Yuxarı

Kişi gənc arvadını işdən çıxarıb, dilənməyə göndərəndə...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İnsan taleyi" layihəsində

Onun "Azadlıq prospekti" metro-stansiyasına yaxın bir yerdə diləndiyini mənə dostlar demişdi. Onu da demişdilər ki, bu qadını danışdıra bilməzsən. Acıqlıdır. Daima olmur, arada gəlir və diləndiyi yerdən də ani olaraq yoxa çıxır. Böyük market var, ora girir və oradan geri qayıtmır.

Maraq məni bürüdü. Metroya yaxın ticarət obyekti olan dostlarımın birindən xahiş etdim ki, gənc qadın dilənçi ora gələndə mənə xəbər versin.

Elə də oldu. Dostum "dur gəl, burdadır, uzağı 2-3 saata yoxa çıxacaq" deyəndən sonra redaksiyamızdan o qədər də uzaq olmayan məkana yollandım.

Çörək pulu istəyirəm

Qadın deyilən yerdə idi.

- Çörək pulu istəyirəm, çörək pulu... uşağım da acdır, – deyir və əlini qarşısından keçən insanlara uzadırdı.

Kürəyində şələ kimi bağladığı körpə qız uşağının başı qalın şalla möhkəm bağlanıb, elə əyni də qalındı. Özü isə çox sadə geyinib. Nazik gödəkcə, uzun ətəkli qara rəngli don, ayaqlarında isə altı nazik ayaqqabı var. Soyuqdan sinsiyir, arada əllərini növbə ilə ağzına aparıb nəfəsinin buxarında isidir, sonra yenə də eyni sözləri təkrar edirdi:

- Çörək pulu istəyirəm, çörək pulu...

Ayaqlarının arasında selafon bağlama var.

Son günlərin ovqatımda buraxdığı qan qaraldan olaylardan sonra bu miskin gənc qadının dilənməsi ürəyimi daha da ağrıtdı.

Sahibsiz itlər kimi dilənən insanlara baxmaqdan çox pis oluram. Hələ bir onları yola gətirib danışdırmaq, həyat hekayətlərini dinləmək daha dözülməzdir.

Maşından düşüb pul vermək istəyirəm. Həm də söhbətə tuta bilərəmmi? Soyuq üzümü qarsıyır, fikrimdən daşınıram. Özüm üçün test keçirmək qərarına gəlirəm; baxım görüm neçə adamdan biri ona pul verir? Və sayıram. Orta hesabla 5 nəfərdən biri qadının yarıaçıq ovcuna pul qoyur. Yaxşıdır, soyuq onu birtəhər etməsə, təxminən bir saata 20-30 manat yığa bilər, bəlkə də çox. 1-2 saat dayanıb gedə bilər.

Deyəsən elə qadın da mənim kimi fikirləşir. Təxminən 30 dəqiqədən sonra bağlamanı götürür, digər əli qarşıdan gələn insanlara uzanılı yaxınlıqdakı marketə girir. Maşından düşüb ardınca gedirəm. Yox, o, burada dilənmir, eskalatorla aşağıda yerləşən ayaqyoluna düşür.

Müəmma, dilənçi yoxa çıxır

Gözləyirəm. Bir azdan cavan, dar şalvarda, saçları səliqə ilə daranmış bir xanım eskalatorla yuxarı çıxır. Bayaq dilənçi qadının kürəyinə bağlanmış uşağın əlindən tutub. Uşağın başında bu dəfə bahalı papaq var. Dilənçinin bağlaması da gənc qadının əlindədir.

Diqqətlə baxıram, hə, bu odur. Bayaqkı dilənçi qadından əsər əlamət yoxdur. Kassaya yaxınlaşır. Əlindəki selafon paketdən xeyli qəpik və manatlıqlar çıxarır. Kassadakı qızla nə haqdasa danışıb gülür və əlindəki xırda pulları böyüdür. Təxminən 200 manata yaxın edir. Sonra uşağın əlindən tutub bayıra çıxır. Ardınca gedirəm. Metronun girəcəyindən bir qədər kənara keçdikdə yaxınlaşıb salam verirəm.

Çevrilib baxır, dayanıb baxdığımı görüb, salamımı almadan soruşur:

- Nə lazımdır?

Day-day, bir şey alınmır

Çaşıram. Onunla söhbət etmək istədiyimi necə deyim? Bir başa mətləbə keçirəm:

- Sən bayaq orda, metrodan bir qədər aralıda dilənmirdin?

- Sənə nə qalıb?

- Heç, elə-belə dedim. Gəncsən, gözəlsən... və dilənirsən. Niyə?

- Sənin nə borcuna axı?

Həmin acıqlı səslə eyni sözləri deyir. Amma getmir, dayanıb üzümə baxır. Söhbətə tutmaq və az qala yalvarmaq istəyirəm ki, acıqla danışıb səsini qaldırmasın. Axı çox gəncdir, həm də ətrafda insanlar çoxdur. Kim necə başa düşər? Elə fikirləşdiyim olur. İki gənc irişir:

- Day-day, bir şey alınmır?

Gənc qadın ayaq saxlayır:

- Ahıl adamsan, görürsən camaat nə fikirləşir.

İndi yoldaşım gələcək

- Xanım, səni hər dəfə burda görürəm. Sonra girirsən marketə və birdən yoxa çıxırsan. Maraqlandım. Sənin kimi taleləri olanlardan yazıram, ona görə yaxınlaşdım. Pis başa düşmə.

Deyilən kimidir. Acıqlı olması gənc olmasına heç yaraşmır.

- Mənim taleyimə nə gəlib? İşim-gücüm, evim, uşağım var. Get. Zəng etmişəm, indi yoldaşım gələcək.

- İşim-gücüm var, deyirsən, amma dilənirsən.

- Əcəb edirəm, sənə nə? - az qala çımxırır.

Çox pis olmuşam. Qadının bu qədər gözəl və yaraşıqlı olması da çaşdırıb məni. Kim düşünə bilər ki, bu qadın təxminən yarım saat qabaq nimdaş uzun ətək paltarda dilənirdi? Amma söhbətimi də yarımçıq qoymaq istəmirəm.

- Yaxşı edirsən e... Dilənirsənsə, demək, burda ayıb bir şey görmürsən, hər kəs çörəyini bir yolla qazanır. Mən, dedim axı, müxtəlif adamların taleyindən yazı yazıram, ona görə sizə yaxınlaşdım, - deyirəm və əlindən tutduğu qızın başındakı papağın qotazını sığallayıram: - Qəşəng qızınız var, adı nədir?

Deyəsən uşağı haqda xoş söz deməyim əsəbini yatırdı.

- Evdə baxan yoxdur. Ona görə də özümlə gətirirəm.

- Amma mən elə bildim, uşağı ona görə gətiribsən ki, sənə yazıqları gəlsin. Axı körpəyə daha çox yazıqları gəlir. Həm də elə adamlar var, tək olsan sənə ağır söz deyər. Yoxsa uşağı bağçaya da qoya bilərsən.

Yekəqarın kişi

Canıyananlığım söhbətimizin baş tutmasına təkan verir. Səsindəki acığı, hirsi elə bil əsən soyuq külək götürüb aparır:

- Sən məndən heç nə yazma. Onu düz deyirsən. Bir dəfə yekəqarın bir kişi mənə pis söz dedi. Söydüm onu.

- Nə dedi?

- Dedi də... İndi sənə niyə deyim ki, onun dediyini...

Uşağının əyninə əl gəzdirir, sonra da öz saçına sığal verir. Artıq kənardan baxanlar bizi eyni adamlar kimi görə bilər. Hələ də adını öyrənə bilmədiyim qadına:

- Mən təxmini bilirəm o yekəqarın sənə nə deyib, - deyirəm.

- Bilərsən, çünki siz kişilər hamınız eyni tipsiz.

- Yəqin deyib ki, görəsən bunun yiyəsi yoxdur dilənir?

Sifətindəki ironik təbəssüm mənim sadəlöhvlüyümdən xəbər verir. Uşağının əlindən daha möhkəm tutur:

- O söz nədir ki, ona görə də ona cavab verəm. Özü də elə adamlar var ha, onlar çox pis davranırlar. Düzdür e, heç vecimə də almıram, amma eləsi var ki, onun cavabı verilməlidir. O adam isə tərbiyəsizin biri idi.

Dedim onda get arvadına ver 30 manatı

Özümü daha şirin göstərmək cəhdim baş tutur:

- Sən mənim canım, o yekəqarın sənə nə demişdi?

- Dedi ki, bu soyuqda durunca mənimlə gedək, yeyək-içək, 30 manat da verim. Ona bilirsən nə dedim? Soruşdum ki, arvadın var? Dedi, bu boyda kişinin arvadı olmaz? Dedim, onda get arvadına ver o 30 manatı, yoxsa xəbərin olmaz, başqası 50 manat verib aparar. İstədi məni vura, yanındakı adam qolundan tutub çəkdi, dedi, bunlara niyə fikir verirsən ki?

Söhbətimiz alınırdı. "Azadlıq prospekti" metrosunun külək tutmayan tərəfinə keçir. Uşağının şərfini bərkidir. Yenə də yanında durmuşam. Yenə də "get" demir. Bu dəfə özü danışır:

- Mən oxumuşam e. "Doşkolnını" bitirmişəm. Hələ bağçada da işlədim bir az. Sonra ərə getdim. Və keçdim bu işə. Amma səni and verirəm, əziz canına. Yazmazsan.

- Ta yazmaramsa niyə danışdırıram ki... Sadəcə adını və haralı olmanı yazmaram. Sən dedin, ərə gedəndən sonra bu işə keçdin. Guya ərizə-zad veribsən dilənçilik üçün, CV veribsən. Heç adını da demirsən.

- Neynirsən adımı? Onsuz da adımı yazmayacaqsan, niyə soruşursan? Ürəyin istəyən adı de...

- Yaxşı, demirsən demə. Amma necə oldu bağçadan çıxdın? Adamlar xərc tökür orada işləmək üçün.

- Bağçada nə edirdim ki, maaş yox, dolanışıq yox, axşama qədər onun-bunun uşağının dalını yuyurdum. "Mamaşalar" da pulu gətirib müdirəyə verirdilər. Məndən də işə düzələndə pul almışdılar.

Ərim dedi, bizdə arvad gedib işləməz, get dilən

Susur. Gödəkcəsinin cibindən dəsmal çıxarıb gözlərinin, ağzının qıraqlarını silir. Sonra sualımın cavabsız qalan hissəsinə aydınlıq gətirir:

- Ailə qurduqdan sonra ərim dedi ki, bizdə arvad gedib işləməz, ayıbdır, nə deyərlər? Ona görə də çıxartdı işdən. Yerimə adam tapdım, pul aldım, yarısını da müdirə xanıma verdim.

- Bəs sonra nə oldu? Boşanıbsan yəqin, dolanışıq çətin olub, bu yola düşübsən?

Gülür, dişləri sədəf kimidir. Dodaqlarına çəkdiyi boyanın fonunda sağlam dişlər daha parlaq görünür.

- Nə yola düşmüşəm ki? Əxlaqsızlıq edirəm? Çörək pulu istəyirəm də. Verirlər versinlər, vermirlər də ki, nə edim, durub qabaqlarında oynayası deyiləm ki... Ərimdən də boşanmamışam. Zəng etmişəm. Yəqin tıxacdadır. Gələr indi.

- Bəs axı ərin səni işdən çıxartdıqdan sonra niyə qoydu dilənəsən?

- Bizdə hamı belədir. Bütün qadınlar dilənib, kişilərini saxlayır.

Sakit danışır və mənim təəccübümə rəğmən, əlavə izahat vermir.

- Çox maraqlıdır...

- Heç də maraqlı deyil...

Soruşuram:

- Ərin qısqanır səni?

- Yox, nəyimi qısqansın? Mən ərimə sədaqətliyəm.

Bakı yollarının tıxacı ilk dəfə olaraq işimə yarayır. Ərinin gəlişinin ləngiməsi mənim gənc dilənçinin həyat hekayətini dinləyə bilməmə yardımçı olur. Məlum olur ki, məcburi köçkündür. 6 yaşı olanda torpaqları işğal olunub. Bakıda oxuyub. Sonra kolleci bitirib. Ailələrinin məsləhəti ilə ərə gedib.

- Ərin işdən gəlir deyəsən, ona görə belə gecikir.

- Yox. O işləmir. Evdə olur, dostları ilə çay içir. Mən, qayınanam və baldızım ailəni saxlayırıq.

- Bəs kişilər?

- Kişilər uşaqların atasıdır.

- Yox, inanmağım gəlmir. Bu, ola bilməz axı...

- Necə ola bilməz, indi sənə yalan danışacam? Biz əslində qaraçıyıq. Amma sənədimizdə azərbaycanlı yazılıb.

Verdiyim suallara cavab verir. Sanki bayaq acıqla məni qovmaq istəyən adam deyil.

- Heç ürəyindən keçir ki, dilənməyəsən?

- Bəs onda bu uşaq acından ölər ki, - əyilib balasının üzündən öpür.

- Yox e, bax görürsən, cavan qadınlar necə xoşbəxtcəsinə gəzir, sən də onlar kimi olmaq istərdinmi?

Bir qədər yanımızdan keçənlərə baxır. Ah çəkir. Səsində kədər var, qayğı, iztirab hiss olunur:

- Hamının dərdi var, bax indi səndən, tualetə baxan qadından və kassada oturan o xanımdan başqa heç kəs bilmir ki, mən dilənirəm. Səninlə söhbət edirəm. Fikirləşirlər ki, yəqin bir ailəyik. Bu uşaq da sənin nəvəndir və biz xoşbəxtik, düzdür?

Sualını cavabsız qoyuram. Yenə də sualıma dəqiq cavab istəyirəm:

- Yəni heç istəməzsən ki, ev xanımı olasan?

- İstəyərəm. Niyə istəmirəm ki... - Fikrə gedir, saatına baxır, - indiyə gəlməliydi axı, yoldaşım... – narahatdır.

- Madam ev xanımı olmaq istəyirsən, onda ərinə de ki, işləsin.

- Bizim kişilər işləmir. İşləsəydilər, belə olmazdıq ki...

Mövzunu dəyişirəm:

- Orta məktəbdə, sonra kollecdə oxuyubsan, diləndiyin müddətdə tələbə yoldaşlarını görübsən heç?

- Hə. Ərə gedəni də var. İşləyəni də... onlar xoşbəxtdirlər. Düzdür, mənimlə müqayisədə kasıbdırlar. Amma xoşbəxtdirlər.

Sənə yazıqlığım gəldi

Sonra mənim haqda xoş söz deyir:

- Sən yaxşı kişisən, gözlərində dərd var, görürəm. Amma hamı sənin kimi deyil. Sənə yazıqlığım gəldi bayaq.

- Nə vaxt, nəyə görə? – maraq məni götürür.

- Oğlanlar sənə söz atanda, sifətinə baxdım, gördüm, xəcalət çəkirsən. Ona görə özümü elə apardım ki, guya qohumuq. Dayandım ki, pis olmayasan.

Bezmişəm

Bu dilənçi gördüyüm, danışdırdığım, haqqında yazdığım dilənçilərdən çox fərqlidir. Hələ bir az da mütəəssir oldum:

- Gəl açıq danışaq, bax, bir azdan ərin də gələcək, vaxtımız olmayacaq söhbət etməyə, bu həyat səni bezdirməyib?

- Bezdirib. Bir dəfə iş gəzdim, evdə də dedim ki, işləyim, işdən sonra haradasa dilənərəm. Axır ki ərimi razı saldım. Böyük bir marketə getdim. Cavan adam idi. İş istədim, "götürərəm" - dedi. Dedi, gəl, söhbət edək, şərtləri deyim. Apardı kabinetə. Oturdu kreslosunda, katibəsini çağırdı. Dedi, çay gətir. Sonra katibəsinə dedi ki, kürəyimi soyuq aparıb. Ovxala. O da ovdu. Gedəndə arxasına şillə də vurdu. Qız da gülə-gülə otaqdan çıxdı. Dedi, bax, mənim işçilərim arada məni belə ovxalayır. Bacarsan, səni də götürüm, işlə. Dedim, fikirləşərəm, getdim və başladım dilənməyə.

- Sən pisinə rast olubsan.

- Bəlkə də... Rastıma çıxan yaxşı adamın da imkanı, obyekti olmayıb.

- Bəs bu yorucu, ona-buna ağız açıb, "uşaq da acdır" deyə miskin formaya düşməkdən əl çəkməyin bir yolu da olmalıdır, axı?

- Bezmişəm. Amma nə edim?..

Söhbətə tutdum ki, görsünlər yanımda adam var

Telefonuna zəng gəlir. Açıb baxır və söndürür. Uşağın əlindən yapışır.

- Niyə cavab vermədin?

- Yoldaşım gəlib də, zəngə cavab versəm, kontur gedər axı. Bizim işarəmiz var, iki dəfə ard-arda "vızov" versə, demək gecikir, 3 dəfə etsə, demək, gəlməyəcək.

- Bəs sən onu çağıranda nə edirsən?

- Eləcə, "vızov" atıram, bilir ki, gəlmək lazımdır. Amma həmişə iş sonu saat 7-də gəlib aparır. "Vızova" ehtiyac qalmır. Bu gün toya gedəcəyik deyə, tez gedirəm.

Elə bu zaman yaxınlıqda "Mersedes" dayanır. Cavan yaraşıqlı oğlan düşür, uşaq atasının qucağına qaçır.

Qadın məni göstərib:

- Yaxşı kişidir. Yazı yazmaq istəyirdi məndən. Razı olmadım. Söhbətə tutdum ki, görsünlər yanımda adam var, söz atmasınlar...

Tarix
2015.01.16 / 09:20
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla