Yuxarı

Dərslik satışından kim nə qazanır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun illərdir orta məktəblərdə dərslik problemi davam edir. Son vaxtlar kitablar şagirdlərə pulsuz verilsə də, bu sahədə işbazların fəaliyyətini tam dayandırmaq mümkün olmayıb. Yenə də dükanlarda, ticarət obyektlərində dərsliklərin kütləvi satışı davam edir. Ən qəribəsi odur ki, üzərində "pulsuz" yazılan kitablar açıq-aşkar qaydada 5 və ya 10 manata satılır.

Açıq-aşkar qanunsuzluq

Bunu tək valideynlər yox, təhsil sahəsinə məsul olan şəxslər, hüquq mühafizə orqanlarının əməkdaşları, vergi və sahibkarlıq fəaliyyətinə nəzarət edən digər dövlət qurumları əməkdaşları da görür. Lakin nədənsə, onlar bu qanunsuz və haqsız işə göz yumurlar.

Axar.az məsələni araşdırmaq üçün ilk olaraq Təhsil Nazirliyinə müraciət edib. Qurumun QHT-lər və KİV-lə iş sektorunun İnformasiya şöbəsindən aldığımız cavablar əvvəlki açıqlamalardan heç nə ilə fərqlənməyib:

"Dərsliklər hökümətin müəyyən etdiyi qaydalar əsasında çap edilir və məktəblərdə fondlaşdırılır. Üzərində "pulsuz" etiketi yazılmış kitabların satışı qadağandır. Bu cür hallar, əsasən, piratçılıqla məşğul olan mətbəələrdən baş verir. Dərslik çapı ilə məşğul olan bəzi nəşriyyatlar da bu il öz kitablarının pirat yolu ilə çap edilib satışa çıxarıldığı barədə Nazirliyə və hüquq-mühafizə orqanlarına müraciət ediblər. Birmənalı şəkildə biz bu halları qanunazidd hesab edir və müvafiq qurumları belə hallara qarşı mübarizəyə səsləyirik".

Büdcə vəsaiti havaya sovrulur

Qeyd edək ki, bütün dərsliklərin ön səhifəsində müəllif hüquqlarının qorunduğu barədə xəbərdarlıq verilib. Dərsliyin müəllifi kimi isə məhz Təhsil Nazirliyi göstərilib. Bəs müəllif özü öz hüququnu qorumaq üçün niyə başqalarından imdad umur? Üzərində "pulsuz" yazılan kitabın pulla satılmasını hamıdan əvvəl TN özü əngəlləmilidir.

Digər tərəfdən, dövlət büdcəsi hesabına hər il milyon nüsxələrlə dərslik nəşr olunur. Və TN rəsmiləri bəyan edirlər ki, şagirdlərin sayına uyğun olaraq məktəblərə paylanılır. Əgər hər şagirdə görə məktəbə dərslik verilirsə, valideynlər niyə "qara bazara" üz tuturlar? Axı dövlət büdcəsi həmin valideynlərin ödədikləri vergilər hesabına formalaşır.

Nə qədər vəsait xərclənir?

TN-nin açıqlamasına görə, 2014-2015-ci tədris ilinə ümumtəhsil məktəblərinin I, II, III, V, VII, IX, X, XI sinifləri üçün 271 adda, 7,8 milyon nüsxə dərslik və müəllim üçün metodik vəsait çap edilib.

"Həmin dərsliklər və müəllim üçün metodik vəsaitlər bölgü üzrə respublikanın bütün rayon (şəhər) təhsil şöbələrinə, ümumilikdə ölkədə fəaliyyət göstərən bütün dövlət ümumtəhsil müəssisələrinə təhvil verilib. Mövcud qaydalara görə, dərsliklər 4 il müddətinə istifadə olunmalıdır. Bundan sonra təkmilləşdirilməklə yenidən şagird kontingentinə uyğun çap edilməli, "Dərslik fondu" da yeniləşdirilməlidir".

Dərsliklərin çapına hər il büdcədən nə qədər vəsait sərf olunması barədə sualımıza isə konkret cavab ala bilmədik:

"Dərsliklərin çapına büdcədən vəsait istifadə müddəti bitən dərsliklərin nəşri üçün tələbatdan və kurikulum əsasında yeni hazırlanan dərslik komplektlərinə olan zərurətdən asılı olaraq ayrılır".

Dərslik çatışmazlığı müəmması

TN məktəblərdə dərslik çatışmazlığını şagirdlərin sayının artması ilə əlaqələndirib:

"Dərsliklərlə təminatda çatışmazlıq sinifdə şagird sayının çoxalması və şagirdlərin yerdəyişməsi ilə bağlı yaranır. Bəzən valideynlər və şagirdlər əvvəllər istifadə olunmuş dərslikləri qəbul etmək istəmir, hər il yeni nəşr olunmuş dərsliklər tələb edirlər. Bunu təmin etmək mümkün olmadıqda valideyn kitab bazarına üz tutur. Nəzərə alınmalıdır ki, bir dərsliyin istifadə müddəti dörd il müəyyən edilib".

TN rəsmiləri də dolayısı ilə dərsliklərin keyfiyyətinin qənaətbəxş olmadığını etiraf edirlər. Müşahidlərimiz göstərdi ki, 2 il bundan əvvəl məktəbə verilən kitablar bu il tam yararsız halda idi. Ona görə də valideynlərin əksəriyyəti bu il birinci sinfə gedən övladları üçün dərslikləri satışdan almağa məcbur olublar. TN bunu məktəb kitabxanalarının problemi kimi qələmə verib:

"Dərsliklərin məzmun və poliqrafik icra keyfiyyətinin yüksəldilməsi zamanın tələbidir. Son illərdə bu istiqamətdə ciddi addımlar atılıb və atılmaqdadır. Təəssüf ki, dərsliklərin məktəb kitabxana fondlarında qorunması və səliqəli istifadə olunması sahəsində problemlər var. Hesab edirik ki, dərsliyin səliqəli saxlanması və növbəti tədris ilində digər şagirdlərə ötürülməsinin vacibliyinə dair maarifləndirməyə ciddi ehtiyac var".

Nəşriyyat da şikayət etməkdə maraqlı deyil

Dərsliklərin satışına məsul olan digər bir qurum onların çap olunduğu nəşriyyatlardır. Son illərdə TN-nin keçirdiyi tenderlərin qalibi olaraq dərsliklərin nəşrini üzərinə götürən "Altun kitab" nəşriyyatı ilə əlaqə saxladıq. Qurumun texniki redaktoru Rəşad Nəbiyev bildirdi ki, üzərində "pulsuz" yazısı olan kitabların satışı qeyri-qanunidir və buna icazə verilmir.

"Dərsliklərin pullu variantları olur ki, bu da valideynlərin təlabatından irəli gəlir. Lakin belə kitabların sayı çox az olur".

Yenə də suallar cavabsız qalır

R.Nəbiyev də hesab edir ki, pulsuz paylanmalı olan dərsliklərin satışı ilə məşğul olanlar cəzalandırılmalıdır.

"Bəs bunun üçün hansı addım atmısız? Sizin nəşr etdiyiniz kitablar gen-bol satılır və sizin adınızdan istifadə edib xeyli pullar qazanırlar. Bu fürsəti əldən verməmək üçün hansı addımı atmısız?" kimi suallarımızı isə R.Nəbiyev demək olar ki, cavabsız qoydu. Bəlli oldu ki, "Altun kitab" öz hüququnu qorumaq barədə hələ ki düşünmür. Nəşriyyat illərdir onun adından istifadə edərək kifayət qədər pul qazanan qurumların cəzalandırılması bir dəfə də olsun hüquq-mühafizə orqanlarına müraciət etməyib. Ancaq onların öz hüquqlarından xəbərsiz olması inandırıcı deyil.

Bütün bunlar belə deməyə əsas verir ki, dərsliklərin satışını nəşriyyatlar TN-lə razılaşdıraraq həyata keçirirlər. Əldə olunan milyonlarla vəsait də bölüşdürülür. Əks halda, bu həcmdə olan cinayətin illərlə açıq-aşkar davam etməsi mümkün olmazdı.

Tarix
2014.11.26 / 08:00
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla