Yuxarı

Salvador Dalinin gələcəkdən xəbər verən qələmi - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Məşhurların şəxsi həyatı" layihəsində

Çox nadir hallarda qadın əri üçün eyni zamanda həm ana, həm sevgili, həm də dost ola bilir. O isə buna artıqlamasilə nail ola bilmişdi.

Yelena Dyakonova fransızcadan tərcümədə "bayram" anlamını verən Qala adını seçəndə nə etdiyini yaxşı bilirdi. Dahiləri dəlisov ehtiraslar burulğanında qərq edən BAYRAM...

Gələcəkdən xəbər verən qələm

Budur, Salvadorun altı yaşı var. O, Ekzüperinin nağıllarındakı Balaca şahzadəni xatırladır: böyük qəmli gözlər, alnını örtən kül rəngli tellər, qəribə caşdırıcı təbəssüm... Valideynlərinin bütün tanışları deyirdilər: "O, tamamilə qeyri-adi uşaqdır: yaşıdları kimi dəcəllik etmir, uzun müddət tək-təhha gəzişə və nə isə düşünə bilər. Çox utancaqdır. Bu yaxınlarda isə, təsəvvür edin, vurulub və əmin edir ki, bu, ömürlükdür!"

Amьa əslində, məsələ belə olub. Böyüklərdən kimsə uşağa avtoqələm bağışlayır: şüşə qələmin içərisində saçı dalğalı gözəl bir qadın təsvir edilmişdi. O, Qar Kraliçası kimi insanın gözünü kor edəcək qədər ağ qarın üzərində xizəklə şütüyürdü. Ulduz tozu onun əsrarəngiz kürkünə qonurdu... Qələm balaca Dalinin ən qiymətli və dəyərli sərvətinə çevrilir. "Bir az böyüyəndə unudacaq", - deyə böyüklər fikir vermirlər. Ancaq o unutmur.

Qadınlardan qorxan

1929-cu ilin sentyabrı. Port-Aiqatın bir neçə kilometrliyində yerləşən kiçik Katalon qəsəbəsi Kadakes. Yenicə rəssamlığa başlayan və artıq qəribə rəsmləri və Nitşe fəlsəfəsinə meyli ilə tanınan Salvador Dali burada yaşayır. Onun 25 yaşı var, ancaq hələ heç bir qadınla münasibətdə olmayıb və hətta onlardan dəhşətli dərəcədə qorxur.

Qonşular qeybətt edirlər ki, "qəribəlikləri ilə seçilən"gənc oğlan ifrat dərəcədə utancaqdır, gah yeri gəldi-gəlmədi gülür, gah da küçəni tək keçməkdən qorxaraq ağlayır. O, çox arıqdır, uzun, yuxarı qıvrılmış bığ saxlayır, saçlarına Argentina tanqosu oynayan rəqqaslar kimi briolin çəkir, qeyri-adi rəngləri olan ipək köynək geyir və bu geyimi eybəcər səndəllər və saxta mirvaridən olan qolbaqla tamamlayır...

Keçi ətri və ağ paltarlı qadın

Həmin ilin payızında Dali rəssam Maqriti zövcəsi Jorjetlə və Elüar cütlüyünü qonaq çağırır. O, artıq qonaqların qarşısına "keçi rayihəsi" saçaraq necə çıxacağını və onları necə heyrətləndirəcəyini xəyalında canlandıraraq bundan zövq alırdı. Bunun üçün sübh tezdən qalxaraq balıq başı, keçi mələzi və bir neçə damcı lavanda (tünd göy rəngli çiçəyi olan kəskin iyli yarımkol bitki) yağından bişirilmiş yapışqandan hazırlanmiş "ətir" də düzəltmişdi. Amma birdən pəncərədən təəccüb və maraqla onun məskənini seyr edən gənc qadını görür. O, ağ paltarda idi, qapqara saçları isə küləkdə dalğalanırdı. Dali həmi andaca uşaqlığının qiymətli sərvəti olan avtoqələmi xatırladı və iki qadının bənzərliyindən heyrətə gəldi. Doğrudanmı bu O-dur?..

O, cəld "keçi ətrini" yuyub təmizlədi, parlaq narınçı köynəyini geydi və qulağının ardına ətirşah çiçəyini qoyub qonaqları qarşılamağa tələsdi. "Tanış olun, Dali, - Pol Elüar ağ paltarlı qadını göstərərək, zövcəm Qaladır. Rusiyadandır, mən sizin maraqlı əsərləriniz haqqında ona çox danışmışam". "Rusiyadan! Orda çoxlu qar yağır... Xizək sürən xanım", - rəssamın ağlından sayıqlama kimi gəlib keçdi. Qadına əl uzatmaq yerinə onun ətrafında ayaqlarını oynada-oynada axmaqcasına güldü.

O andan Dali dincliyini itirdi – rəssam dəlicəsinə vurulmuşdu. Uzun illlər sonra o, "Gizli həyat" kitabında belə yazacaqdı: "Onun təni körpə vücudu kimi zərif idi. Çiyinləri olduqca dəyirmi idi, zahirən kövrək görünən bel əzələləri yeniyetmə qızlarınkı kimi gərilmiş, eyni zamanda da çox incə idi. Bütün bunların vəhdəti onu olduqca cəlbedici edirdi. O, çox arzu olunan qadın idi.

Dali kişi olur...

Ərinin yanında olmasına baxmayaraq Qala onun nəvazişkar jestlərini rəğbətlə qarşılayırdı. Onlar tez-tez ikilikdə uzaq dağlara gəzməyə gedirdilər. Bir dəfə Dali dərin dağ dərəsinin kənarında dayanarkən qəflətən Qalanın üzərinə atılır və onu boğmağa başlayır. "Nə istəyirsən məndən, cavab ver?! Sənə nə etməyimi istəyirsən?!" – deyə hiddətlə bağırır və barmaqlarını onun boğazına daha möhkəm sıxırdı. — "Məni məhv etdin", - qadın gözlərini ondan ayırmadan cavab verdi. Və sarsılmış, tir-tir titrəyən Dali qəfildən hiss etdi ki, kişidir...

Keçmiş rus təbəəsi

Bəs bu naməlum qadın kim idi? İlahi, O öz ətrafında heç nədən müəmma və əsrarlara hörülmüş halə yaratmağı bacarırdı. Keçmiş rus təbəəsi Yelena Dyakonovanın öz adından zəhləsi gedirdi və gəncliyindən onu Qala adlandırmağı xahiş etmişdi. İsveçrədəki sanatoriyalardan birində müalicə alarkən yenicə ədəbi aləmə atılan gənc fransız şairi Ejen Qrendelin ürəyini ovlamışdı. Ejen "hansısa rus qızı ilə" nikahı büsbütün mezalyans (ictimai vəziyyətləri bərabər olmayan şəxslərin evlənməsi – tərc.) hesab edən valideynlərinin iradəsi əleyhinə tələsik onunla evlənir.

Ancaq qızın həqiqətən də fantastik qabiliyyəti var idi: o, istedadı hiss edə bilirdi. Və məlum deyil ki, əgər Pol Elüar onunla evlənməsəydi, dünya böyük şair Pol Elüarı tanıyardımı? Gənc zövcəsi ona gözəl səslənən təxəllüs fikirləşib tapır, sislsilə şeirlər yazmağa ilhamlandırır və Parisə köçərək çox tezliklə incəsənət aləmində gərəkli əlaqələr qura bilir.

O, təkcə ərinin şöhrəti üçün çalışmırdı, həmçinin pula da həris idi. Qala o zamanlar yazdığı gündəliyində gələcək planlarından açıq-aşkar yazırdı: "Mən fahişələr kimi parlayacam, ətir qoxuyacam, dırnaqlarım həmişə boyalı olacaq. Və çox tezliklə Polun valideynlərinin yeganə toy hədiyyəsi olan böyük qədimi çarpayıya çox gözəl bir ev, saysız-hesabsız əlbisə və ləl-cəvahirat da əlavə olunacaq".

Müasirləri xatırlayır ki, Qala gözəl deyildi, ancaq onda "taleyə yazılmış məşum qadını" adi kübar cəmiyyət qadınından fərqləndirən cəlbedici nə isə var idi. Buraya qüsursuz, mükəmməl stil və öz cazibəsinə əminlliik duyğusunu da əlavə edin…

Ərindən gizlətməyi lazım bilmirdi

Qala əynində Şaneldən geydiyi bir libas, çantasında daima gəzdirdiyi oyun kartları ilə hansısa gözəl bir salonda peyda olanda (o, gələcəyi söyləməyi sevirdi və özünü medium (spiritlərdə: guya "ruhlarla" adamlar arasında vasitəçilik edən adam – tərc) kimi göstərirdi) bütün kişilərin baxışları yalnız ona dikilirdi. "Fsünkar slavyan qadının" qarşısında alman rəssamı Maks Ernst də dayana bilməmişdi. Azad məhəbbəti müdafiə edən Qala məhəbbət macəralarını ərindən gizlətməyi lazım bilmirdi və tezliklə bu münasibət məhəbbət üçbucağına çevrilir.

Salvador Dali ilə ilk görüşdüklərində Qalanın 36 yaşı vardı, Elüarla nikahları isə sırf formallıqdan başqa bir şey deyildi...

Qala Dalini "partlatır...

1934-cü ildə Qala Pol Elüarla boşanır, ancaq ona acıdığından Dali ilə münasibətlərini yalnız şairin ölümündən sonra rəsmiləşdirir. Düzünü desək, Pol ömrünün son gününədək Qalanın ona qayıdacağına bel bağlayır və hər şeyi bağışlamağa hazır idi.

Qala ilə Salvador isə isə hələlik Parisdə məskunlaşırlar və bu ecazkar qadın həyatının amalına çevrilən əsas işinə - "Dali brendi" yaratmağa başlayır. O, Dalini görən andan güclü intuisiyası sayəsində gəncin istedadının gücünü hiss edir və anlayır ki, bu istedad Elüarın qabiliyyətindən müqayisəolunmaz dərəcədə yüksəkdir. Rəssama gəldikdə isə, demək olar ki, Qala onu "partlatmışdı": bu əsrarəngiz qadın onun qarşısında yalnız cismani məhəbbətin gözəlliklərini açmamış, eyni zamanda onunçün qüdrətli bir ilham mənbəyinə çevrilmişdi.

Birgə həyatlarının ilk günlərindən Dali bir-birinin ardınca fantastik rəsm əsərləri yaradaraq onlara "Qala-Salvador Dali" imzası qoyur. Sanki söhbət bir şəxsdən gedirdi. Qala hər an ona dahi olduğunu təlqin edirdi: "Tezliklə siz mənim sizi görmək istədiyim kimi olacaqsınız, bəbəyim mənim". O da sanki bir uşaq kimi Qalanın hər bir kəlməsinə inanırdı.

Qızıl arvad

Qala Dalini onun işləməyinə mane ola biləcək hər şeydən uzaq tutduğundan bütün məişət problemlərini və prodüser işini öz üzərinə götürmüşdü. O, ərinin əsərlərini qalereyalara təklif edir, zəngin tanışlarını (onların arasında Stravinski, Dyaqilev, Hiçkok, Disney, Araqon kimi tanınmışlar da vardı) Dalinin yaradıcılığına pul qoymağa razı sala bilirdi.

Nəticəni çox gözləmək lazım gəlmədi. Salvadar hələ dünya şöhrəti qazanmasa da, artıq çəkilməmiş rəsmlər üçün 29 min franklıq çek, rəssamın xanımı isə baş Muza titulu almışdı

Bu dönəmlərdən etibarən ər-arvad, sözün əsl mənasında, var-dövlət içində üzür, ictimaiyyəti ekssentrik davranışları ilə heyrətləndirməkdən vaz keçmirdilər. Dali haqqında deyirlər ki, o, pozgun, şizofrenik və kaprofaq (insanın özünün və ya başqasının ifrazatını, nəcisini yeməsi – tərc.) idi. Onun məşhur bığları və bərəlmiş dəlisov gözlərini bütün dünya tanıyır. Mətbutda Qala haqqında kin-küdurətlə dolu qeybətlər səngimək bilmir: Qala-Dali ailə cütlüyü hansısa anlamda hersoq və hersoginya Vindzorskiləri xatıladırdı.

Məişət məsələlərindən başı çıxmayan, ifrat dərəcədə həssas olan rəssam rəhmsiz, öz xeyrini bilən və var qüvvəsilə yüksəklərə doğru can atan, sürrealistlərin Qala-Taun adlandırdıqları yırtıcının əsirinə çevrilmişdi!

Dali öz Qalasını yorulmadan gah Məryəm, gah Gözəl Yelena, gah da … başqa-başqa qadınların simasında təsvir edirdi. Onun rəsmlərinə maraq azalmağa başlayanda Qala yeni dizayner işləri yaratmağı təklif edir və "Dali maniyası" yeni gücü ilə parlamağa başlayır: dünyanın bütün zənginləri qəribə saatları, uzun ayaqlı filləri və dodaq formasında qırmızı divanları almağa böyük həvəs göstərirdilər.

"İsus Xristos – super ulduz"

Artıq Dalini dahi olduğuna inandırmaq gərəkmirdi, çünki o, heç vaxt olmadığı kimi inanırdı özünə. O qədər inanırdı ki, hətta bir dəfə qəti şəkildə - "Sürrealizm – mənəm!" – deyə dostu Breton və digər sürrealistlərlə kəskin mübahisə də etmişdi.

Dali bütün ömrü boyu zövcəsini "ilahi" adlandırsa da, o, adi insan idi. Yer üzündəki heç bir insana isə hələ qocalıqdan qaçmaq nəsib olmayıb. 70-dən sonra Qala dayanmadan qocalığa üz tutdu. Plastik əməliyyatlar, yeni dəbə düşmüş vitaminlər, sonsuz dietalar və çoxlu sayda gənc məşuqlar biri-digərini növbələyir. Onlardan biri də "İsus Xristos – super ulduz" rok-operasında baş rolu ifa edən müğənni Ceff Fenholt idi. "Salvador üçün heç bir önəmi yoxdur, hər birimiz öz həyatımızı yaşayırıq", - deyə gənc oğlanı ilk dəfə yatağına salanda inandırmağa çalışırdı.

Jurnalistlərin bu barədə tamamilə açıq-aşkar verdikləri suallara cavab verərkən Dali də həmin "əfsanəni" dəstəkləyirdi: "Mən Qalanın istədiyi qədər məşuqəsi olmasına icazə verirəm. Mən hətta onu buna həvəsləndirirəm, bu mənə şövq verir". Ancaq əslində onun nə hiss etdiyini heç kim bilmirdi.

Qalanın orgiyaları

Nəhayət, Qala Dalidən Pubolda orta əsrlərə aid bir qəsr almasını xahiş edir və burada əməlli-başlı orgiya (qədim yunanlarda şərab və kef allahı Vakx-Dionisin şərəfinə düzəldilən şənlik, eyş-işrət, azğıncasına kef – tərc.) qurur. Ərini isə hərdənbir, əvvəlcədən ətirli kağızda yazılmış dəvətnamə göndərərək qəbul edir...

Hər şey 1982-ci ildə bitdi. Qala yıxılaraq budunu qırır və tezliklə dünyadan köçür. Omrünün son günlərində klinikada dəhşətli ağrılardan əzab çəkən, bütün gənc sevgililəri tərəfindən tərk edilən qoca qarı dəliliyin son həddinə çatmışdı və daima pullarını döşəyin altında gizlətməyə çalışırdı...

Görənlər deyirlər ki, Qalanın gedişi ilə əvvəlki Dali də yox oldu. O, daha işləmirdi, günlərlə yemirdi, saatlarla qışqırırdı, tibb bacılarının üzünə tüpürür, dırnaqları ilə onların üzünü cırmaqlayır, getdikcə ağlını daha da itirirdi. Onun anlaşılmaz moyuldamalarını heç kim başa düşmürdü.

Mumiyalanmış dəlilər

O, Qaladan sonra yeddi il yaşayır. Ancaq bu, həyat deyil, tədrici sönmək idi. Qala-konsert bitmişdi, ilham atəşi sönmüşdü, rəssam həyatda heç sevmədiyi bir yeknəsəkliyə qapılmışdı. O, qəsrin günün bütün saatlarında pəncərələri kip qapanmış yemək otağında saatlarla otururdu...

Vəsiyyətnaməsinə əsasən, Salvador Dalini dəfn etmirlər, mumiyalanmış cəsədini "geodeziya künbəzinin" altında ailə sərdabəsində Qalanın yanına qoyurlar.

Bir qədər uzaqda isə rəssamın zövcəsinin adını daşıyan sarı qayıq düzəldirlər. Bir vaxtlar Dali onu Kadakesdən – "uşaqlığının qara saçlı qadını" ilə ilk görüşdüyü yerdən gətirmiş və sürrealistcəsinə xoşbəxt olmuşdu.

Salvador Dali mərhum zövcəsinə ən gözəl atlas əlbisəsini, böyük gün eynəklərini geydirir, canlı kimi avtomobilin arxa oturacağına əyləşdirir və son mənzilə - Puboldakı ailəvi sərdabəyə aparır.

Qalanın mumiyalanmış cəsədini şəffaf qapaqlı qəbrə qoyub sakitcə dəfn edirlər. Dali dəfndə iştirak etmir, yalnız bir neçə saat sonra cəmi bircə ifadəni demək üçün sərdabəyə gəlir: "Görürsənmi, mən ağlamıram..."

Tarix
2014.12.14 / 14:35
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla