Yuxarı

Hərbi pilot: "Ana qürurla oğlunun ayağını dəfn etdi..."

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cəbhə xətti" layihəsində

Bayram Cankişi oğlu Muxtarov 1962-ci il mart ayının 18-də Bakı şəhəri Keşlə qəsəbəsində anadan olub. Sonralar ailələri Binə qəsəbəsinə köçüb, orada boya-başa çatıb, 136 saylı orta məktəbdə oxuyub. 1985-ci ildə Sankt-Peterqburqda Mülki Aviyasiya Akdemiyasına daxil olub, qiyabi olaraq təhsil alıb. Təhsil müddətində Zabrat aeroportunda çalışıb. 1991-ci ildə Akademiyanı bitirib. Ailəlidir iki övladı var.

Sözü komandirin özünə veririk:

- Döyüş bölgəsinə ilk uçuşum ikinci pilot kimi olub. Bu, 1989–cu ilə təsadüf edir. Açığı deyim, biz oraya uçanda aglımıza da gəlmirdi ki, burada müharibə ola bilər. İlk uçuşdan sonra dogurdan da müharibəni hiss etdik. Sakinlərin təhlükəsizliyi llə baglı Kəlbəcər-Yevlax yolu baglanmışdı. Camaatı helekopterlərlə aparıb gətirirdik ki, alış-verişlərini edə bilsinlər. Kəlbərcərə gedəndə bizə dedilər ki, orada ermənilər işıq dirəklərini yandırıblar, rayonda elektrik enerjisi yoxdur.

Hiss etdim ki, işığımız doğurdan da sönüb

Bu özü müharibənin başlamasının işartısı idi. Düzü, o vaxtlar əraziyə rus əsgərləri nəzarət edirdi. Biz Kəlbəcərə gələndə gördük ki, ermənilər bizi vurmaq istəyir. Elə o vaxtı mən hiss etdim ki, işığımız artıq doğurdan da sönüb! Qarabağda yaralanan birinci mülki pilot mən olmuşam. Danışdıqca o günlər lent kimi gözümün önündə canlanır. 1991-ci ildə artıq vəziyyət ağır idi. Bizə xəbər gəldi ki, Goranboyda bizim OMON-un əsgərləri mühasirəyə düşüb. Onları xilas etmək əmri aldıq. Belə də oldu, general Ramiz Məmmədovla getdik. Çox yüksək bir yerdə taxıl sahəsi vardı, onları taxıl zəmisində mühasirəyə almışdılar. Əsgərlərimizin hamısı şəhid olmuşdu. İstədik enib meyitlərimizi götürək. Amma sən demə, düşmənlər də bizi gözləyirmiş. Məni başımdan vurdular. Qəlpə bir tərəfdən girib o biri tərəfdən çıxmışdı. Amma yaxşı ki, yerə enməmişdik. Enmiş olsaydıq, hamımızı qıracaqdılar. Kapitan pilotumuz böyük qəhramanlıq göstərdi. Uçuş manevri edib bizi ordan xilas etdi. Ermənilər arxamızca raket atsalar da, helekopterimizi vura bilmədi. Amma helekopterimiz deşik-deşik oldu. Dərhal qırıcılara xəbər etdik. Güclü atışma oldu. Qırıcılarımız ərazini bombalayıb erməniləri məhv etdikdən sonra meyitlərimiz ordan götürüldü. Ən dəhşətlisi o idi ki, iri bədənli gənc döyüşçülərimiz şəhid olduqdan sonra şişmişdilər, bu, çox kədərli idi. Döyüşçülərimizi vaxtında götürə bilməməyimizə çox üzüldüm. Məni yaralanmağım yox, şəhidlərimizi orada qoyub qayıtmagımız acıdırdı. Məni Gəncə hospitalına apardılar, amma yayın günündə şişən meyidlərin görüntülərini heç unuda bilmədim.

Oralar sanki cəhhənəm idi

İki ay müalicə alıb daha da vəhşiləşmiş formada geri, aviasiyaya döndüm. Artıq döyüş bölgəsinə getmək istəyirdim. 1992-ci ildə Qarabağa uçurduq. Kəlbəcər daglıq yer olduğu üçün oraya gedəndə təcrübəli pilotlar lazım olurdu. Bilirsiz, oralar çox vahiməli idi, insanları xilas edəndə ananın balasından ayrı düşməsi, balanın ananı fəryadla axtarması hələ də gözlərimin önündədir. Bunu yaşamaq üçün orada olmaq lazım idi; mən nə qədər danışsam da, sözlə ifadə edə bilmirəm. Bütün əsəblərim, ruhum gərgin idi. Oralar sanki cəhhənəm idi.

Ana qürurla oğlunun ayağını dəfn etdi

Bir dəfə də döyüş bölgəsindən meyitləri daşıyacaqdıq, bir şeyə şahid oldum. Meyitləri yüklədilər, elə oldu ki, baxdım, bir ayaq da gətirib qoydular vertolyota. Həmən əsgərimizi raket elə aparmışdı ki, onun yalnız bir ayağı ələ gəlmişdi. Meyitləri Yevlaxa aparanda bir ana da oğlunun ayağını sanki tam bir meyitmiş kimi qururla təhfil alıb dəfn etməyə apardı. Deməli, bir ana üçün oglunun ayağı belə, böyük təsəlli imiş. Bunu heç vaxt unutmayacam!

Onlar həmin vertolyotda yanıb kül oldular

Bir gün Milli Qəhrəman Yavər Əliyevlə uçurduq. Vertolyotumuz Şuşanın üstündə vurulmuşdu. Vertolyot da yana-yana düşür. Bunu kadr olaraq TV-lər çox göstərib. Milli Qəhrəmanlar - Seryogin, Səfa Axundov, Ərəstun Mahmudov idi həmin vertalyotda. Mütəllbovun vaxtı idi. Ermənilər adi bir tüfənglə də vertolyotları vura bilirdilər. Bildiyiniz kimi, vertolyot heç də ucuz bir vasitə deyil. Yadımdadır, Milli Qəhrəman Ərəstun Mahmudov ilk dəfə Qarabağ torpağna uçanda torpağı öpmüşdü. Onda o qədər torpaq, vətən sevgisi vardı ki... Onlar həmin vertolyotda yanıb kül oldular! O şəhidləri də götürmək üçün yenə də biz getmişdik. Bilirdik ki, ermənilər bizi də gözləyir. Rəhmətlik Qlininko və mən olmuşam qəhrəmanlarımızı götürən.

Tək qalan Xədicə xala

Kəlbəcərin Narışdar kəndində evində olduğumuz Xədicə xala vardı, xatirimdə nuranı ağbirçək kimi qalıb. İşğal zamanı hər kəs o kəndi boşaldıb qaçanda Xədicə arvad tək qalmışdı kənddə. Bunu mənə bir nəfər danışdı. O deyirdi ki, hava qaranlıq idi, mən Xədicə xalanı səslədim. Qadın dizin-dizin sürünərək mənim yanıma gəldi. Deyir, amma sonra bilmədim Xədicə xalanın sonu necə oldu?

Utancaq yaralı döyüşçü

Qubadlının Muradxanlı kəndində çoxlu yaralılar vardı. Vertolyota minmək üçün insanlar bir-birini tapdayıb irəli keçiridi. Amma vertolyot yüz nəfəri apara bilməzdi. 20 nəfərdən artıq adam götürə bilməzdik. Bu əsnada mən bir yaralı əsgər gördüm. Əlində silahı bir daşın üstündə oturmuşdu. Heç vertolyota tərəfə də baxmırdı. Onun baxışları ancaq yanan kəndə tərəf dikilmişdi. Bu, çox dəhşətli idi. O, sanki utandığından biz tərəfə yox, döyüş gedən tərəfə baxırdı. Ona yaxınlaşdım, zorla mindirdim yanıma. Belə insanlar az olur, onun gözlərində vətən, torpaq eşqi alovlanırdı, desəm, yalan olmaz. Adı Mərdan Babayev idi. Bilirsiz, insanlara peyğəmbər, imam sevgisi olur a, məndə ona qarşı bundan on dəfə artıq hörmət yarandı. O deyirdi ki, daha ağır yaralılar var, onları aparın. Nəysə, 12 il sonra o adamı tapıb görüşdüm. Bu, unudulmaz bir xatirədir mənimçün.

Ermənilər vertolyotlarımızı ovalyırdı

Ermənilər Laçında beş əsgərimizi öldürmüşdü. Kimə demişdilər ki, gedib onları Bakıya gətirsin, hər kəs bir bəhanə ilə aradan çıxmışdı. Mən uçuş zolagında idim, dedilər ki, Yavər (rəhmətlik Milli Qəhrəman) səni çağırır. Gəldim. Dedi, Muxtarov, Laçına getmək lazımdır. Vəziyyət çox ağır idi, ermənilər vertolyotlarımızı ovalyırdı. Nəysə, biz dağların arasıyla deyilən yerə çatdıq. 7 saat gözlədik. Yaralıları, meyitləri ordan götürdük. Gecə idi. İşıqlarla uça bilmirdik, ermənilər vura bilərdi. Məcbur qalıb priborsuz uçurduq. Dağlar hündür olduğu üçün 3000 metr yüksəkliyə qalxdıq. İçəridə meyit iyi, siqaret qoxusu… Vəziyyətimizi təsəvvür edirsiz də… Nə isə, ermənilər başladılar bizi raket atəşinə tutmağa. Bu zaman vertolyotun təchizatı xarab oldu, düşündük ki, düşürük. Amma Allah kömək oldu. Vertolyotu düşməyə qoymadım. Səhər saat 5-də gəlib Yevlaxa çata bildik. Yerə endikdən sonra bir-birimizi qucaqlayıb sevinc göz yaşları tökdük.

Məncə, Qarabağda hər kəs vuruşub

Nə qədər başsiz bədən, bədənsiz baş, parçalanmış, yay vaxtı şişmiş meyit daşımışıq. Ölən ölür, amma onları daşıyan məhv olur, mənəvi, fiziki sarsıntı keçirir. Məncə, Qarabağda hər kəs vuruşub, hər kəs əziyyət çəkib, amma biz pilotlar qədər kimsə əziyyət çəkməyib. Mən buna görə də qururluyam.

Saxarovun arvadının axmaq sifətinə…

Akademik Saxarovun arvadının Bakıya gəlməsi yadınızda olar. Bilirsiz də, ermənipərəst idi, bir də fransadan Baronessa Koks, Böyük Britaniyadan da lordlar palatasından gələnlər vardı. Bizə dedilər ki, bizi Ermənistanın Hatex kəndi var, ora aparın ki, vəziyyəti yerində müşahidə edək. Biz də dedik ki, ay qardaş, burda müharibə gedir, ora gedəndə bizi vururlar. Arada Saxarovun arvadının axmaq sifətinə baxırdım, qəribə baxışları vardı. Bir suyundan da Maşaya oxşayırdı, başına bir şal da çəkmişdi. Lordlar palatasından olan adam mənə vəsiqə göstərib dedi ki, mən filankəsəm. Dedim, ay qardaş, biz göydə olanda erməni nə biləcək sən kimsən? Bizi vursalar vuracaqlar. İndi sən mənə niyə vəsiqəni göstərirsən?

Nə isə, onları aparmadıq. Vahid Naxışla avtomobillə getdilər oraya. Bu da yadda qalan bir xatirə idi. Xocalı faciəsində də rəhmətlik Çingiz Mustafayev bizimlə getmişdi ora. Sonra 1995-ci ildə atəşkəs oldu. Döyüş zamanı evli idim. Ancaq başımız o qədər müharibəyə qarışmışdı ki, heç ailə yada da düşmürdü…

Tarix
2014.12.13 / 09:48
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla