Yuxarı

Bir payız axşamı

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

O axşam hava sevənlərin idi. Sevgini duyanların idi. Sevgi havasıydı. Sevənlər havaya baxıb havalanırdılar. Nə pəncərələrində işıqları yanan evlər onun fərqindəydi, nə də nələri isə axtaran polis onun fərqində.

Nazim Hikmət demiş: "Ne sen bunun farkındasın, ne polis farkında".

Üzünün, ruhunun işığı su basmış yollara işıq salırdı. Oynaşan damcılar bərq vururdu o işıqda.

Sən o axşam həmişəkindən daha gözəl idin. Ruhun gülürdü.

... O bir payız axşamı idi.

Çoxlarının sevdiyi yağışlı bir payız axşamı.

Amma elə bil o yağış iki nəfər üçün yağırdı.

Sənin üzünə yağan yağış...

Sanki hələ də röyaların, nağılların içindəyəm. Bunun reallıq olduğuna özüm də inana bilmirəm. O gün, o xoş zaman bir də təkrarlanacaqmı? Olanları bir də yaşayacağıqmı?

Bizə sevincin, yaşamağın şirinliyini yaşadan axşamın əllərindən tutub saxlamaq istəyərdim. Dondurmaq istəyərdim zamanı. Təki qurtarmayaydı o axşam. Ağlayan buludun göz yaşları içimizi yenə də sərinləşdirəydi kaş.

Ruhumuzu oxşayaydı.

Suların şırıltısı, yamşayıl otlar, yarpaqlar o alatoranlıqda payız ömrünün baharını bəxş edirdi bizə.

Hər şey təbii idi o axşam. Hava da. Biz də. Ətraf da.

İlk dəfəydi qoluma girirdin, elə bildim elektrik keçdi içimdən. Ürəyim buna tab gətirəcəkmi? - deyə söylədim özüm-özümə. Arzusudu, dedi.

Çətirini başımıza tutmuşdum. Qanadlarımtək. Çətirə dəyən damcılar Şopenin nöktürnlərini səsləndirirdi. Sən mən tərəfə çönəndə çətirdən yayınan damcılar aramızdan buxarlanırdı.

* * *

Kim bilir, bəlkə də ömrümüzə hələ bundan sonra çox payızlar gələcək. O payızlarda da belə yağışlar yağacaq. Biz də olacağıq. Amma o an, o məqam o vaxtkı kimi olmayacaq.

Nə sular elə səs salacaq, nə gecə elə sakit olacaq, nə də biz o olacağıq. Ya içimizin sakitliyi fərqli olacaq, ya havanın. Ya da dəyişən nələrsə olacaq.

Bir ömür qədər yaşanan an yaddaşa tarix yazır.

Əlvan, çox əlvan bir xəttlə. Açıb oxuya bilirsən. Dönüb baxa bilirsən. Üzünü sığallaya bilirsən. Təbəssümlə dolu donub qalmış üzünü. Xatirələrdə...

O axşam hər şey fərqli idi.

Zaman da. Ovqat da. Qərarlar da.

Hər şeyi dəyişə bilən o gün də, o axşam da.

Üzümüzün və içimizin yanğısını yuyan yağış da.

O, axşam.

Bizləri xoşbəxt edən anların məkanı. O axşam...

Həyat yaşamağı bacaranlarındır.

O axşam hava sevənlərin idi...

Tarix
2014.11.29 / 00:21
Müəllif
Rafail Tağızadə
Şərhlər
Digər xəbərlər

Gecə tənhalığı

Yoxluğun acısı

“Prezident etirazlara görə istefaya getməyəcək”

Daha yaşamaq necə olur...

Özgə Zamanın şairi - Adil Mirseyid...

Yoxluğun içində həmişə varsan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla