Yuxarı

"Qəlpə anamın alnından keçib, atamın ürəyinə dəyib"

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az-ın "Xatirə dəftəri" layihəsinin budəfəki qonağı Qarabağda şəhid olmuş, qəhrəman döyüşçü Famil Qulaminin qızı Tamilla Məmmədova-Qulamidir. Tamilla xanım atalı və atasız günlərinin xatirəsini bizimlə paylaşır.

21 Azərdən başlayan yol

1983-cü il təvəllüdlüyəm. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kulturologiya" fakültəsinin bakalavr, magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişəm. Ailədə 3 övladıq. Məndən böyük qardaşım və məndən balaca bacım var. Qardaşım dövlət qulluğunda, bacım isə özəl şirkətlərdən birində çalışır. Anam evdar qadındır. Qardaşım və mən ailəli, bacım subaydır.

Babam Miriş Qulami 1946-cı ildə 21 Azər hərəkatının fəallarından olub. 21 Azər Hərəkatı süquta uğradıqdan sonra Quzey Azərbaycana gələn babam Tərtərdə məskunlaşıb. Atam Famil Qulami 1957-ci ildə Tərtərdə doğulub. 79-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, 81-ci ildə Qazaxıstan SSR-nin Semipalatinskdəki hərbi texnikumu bitirib. Anamı da universitet illərində tanıyıb. Anamdan "hə" cavabını 5 ildən sonra alıb. Anam Gövhər Qulami 1962-ci ildə Bakıda doğulub. İlk ixtisası mühəndis olsa da, sonradan məktəbəqədər müəllim təhsilini alıb.

Hərbi xidməti bitirdikdən sonra bir müddət Bakıda Statistika idarəsində baş iqtisadçı vəzifəsində çalışıb. Sonra Tərtər Statistika İdarəsində işinə davam edib. 1988-ci ildə hadisələr başlayanda atam çox narahat idi. İndiki kimi yadımdadır. Bir dəfə dedilər ki, ermənilər bizim torpaqlara keçib dinc əhaliyə hücum etmək istəyir. Atam gecə yuxudan oyanıb nələr baş verdiyini öyrənmək üçün küçəyə çıxanda qardaşımın şalvarını geyinib, "mən də səninlə birgə gedəcəm", - dedim. İndiyə kimi o mənzərə gözümün önündən getmir. Ona çox bağlı idim. Onunla nəfəs alırdım.

Vətən əldən gedər axı

Atam döyüşə könüllü getdi. 34 yaşı, 3 övladı vardı. Ana nənəm ondan çox xahiş edirdi ki, bizi buraxıb getməsin. "3 övladla 29 yaşlı həyat yoldaşını qoyub getmə", - deyəndə atam, "mən getməsəm, o getməsə, vətən əldən gedər axı" - dedi və getdi.

Atam anasını çox tez itirib. Ana nənəm atama çox bağlı idi. Onu çox istəyirdi. Atamdan sonra nənəm heç vaxt başına xına qoymadı, heç bir toyda qol qaldırıb oynamadı. Düzdü, deyəcəksiz ki, sevgi bunların göstəricisi deyil, amma onlar üçün bu belə idi. Nənəm heç öz övladlarının toyunda oynamadı atamdan sonra. Atam hər kəsin sevimlisi idi. Şeir yazardı, çoxlu kitab, qəzet oxuyardı. Onun işdən evə gəlməyini səbirsizliklə gözləyərdik üçümüz də. Evə gələndə iki dəfə öskürərdi. O iki öskürək bizim həyatımızın sevinci demək idi. Tez eyvandan baxırdıq, əlində qəzet və çörəklə gəlir. Uzun saçlı, enlikürəkli atam. Bütün atalar kimi o da gözəl idi. Mənə elə gəlirdi ki, mənim atam kimsəyə bənzəmir. Elə gözəl şəkillər çəkirdi ki! Əsgərlik fotolarının yanında öz rəsmləri də olurdu. Cızma-qara etməyi sevirdi. Onun dəftərlərinin arxasında mütləq bir şeir misrası olurdu.

Qardaşım Rəşad atama çox bənzəyir zahirən. Amma xasiyyətcə elə də bənzəmirlər. Qardaşım çox qısqancdır, atam isə elə deyildi. Məsələn, anama yolla gedərkən kimsə baxsaydı, atam fərəhlənərdi. Hətta kimsə deyəndə ki, sənin acığına gəlmirmi bu hallar, atam deyərdi ki, mənim həyat yoldaşım gözəldir, nə etməli?

Gələcək gözəl gələcəkdi

Atam 1992-ci ilin yazında müharibəyə getdi. Anamın onun getməməsi üçün qarşısına çıxmasını xatırlamıram. Bəlkə də deyib, əlbət ki, deyib. Amma ana nənəmin ona "getmə, ailəni, bizi qoyub getmə" deməsini xatırlayıram.

Müharibənin bir oyun olduğunu düşünürdüm. Başladı və bitəcək kimi bir oyun. Biz Bakı-Tərtər yolunu su yolu etmişdik. Anam Bakıdan olduğundan daha çox burda yaşayırdıq. Atam savaşa gedən ildə Tərtərdə yeni tikilən binalardan birində ev aldı bizim üçün. Müharibə bitəcək, biz də hamımız birlikdə o gözəl evdə yaşayacaqdıq. Gələcək gözəl gələcəkdi. Atam yenə də bizim yanımızda olacaqdı. Amma sən saydığını say...

Atamın ən böyük istəyi bizim təhsil almamız idi. Çox istəyirdi əla oxuyaq, hətta "4 almayın - deyirdi. - Oxusanız həyatda istədiyiniz hər şeyə nail olacaqsınız". Yadımdadır, zarafatla demişdi, 5 alsanız, hər 5-ə 20 qəpik, 4 alsaz, 15 qəpik verəcəm. 3 qiymətini isə ümumiyyətlə qəbul etmirdi.

Bacım hələ 5 yaşına yeni girmişdi, qardaşımın 10, mənimsə 9 yaşım hələ tamam deyildi o şəhid olanda...

Düşmən olsa belə, əliyalındırsa...

Tərtərdə də savaşırdı. Artilleriya üzrə batalyon komandiri idi. Tərtərdə hamı onu çox sevirdi. İndiyədək onun qəhrəmanlıqlarından, insanlığından danışırlar. Atamgil bir gün əsirləri Tərtərdə Həzi Aslanov küçəsi var, oradan keçirirmişlər, küçədən biri əlinə daş alıb erməni əsirə atmaq istəyəndə atam qoymayıb ki, düşmən olsa belə, əliyalın birinə əl atmaq olmaz.

Atam Tərtərdə savaşda olanda biz Bakıda yaşayırdıq. Fürsət tapdıqca gəlib bizimlə görüşürdü. Savaşda olduğu vaxt cəmi 3, ya 4 dəfə gəlib.

Anam elə xoşbəxt idi ki... Onlarınkı sevgi idi

9 may 1992-ci il tarixində atam cəbhə bölgəsindən - Tərtərdən Bakıya - yanımıza gəlmişdi. "Əsgər marşı"nı bizə yazdırdı, oxutdurdu, sonra bizimlə həyətə düşdü. Daha doğrusu, özümüz təkid elədik ki, bizimlə həyətə düşüb, sonra evə qayıtsın. Məhəllə uşaqlarının yanında qürurlanırdıq, fəxr edirdik ki, o, bizim atamızdı, yanında görünmək istəyirdik. Hətta gizlənqaç oynayanda onu gətirən hərbi maşının sağında, solunda gizlənirdik, başqa gizlənəcək yer yox idi sanki... Ən son onu anamla gəzməyə gedən - bu şəkli çəkdirdikləri gün - 9 may günü görmüşdüm. Anam elə xoşbəxt idi ki! Onlarınkı sevgi idi... "Əsl" demirəm... çünki sevgi elə sevgidir, əsli, yalanı yoxdur. İndiyədək gedərkən onun geriyə dönüb anama, sonra bizə baxdığı baxışları heç vaxt unutmuram... Ən son onu 92-ci ilin 4 iyununda gördük.

Qəlpə anamın alnından keçib atamın ürəyinə dəyib

Atamın şəhid olmasını gizləmişdilər hamımızdan. Tərtərdən zəng gələndə "Famil yaralanıb, sizi görmək istəyir" demişdilər anama. Anam deyir ki, elə bil ürəyimdə nə isə qırıldı o xəbəri eşidəndə. Amma ümidli və inamlı idim ki, yaşayır. Famil ölə bilməz. "O güclüdür, bizi qoyub gedə bilməz", dedi. Tələm-tələsik dayımla ona lazım olan şeylər, bir də "Astra" siqareti alıb, düşüblər yola. Anam deyir, Tərtərə necə çatdığımı dillə anlatmaq çətindi... Onu görəcəyinə inanırdı anam. Amma sən demə, bomba partlayanda bütün bədəninə qəlpələr girib. Əlləri, qolları, ayaqları, qarnı... Və... Başı... Qəlpə başına elə giribmiş ki, üzü tanınmaz hala düşüb. Qohum-qonşu deyir ki, qəlpəni başından çıxarandan sonra tanıyıblar ki, odu. Anam gəlib çatanda artıq yuyub kəfənə sarımışdılar atamı. Qoymayıblar anam üzünə son dəfə baxsın. İndiyədək anam onun acısını yaşayır. Amma bir tərəfdən də deyirik ki, bəlkə də belə yaxşı idi... Atamın ürəyindən dəymiş qəlpə yerində anamın şəkli olub. Düz anamın şəkildəki alnının üstündən ürəyinə dəyib qəlpə. O şəkil və cibində çıxan pullar, ulduzları, darağı, qələmi, kiçik bloknotu indiyədək xatirə kimi bizimlədir. Qara musiqili sandıqçada əbədi xatirəsi var. Ürəyimizdəki kimi...

Onun qarşısında hər zaman 9 yaşlı qızcığazam. Hər dəfə məzarı üstünə gedəndə, sanki gülümsəyir gözləri, vidalaşanda kədərlənirmiş kimi görünür gözlərimə... Hər dəfə onu düşündükcə bu vətəni daha çox sevirəm, daha çox bağlanıram. Bəzən müharibə olsa, deyirlər ki, xeyr ola, mən getməyəcəm, məmur övladları getməyəcək, mənmi getməliyəm?! Anlamırlar, bu sevgini bilmirlər... Bu vətən hamımızındır; sənindir, mənimdir, onundur... Sevən sevəcək, sevməyənlərə də elə bir sevgi göstərməliyik ki, sevməyi öyrənsin. Sevməmək qəbahət deyil, qəbahət sevgini göstərə bilməmək, duydura bilməməkdir...

"Ata, mən də səninlə gedəcəm" deyən qızı

Atam üçün fərqi yox idi, oğul övladı, yoxsa qız övladı... Düşünürəm ki, atam daha çox məni sevirdi. Bəlkə də uşaqlıqda səhhətimdə daha çox problemlər olub, ona görə: bilmirəm. Qohumlar deyir ki, səni çox istəyib. Hər bir kişinin arzusu oğul atası olmaqdır. Qardaşım ilki idi onun. Çox sakit olub Rəşad. Mənsə 2 yaşına kimi dəcəl olmuşam – anam deyir. Atam "nazlı qızım" deyəcəyi, onunla nəfəs alacağı, daim arxasında dayaq olacağı, sevdiyi olan zaman dərhal qaçıb atasına dost kimi ürəyini açacağı bir qızı olmasını istəyirdi hər zaman... Onunla nəfəs alacağı, gecələri nağıllar uydurub danışacağı, dünyada hər kəsdən gözəl, hər kəsdən ağıllı sayacağı qızı, savaşa hazırlaşanda gecə yarısı şirin yuxudan dik atılıb, böyük qardaşının şalvarını geyib, "Ata, mən də səninlə gedəcəm" deyən qızı, 1990-cı il 19-dan 20-sinə keçən qanlı 20 yanvar gecəsinin güllə yağışı altında belə atasıyla birgə olacaq qızı var idi onun... Bizdən balaca bacımızın heç 5 yaşı tamam olmamışdı. Atam heç vaxt balalarını, dünya gözəli həyat yoldaşını buraxmayacaqdı... Amma Vətən sevgisi hər şeyə üstün geldi... Hər şeyə...

Bacımın çox az şeylər yadındadı. 4 yaşında atanı itirən bir uşaq üçün çox çətindi atasızlıqdan danışmaq. Atalı olanlara baxıb yaxşı mənada həsəd aparırıq sanki.

Bilirsiniz, atamın şəhid olduğu gün mənim ayağıma blokda dayandığım yerdə qapının şüşəsi töküldü, kəsik-kəsik etmişdi. Ayağım kəsiləndə elə hönkürtüylə ağlamışdım ki... Bəlkə də ruhumun bir köşəsində onsuzluğa ağlamışdım.

Anam intihar etmək istədi

40-ı günü Tərtərə gedəndə həyətə çatanda bir çadır quruldugunu gördüm. Babam hardasa 1 il idi dünyadan köçmüşdü. Mən də uşağam da, xatırlamıram ayları. Elə bildim ki, onun ildönümüdü. Qapıya çatan kimi bacımla qaçdıq bağa, meyvə dərməyə. Uşaqlıqda heç vaxt kiminləsə görüşməyi sevmirdim. Utanırdım, çəkinirdim. Salam verib qaçırdım... Nənəm mənə güllü don almışdı, onun ətəyinə alçaları doldurmağa başladım. Bir az keçmişdi anam gəldi. Biz də ondan dərhal atamı soruşduq. İndiyə kimi yadımdadı, anamın gözləri doldu birdən... Bizi qucaqlayıb bir kəlmə dedi ki, "atanız bu dünyadan köçüb, amma hər zaman sizin ürəyinizdə yaşayacaq, onu birlikdə yaşadacağıq..."

Bu sözlərdən sonra bütün dünya dayandı gözlərimdə. Anam qarşımızda diz çöküb bizi qucaqlamışdı. Əllərim ətəyimdən üzüləndə, alçalar yerə səpələnəndə bütün uşaqlığım gözümün qarşısında bir sandıqda qıfıllandı... Artıq mən uşaq deyildim. Uşaqlığım yerə tökülən alçalarla birgə torpağa gömülmüşdü. Atamı itirdiyimi öyrəndiyim gün...

Anam onun ölümünü eşidən gün intihar etmək istəyib. Biz Bakıdaydıq onda. Bəlkə də yanında olmamışıq deyə, zəif olub. Deyir ki, intihar etməyə hazırlaşanda dərhal üçünüz də gəlib gözümün qarşısında dayandınız və mən anladım ki, atanızın istəyi olaraq sizi böyüdüb ona layiqli etməli, sizi yaşatmalıyam ki, atanızı da yaşadaq...

Atamdan sonra biz Tərtərdə atamın aldığı evdə yaşamağa başladıq. Hər gün güllə, savaş səsləri... Və bu səslərdə hər şeyə hazır olmaq... Nənəm çox gəlib gedirdi ki, bizi Bakıya qaytarsın. Amma anam demişdi ki, Familimin gözünü yumduğu torpaqda mən də gözümü yumacam. Amma sabah nələr olacağını kimsə bilməz. Tərtər İcra Hakimiyyətinin başçısı Sərdar Həmidov şəhid ailələrinə lazımi yardımı edirdi. Hər ay evin ərzaqları var idi. Ərzaq sarıdan əziyyət çəkmirdik. Amma müəyyən səbəblərdən o vəzifəsindən azad olduqdan sonra bizim də çətin günlərimiz başladı. Düzdür, dövlət tərəfindən hər uşağa pul ayrılırdı, amma bir tərəfdən də anlayırsan ki, ata yoxdursa, istəyirsən milyonların olsun, onun qayğısının, doğmalığının əvəzini kimsə vermir.

Artıq Tərtərdə qala bilməyəcəkdik. Orda demək olar ki, bizə dayaq olan kimsə yox idi. Bakıya, nənəmgilin yanına gəldik. 1998-ci ilə qədər onlarla birgə yaşadıq. Əhmədlidə orta məktəbdə davam etdirdik təhsilimizi. Nənəmgil bəzi səbəblərdən Sabunçuya köçəsi oldu, bizə isə yolumuz uzaq olduğuna görə dayılarım Əhmədlidə kirayə ev tutdular ki, məktəbə gedib-gəlmək bizim üçün çətin olmasın. Ev sahibiylə də yaxından tanış oldular, ünsiyyət yaratdılar. Tez-tez gəlib bizi yoxlayırdılar, həftəsonları nənəmgildə qalırdıq. Çox balaca idi yaşadığımız otaq. Amma anamın sevgisi, qayğısı hər şeydən üstün idi bizimçün.

Famil Qulami küçəsi

Atamın adına olan küçədən keçərkən yoldan ötən birinə "bura hansı küçədir?" soruşuram bilərəkdən. "Famil Qulami küçəsi" deyirlər... Onun adının verildiyi küçədən keçmək, birinin dilindən onun adını eşitmək necə fəxarətdir, bir bilsəniz... Görməsəm də, onun bu torpağı qorumaq üçün necə qəhrəmanlıqlar etdiyini hiss etmək o qədər də çətin deyil.

Universitetə daxil olduğumu öyrənən zaman, rəfiqəm də öz kodunu jurnalda tapmayıb ağlaya-ağlaya atasına zəng vurdu ki, qəbul olmamışam. O biri xətdən atasının səsi gəldi ki, qızım, canın sağ olsun, gələn il yoxlayarsan yenə. Pis niyyətlə deyil, amma içimdə elə fırtına qopdu ki, həmin an. Düşündüm ki, kaş ki, mən atama telefon edib, "qızın universitetə qəbul olub", deyə bilsəydim. Ona o qədər ehtiyacım var idi ki!

Tarix
2014.12.18 / 09:34
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla