Yuxarı

“Bizimkilər təbəssümü qara günə saxlayıblar”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gerçəkləşməyən arzular" layihəsində

Şair Sabir Yusifoğlu Sumqayıtda yaşayır. AYB-nin üzvü, Prezident təqaüdçüsüdür. Uzun müddət istehsalatda çalışıb. Mühəndis kimi işlədiyi kollektivin bir ara direktoru da olub. Amma məmur ola bilməyib, qazandığı hörmət, bir də dövlətin ona verdiyi, içində üç övlad pərvazlandırdığı iki otaqlı ev olub. Uzun müddət işsiz də qalıb.

70-ci illərin sonu, 80-ci illərin əvvəli ölkədən kənarda təhsil almaq respublikanın o zamankı rəhbərliyinin uzaqgörən siyasətinin tərkib hissəsi idi. Sabir Yusifoğlu da həmin sıradan olan tələbələrdəndi. Arzularının ardınca yola çıxıb Ukraynada təhsil almışdı. Təhsil sonu doğma respublikaya qayıtmışdı. Gənclər şəhərində gənc mütəxəssis kimi əmək fəaliyyətinə və eyni zamanda da bədii yaradıcılığa başlaması da arzularının tərkib hissəsi idi. Bəs görəsən, onun o arzuları necə oldu? Gerçəkləşdimi?

Şairlə görüşüb söhbət etmək üçün Sumqayıta gedirəm. Şəhərə çatdıqda yenidən zəngləşirik.

- Evdə təkəm, qalx yuxarı, - deyir.

Və mən 9 mərtəbəli binanın 7-ci mərtəbəsindəki mənzilin qapısını döyürəm.

Üz-üzə oturmuşuq. Dostluq və yerli olmamızın ərkini yaşayıram. Bir neçə dəfə olduğum evində söhbətimiz bütün sahələri əhatə edir.

Şairlər özlərini satışa çıxarır

- Çoxdandır gözə dəymirsən, nə işlə məşğulsan?

- Hə, görünmürəm, görünmür ürəyimin harayı. Bəlkə görmək istəyənlərimiz azalıb, ay Faiq?! Qaldı sualınızın ikinci tərəfinə, Allah verən bu ömrün sınıq-salxaq yerlərini hörüb-tutmaqla məşğulam, bir də balalara çörək qazanmaqla.

- İş yerini bildim, şükürlər ki, işlə təmin olunubsan, bəs yaradıcılıq baxımından vəziyyət necədir?

- Xeyli xoşuma gələn yazılarım toplanıb. Arada çap etdirirəm. Yazmaq problemim yoxdur hələlik. Neçə vaxtdır növbəti kitabımı yığmışam. Nəşr eləməyə nə isə çatışmır. Nə isə deyəndə pul məsələsi deyil. İndi o qədər kitablar çıxır, şeiri o qədər cılızlaşdırıblar ki, buna görə gözləyirəm. Çox acınacaqlı vəziyyətdir. Vaxtilə şairləri almağa çalışırdılar, indi isə şairlər özlərini satışa çıxarır, özlərinə qiymət qoyur, vicdanlarını bazara çıxarırlar. Təbii ki, ləyaqətli insanlar var. Amma bu, dəryada damla kimidir. Görünmür və yaxud görənlər az olur. Ya da onları görmək istəyənlərə mane olunur.

- Sabir, ən böyük arzun nə idi? Çata bilmisənmi?

- Hər halda nə vətən üçün, nə də özüm üçün bu günü arzulamırdım. Yəni istəklərim, arzularım çox idi. Amma əlçatmaz da deyildi. Görək də, bəlkə nə vaxtsa reallaşdı...

- Yəni düşünmürsən, bəzi arzuların gerçəkləşməsi elə zamanında olmalı idi?

- Düşünürəm. Amma nahaqdan bizə itirilmiş nəsil demirlər ki... Ya bizim dünyaya gəlişimiz vaxtında olmayıb, ya da məkan arientasiyası düzgün seçilməyib. Hər halda ürəyimizdə qalan, gerçək olmayan arzular çoxdur...

- Sən daha nələri arzulayırsan, şair olaraq özünü harada, hansı yerdə görürsən?

- Heç kimin yerini tutmaq fikrim olmayıb. Öz halal yerimi, haqqımı versinlər.

- Nədir sənin haqqın ki, verilməyib, nəyi arzu edirsən, şair?

- Bilirsən, durub indi nəyi isə istəmək, bu olaydı demək, bəlkə də yerinə düşməz. Çox haqlar var idi ki, onlara haqq etdiyimiz halda kənarda qaldıq. Bax, mən yazıçıyam, şairəm. İlk dəfə Prezident təqaüdü verdilər ha, Heydər Əliyevin zamanında layiq görüldüm. Sonrada o insanlar yenidən təqaüd aldı. Mən müraciət etməmişəm. Amma bilirəm ki, mənim də haqqım çatır. İllərdir işsiz qalmışdım. Bu da bir kömək olardı. Amma mən heç də bunu nəzərdə tutmurdum. Çox şeylərdə maneələrlə qarşılaşmışıq...

Mövzunu dəyişirəm, şairin bir vaxtlar təhsil aldığı ölkədəki siyasi vəziyyətlə bağlı söhbət edirik:

Oradakı tozanaqdan bizim havamız da korlanacaq

- Ukraynada təhsil alıbsan, bu gün Ukrayna hadisələri yəqin ki diqqətindən kənar da qalmaz.

- Hə, mən sovet dövründə Dnepropetrovsk şəhərində oxumuşam. Hələ onda ukraynların ruslara, yumşaq desək, simpatiyaları yox idi. Ukraynanın qərbində isə rusları görməyə heç gözləri yox idi. İndi orada baş verənlər təqribən bizim yaşadığımız doxsanıncı illərin hadisələrinə oxşayır. Yəni müəyyən paralellər aparmaq olar. Hakimiyyət böhranı, qarşıdurmalar, separatçılıq meylləri, ölkə daxilində müharibə. Bunları hələ illər öncə Zbiqnev Bzejinskinin söylədiklərinə baxsaq, daha aydın görərik. Ukrayna Qərbin planında postsovet məkanında ən əsas yeri tuturdu. XXI əsrin əvvəlində nəyin bahasına olursa-olsun bu ölkəni tam olaraq Avropa ölkəsi etmək istəyirdilər. Və nəticə göz qabağındadır. Zülmü isə həmişəki kimi yerli, kasıb kütlə çəkir. Mən nə tam Avropa, nə də Rusiya tərəfdarıyam. Amma Rusiya yenidən imperiyaya çevrilmək yolundadır (halbuki, indi də imperiyadır), nəinki, parçalanmaq. İmperiyalar isə başqalarının süqutu, məhvi üzərində mümkün olur. Onu bilirəm ki, oradakı tozanaqdan bizim havamız da korlanacaq.

İçki-masa quruplaşmalarının mövcud olduğu yerdə...

- Bəs ədəbi mühitdə olanlarla münasibətin necədir?

- Ədəbi mübahisələr, polemikalar, yaradıcılıq problemlərinin obyektiv müzakirəsi ədəbi inkişafa impuls verir. Ancaq indi buna çoxmu rast gəlirik? Bir qrup yazar-tənqidçi tandemindən ibarət qrup, yeri gəldi-gəlmədi digərlərini vurmaqla özlərini reklam etməyə çalışır, bununla ədəbi gündəmdə qalmaq istəyirlər. İçki-masa quruplaşmalarının mövcud olduğu yerdə hansı ədəbi inkişafdan danışmaq olar? Bu, yalnız mənafe uğrundadırsa. Həmin insanların qazandığı müvəqqəti gündəmdə olmaq, bir az da haradansa pul qoparmaq olur.

- Bəs, yaradıcılıq?

- Yaxşı ki, Əsəd Cahangir, Vaqif Yusifli, Nərgiz Cabbarlı kimi tənqidçilərimiz öz üzərlərinə düşən missiyanı yerinə yetirməkdə israrlıdırlar. Düzdür, bəziləri indi yadıma düşmür, amma imkan olduqca hamısını oxuyuram.

Oğullar ən yaxşı halda atasını yamsılayıb

Qapı döyülür. Sabir qapını açır, oğlu, gənc şair Emin Piridi gələn. Görüşürük. Emin tez də çıxır, sizə mane olmayım, deyir. Onun gəlişi növbəti sualıma təkan verir:

- Atalar və oğullar problemi yaşamırsan ki?

- Başqa ölkələrdə uşaqlar həddi-buluğa çatanda sərbəst yaşamağa başlayır. Bir özləri olur, bir də dərd-sərləri. Buna imkan və şəraitləri də olur. Bizdə isə valideynlər öz həyatlarını yaşaya bilmir. Mən də hamı kimi. Uşaqların problemləri ömrü boyu bizdən əl çəkmir.

- Niyəsini bəlkə mentalitetdə axtaraq?..

- Bu, eyni zamanda gəncliyin də özünü yaşamasına mane olur. Müəyyən dövrdən sonra isə oğullar bir də baxır ki, o heç vaxt özü olmayıb, yalnız özgəsini yaşayıb, ən yaxşı halda atasını yamsılayıb. Əlbəttə, yaxşı oğul atasını davam etdirər. Amma o özünü də yaşamalıdır. Azadlığı duymalı, ona can atmalı, bir sözlə başdan ayağa özü olmalıdır. Özü olmayanın yaradıcılığı da özünün olmur.

Daşların böyüyüb bumeranq effekti ilə qayıtmağı

- Emin Piri yetənə yetir, yetməyənə daş atır. Necə baxırsan buna?

- Ümumiyyətlə, kimsənin bostanına daş atmağı xoşlamıram. Atılan daşlara da konfliktə, intriqaya yol açmadan cavab vermək lazımdır. Görünür, onu da sancırlar.

- Deyirəm atdığı daşlar tükənər, birdən, lazım olanda "patrondaşı" boş qalar.

- Daşın qurtarmağı problem deyil e, daşların böyüyüb bumeranq effektilə qayıtmağı da var.

Yaradıcılıq mənim ömrümlə alver elədi

- Sabir, bədii yaradıcılıq sənə nə verdi?

- Bədii yaradıcılıq mənim ömrümlə alver elədi. Ancaq bilmirəm, verdikləri çoxdur, yoxsa aldıqları. Heç bir halda mən sözə xəyanət eləməmişəm, sözüm də mənə.

- Sumqayıt ədəbi mühitində bəzən qarşıdurmalar olur.

- Heç mübahisəsiz də ədəbi mühit olar?! Sumqayıt ədəbi mühitində də ədəbi mübahisələr, əbədi haqq, ədalət axtarışları, müəyyən narazılıqlar olur. Ancaq çox da dərinə gedilmir. Yəni körpülər tam yandırılmır.

Təbəssümü qara günə saxlayıblar

- Məyus görünürsən, nə məsələdir?

- Necə məyus olmayasan, bu üzü qara olmuş neft də bizi ağ günə çıxartmadı:

Ümid basdırıram hər ötən günə,

Cücərmir buranın quraqlığında.

Bir də Faiq, heç küçədə, vağzallarda, metroda insanlara fikir vermisən? Adamların üzündə narahatlıq var, kədər var. Elə bil təbəssümü qara günə saxlayıblar.

- Sumqayıt bir şair gözündə necə görünür?

- Sumqayıta səhər-səhər, gün çıxan vaxtı " batan gəmi" tərəfdən baxmaq ayrı aləmdir. Əsl poeziyadır.

Tökülən yarpaq səsinə

diksinir yuxulu şəhər.

Külək vurur, kölgəsilə

dənizə yıxılır şəhər.

Heyfsiləndiyim məqamlar da var. Son vaxtlar bütün azad, "boş" yerlər zəbt olunub, müxtəlif növ tikililər adamları səkidən çıxarıb az qala avtomobil yollarına atır.

Adamları yerdə qoyub

göyə dırmaşır evləri.

Daha çökür bu şəhərin

mənimlə yaşıd evləri.

- Bəs sumqayıtlılar?

- Eyni bir gəmidə ömür səyahətinə çıxan yol yoldaşları kimi baxıram sumqayıtlılara. Biz illərlə bu şəhərin "qazovka"sını udmuşuq, yağışına deyinmişik, qarına sevinmişik. Sumqayıtlılar başını aşağı salıb öz zəhmətlərilə dolanan adamlar olub. Mən belə görmüşəm. Sənə onu da deyim ki, az-çox ziyalılıq, böyüyə-kiçiyə hörmət də burda qalıb.

Tarix
2014.11.22 / 20:59
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Kəndər qaytarıldı, Zakir Həsənov rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla