Yuxarı

Samirə: “Ermənilər taleyimə möhür vurdu”

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təxminən səkkiz ilə yaxın vaxt keçir Samirəni gördüyümdən... Heç nə dəyişməyib. Yenə o nurlu sima... Yenə o səs...

- Kitab gətirmisənmi?

İllər əvvəl bir kitab vermişdim ona. "Saxlayıram, - deyir. - Bir nəfər məndən apardı, oxudu, sag olsun, səliqəli də gətirdi".

...Cəbrayılda anadan olub. İndi Bakının Hövsan qəsəbəsində yaşayır..

Deyir, qaygısız uşaqlığım keçib. Xoşbəxt ailəmiz olub. Anamın əlindən tutub şənliklərə, toylara getmişəm, uşaqlarla oynamışam. Çoxları kimi... Təəssüf, 6 yaşından sonra xəstəliyə düçar olub.

46 yaşı var... 46 il yaşadığı dünyanın 36 ilini yataqdadı, ayağa qalxa bilmir...

Yataqda olmasını, xəstəliyini belə izah edir: "Etmədiyim cinayətə görə məhkum olunmuşam. Mənim nə günahım var? Ev dustağıyam. Dustaq necə olur? – elə mənim kimi. Hündürdaban ayaqqabıları çox sevirəm. Qadını gözəl göstərir axı. Yeriyə bilsəm, hökmən hündürdaban ayaqqabı geyinərdim..."

Onun danışmagını istəyrəm. "Sən danış, mən dinləyim", - deyirəm. O qədər rəvan, məntiqli, maraqlı danışır ki... "Mənim anam müqəddəsdi. Mənin anam başqa anadı. O, mənimçün çox əziyyət çəkib, ömrünü mənə həsr edib..."

Anasına baxır, gözləri dolur...

Əli ilə televozoru göstərir. Televizor onun baxdığı yeganə əşyadı.

"Mikayılın verlisinə baxıram. Daimi tamaşaçıyam axı. Zəng edirəm. Bir dəfə dedim ki, reklam elediyiniz ütü çox gözəldi. Bizim evdə də var. Mikayıl dedi, Samirə xanım, gəlin, hansını istəyirsiz, verim. Deyə bilmədim ki, gələ bilmirəm. Gələ bilsəydim, gəlib verlişə canlı qulaq asardım..."

"...Birdən fikirləşirəm, öz-özümə deyirəm, ay Allah, elə də iş olar? Azərbaycan gör nə qədər yerə bölünüb? Dərbənd bizimdi, bizdə deyil, İrəvan bizimdi, bizdə deyil, Qarabag bizimdi, bizdə deyil... Hələ nə qədər. Yaş artdıqca torpaq adamı daha da çəkir. Heyf deyildi Cəbrayıl, kaş orda olaydıq. Vətəndə... Yazarsan, mənim köçkün, qaçqın olduğumu yazarsan..."

Samirə 20 yaşında müalicəyə gedib - Moskvaya. 1989-cu ildə. Qarabağ müharibəsinin ölkəni bürüyən vaxtları. Samirənin xəstəliyinin müalicə olunmasına ümid olub.

"Moskvaya getmişdik. Orda xəstəxanaya İsraildən, Almaniyadan həkimlər gəlirdilər. Xəstələri müayinə edib, hansının müalicəsinə ümid vardısa, seçib aparırdılar. Xərcini özün çəkməliydin. Müalicəmin xərclərinə kömək edən də vardı. Xəstəxanaya hamıdan birinci biz getmişdik. Həkimlər rus, erməni idi. Sumqayıt hadisələri yeni baş vermişdi. Hamını qəbul edirdilər, bizi yox. Lap axıra qaldıq. Axı bizi niyə qəbul etmirlər? Səbəb aydın oldu. Biz Azərbaycandan gəlmişdik. Ona görə də bizi qəbul etmədilər və geri qayıtdıq. Onda mənim taleyim həll olunurdu..."

"...Mən tək deyiləm, yaxşı insanlar var ətrafımda. Mənə dayaq olurlar. Mehriban xanım, Xumar xanım sağ olsun... Bir neçə ailə var ki, onları ailəm bilirəm. Tək deyiləm. Şükür!"

Aktrisa Mehriban Xanlarovanı, mügənni Xumar Qədimovanı deyir. Susur və... "Bu mənim taleyimdi", - deyir.

Danışır... Onun üzündəki nura baxıb, düşüncələrinə qulaq asıb bir söz keçir ürəyimdən: "Sənin nə qədər böyük ürəyin var!"

Tarix
2015.01.27 / 22:23
Müəllif
Mənsurə Qaçayqızı
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla