Yuxarı

Puşkinin madonnası - Niderland səfirinin agenti...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Məşhurların şəxsi həyatı" layihəsində

1837-ci ildə Puşkinin ölümündən sonra dul qalmış Natalya Nikolayevnaya qarşı ittihamlar yağışı başladı. "Sən bütün dünyanın üz qarasısan, satqınsan və şairin arvadısan".

Otuz yaşlı şair belə səhv edə bilərdimi?

İllər, əsrlər keçir, fəqət Natalya Qonçarovanın adını sakit buraxmırlar. "Yalnız – gözəl, sadəcə - gözəl; ağıl, qəlb, ürək və istedadın qüsursuz nümunəsi. Qılınc kimi kəsən çılpaq gözəllik. Və nəhayət, məhv etdi". Marina Svetayeva Natalya Nikolayevna haqqında belə yazırdı.

Puşkinin zövcəsini açıq-aşkar sevməyən Anna Axmatova onu "duel qabağı əhvalatda Gekkernovun əlbiri", Niderland səfirinin "agenti" adlandırır.

Və bütün bunlar hamısı Puşkinin "mənim Madonnam", "saf füsünkarlığın saf nümunəsi" adlandırdığı bir varlıq haqqında idi?! Otuz yaşlı şair belə səhv edə bilərdimi? Kimi vəsf etdiyini, kiminlə evləndiyini görmürdümü?

Parlaq dul qadın...

Puşkin özünün dahiyanə intuisiyası ilə faciəni hiss edirdi. Toydan əvvəl şair nişanlısının anasına yazırdı:

"Yalnız vərdiş və davamlı yaxınlıq mənə sizin qızınızın bağlılığını bəxş edə bilər; mən zamanla onu özümə bağlayacağıma ümid edə bilərəm, ancaq məndə onun xoşuna gələ biləcək heç nə yoxdur; əgər o, mənimlə evlənməyə razı olsa, mən bunda yalnız onun qəlbinin sakin etinasızlığını görəcəm... O, peşman olmaz ki? Mənə onu yalanla ələ almış biri kimi baxmaz ki? Mənə qarşı ikrah hissi duymaz ki? Allah şahiddir ki, mən onunçün ölməyə belə hazıram, fəqət onu elə ertəsi günücə özünə yeni həyat yoldaşı seçmək azadlığı olan parlaq bir dul qadın kimi qoyub getmək üçün ölmək..."

Onu parlaq bir dul qadın kimi qoyub getmək üçün ölmək – evlənmək üçün yaxşı motivdir! Şair sanki faciəli sonluğu lap əvvəldən hiss edir və sanki mövhumi şəkildə pis əlamətləri izləyirdi: bax, nikah mərasimi zamanı kilsədə üzərinə ikona və ya dua kitabları qoyulan hündür stoldan xaç və İncil düşür; budur, şamlar keçir. "Bütün bunlar pis əlamətlərdir!" – bət-bənizi ağarmış Puşkin deyir. Lakin qorxunc əlamətlər nə qədər çox olurdusa, taleyə qarşı getmək istəyi də bir o qədər güclənirdi.

Türk gilizləri altında

"Ölümlə təhdid edən hər şey ölüm ürəyi üçün anlaşılmaz həzz ehtiva edir" – sən demə, bunları o özü haqda deyirmiş! Və həmişə taleyə qarşı cəsarətlə, mərd-mərdanə, bir kişi və bir zadəgan kimi addımlayırdı: duelə çıxır, türk gilizləri altında çapır, qaraçılarla avaralanır, kart oynayır və uduzurdu…

"Döyüşdə bir həzz var, ölkədə qaranlıq dərin uçurum..." Dərinlik, qaranlıq uçurum şairi həmişə başdan çıxarır, valeh edirdi. Rusiyanın birinci gözəli ilə evlənmək isə elə həmin uçurumun özü deyildimi? Fəqət sakit, səssiz var olmaqdansa, dərin uçuruma doğru getmək daha yaxşıdır. O səssizlik şair üçün deyildi! Və o öz seçimindən heç vaxt təəssüflənmir. Çünki bu bir şairin və bir dahinin seçimi idi.

"Mən səninlə evlənməli idim, çünki bütün ömrüm boyu sənsiz xoşbəxt ola bilməzdim", - toylarından üç il sonra şair arvadına yazırdı.

Natalya Nikolayevna da Puşkin kimi adi ailədə doğulmamışdı. Ana nənəsi gözəl Ulrika rotmistr (çar ordusunda atlı qoşun hissəsində və jandarmeriyada kapitana bərabər zabit rütbəsi - tərc.), Liflyandiyada yaşayan Karl Lipxart və Marqaret fon Fitinqoffun qızı idi, İsveç baronu Moris fon Posseyə ərə getmişdi. Lakin qızları dünyaya gəldikdən sonra cütlük ayrılır və knyaz Potyomkinin sevimlisi İvan Aleksandroviç Zaqryajski Ulrikanı Peterburqa aparır.

Zaqryajskinin Rusiyada artıq ailəsi – arvadı, oğlu və iki qızı var idi. Əməlli-başlı qalmaqal qopandan sonra İvan Aleksandroviç gözəl Ulrikanı öz ailəsinin himayəsində qoyub Moskvaya yola düşür. Ulrika, çox güman ki, sarsıntıdan tezliklə, otuz yaşında dünyasını dəyişir və dünyaya gətirdiyi qızı Natalyanı isə Zaqryajskinin qanuni arvadı öz doğma övladı kimi tərbiyə edir.

Peterburqda Zaqryajski bacıları cəmiyyətə Natalya ilə birlikdə çıxırdılar. Nüfuzlu bibiləri Natalya Kirillovna Zaqryajskinin himayədarlığı sayəsində bacıların hamısı I Aleksandrın xanımı imperatriçə Yelizaveta Alekseyevnanın saray xanımları mühitinə daxil olmuşdular. Natalya İvanovna saraya elə tez öyrəşdi ki, tezliklə imperatriçənin sevgilisi - kavalerqard (çar ordusunda qvardiya süvari hissələri tərkibinə daxil olan polklardan birinin əsgər və ya zabiti – tərc.) Oxotnikovu öz əlinə alır. Oxotnikov teatrdan çıxarkən qətlə yetirildikdən sonra Natalya İvanovnanı tələsik Kətan zavodunun sahibkarının oğlu Nikolay Afanasyeviç Qonçarova ərə verirlər. Nikah mərasimində I Aleksandr başda olmaqla bütün imperator ailəsi iştirak edirdi.

Eynən atası kimi

Natalya İvanovna təhsilli, ağıllı və yaraşıqlı həyat yoldaşını sevmirdi və bütün evlilik həyatı boyu tədricən ruhdan düşüb səfilliyə doğru yuvarlanırdı. Həyatının sonuna yaxın sərxoşluğa qurşanmış, əxlaqsızlığın dibinə bataraq lakeylərlə əlaqələrdən belə çəkinmirdi. Əri bu həyata dözə bilməyib ağlını itirir, dəli olur. Çılğın və sərt xarakterli Natalya İvanovna qızlarına qarşı da çox amansız rəftar edirdi: onları bağlı qapı arxasında saxlayır, acından öldürür, şilləlləyərək cəzalandırırdı. Bütün bunlar, təbii ki, bir-birindən çox fərqlənən qızların xarakterində əks olunmaya bilməzdi. Böyük qızı Yekaterina anasına çəkmişdi – temperamentli və dalaşqan idi; ortancıl Aleksandrina xeyli sakit, kiçik qızı Natalya isə sakit, az danışan və bir qədər də özünə qapalı idi, eynən atası kimi...

Natalya çəkingən və utancaq bir qız kimi böyümüşdü. Şairə olmağı arzulayırdı. Elə məhz bu səbəbdən də ölkəsinin dahi şairi Puşkin on altı yaşlı bu qızın qarşısında dayananda onu sanki yarımallah sandı. Şairin diqqəti və heyranlığından qürurlanan gənc qız xoşbəxtlikdən işıq saçaraq öz qəlbini ona verir – dərhal və həmişəlik. Təbii ki, Natalya onu öz temperamentinin imkan verdiyi kimi sevirdi – sakit və təmkinlə, heç bir artıq emosiyalar olmadan. Puşkin isə özünün cənublu xarakterinin bütün çılğınlığı ilə, ehtirasla sevirdi. Ancaq əsas çətinlik bunda deyildi…

Bir nömrəli şairin bir nömrəli xanımı

Ta qədimdən görmüşük ki, xoşbəxtlik həmişə insan həsədinin hədəfinə çevrilir. Mütləq xoşbəxtlik isə başqaları tərəfindən eyni dərəcədə mütləq paxıllıqla qarşılanır. Belə bir xoşbəxtlik üçün Puşkinlərin hər şeyi var idi: o, Rusiyanın bir nömrəli şairi idi, arvadı isə bir nömrəli gözəl xanımı. Bu, çoxlarını qıcıqlandırırdı. Narazılar arasında I Nikolay da var idi.

Çar Puşkini sevmirdi, ancaq o, ağıllı adam idi və şairin cəmiyyətin həyatında necə bir rol oynadığnı yaxşı başa düşürdü. O, Natalya Nikalolayevnanın gözəlliyinə də laqeyd deyildi. Onu daima sarayda görmək üçün çar Puşkinə kamer-yunker (inqilabdan qabaq Rusiyada kamergerdən kiçik olan saray rütbəsi – tərc) rütbəsi verir.

İmperator istəyir...

"Srağagün mən kamer-yunker rütbəsinə layiq görülmüşəm (bu, mənim yaşıma qətiyyən münasib deyil)", —Puşkin 1834-cü il yanvarın 1-də gündəliyinə yazırdı. — Ancaq saray Natalya Nikolayevnanın Aniçkov sarayında rəqs etməyini istəyir…"

"Saray istəyir" – bu ifadəni "imperator istəyir", - deyə amlamaq lazımdır. Əlbəttə, həm də Natalya istəyirdi. Onun cəmi iyirmi iki yaşı vardı, gəncdi, gözəldi, kübar cəmiyyətində parlamaq, heyranlıqla dolu baxışları üzərində hiss etmək istəyirdi. Odur ki, ərinin kəndə getmək təklifini hiddətlə qarşılayır: "Çox gözəl yerdir! Küləyin vıyıltısını, saatların döyüntüsünü, canavarların ulaşmasını dinləmək. Sən ağlını itirmisən!"

Puşkin arvadına güzəştə gedir, ancaq əzab çəkir, çünki ballar və dəbdəbəli libaslar çox böyük xərclər təlləb edirdi. O isə getdikcə daha da artan borcun içində batırdı. Çar Puşkini məhkəməyə verir və bununla da onu özündən asılı vəziyyətə salır. O, tələb edir ki, Puşkin bütün saray tədbirlərində xanımı ilə iştirak etməlidir. Puşkin özünün bütün ailə çəkişmələrinin günahkarı sandığı I Nikolaya qəzəblənir, Natalyanı ona qısqanırdı. "Çarın yanında çox əzilib-büzülmə..." - şair 1833-cü ilin oktyabrında Boldindən arvadına yazırdı. 1834-cü ilin yayında isə daha dəqiq ifadə edir: "... mən elə sarsılmışdım ki, nə iləsə fikrimi dağıtmaq lazım idi. Hər şeydə o (çar) günahkardır..."

Puşkin bir an olsa belə öz Natalyasının məsumluğuna və sədaqətinə şübhə etmirdi. O, qayınanasına yazırdı: "Mənim arvadım çox gözəldir və getdikcə bu əziz, saf, mehriban varlığı daha çox sevirəm. Mən Tanrı qarşısında heç nə ilə ona layiq deyiləm".

Lakin Natalya Nikolayevnanın özünə yazılmış məktublarda gizli həyəcan hiss olunur. Həm də bu həyəcan arvadından daha çox özünə, öz ad-sanına görə idi. Şairin adı isə həqiqətən də təhlükə altında idi. Qonçarova nə qədər təmiz və günahsız olsa da, çarın açıq-aşkar onun yan-yörəsinə keçməsi şayiələrin yayılmasına əsas verirdi. Yox, gənc çütlüyün səadətini bağışlamaq olmazdı, elə şairin özünü də bağışlamaq olmazdı: o, hər bir hərəkəti ilə, söhbətləri, şeirləri ilə kübar "cəmiyyətinə" meydan oxuyurdu.

Ən son eşidən adam

Puşkinin Natalya Nikolayevnaya ünvanladığı məktublar getdikcə daha narahat və gərgin olmağa başlayır: "Əzizim, - o, 1836-cı ilin mayında yazırdı, - bəzi söz-söhbətlər gəzir, mən tam mənasi ilə nə olduğunu bilmirəm. Çünki ər, adətən öz arvadı haqqında gəzən şayiələri şəhərdə ən son eşidən adam olur; ancaq görünür, sən öz naz-qəmzən və amansızlığınla kimisə elə bir ümidsiz vəziyyətə çatdırmısan ki, o, çarəsizcəsinə süni gözəllərin hərəmxanasında özünə təsəlli tapır…"

Lakin tezliklə Puşkinin özü ümidsiz və çarəsiz vəziyyətə çatdırılır. Çardan asılılıq, pulsuzluq, borclar, böhtan və şayiələr şairi bu həddə gətirib çıxarır. Və Puşkin üçün ən çətin, ağır bir zamanda Dantes meydana çıxır. Onun şairin ölümündə nə kimi rol oynaması haqqında az yazılmayıb. Ancaq yenə də müəyyənlik və aydınlığa ehtiyac var.

Şairin ölümünün əsas günahkarı

Bəlkə də Dantes bu dünyanın gücləri tərəfindən Puşkinə cəza vermək üçün yalnız bir vasitə idi. Axı Jorj Dantes kimi hər şeyi ölçüb-biçən bir şöhrətpərəstin rus sarayındakı parlaq karyerasını bir qadın üçün alt-üst etməsinə inanmaq çox çətindir. O, çox gözəl bilirdi ki, Puşkinlə duelə çıxdıqdan sonra vəzifəsindən çıxarıb Rusiyadan geri göndərəcəklər, necə ki, elə də oldu... Bəlkə də Dantes Puşkina ilə münasibətə qərar vermiş çarın "örtüyü" idi. Dantes, əlbəttə ki, öz rolunu oynayır, lakin bir şey yəqindir: şairin ölümünün əsas günahkarı o deyildi.

"Puşkinin ölümünün səbəbkarı ayrı-ayrı şəxslər deyildi – tək-tək götürüldükdə nə Dantes, nə Gekkern, yaxud da nə Nesselrode... Qatil cəmiyyətin siyasi və silki etiqadını amansızcasına damğalayan və özünün zəhərli, ölməz sarkazmlarını düz onların üzlərinə çırpan şairin qatı düşməni olan Peterburq kübar mühiti idi".

İndi isə tapın – bu sətirlər kimə məxsusdur: Puşkinin dostunamı, pərstişkarınamı? Qətiyyən yox! Bunu Dantesin kuzeni, sekundantı (duel şahidi – tərc.) və çətin ki, şairin tərəfini tutacaq vikont (Fransa və İngiltərədə zadəgan rütbəsi – tərc.) Arşiak yazırdı. "Bəli, əlbəttə, onu kübar cəmiyyəti məhv etdi – P.A.Vyazemski A.O.Smirnovaya məktubunda baş verənləri belə dəyərləndirirdi. – Lənətə gəlmiş məktublar, lənətə gəlmiş şayiələr hər tərəfdən onun üstünə yağırdı. Fəlakətin bir səbəbi də onun çılğın və qapalı xarakteri idi..."

"Sənin heç bir günahın yoxdur"

Məgər təəccüblü deyilmi ki, Puşkinin bilavasitə qatillərinin "günahını alıb" gözəl arvadının, dörd uşaq anasının boynuna qoyurlar? Halbuki Puşkinin özü son nəfəsinədək Natalyanın məsumluğuna zərrə qədər də olsa, şübhə etmirdi. Ölümcül yaralanmış Puşkini evə gətirəndə o, arvadını görüb deyir: "Mən necə də şadam ki, səni bir daha görürəm və sənə sarıla bilirəm! Mənim əzizim, nə olur-olsun, sənin heç bir günahın yoxdur və sən özünü günahlandırmamalısan!"

Jukovski də S.L.Puşkinə məktubunda şairin son saatlarından danışarkən bunu təsdiq edir: "Arvadım burdadır, - o dedi. – Onu aparın. Yazıq məsumcasına hər şeyə dözür! Onu məhv edəcəklər".

Natalya Nikolayevnanı hamıdan daha yaxşı tanıyan şairin özünə inanmaq olardımı? Amma inanmadılar, ittiham etdilər. "Müşahidəçilər" onun haqqında ballarda gördüklərinə əsasən mühakimə irəli sürürdülər. Çünki bu "təkəbbürlü", "laqeyd" gözəl ballarda parlayırdı. Bəlkə bütün bu kübar "qaragürühü" ilə elə təkəbbürlü olmaq və meşşan yelbeyinlərin güllələrini özünə yaxın buraxmamalı, I Nikolayın və Dantesin nəvazişlərinə cavab verməməli idi? Azacıq sayıqlığı zəifləyir, bir anlıq unudur, gülümsəyir və dərhal – çirkin pıçıltılar, istehzalı təbəssümmlər, şayiələr...

Natalya isə elə təcrübəsiz, elə sadəlövh idi ki, heç nəyi gizlətmədən hər şeyi ərinə danışırdı – kim nəvaziş göstərdi, kim məktub yazdı... hər şeyi danışır, həm də kimə (?) - afrikalı Otelloya! Müqəddəs sadəlik məhz budur! O, arvadına inanır, onu heç kəsin anlamayacağı qədər anlayır: "Sənin qəlbini isə üzündən daha çox sevirəm". Amma eyni zamanda da özü ilə bacara bilmir, kobudluq edir, despot kimi davranır, qısanclığı ilə göz yaşlarına səbəb olurdu...

Bir də deyirdilər ki, onun çox yarıtmaq evdarlığı var idi. Ancaq bu "pis sahibə" əri uzun müddətə Peterburqda olmayanda böyük evi təkcə idarə edir, uşaqların tərbiyəsi ilə məşğul olur, kreditorlarla danışıqlar aparır, "Sovremennik" jurnalı üçün kağızları axtarıb tapır, naşirlərlə danışıqlar aparırdı və s.

Ən çətin vaxtlarda, kreditorlar Puşkini sıxma-boğmaya salanda isə qardaşı Dmitriyə məktub yazıb kömək göstərməsini xahiş edir. Məhz bu məktublar onun ərinə olan münasibətini hər sözdən daha gözəl ifadə edir. Budur, 1836-cı il tarixli məktubdan bir parça:

"Mən hər cür xırda təsərrüfat qayğıları ilə ərimi narahat etmək istəmirəm, onsuz da görürəm ki, o, necə kədərli, necə çarəsizdir, gecələr yata bilmir və təbii ki, belə vəziyyətdə bizi yaşamaq üçün lazımi şəkildə təmin edəcək qədər işləyə də bilmir: yaza bilməsi üçün onun başı "ayıq" (qayğılardan uzaq –tərc.) olmalıdır... Ərim öz nəzakət və təmənnasızlığını dəfələrlə mənə sübut edib və mənim də öz tərəfimdən onun vəziyyətini yüngülləşdirməyim tamamilə ədalətli olar; uzağı sənin mənə təyin edəcəyin məbləğ uşaqlara xərclənəcək. Bu isə çox xeyirxah məqsəddir... "

Natalya Nikolayevnanın ərinin yaradıcılığına qarşı laqeyd olmasına dair söylənilən ittihamlar da mənasız səslənir. Əksinə, Puşkin ona yazdığı məktublarda bütün ədəbi işləri barədə ona ətraflı məlumat verir.

Natalya Nikolyevna Puşkinlə ailə quranda çox gənc və təcrübəsiz idi. Onun bir qadın kimi tam mənasıyla çiçəkləndiyi dövr yalnız otuz yaşında başlayır... Təəssüf ki, o vaxt artıq Puşkin həyatda yox idi.

Lakin onun bir qadın kimi ən gözəl keyfiyyətlərini ikinci əri – general Lanskoy tam mənasıyla qiymətləndirə bilir. O, arvadına pərəstiş edir, dörd bir yanını onun portretləri ilə bəzəyir, Natalya da ona səmimi sədaqətlə cavab verirdi.

Rahat ol, heç bir fransız məni...

Budur, bu da artıq yetkinləşmiş, həyatın amansız sınaqlarından keçmiş bir qadının ərinə yazdığı məktub:

"Mənə elə gəlir ki, sən qısqandığını sübut etmək istəyitsən. Rahat ol, heç bir fransız məni öz rusumdan uzaqlaşdıra bilməz. Boş, mənasız sözlər sənin məhəbbətin kimi bir sevgini əvəz edə bilməz. Tanrının yardımı ilə sənə belə bir hissi təlqin edərək onun üstə əsirəm. Mən indi müvəffəqiyyətdən başım gicəllənəcək yaşda deyiləm. Elə düşünmək olar ki, mən bu 37 ili boş-boşuna yaşamışam. Bu yaş qadına həyat təcrübəsi verir və mən sözə əsl qiymətini verə bilirəm.

Allaha və həyat yoldaşına olan sevgidən başqa hər şey boş, mənasız bir şeydir. Həm də ələlxüsus əgər o həyat yoldaşı mənim ərim kimi sevirsə… Mən səndən razıyam, sən də məndən. Ətrafda nə isə aramaq nəyimizə gərəkdir…"

Puşkin onu bu cür tanımırdı – gənc, təcrübəsiz qız kimi deyil, alicənablıq və nəciblik, sakin bir ləyaqətlə dolu yetkin bir qadın kimi tanımırdı.

Və buna ancaq təəssüf etmək olar.

Tərcümə etdi: Təhminə C.B.

Tarix
2015.01.23 / 08:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Siyarto bu gün Azərbaycana gəlir

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla