Yuxarı

Narkoman – iynəylə yaşayan bitki

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asılılıq-1

Ziyanlı vərdişlər bəzən insanın həyatına elə daxil olur ki, onlardan nəinki yaxa, hətta can qurtarmaq olmur. Bu cür vərdişlər çoxdur - narkotik, alkoqol, nikotin yalnız üzdə olanlardır.

Asılılıqdan danışanda ilk novbədə istifadəçiləri aludəçilərdən ayırmaq lazımdır. İstifadəçilik asılılığın ilkin, aludəçilik isə yetkin mərhələsidir. Bir qayda olaraq, istifadəçilər çətinliklə olsa da, ziyanlı vərdişi tərgidə bilirlər, aludəçilər isə asılı vəziyyətə düşür və bu vərdişlə qəbir evinə gedirlər. Beləliklə, asılılığın ən dəhşətlisindən, narkotiklərdən başlayaq.

Narkotik

Narkotiklər qədim, hətta çox qədim tarixə malikdir, min illər uyuşdurucu, ağrıkəsici dərmanlar kimi işlənib. İnsana təsir qüvvəsinə görə ağır və yüngül növlərə bölünür. İstifadəçilər əvvəl yüngül narkotiklərdən istifadə edir, yavaş-yavaş ağır narkotiklərə keçir və aludəçiyə çevrilirlər. Birincilər narkotiklərdən yeri gələndə istifadə edənlər, ikincilər isə gündəlik vərdiş edənlərdir. Məhz ikincilər narkoman adlanır və onlar haqqında deyilir ki, keçmiş narkoman olmur.

Qeyd etmək lazımdır ki, narkotiklərdən mütəmadi istifadə gec-tez ağ ciyərin vərəmi, qara ciyərin serrozu ilə nəticələnir. Bundan başqa, narkotiklərin cinsi aktivliyi aşağı salması və sonsuzluq yaratması da sübut olunub.

Xalq arasında həşiş, anaşa kimi tanınan, ədəbi dildə isə marixuana adlanan narkotik yüngül hesab edilir. Bəzi Qərb ölkələrində bu narkotikin istifadəsinə (tütünə qatılıb çəkilməsinə) rəsmi icazə də verilir. Marixuana çətənə bitkisinin yarpaqlarından və qətranından hazırlanır. Tünd qonur, qəhvəyi rəngli plastik maddədir, ürək döyüntülərinin, nəfəs almanın sayını artırır, göz damarlarını şişdirir. Buna görə də aludəçilərin - həşiş çəkənlərin gözləri şişmiş və qızarmış olur. Bütün narkotiklər kimi, marixuana da insanlara müxtəlif cür təsir edir, eyni dozadan biri hönkürüb ağlayır, o biri gülməkdən qəşş edir, üçüncüsü qorxusundan qaçıb gizlənir, dördüncüsü isə vəhşiləşir, ətrafdakılara hücum edir.

Marixuananın tərkibində çoxlu zəhərli və zərərli maddələr var, onun qətranı xüsusilə toksiki (zəhərli) hesab olunur. Mütəxəssislərin fikrincə, marixuana tütündən 8 dəfə artıq toksikidir. Marixuana ağır narkotik sayılmasa da, ağır narkotiklərə körpü sayılır, yəni heroin, kokain istifadəçisi, bir qayda olaraq, həşişdən başlayır.

Heroin opiatlar qrupuna daxil olan ağır narkotikdir. Opium xaş-xaşından hazırlanır. Hazır halda ağ, boz, qəhvəyi, sarı və çəhrayı rənglərdə tozdur. Görünüşdə və təmasda yuyucu tozu xatırladır. Elə buna görə də narkodilerlər heroini yuyucu tozla, bəzən qənd tozu, hətta unla qarışdırırlar. Heroin müvəqqəti eyforiya (dünyanı vecinə almamaq) effekti yaradır, qorxu və həyəcan yox olur. Ürək döyüntülərinin, nəfəsalmaların sayı azalır, beyində tormozlanma yaranır. İnsan taqətsizləşir, seksual aktivlik zəifləyir. Ürək bulanması, nəfəsin ağırlaşması başlayır. Heroin mayeylə qarışdırılıb ("bişirmə" deyirlər) şprislə birbaşa venaya vurulduğundan, aludəçilərdə qolun və qıçın büküklərində, iynənin yerlərində irinləmə müşahidə olunur.

Venaya vurulan bütün narkotiklər kimi heroin də qanın zəhərlənməsinə, istifadəçinin hepatit, serroz, sepsis (hətta sifilis) kimi xəstəliklərlə yoluxmasına şərait yaradır. Heroin nəfəs sisteminə ağır təsir edir, vərəmi qaçılmaz edir. Ümumiyyətlə, mütəmadi heroin qəbul edənlərin - aludəçilərin ömrü 10 ilə qədər davam edir. İlk dozanı qəbul etmə, istifadəçidən aludəçiyə çevrilmə prosesi 6 aydan bir ilə kimi çəkir. Qalan 8-10 ili isə narkoman artıq bitki kimi - iynədən iynəyə "yaşayır".

Kokain koka bitkisinin yarpaqlarından hazırlanan yarım sintetik ağır narkotik maddədir. Hazır halda ağ, boz, sarı, çəhrayı çalarlı tozdur. Kokain də eyforiya (dünyanı vecinə almamaq) hissini artırır, əvvəlcə adamın əhval-ruhiyyəsi də yaxşılaşır. Problemlər isə sonra başlayır. Aludəçilərdə ilk növbədə aritmiya (ürəyin "fasilə" ilə vurması) başlayır, bəzən ürək qəflətən dayanır. Ürək möhkəm olduqda isə "kokain psixozu" (psixikanın pozulması) yaranır. "Kokain psixoz"u təhlükə hissi, qorxu, qarabasmalarla - dəhşətli görüntülər və əcaib səslərlə xarakterikdir. Bütün bunlar dəhşətli, qeyri-adi qaşınma ilə müşayət olunur, insana elə gəlir ki, dərisinin altında dəstə ilə qarışqa gəzir. Bu dəhşətli hallar təbii ki, narkoman növbəti kokain dozasını qəbul etdikdə müvəqqəti keçir. Xəstə müalicə olunmadıqda, kokain asılılığının daha ağır - epilepsiya dövrü başlayır. Vaxtı gələndə, xəstə doza qəbul etməyəndə, qıcolmalarla müşayət olunan epilepsiyalar başlayır.

Qeyd etmək lazımdır ki, kakoin öz narkogenliyinə - insanı asılı vəziyyətə gətirməsinə, görə heroindən güclü narkotikdir. Xəstələr 5-7 il bitki kimi, iynədən iynəyə yaşayır. Bəzən bu "bitki ömrü" də beyinə qan sızması, yaxud da ürəyin qəflətən dayanması nəticəsində qırılır.

LSD sintetik tərkibli ağır narkotikdir, çox təsirli və toksiki (zəhərli) hallyusinogen (hallyusinasiya, qarabasma yaradan) hesab olunur. LSD əsasən bəzəkli marka, rəngli lakmus kağızı şəklində buraxılır. Narkotik əvvəl güclü eyforiya hissi yaradır, sonra bu, eyni dərəcədə güclü qorxu hissi ilə əvəz olunur. Narkomana elə gəlir ki, ətrafdakılar birdən-birə aqressivləşir və hamı ona hücum edir. Sonra yenidən eyforiya yaranır, xəstənin vəziyyəti yaxşılaşır, o, hamı ilə danışıb gülməyə çalışır. Emosional vəziyyətlərin bu cür dəyişməsi - yüksəliş və depressiyalar bir neçə dəfə təkrar oluna bilər. Bu hallar qorxulu qarabasmalarla - dəhşətli görüntülər və əcaib səslərlə müşayət olunur.

Qeyd etmək lazımdır ki, LSD-nin təsirini proqnozlaşdırmaq qətiyyən mümkün deyil. Eyni dozadan bir adamın əhval-ruhiyyəsi yaxşılaşa, o biri ən ağır depressiyaya məruz qala bilər. Bu zaman narkoman çox təhlükəli olur, ətrafdakılara və özünə hər cür xəsarət yetirə bilər. LSD aludəçiləri narkotikin qəbulunu dayandırmaq istəsələr də, qarabasmalar uzun müddət davam edir. Buna görə də bu narkotikdən müalicə olunmaq daha çətindir. Anadangəlmə qüsurlu uşaqların doğulması və psixi pozuntuların yayılması sahəsində də LSD aludəçiləri birinci yerdədirlər. Yeri gəlmişkən, LSD aludəçiləri heroin və kakoin xəstələrindən daha çox, amma ruhi xəstəxanalarda yaşayırlar.

Alkoqol

Alkoqollu içkilərin də tarixi qədimdir, az qala insanın tarixi qədərdir. Ümumi adı şərabdır. Şərab da bir növ narkotikdir, ağırı və yüngülü, istifadəçiləri və aludəçiləri olur. İstifadəçilər yavaş-yavaş aludəçiyə çevrilir. Aludəçilərə xalq arasında "alkoqolik" də deyilir. Alkoqolu tərgitmək narkotiki tərgitmək qədər çətindir, amma keçmiş alkoqoliklər olur. Qeyd etmək lazımdır ki, alkoqoldan mütəmadi istifadə gec-tez ürək çatışmazlığı, miokardın infarktı, qara ciyərin serrozu ilə nəticələnir. Bundan başqa, alkoqolun cinsi aktivliyi aşağı salmaq və sonsuzluq yaratmaq təhlükəsi də mövcuddur.

Nikotin

Ümumdünya Səhiyyə təşkilatının hesablamalarına görə, hər il təxminən beş milyona yaxın adam nikotinin təsirindən vaxtsız dünyasını dəyişir. Nikotin isə tütünün tərkibində olan yüzlərlə ziyanlı maddədən yalnız biridir, olsun ki, birincisidir. Tütün ağ ciyərlərdə xərçəng xəstəliyinin yaranmasının əsas səbəbkarı hesab edilir. Siqaret çəkmək habelə, ürək-damar və və onkoloji xəstəliklərin digər formalarının yaranmasına gətirib çıxarır. Ağız boşluğu, qida borusu, böyrək, dalaq və mədəaltı vəzidə xərçəng xəstəliyi çox hallarda siqaret çəkmək nəticəsində əmələ gəlir. Ekspertlər söyləyirlər ki, təkcə siqaret çəkən adam deyil, siqaret tüstüsü ilə nəfəs alan adamlar da risk qarşısında qalır.

İnsanlar siqareti çəkməyə başlayan kimi onun mənfi təsirlərinə məruz qalır, siqaretin tərkibində olan nikotinə alışırlar. Nikotin kokain və alkoqol qədər güclü təsirə malikdir və eyni sürətlə asılılıq yaradır. Siqaret çəkənlərin çoxu onun ziyanlı təsirindən xəbərdardır. Lakin siqareti tərgitmək asan deyil, birdəfəlik atmaq isə çətin məsələdir. Mütəxəssislər hesab edir ki, gündə 3-4 qutu siqaret çəkən adamın bu ziyanlı vərdişi dərhal tərgitməyi mümkün deyil. Odur ki, gündəlik normanı azaltmaq və bir qutu səviyyəsinə çatdırmaq lazımdır. Yalnız bundan sonra siqareti tam atmaqdan danışmaq olar. Amma bəziləri bunu edə bilmir və gündə bir neçə siqaret çəkməkdə davam edir. Digərləri tərkibində nikotinin az olduğu, ya da nanəli (mentollu) siqaret çəkir. Amma nanəli siqaretin zərəri adi siqaretdən daha çoxdur. Çünki sərinləşdirici təsirə malik olduğu üçün adamlar mentolu ağızlarında və ağ ciyərlərdə daha çox saxlayırlar. Bu isə adi siqaretədən daha təhlükəlidir. Ekspertlərin ümumi fikrinə görə siz siqareti tam atmaqla ömrünüzü uzada bilərsiniz. Bu zaman özünüzü daha yaxşı hiss edəcək, yaxşı görünəcəksiniz. Siqareti atan kimi xərçəng xəstəliyinin yaranması ehtimalını aşağı salırsınız. Sonuncu siqareti atan kimi qan təzyiqi 20 dəqiqə ərzində normal səviyyəyə çatır. Bir gündən sonra infarkt keçirmə şansı azalır, bir ildən sonra isə ürək xəstəliklərinin inkişaf etməsi riski siqaret çəkən adamla müqayisədə yarıya enir.

Siqareti atmaq üçün indi müxtəlif üsullardan istifadə edilir. Məsələn, siqaret çəkən adam nikotini əvəz edən kiçik ampulanı dərisinin altına yerləşdirir. Onlar tərkibində nikotin olan maddələri çeynəyə də bilərlər. Ekspertlər adamların siqareti atdıqda özlərini narahat hiss etdiklərini, bəzən stres keçridiklərini deyir. Bəzi adamlarda bu, baş və mədə ağrıları ilə müşayət olunur. Amma hər şey sizin psixoloji hazırlığıdan asılıdır. Əgər birdəfəlik siqareti atmaq fikrindəsinizsə, cəsarətli olun və bu gün siqaret atın, sabaha qoymayın. Nikotinin bir daha həyatınıza hakim olmayacağınıza özünüzü inandırın. Sağlam həyat keçirməyə çalışın. Həftədə heç olmasa, iki-üç dəfə qaçmağa, təmiz havada gəzməyə çalışın. Doğrudur, bir-iki həftə çətin olacaq, amma bir aydan sonra asanlaşacaq və siz siqareti tamamilə atmış olacaqsınız.

Sair ziyanlı vərdişlər

Təəssüf ki, ziyanlı vərdişlər yuxarıda sadalanlarla qurtarmır. İnsanda asılılıq yaradan ziyanlı vərdişlərin sırasına seksual asılılıq, internet asılılığı, bazarlıq asılılığı, adrinalin asılılığı və s. daxildir. Növbəti qeydlərimizdə ziyanlı vərdişlərin bu növlərindən danışmağa və onlardan can qurtarmağın yollarını araşdırmağa çalışacağıq.

Tarix
2014.12.21 / 12:53
Müəllif
Qаlib Аrif
Şərhlər
Digər xəbərlər

Sahibkarların “xiyar siyasəti”

Növbəti Dördgünlük savaş nə vaxt olacaq?

Ermənilər Abbasovdan niyə razı qalırdı?

Qərb-Rusiya savaşı: 2016 nə vəd edir? – Təhlil

Ərdoğanın qeyri-adi bəyanatı

Alternativ enerji nədir? – Mənbələr

Mahal dilini dinc saxlasaydı...

KQB mayorunun Sovetləri titrədən qətli

Tələ: Gözəl qız oğlanı evə gətirir, bu zaman...

“Qatil qarajda elektrik stulu düzəldibmiş” - Polis

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla