmışdı. Tezliklə Ukrayna hərbi hissələrinin mühasirəsinə başlandı. Bəzi ukraynalı hərbçilər Kiyevdən əmr gözləsələr də, heç bir əmr gəlmədi. Görünür, artıq Kiyev Krımın itirilməsi ilə barışmışdı. Yeni müharibənin başlanması isə rəhbərlik üçün hələlik sərfəli deyildi.

Maraqlı məqam isə rus qoşunları Krıma gələn zaman onlara qarşı indinin özünə qədər davam edən ən sərt mövqeni Krım tatarlarının nümayiş etdirməsi idi. Sonuna qədər Kiyev sadiq qalan tatarlara heç kim, hətta Qərb belə əl uzatmadı. Tək başına qalan tatarlar müxtəlif təzyiqlərlə qarşılaşdılar. Krımda saylarının ukraynalılar və ruslardan az olması belə tatarlara geri addım atmağa imkan vermədi.

Ruslar isə buraya öz qoşunları ilə yanaşı müxtəlif separat bölgələrdən də bölük və taqımlar yeritdilər. Gələnlər sırasında çeçenlərlə bərabər Qarabağ erməniləri və Dnestryandakı ruslar da vardı. Krımın taleyi isə həll olunmuşdu. 2014-cü il martın 30-da Krımın Rusiyaya anneksiya edilməsi keçirilən saxta referendumla rəsmiləşdi.

Donetsk, Luqansk, Odessa, Karpat

Mətbuatda Ukraynanın beş yerə parçalanacağı ilə bağlı iddialar səsləndirilirdi. Kremlin öz planlarını həyata keçirəcəyi zonaların isə Donetsk, Luqansk, Odessa və Karpat olduğu deyilirdi. Vəziyyət qəlizləşirdi. Maydan hərəkatı dövründə susub qalan ölkənin şərq vilayətləri artıq partlayacaq bombanın fitilini yandırmışdı. Həmçinin Odessanın Dnestryanıya birləşdirilməsi üçün də hazırlığa başlanılacağı söylənilirdi. Kiyev Odessada qələbə qazansa da, Donetsk və Luqanska bata bilmədi. Əhalisinin əksəriyyəti ruslardan ibarət olan bölgədə aktiv hərbi əməliyyatlar başladı. Qısa müddət sonra isə Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasını yaradıldığı bəyan edildi. Moskvanın dəstəyi ilə əsası qoyulan separat bölgələrə Rusiyadan indiyə qədər aktiv dəstək verilməkdə davam edir. Lakin Putin administrasiyası bu günə qədər Donbas və Luqanskdakı terrorçuları rəsmən dəstəklədiyini bəyan etmir.

Qərb isə susmurdu. Ukraynanın bir hissəsini Rusiyanın əlindən çıxarmağı bacarmasından sonra Moskvanın belə hiddətli addımı onun da aktivləşməsinə səbəb oldu. Kremlə qarşı sanksiyalar tətbiq olunmağa başladı. Beləliklə, Qərb-Rusiya qarşıdurması pik səviyyəyə çatdı. Moskva isə hər şeydə Avropa və Amerikanın yarıtmaz siyasətçilərinin günahkar olduğunu bildirdi.

Dünya yeni nizama girir

Qərb-Rusiya qarşıdurması faktiki İkinci Soyuq Müharibə dövrünü də başladıb. Maraqlı burasındadır ki, kifayət qədər məşhur olan Zbiqnev Bjezinski və Henri Kissincer artıq dünyanın yeni nizama ehtiyacı olduğunu, bunun da qurulacağını bəyan etdilər. Qərbin sanksiyaları qısa müddət ərzində Rusiyadan kapital axınına səbəb oldu. Qısa müddət bu axın milyardlarla dollara çatdı. Üstəlik, rus rublunun kəskin ucuzlaşması prosesi başladı. Bundan əlavə isə Vaşinqton rus neftindən Avropanın azad edilməsi ilə bağlı iddia ilə çıxış etdi. Tezliklə Rusiyanın neft şirkətlərinə şelf zonalarında neft hasilatı ilə bağlı sanksiyalar tətbiq edildi. Bunun nəticəsində isə gəlirləri azalan neft şirkətləri bir-bir Milli Rifah Fonduna müraciət edəcəklərini qeyd etdilər.

Ukrayna böhranı həmçinin Macarıstan, Moldova, Baltikyanı ölkələr və Rumıniyaya da təsir etdi. Donbasdakı hadisələr bir müddət sonra Qaqauziyada türklərin də aktivləşməsinə səbəb oldu. Moldovanın Avropa İttifaqı ilə assosiativ üzvlük haqqında müqaviləni ratifikasiya etməsi qaqauzların narazılığının artmasına səbəb oldu. Qaqauziya rəhbəri Mixail Formuzal az sonra əsas hədəflərinin Gömrük İttifaqı olduğunu bildirdi. Kişniyov isə Kiyevə dəstək olduğunu və Moskvanın fəaliyyətinin bölgəyə mənfi təsir etdiyini bildirdi.

Hadisələr başlayan andan etibarən aktiv siyasət yürüdən Polşa Kremli az qala işğalçı adlandırmağa qədər gəlib çıxdı. Kiyevə açıq dəstək verən Varşava Avropa ölkələrini aktiv mübarizəyə səslədi. Kiyev isə NATO-ya ümid etməklə bərabər Donbas və Luqanskda müharibəsini aparırdı.

Qafqaz cəbhəsi: Tiflis böhranı

Uels sammiti ərəfəsində Gürcüstanın keçmiş Müdafiə naziri İrakli Alasaniya NATO rəhbərliyi ilə bir sıra gizli müqavilələrə imza atmışdı. Bəzi ekspertlər bu müqavilələr içərisində NATO-dan Rusiyaya qarşı hərbi dəstək almaq və bazalarının Gürcüstan ərazisində yerləşdirilməsinə izn verilməsinə qədər maddələrin yer aldığını iddia edirdilər. Maraqlı məqam isə İrakli Alasaniyanın Uelsdən dönüşündən sonra yaşandı. Müdafiə Nazirliyinin üç əməkdaşının həbsi bütün diqqəti nazirin üzərinə yönəltdi. Alasaniya isə hər şeyə açıq olduğunu bildirdi, amma bir müddət sonra Qaribaşvili tərəfindən istefaya göndərildi. Rusiya yönümlü olmaqda günahlandırılan Qaribaşvilinin tezliklə Gürcüstanı yenidən Kremlin prefektoriyasına qaytarmaq istəməsi ilə bağlı iddialar peyda oldu.

Moskva isə çoxdan hazırladığı planı işə saldı. Abxaziya ilə hərbi və iqtisadi sahədə tərəfdaşlıq haqqında müqavilə mətbuatın gündəmində yer aldı. Rusiya qoşunlarının Abxaziyada yerləşdirilməsini tələb edən müqavilə bununla bərabər separat bölgənin ticarət, gömrük və vergi sahəsindəki qanunvericiliyinin şimal qonşusu ilə eyniləşdirilməsini istəyirdi. Tiflis isə belə bir məqamda o zaman hələ Müdafiə naziri olan Alasaniya vasitəsilə atılacaq hər addıma qarşı sərt cavab verəcəklərini açıqladı. Politoloqlar isə Rusiyanın bu fəaliyyətinin bununla yekunlaşmayacağını bildirdilər. Proqnozlar isə özünün doğrultdu. Az müddət sonra Cənubi Osetiya da eyni bəyanatı yayımladı.

Bakıda "Ukrayna böhranı" oyunları

Ukraynadakı böhran bəlkə də ən böyük təsiri Cənubi Qafqaza göstərdi. Buna görədir ki, ölkənin cənubundakı vəziyyətdən narahat olan Moskva tezliklə Cənub Hərbi Dairəsindəki quru, dəniz qoşunlarının sayını artırdı. Üstəlik, Moskva bölgə dövlətlərinə Bakını Gömrük İttifaqına cəlb etməkdən ötrü müxtəlif təzyiqlər həyata keçirməyə başladı. İlkin mesajlar sərt olsa da, sonrakı mərhələdə sərt addımlar atıldı. Rusiyanın razılığı ilə Qarabağda avqust hadisələri yaşandı ki, bunun da nəticəsində 10 Azərbaycan əsgəri şəhid oldu. Bakı aktiv fəaliyyətə başladı. Tezliklə Putinin istəyi ilə Soçidə prezidentlərin görüşü təyin edildi. İrəvan Moskva qarşısında öhdəlik götürdü. Amma hadisələr bununla bitmədi.

Qarabağda aktivləşən hərbi əməliyyatlar Parisdə prezidentlərin görüşünə səbəb oldu. Hadisələrdən bir müddət sonra isə Qarabağda Bakının icazəsi olmadan ermənilərin 10 günlük geniş miqyaslı təlimlərinə start verildi. Qəribə məqam orasındadır ki, əməliyyatların başlanması ilə Sərkisyanın Moskvaya səfəri eyni vaxtda düşdü. Ekspertlər isə bunu Bakıya qarşı növbəti kampaniya kimi dəyərləndirdilər və Moskvanın bölgədə aktivliyinin artacağını bildirdilər.

Bakının Cənub Qaz Dəhlizi ilə bağlı müqavilələr imzalaması sonra Kremlin qeyri-rəsmi instansiyalarından Bakıya doğru təhdidlərin gəlməsinə səbəb oldu. Bununla bərabər isə Dərbənddə Bakıya yaxınlığı ilə seçilən Qurban Qurbanov rayon rəhbərliyindən çıxarılaraq həbs edildi. Bundan öncə iyunun 10-da isə Qurban Qurbanovun qardaşı Maqomed Qurbanov Dağıstanın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri vəzifəsində avar millətinin nümayəndəsi ilə əvəz edildi. Bir müddət sonra azərbaycanlı oliqarx Akif Sayadov həbs edildi. Diasporumuz Moskvanın bu addımlarına etiraz etsə də, heç bir şey əldə etmək mümkün olmadı. Moskvanın isə Bakıya təzyiqləri artdı və politoloqların fikrincə, onun Avrasiya İttifaqına üzvlüklə bağlı tələbləri yerinə yetirilməyənə qədər daha da artacaq.

Nəticə

Maydan Ukraynaya xoşbəxtlik gətirmədi. Bunu hər kəs bilir. Əksinə, Kiyev siyasi qalmaqallar və müharibə girdabına düşdü. Ukrayna ərazisində ikinci Qarabağ yaradıldı. Ərazisinin yarısını itirdi. Bundan əlavə isə Azərbaycan, Gürcüstan, Moldova və Baltikyanı ölkələr təhlükə ilə qarşı-qarşıya qaldı. Ukraynanınsa infrastrukturu tam dağıldı. Amma Maydan olmasaydı belə, Qərb-Rusiya qarşıdurması aktivləşəcəkdi. Bu isə aksiomdur. Bilinən tək şey var ki, ukraynalılar "Maydan"da çox şey qazanmadılar. Əksinə, həm maddi, həm də mənəvi itirdilər. Qərblə Rusiyanın qarşıdurması isə bütöv Avrasiyada davam edəcək. Bu qarşıdurmada hər kəs nə isə itirəcək, hətta biz də...

Tarix
2014.11.22 / 08:45
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla