Yuxarı

Rəşad Məcid: “AYB-nin sədri olsaydım...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

AYB katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidlə axır ki söhbətimiz alındı. AYB katibi ilə bir-neçə dəfə zəngləşsək də, işinin çox olması, qocaman yazarlarımızın yubiley tədbirləri, anım günləri görüşümüzün baş tutmasına mane olurdu.

Vədələşdiyimiz görüşə gedərkən diqqətimi AYB-nin qarşı tərəfində, Sahil parkında toplaşan gənclər çəkir. Tələbədirlər. Yaxınlaşıb bir neçəsindən müsahibim haqda soruşuram. Tanıdıqlarını, şair olduğunu deyirlər. Gənclərdən biri daha uzağa gedir:

- Televiziyada görmüşəm, həm də haranınsa katibidir.

Dostu düzəliş verir:

- AYB-nin katibidir, qəzet redaktorudur...

Birliyin pilləkənlərində "Ulduz" jurnalının baş yazarı, şair Qulu Ağsəslə qarşılaşırıq, səmimi görüşdən sonra, sən Rəşad Məcidə hansı sualı verməmi istərdin, deyə soruşuram.

Qulu:

- Ondan soruş, qoy səmimi olsun, de ki, Qulu yaxşı oğlandır, yoxsa sən?

Rəşad bəy iş yerində Azərbaycan Yazıçılar Birliyindəki kabinetində idi. Salamlaşdıq. Layihələrimizlə tanışdır. İzlədiyini deyir:

- Xatirə Rəhimbəyli ilə də müsahibəni oxumuşam.

- Rəşad müəllim, AYB-nin qarşısında haqqınızda bir iki adamdan soruşdum, "tanıyırsızmı, necə adamdır?" - dedim, heç kim mənfi fikir söyləmədi.

- Ürəyindən keçirdi ki, danışsınlar? – reaksiyasının zarafat, yaxud ciddi olduğunu sezmədim.

İsminin "silahı" şaqqıldayır, şəkillərimizi çəkir. Diktofon da səsimizi "canına hopdurur".

- Ənənəvi sualdan başlayaq, necəsiz?

Müsahibimin əhval-ruhiyyəsi çox yüksəkdir. Elə cavabında da deyir:

- Normalam. Dünən daha yaxşı idim. Dünən Heydər Əliyev Mərkəzində Türkiyənin mədəniyyət günləri keçirildi. Orda idim, xeyli doğma insanları gördüm. Ovqatım yaxşı idi. Bu gün də, hər halda havanın belə tutqun olmasına baxmayaraq, yaxşıyam.

- Ovqatınızın yüksək olması doğma insanları görməkdən irəli gəlirdi?

- Həm də mədəniyyət günlərinin keçirilməsinə görə; çox təsirli hadisəydi, eyni zamanda doğma adamlarla bir olmaq xoş idi.

Hamıya yaxşı olmaq lazım deyil

- Müxtəlif zamanlarda, elə indi də haqqınızda ikili fikirdə olublar. Bu fikirləri elə insanlar deyib ki, vaxtı ilə sizin onlara xeyriniz dəyib, onlara güvənmisiz, ətrafınızda olublar.

- Əvvəllər bəlkə də buna təəccüblənərdim. Hər zaman hamıya yaxşı olmaq lazımdı, fikirləşmişdim. Amma bir tərəfdən də görürəm ki, buna güc çatan deyil. Sonradan gəldiyim qənaətim bu oldu ki, ümumiyyətlə, hamıya yaxşı olmaq heç lazım da deyil.

- Necə bilirsiz, uzaqgörən adamsız?

- Adamları tanıya bilirəm...

- Dəstək olduğunuz, əlindən tutub diqqət etdiyiniz, istedadına güvəndiyiniz adamlar idi sizə asi olanlar.

- Məndən bu sualı bir iki nəfər də soruşub ki, haradan hiss edirsən bu gənclərin istedadlı olduğunu? Mən qəzetə gələn, Yazıçılar Birliyində olan gənclərə də ən adi suallar verirəm, intuisiyasına, yumoruna bələd oluram. Diqqət eləyirəm onlarda olan istedad işartısına. Gənclərdə özünəgüvən yaradıram, bu, effekt verir. Amma sonra birdən-birə onların hallanmağı, havalanmağı, ulduz xəstəliyinə tutulması baş verdikdə, buna təəssüflənirəm. Artıq buna da adi hal kimi baxıram. Fikirləşirəm ki, zamanın işidir.

Atam şeir yazmağıma ciddi baxmırdı

- 1988-ci ildə BDU-un jurnalistika fakültəsini bitirmisiz. Jurnalistika sizi ilk dəfədən özünə çəkmişdi, yoxsa başqa ixtisas sahibi olmaq istəyiniz alınmayanda "qələmə sarıldız"?

- Mən orta məktəbdə oxuyandan şeir yazırdım. Amma valideynlərim iqtisadiyyat üzrə oxumağımı istəyirdi. Atam şeir yazmağıma ciddi baxmırdı. Bir dəfə atamla rayondan Yevlaxa gedənə qədər 3 saat əzbərdən şeir dedim. Təəccübləndi. Fikri dəyişdi. Atamın dostu var idi, bir dəfə məni Hüseyn Arifin yanına apardı. Hiss elədim ki, Hüseyn Arif mənə əvvəlcə yüngülvari, ötəri qulaq asdı. Bir neçə şeir dedikdən sonra şeirləri yenidən oxumağımı istədi. Oxudum. Bəyəndiyinə görə mənə "uğurlu yol" yazdı - 1981-ci ildə. Bu, elə bil mənim taleyimi müəyyənləşdirdi. Amma mən istəyirdim universitetin filologiya fakültəsinə qəbul olam. Olmadıqda, jurnalistika fakültəsinə qəbul oldum. Qiyabi oxudum jurnalistikanı. Sonra ədəbiyyat adamlari ilə tanış oldum. Aqil Abbasla tanışlıq, dostluq mənə böyük kömək oldu. Onunla "Azneft" çayxanasına getdik. Orda tanınmış ədəbiyyat adamları ilə görüşdük. O vaxtın ədəbi üsyankar mühitinin hamısı bura toplaşardı. 26 yaşım olanda Aydın Məmmədov məni tərcümə mərkəzinin sədr müavini kimi dəvət elədi.

Arzularım gerçəkləşməyib

- Yəqin o tanışlıqlar sizdə ədəbi aləmdə tanınmaq, jurnalist kimi görünmək məşhur olmaq arzusunu daha da gücləndirdi. Arzularınızın yolçuluğunda hansısa gerçekləşməyən arzunuz oldumu?

- Mən ədəbiyyat sahəsində, jurnalistikada olduğum vaxt fikrim qəzet baş redaktoru olmaq, Yazıçılar Birliyinin katibi olmaq idisə, mənim bu arzularım gerçəkləşib. Amma ən böyük arzularım vətənlə, xalqla bağlıdır, təəssüf ki, onlar gerçəkləşməyib. Qarabağı işğaldan azad edək, mən Şuşaya, Laçına gedə bilim, bu cür böyük arzularım var, bax onları gerçəkləşməyən arzularım hesab etmək olar.

Anar müəllimdən çox şey öyrənmişəm

- AYB-nin arxada qalan qurultayından qabaq ədəbi cameədə söz gəzirdi ki, yazarlar arasında müxtəlif qruplaşma yaranıb və siz də həmin qruplaşmalardan birinin başında durursuz. AYB sədrliyi uğrunda gizlin-açıq mübarizə...

- Deyim ki, heç bir qruplaşma olmayıb və mən də bu qruplaşmanın başında durmamışam. Ola bilsin ki, bu kimlərinsə arzusu olsun. Amma mənim yox. Həmişə demişəm, mənim Yazıçılar Birliyinə gəlməmin səbəbkarı Anar müəllim olub. Anar müəllimin yaradıcılığına, özünə böyük hörmətim var, mən bu Birlikdə işlədiyim müddətdə Anar müəllimdən çox şey öyrənmişəm. Həmişə demişəm ki, Birliyin sədri kimi Anar müəllimi görürəm və o da sədr olaraq öz vəzifəsini ləyaqətlə yerinə yetirir.

AYB-nin sədri olsaydım

- Təsəvvür eləyək ki, Anar müəllim namizədliyini verməmişdi və olmayan qruplaşmanın dəstəyi ilə siz sədr olurduz. Belə halda hansı islahatları aparar, nə edərdiz?

- Dedim axı, mənim elə fikrim olmayıb. Əgər olsaydım belə, sözümü demişdim: "Ulduz" jurnalına Qulu Ağsəsi redaktor qoyardım. Anar müəllim elə də elədi. Həmişə demişdim ki, İlqar Fəhmi katib ola bilər, Anar müəllim bu məsələdə də elə etdi. Anar müəllimlə ədəbiyyata, dünyaya baxışımızda ortaq fikirlərimiz, baxışlarımız var. Əgər sədr olsaydım, Anar müəllimin elədiklərini eləyərdim. "Ədəbiyyat qəzeti"nin zəif çıxmasını qeyd etmişəm. Bu, həqiqətən də belə idi.

- Bilirsiz, AYB-nin bütün orqanları əslində eyni cür dərc olunurdu. Eyni müəlliflər idi. Mən bir dəfə qəzetin əvvəlki – 80-ci illərdəki saylarına baxdım. Müqayisə üçün. Aydın oldu ki, əvvəllər daha zəif yazılar dərc olunardı, nəinki sonralar. Amma o zamanlar qəzet yüksək tirajla çıxırdı.

- Əvvəllər nostalji də vardı. Oxucular hər həftə 5-ci günlər "Ədəbiyyat qəzeti"ndə yeni nəfəs görürdülər. O dövr həm də qəzetlər az idi. Sözsüz ki, müstəqillik dönəmində dərc olunan ədəbi materiallar o zaman dərc oluna bilməzdi.

Elçin redaktorluğu vaxtı nə isə etmək istədi

- Bəzi müəlliflər isə bilərəkdən bu qəzetə yazılarını vermirdi, zəifdir, deyirdilər, amma özlərinin güclü bildikləri yazıları verib də qəzetin səviyyəsini qaldırmaq da istəmirdilər...

- Onu müəlliflər etməməli idi ki. Redaktorlar etməlidir. Redaktor xarakteri fərqli xarakterdir. Redaktor qəzetdə öz baxışlarından fərqli baxışları da dərc eləməlidir. Genişlik olmalıdır. "525-ci qəzet"də ədəbiyyat nümunələri dərc eləyəndə xeyli insan bizi qınadı. İndiki zamanda ədəbiyyat dərc eləməzlər, dedilər. Amma biz xeyli sayda ziyalının diqqətini qəzetə cəlb elədik. Amma Ayaz Vəfalı deyirdi ki, material yoxdur. Çalışmaq lazım idi. Ona görə də "Ədəbiyyat qəzeti" bu gündə idi. Qəzet özünü müəlliflərə öz qəzeti, öz yerləri kimi mənimsədə bilmədi. "Ədəbiyyat qəzeti" heç vaxt "525-ci qəzet"in şənbə sayına çata bilmədi. Elçin Hüseynbəyli redaktorluğu vaxtı nə isə etmək istədi... İndi baş redaktor əvəzi Azər Turandır, görək də... Hər halda yaxşılığa doğru nə isə edilməlidir.

Yazıçılığı tamam başqa həyat tərzi kimi görürəm

- Sizin yaşıdınız olan yazarlardan biri haqqınızda belə bir ifadə işlətmişdi: Rəşad Məcidin şairliyini yazıçılığından, qəzet redaktorluğunu isə hər ikisindən üstün tuturam. Bəs siz özünüz?

- Mən də redaktorluğumu üstün tutaram. Son 22 ildə mənim əsas gücüm, enerjim qəzetə sərf olunub. Şairliyi, yazıçılığı tamam başqa həyat tərzi kimi görürəm. 1987-ci illərdə düşünürdüm ki, stabil bir həyat tərzi keçirərəm. Amma 88-ci illərdəki hadisələrdə fevral ayındakı qığılcımları gördüm. Dağlıq Qarabağdan gələn azərbaycanlıları gördüm, yeni bir dövr başlayırdı. O yeni dövr məni jurnalistikaya apardı və şairlikdən də, yaradıcılığdan da xeyli uzaqlaşdım. Düzdür, şeirlər silsiləm oldu. Amma yenə də buna baxmayaraq, mən özümü redaktor, jurnalist kimi daha üstün tuturam. Hərdən buna təəssüf edirəm, özümü ədəbiyyatda, poeziyada başqa cür realizə eləyərdim.

Təbrizdən ötrü darıxıram

- Rəşad müəllim, sizin bir şerilər kitabınız çıxmışdı. "Hələ ki vaxt var" . Bu kitabdan sonra sizi şeirdə bir müddət görmədik. Jurnalistika mane oldu, yoxsa ilham pərisi yoxa çıxdı?

- Mən şeiri təbiət hadisəsi sayıram, heç vaxt oturub, məsələn, qalstuk taxıb, kostyum geyinib iş prosesi kimi, oturub şeir yazacam, deyə baxmıram. Nəsrdə olar. Orxan Pamuk demiş, yazıçılıq iynə ilə quyu qazmaqdır. Amma 1996-cı ildə "Roman" adında şeirlər silsiləm yazıldı. Mən onu 2004-ə qədər çap eləmədim. 1996-dan sonra ümumiyyətlə heç şeir yazmamışdım. Bayaq arzulardan dediz, mənim lap çoxdan Təbrizi görmək, Azərbaycanı bütöv görmək arzum olub. Bax, bu arzu hələ də qalmaqdadır. Bu yaxınlarda Təbrizdə olduq. 4 gün qaldım orda. Amma neçə aydır gəlmişəm, Təbrizi gözlərimin önündən çəkilməz görürəm. Təbrizdən ötrü darıxıram.

- Heç sizə deyiblərmi ki, kobud adama oxşayırsız?

- Mənim dostlarım mənə deyirlər ki, Rəşad, sən gülməsən, səninlə kimsə cəsarət edib danışmaz. Sifətdən qəddar, əzazil adama oxşayırsan. Amma yaxından tanış olan adamlar görür ki, bu, səhv qənaətdir. Bəlkə də mənə sərf eləyir elə o cür olmaq. Amma əslində belə deyil. Bir dəfə dostlarımdan biri yadıma saldı ki, bir uşaq yanırdı, sən heç nəyə fikir vermədən əynində çox bahalı olan plaşını çıxarıb uşağa bürüdün, onu ölümdən xilas etdin...

Yaltaqları tanıyıram

- Yazıçılar Birliyinin elə üzvləri var ki, üzlüdür. İşlərini aşırmaq üçün dəfələrlə bir qapını döyər, alınmadıqda qeybət qırar. Siz belə insanları necə yaxın buraxırsız? Deyirdiz ki, adamları tanıya bilirəm...

- Hə, elə adamlar çox olub, gəliblər-gediblər. Bayaq dediyim kimi, mən insanları, saxtakarları, yaltaqları tanıyıram. Məmməd Arazın bir şeiri var:

Sonralar anladım, xeyli sonralar

Cibə girən olur gözə girənlər.

Gözə girənləri ayırd edə bilirəm. Tədbirlərdə, yığıncaqlarda susdururam. İnsanlarda naxələflik görəndən sonra mərdliyə üstünlük verirəm. Mən istedadlı adama köməyimi əsirgəmirəm. Amma onun əvəzinə hər şeyi edə bilmərəm ki.

Əflatun Amaşovun mənim haqda yazdıqları

- Sizin 50 yaşınız ərəfəsində haqqınızda çox yazılar yazıldı. Necə düşünürsüz, siz AYB-nin katibi olmasaydız haqqınızda bu qədər yazılardımı?

- Məncə, hə. O yazıların çoxu "525-ci qəzet"in baş redaktoru haqda yazılıb. Məsələn, məni təəccübləndirən yazılar da oldu. İsa Həbibbəyli mənim haqda 50 səhifədən artıq bir yazı yazdı. Onun bir hissəsi "Ədəbiyyat qəzeti"ndə çap olundu. Bu yaxınlarda Azərbaycan jurnalında bütöv halda dərc olunacaq. Mən indi də istedadlı insanların uğuruna kövrəlirəm. Natiq Məmmədlinin, Əflatun Amaşovun mənim haqda yazdıqları yazıya da kövrəlmişəm.

İynələmək imkanı məndə daha çox olub

- Bir vaxtlar, "Rəşad Məcid ona görə bəzi gənc yazarlar haqda xoş sözlər deyir, onlara pul xərcləyir ki, onların hədəfinə tuş gəlməkdən çəkinir, özünü siğortalayır", dedilər.

- Əksinə, mən qəzet redaktoruyam, iynələmək imkanı məndə daha çox olub, onlarınsa imkanı olmayıb. Yaradıcı adamlarla oturub-durmaq, onlarla ünsiyyətdə olmaq mənim cavanlıqdan bəri olan xasiyyətimdir. Hələ 20 yaşım olanda Anar müəllimlə, Yusif Səmədoğlu, Ramiz Rövşən, Zakir Fəxri və başqaları ilə oturub-durmuşam, olub ki "şot" da vermişəm. Mən gənc olanda yaşlı nəsillə dostluq etdiyim kimi, indi özüm gənclərlə oturub-durmuşam. İstedadlı gənclər olanda onlara kömək eləmişəm. İndi içkini, yığıncaqları azaltmışam, amma mətbuatla bağlı tədbirlərə gedirəm.

Mənə bir "paçka şirvan" verdilər

- Siz dediz ki, 20 yaşlarında Anar, Yusif Səmədoglu və digərlərilə süfrə arxasında oturmusuz. Ola bilərmi ki, Anar müəllim sizinlə kəsdiyi çörəyə dəyər verib, sizi katib kimi işə dəvət etsin?

- Yox, mənə elə gəlir ki, o məsələdə əsas rol qəzetin rolu idi. Mənə o vaxt deyəndə, təklif ediləndə təəccübləndim. Qəzet 2004-cü ildən ədəbiyyata böyük yer verdi. Anar müəllimin yazılarını çap edirdik. Hətta 2002-ci ildə Yazıçılar Birliyinin "Sözün sorağı" adında mükafatı var idi, ən çox ədəbiyyatı təbliğ eləyən qəzetə verirdilər. O vaxtın pulu il mənə bir "paçka şirvan" verdilər. O zaman dedim ki, qəzetimizə verilən pullar içərisində bu pul ən bərəkətlisi və halalıdır.

Sonda Rəşad Məcidə Qulu Ağsəsin ona ünvanladığı sualı verirəm. Gülümsəyir:

- Qulunun Rəşad Məcid olmağına hələ çox var. Ona məsləhətlərimi verirəm. Amma mən onun istedadına, bacarığına inanıram, bilirdim ki, Qulu qəşəng jurnal çıxardacaq, çıxartdı da.

Tarix
2014.11.28 / 08:00
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla