Yuxarı

Avropa terrora münasibətdə də riyakardır

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Öz canları yananda anlayırlar

Fransa ayaq üstədir, "Şarli Hebdo" redaksiyasına basqından sonra antiterror əməliyyatı ara vermədən davam edir, ağlıkəsən hər kəs terror qurbanlarına yanır, milli matəm elan edilmişdir, yüzminlərlə insan etiraz yürüşünə çıxmış və bu yürüş gün ərzində dünya televiziyaları ilə göstlmişdir, neçə ölkə başçısı, ünlü şəxsiyyətlər Fransanın kədərini bölmək əziyyətinə qatlaşmışlar, dünyanın hər yerində fransız səfirlikləri qarşısında tünlükdür, baş sağlığı verməyə gələnlərin arası kəsilmir, fransız xalqına təsəlli verən məktubların sayı-hesabı yoxdur...( Birini də mən yazmışdim Fransanın Azərbaycan səfirliyinə).

Bunlar hamısı insanların bir-birinə canıyananlığını, şərə qarşı mübarizədə həmrəyliyi göstərən, duyğusal və insanlıq borcu olan işlərdir. Paris küçələrindən reportaj verən jurnalistlər insanları bu günlərdə daha çox QİSAS, terrora KİN və nəhayət, HƏMRƏYLİK hissinin topladığını xüsusi qeyd edirdilər. Təəssüf ki, qisas və kin öndə gəlir. Halbuki birinci sırada həmrəylik dayanmalıdır, ilk növbədə terrorizmə qarşı mübarizədə vahid cəbhə yaratmaq lazımdır ki, kinə, qisasa və yeni qanlara ehtiyac qalmasın...

İnsanın insan əli ilə öldürülməsi ağır faciədir. Yaşından, irqindən, peşəsindən, cinsindən, dərisinin rəngindən asılı olmayaraq. Buna görə də Fransadaki qətliamının dünyanı bu şəkildə ayağa qaldirması yaxşı hadisədir və kimsə buna etiraz edə bilməz. Biz də o cümlədən. Lakin burda bir "əmma" var və onu deməmək də doğru olmaz...

Bu da dünyanın, o cümlədən Avropanın hətta faciəyə, terrora münasibətdə də saxta, ikiüzlü və riyakar olmasıdir.

Say önəmli deyil. Bir insan, on insan... Hə, adamın öz taleyi və Allah tərəfindən verilmiş yaşamaq haqqı var.

Ancaq Fransada bu faciə baş verəndə dünyanin başqa yerlərində də buna bənzəyən və ya bənzəməyən, hər halda günahsız insanlarin ölümü, qətlə yetirilməsi ilə nəticələnən qanlı terror hadisələri baş vermişdi. Elə həmin gün İraqda, Suriyada, Ukraynada da onlarla insan terrora, bir çoxu Qərb tərəfindən idarə edilən və ya ilhamlandırılan münaqişələrə qurban getmişdi. Dünyanın ən ideal və inkişaf etmiş ölkələrindən birinə çevrilmək imkanı olan Türkiyə otuz ildir Qərbin insan azadlığı, azlıq haqları maskaları ilə bəzədiyi, xaç atalığı etdıyı terrorçu təşkilatların zülmünü çəkir, otuz min şəhid verib, ağılasığmaz dərəcədə böyük miqdarda pullar xərcləyib... Avropa ölkələri min illər qardaşcasina iç-içə yaşamış xalqları bir-birinə qarşı qoyan, dinlər, məzhəblər. sivilizasiyalar arasında düşmənçilik təbliğatı aparan "sərsəm sözün" - xəstə mətbuatın, televiziya və radioların isti yuvasına dönüb.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafinda daha yeddi rayonumuz terroru dövlət siyasətinə çevirmiş Ermənistan tərəfindən işğal edilmişdir, bu münaqişədə iyirmi beş mindən çox azərbaycanlı şəhid olmuşdur. Onların arasında onlarla qələm əhli, jurnalist var idi. Ermənistandan və Qarabağdan bir milyon azərbaycanlı vəhşiliklə qovulmuşdur, qaçqınlıq məhrumiyyətləri minlərlə insanin ömrünə son qoymuşdur. Bütün bunların və Bakı metrosunda, avtobuslarda onlarla insanın ölümüylə nəticələnən terror aktlarının arxasında erməni terror təşkilatlarının, o cümlədən Asalanın, Daşnaksütyunun dayandığını Qərb bilmirmi?

İnsanlığın bütün faciələrinin ilk şahidləri və olayları yaddaşimiza köçürənlər, ən ağır şərtlər altında öz peşə və insanlıq borclarını yerinə yetirənlər- jurnalistlərdir. Həyatı müharibə alovları içində keçən və terror qurbanı olan, yüz cür təzyiqlərlə, həbslərlə, fiziki təzyiqlərlə üzləşən jurnalistlərin sayıni müəyyənləşdirmək çətindir. Təxmini hesablamalara görə dünyada hər il yüzdən çox jurnalist bu yolda qurban gedir...

Dünyada bu faciələrin, qanunsuzluqların qarşısını almaq üçün hansı ciddi iş görülmüşdür?

Sosialist düşərgəsi dağılandan, soyuq müharibə bitəndən sonra NATO-nun rəsmən bəyan etdiyi mübarızə hədəflərdən biri terrordur. Amma nədən Amerikadakı, Avropadakı terror olayları bütün dünyanı silkələyən etirazlarla qarşılandığı halda müsəlman ölkələrində törədilən bənzər və bir az da ağır faciələr, terrordan fərqi olmayan hərbi əməliyyatlar, işğalçılıq müharibələri bu qədər sakit və gizli bir məmnuniyyətlə qəbul edilir. Bəlkə, Ermənistanda və Qarabağda öldürülən azərilər, Əfqanstanda, Fələstində, İraqda, Suriyada, Türkiyədə amansızlıqla qətlə yetirilən əfqanlar, ərəblər, türkmanlar, türklər insan deyil? Bəlkə, Avropa özünküləri ali insan saydığı halda Asiyada, Afrikada öldürülənləri çəyirtkə hesab edir? Beş min, on min və ya İraqdakı kimı, bir milyon ölsün, fərqi yoxdur... Hamı ölə, öldürülə bilər, amma Avropalı, Amerikalı qorunmalıdır... Çünki dünyada bunların xüsusi statusu var! Ancaq o statusun nədən ibarət olduğunu kimsə bilmir...

Bəşəriyyətin sonunu yaxınlaşdıran dəhşətli silahları icad eləmələrimi, kosmosdan evlərimizin içini də nəzarətə götürmələrimi, 100 milyon insanin həyatına son qoyan dünya müharibələrimi, yoxsa ATƏT-in Minsk Qrupu kimi sülhməramlı missiyalar yaradıb riyakarlıqla on illər boyu terrorçu Ermənistan dövlətini müdafiə etməkmi?

Özünü üstün sivilizasiya daşıyıcıları sayanlar İraqda dünyanın ən qədim mədəniyyət abidələrini, ən ilkin sivilizasiyanın nişanələrini vəhşicəsinə məhv etdilər.

Bəli, söz azadlığı insanın təməl haqlarından biridir və mütləq qorunmalıdır. Lakin insanlığın inkişafına, nizam və barış içində yaşamasına xidmət edən müqəddəs dəyərlərin, peyğənbərlərin lağa qoyulub, ardıcıl şəkildə alçaldılmalarının, karikatura mövzusuna çevrilmələrinin söz azadlığına nə dəxli?

Yaxud İrandakı kimi, bütün bir millərin-Azərbaycan türklərinin həşarata bənzədilib təhqir edilməsinə hansı söz azadlığı məntiqiylə haqq qazandırmaq olar? Bunların qarşısını qanunla almayanlar özləri terrora şərait yaratdıqlarını niyə düşünmürlər? Niyə unudurlar ki, tarixən belə olub: qanun işləməyəndə silah işləyir...

Bu haqsızlıqların, ikili standartların bumeranq kimi geri dönəcəyini yalnız səfeh adamlar nəzərə almaz!
Əgər Fransa üçün söz azadlığı bu qədər dəyərlidirsə, onda hansı haqla "erməni soyqırımı olmamışdır" deyənlərə cəza tətbiq edəcək? Fransız "azad söz" deyə bilər, türk deyə bilməz?

Peyğəmbərləri söyən, müsəlmanları təhqir edən, "qəzet mücahidləri"nin cəsarətləri çatırsa, qoy öz dövlətlərinin dünyanı qarışdıran siyasətlərini ifşa etsinlər. Axı, Qərb hələ tamamilə yıpranmayıb və orda kifayət qədər vicdanının səsiylə danışan var...

Onlardan biri, İngiltərə dramaturqu, Nobel mükafati laureatı Harold Pinterin dediyi kimi, bu ölkələrdə siyasətçilər "həqiqətin söylənməsində deyil, hakimiyyəti əllərində saxlamaqda" maraqlıdırlar: "...Nəhəng korrupsiyalar və hərbiçilər ələ keçirdikləri hakimiyyətdən ləzzət alanda siz telekameraların qarşısına çıxaraq hamıya məlumat verirsiniz ki, demokratiya qələbə çaldı..."

Bəli, Qərb ölkələrinin demokratiyaya münasibəti bu sözlərlə hələ on il bundan öncə çox dəqiq ifadə edilmişdir. Böyük yazıçının ABŞ və onun "miskin quzusu" olan Böyük Britaniya haqqında söylədikləri, əslində bütövlükdə Qərbin son otuz-qırx ildə Yaxın Şərqdə apardığı siyasətin iç üzünü açır. O yazır: "İraqa hücum banditizm aktı, dövlət terrorizminin aşkar nümunəsi idi və beynəlxalq hüquq məlumatına tam nifrət nümayiş etdirirdi... Əməliyyatın məqsədi Yaxın Şərq üzərində hərbi-iqtisadi nəzarətin möhkəmləndirilməsi olsa da, ...bunu azadlıq ərməğanı kimi təqdim etdilər. Minlərlə günahsız insanın qismətinə çevrilən ölümə və şikəstliyə haqq qazandıran hərbi qüdrətin dəhşətli təsdiqi!... İraq xalqına biz işgəncələr, kosetli bombalar, kasadlaşdırılmış uran, təsadüfi insanların çoxsaylı qətllərini, bədbəxtlikləri, tənəzzülü və ölümü gətirərək, bunu "Yaxın Şərqdə azadlıq və demokratiyanın təmin edilməsi" adlandırdıq.

Bəli, işğali və talançılığı- demokratiya; insanların, millətlərin təhqirini- sız azadlığı saymaq Qərbin, o cümlədən Fransanın dünyada baş verən hadisələrə bütövlükdə ikili standartlarla yanaşması ilə nəticələnir və bu da onların nüfuzuna ciddi zərbə vurur.

Çağdaş Avropa qanunun aliliyi, yüksək mədəniyyəti, insan haqlarının qorunması ilə bir örnək yaratmışdır; savaşsız, sərhədsiz bir gələcəyə açılan qapıya bənzəyir, ümid yeridir və onun bu keyfiyyətinin qorunması dünyanın gələcəyinin qorunması deməkdir.

Təəssüf ki, əsil demokratik ruhlu liderlərin azalması, kor dini təəssübkeşlık, başqa dinlərə dözümsüzlük, modern fanatizm, insanı insan edən bəzi əxlaqi dəyərlərə sayğısızlıq, ailə dayaqlarının sarsılması Avropanın- dahi söz ustalarinin, filosofların, alimlərin misilsiz əməyi ilə qurulmuş iç dünyasını boşaltmaqdadir.

Terrorizmə yox demək, nifrət eləmək azdır, gərək, onu doğuran şərait, onun siyası və maliyyə dəstəkçiləri də aradan qaldırılsın.

Tarix
2015.01.12 / 13:24
Müəllif
Sabir Rüstəmxanlı
Şərhlər
Digər xəbərlər

Lənətə gəlsin o demokratiya ki...

Məni “qandırma” cəhdi? Adamın üzünə tüpürərlər…

Üzündə qeyri-adi işıq, əlində iri çanta...

Bu ağrı ilə İstanbul xəstəxanasına gəldim

Mentalitetdən uzaq, tərbiyəsizliklə dolu...

Harınlığın, qudurğanlığın göz deşdiyi məkan…

İran gölməçəsində quruldayanlara Bozqurd cavabı

Ordumuzdakı “5-ci kolon”: başda yüksək çinli şəxs dayanır

Türklüyün beşiyi buradır! Turan burdan başladı

Amilinin şiri və dünyanın fikri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla