Yuxarı

İranda doğranan rus dahinin zadəgan xanımı

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dahilərin qadınları" layihəsində:

Çoxsaylı məhəbbət macəralarında adları hallanan yaradıcı insanların əksəriyyətindən fərqli olaraq, Aleksandr Sergeyeviç Qriboyedov yalnız bir qadını sevmiş, onunla evlənmiş, gənc zövcəsi ilə cəmi bircə il yaşamış və ölümə belə təslim olmayan yüksək duyğuların ölməz nümunələrini qoyub getmişdir.

Nina Qrioyedova – Çavçavadze soyundan olan knyaz qızı idi. O, Kaxetiyada, atası Aleksandr Çavçavadzenin irsi mülkü Sinandalidə böyümüşdü. Ailə şən, mehriban və xeyirxah qızlarını çox sevirdi.
Qriboyedov Gürcüstana Xarici İşlər Nazirliyinin göndərişi ilə gəlmişdi. Bu, faktiki olaraq sürgün idi, gənc zadəganı Yakuboviçlə duelə çıxdığı üçün cəzalandırmışdılar. Yakuboviçlə duellərin (iki dəfə duelə çıxmışdılar) bütün mürəkkəb tarixçəsini ayrıca araşdırmaq olar. Yalnız onu qeyd edək ki, bu duellərin səbəbi heç də qadın deyil, şəxsi ədavət və Yakuboviçin hamıya məlum olan qalmaqallı xarakteri idi. Qriboyedov özü gülləni havaya atmış, amma Yakuboviç onu əlindən yaralamışdı. Sonralar Qriboyedovun dini fanatiklər tərəfindən tanınmaz hala salınmış cəsədini məhz bu yarasından ayırd edirlər.

Beləliklə, Tiflisə gələn Aleksandr Sergeyeviç təhsilli, şair, ruhən Qriboyedova çox yaxın olan general Çavçavadzenin ailəsi ilə dostlaşır. O, Çavçavadzenin evində onlarla birlikdə xeyli vaxt keçirir və bu ünsiyyət gedişində generalın kiçik qızı Ninoya musiqi dərsi verir.

Deyirlər, Nina çox gözəl idi: sərv qamətli, zərif, qarabəniz, üzünün cizgiləri düzgün və məlahətli, tünd qonur gözlü... Bütün bunlara əlavə olunan mehribanlıq və həlimlik onu görən hər kəsi heyran qoyurdı.

İranda nazir rütbəsində xidmətə təyin olunan Qriboyedov Gürcüstanı tərk edir, qayıdanda isə gözlənilmədən qarşısıında artıq bir uşaq deyil, "Madonna Murilo"nun dayandığını görür. Bəli, o öz sevgilisini məhz belə adlandırırdı: "Madonna Murilo". Romantizm və sentimentallığa yad olan, bir çox baxımdan öz qəhrəmanı Çatskiyə bənzəyən, onun kimi inadcıl, davakar və kobud olan Qriboyedov günlərin bir günü ağlını itirir və xaç atasından Ninanı istəyir. 22 avqust 1828-ci ildə Tiflisdə Sion kilsəsində nikah kəsdirirlər. Kilsə kitabındakı qeyd qorunub saxlanılıb: "Əlahəzrət imperatorun İrandakı səlahiyyətli naziri, milki müşavir və kavaler (ordenlə təltif edilmiş adam – tərc.) Aleksandr Sergeyeviç Qriboyedov knyaz general-mayor Aleksandr Çavçavadzenin qızı Nino ilə nikah bağlayıb..."

Qriboyedovun 33 yaşı vardı, Ninanın isə hələ heç on altı yaşı tamam olmamışdı. Şahidlərin dediyinə görə, güclü malyariya tutmasından sonra Qriboyedovun əlləri əsirdi və nikah zamanı nişanlısına taxacağı üzük yerə düşür. Bunu bəd əlamət hesab edirlər.

Çox da uzun sürməyən bal ayından sonra gənc cütlük İrana yollanır. Ninanı Tehranda təhlükələrin içinə atmaq istəməyən Qriboyedov onu müvəqqəti olaraq Təbrizdə - Rusiya imperiyasının səlahiyyətli səfirinin iqamətgahında qoyub paytaxta, şahın hüzuruna təkcə gedir. Gənc Nina üçün Təbriz həyatının nə demək olduğunu anlamaq o qədər də çətin deyil. İqamətgahın darvazalarından kənara çıxmaq olmazdı, dörd divar arasında otururdular, yalnız ən yaxın insanlarla ünsiyyətdə olurdular. Qriboyedov Tehranda gənc zövcəsi üçün darıxır, onunçün narahat olur (Nina hamiləliyi çox çətin keçirirdi), ingilis səfiri olan dostundan xahiş edirdi ki, hər gün ona baş çəksin, əyləndirsin, ürək-dirək versin. Nina da ərindən ötrü çox darıxır, hər gün məktub yazır və həsrətlə yolunu gözləyirdi.

Məlum olduğu kimi, Qriboyedov və daha 50 nəfər rus təbəəsi dini fanatik kütləsi tərəfindən paramparça edilmişdilər. Qriboyedov İranda təzminat ödənilməsi və rus əsirlərinin azad edilməsi tələbi ilə bağlı konkrek tapşırıq yerinə yetirirdi. Son zamanlar fars tarixində Qriboyedovun roluna münasibət bir qədər dəyişib: siyasi korrektəyə meyil edən tarixçilər deyirlər ki, Qriboyedov çox qəddar idi, müsəlman əhalisinə qarşı amansız davranır və onları provakasiyaya təhrik edirdi. Ancaq vəhşicəsinə qətlə tarixə heç bir müasir baxışla bəraət qazandırmaq olmaz.

Doğmaları və dostları hamilə Ninanı hər sür qorumağa, Tehrandakı
dəhşətli hadisələrdən xəbər tutmamasına çalışırdılar. Ancaq qadın ürəyi bədbəxtliyi hiss edirdi. Nina hamını və hər kəsi sorğu-suala tuturdu, bəhanələrə inanmırdı və nəhayət, boşboğaz qonaqlardan birindən ərinin ölüm xəbərini eşidir. O, isteriya tutması keçirir və körpəsini itirir. Körpəsini – ərinin həlakından sonra onu Qriboyedovla bağlaya biləcək yeganə bağdan məhrum olur.

Qətldən yalnız 3 ay sonra, aprelin 30-da Qriboyedovun cənazəsini Gergerə gətirirlər. Bu barədə "Ərzurum səyahəti"ndə bəhs edən A.S.Puşkin də onun meyitini burada görür ("Kimi aparırsınız? – Qriboyedovu…"). Nəhayət, iyunda şairin cənazəsi Tiflisə gəlib çıxır və Qribayedovun arzusu ilə Müqəddəs David kilsəsinin yanında torpağa tapşırılır. Belə ki, şair bir dəfə zarafatla sevimli Ninasına vəsiyyət etmişdi: "Əgər İranda ölsəm, sümüklərimi orada qoyma, məni Tiflisdə, Müqəddəs David monastırında dəfn etdirərsən".

Nina ərinin istəyini yerinə yetirir. Onu istədiyi yerdə dəfn etdirir, qəbrin üzərində kiçik kilsə, kilsədə isə çarmıxa çəkilmiş İsanın qarşısında dua edib ağlayan qadın – özünün təsvir edildiyi heykəl qoydurur.

Nina Qriboyedova 16 yaşında, gözəllik və gəncliyinin çiçəklənən çağında dul qalır. Bir çox zəngin və məşhur kişilər onun iltifatını qazanmağa çalışırlar, lakin o, ərinin xatirəsinə heç vaxt xəyanət etmir. Nina özünü ailəsinə - qardaş və bacılarına, onların uşaqlarına həsr edir, körpələrin böyüyüb tərbiyə alması ilə məşğul olur. Onun köməyinə isə doğrudan da ehtiyac var idi. Qardaşının arvadını Şeyx Şamilin adamları oğurlamışdılar.

Nina Qribayedovun ölümündən sonra dövlət xidmətində həlak olmuş məmura kəsilən təqaüd alırdı. O, heç düşünmədən bu pulu qardaşının arvadını almaq üçün verir. Ninanın bacısı Yekaterina Dadiana Minqreliya hakimi olan ərinin qəfil ölümündən sonra dörd azyaşlı uşaqla tək qalmışdı. Şərq müharibəsinin qaynar çağında Nina dövlət işlərində və ailə məsələlərində bacısına yardım etmək üçün onun yanına yollanır.

Nina Aleksandrovna çox sadə yaşayırdı. Əlində olan bütün var-dövlət və gəlirlərini ailəsinə və dostlarına xərcləyirdi.
Gürcüstanda onu təmiz və ləyaqətli bir insan kimi çox gözəl xairələrlə yad edirlər. Müasirlərinin dediyinə görə, "onda kədərli dul qadına xas ola biləcək qərarsızlığın, sünilik və sentimentallığın zərrəcə əlaməti yox idi; onun çox zərif səs tonu, ən yüksək dairələrin qadınlarına məxsus tərbiyənin sirlərindən olan düzgün davranışı var idi. Və bütün bunlarla da özü də istəmədən hər kəsin rəğbətini qazanırdı. Belə ki, o, yüksək rütbəli məmurların heç birindən öz xahişlərinə rədd cavabı almamışdı. Bu, hamıya məlum idi və hər kəs öz işlərini onun vasitəsilə həyata keçirməyə çalışır, o isə hər kəsin istəyini yerinə yetirməyə macal tapırdı".

Nina Aleksandrovna ərindən sonra 28 il yaşayır, 1857-ci ildə 45 yaşında vəba xəstəliyindən vəfat etdi və sevimli ərinin yanında torpağa tapşırıldı.

Sevimli zövcəsi Aleksandr Sergeyeviç Qriboyedovun abidəsində yaddaşlarda həkk olunmuş bir cümlə yazdırır: "Sənin zəkan və əməllərin rus xalqının yaddaşında əbədi qalacaq; bəs mənim məhəbbətim nədən səndən çox yaşadı?"

Nina bu sehrli sözlərlə öz gələcəyinə münasibətini bildirmiş oldu. Bu gələcəkdə isə heç kim və heç vaxt Qriboyedovun onun qəlbindəki yerini tuta bilmədi.

Tərcümə etdi: Təhminə C.B.

Tarix
2014.12.22 / 08:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla