Yuxarı

Şəhid əsgər: “Bağışla, sonacan döyüşə bilmədim…”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cəbhə xətti" layihəsinin bufəfəki qəhrəmanı Bayram Veysəl oğlu Məmmədov 1963-cü ildə Şəki şəhərində anadan olub. Burda boya-başa çatıb, orta təhsil alıb. 1981-1983-cü illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. 1988-ci ildə ermənilərin yaratdığı mülli münaqişə zamanı onların Şəkidən çıxarılmasında aktiv iştirak edib. O dövrün hakimiyyəti tərəfindən həbs olunaraq, 6 ay azdlıqdan məhrum edilib. Həbs müddəti başa çatdıqdan sonra haqsız yerə cəza aldığını düşünərək Rusiyaya gedib. Hazırda tikintidə usta kimi çalışır. Evlidir, bir övladı var.

Bayramla görüşüb, onun döyüş yoluna birlikdə işıq saldıq:

Vətən şirin şeydi

- Bayram bəy, döyüş yolunuz necə başladı? Bu haqda istərdim danışasız.

- Əvvəla, Sizin sayta təşəkkür edirəm. Sağ olun ki, keçmiş döyüşçüləri yada salırsız, onları unudulmağa qoymursuz. Müharibə veteranlarının sevə-sevə oxuduğu yazılara yer verirsiz. O ki qaldı döyüş yoluma… İnanın, bəzən özümü unuduram. Bir məsələ məni çox narahat edir. Ona görə yox ki, döyüşüb, sağlamlığımı, həyatımı Qarabağ uğrunda gedən döyüşlərdə qoymuşam. Yox, əksinə, buna görə çox rahatam. Mən, minlərlə Azərbaycan övladı kimi vətənimə xidmət etmişəm. Vətənə təmənna ilə xidmət etməzlər. Oğul döyüşmək üçün, vətəni qorumaq üçün doğulub. Məni narahat edən budur ki, bu millət niyə dünəninə, tarixinə, döyüşçüsünə sahib çıxmır?!

Nə isə… mən ilk gündən millətimin azadlğı uğrunda mübarizəyə qatıldım. 1988-ci ildə ermənilərin Şəkidən çıxarılmasında fəal iştirakıma görə həbs edildim. Həbsdən sonra buna etiraz olaraq küsüb ölkəni tərk etdim. Amma qürbətdə qala bilmədim, vətən şirin şeydir, torpaqlarımıza təcavüz daha da güclənmişdi. Artıq müharibə başlamışdı. Ona görə də, 1991-ci ilin əvəllərində Rusiyadan vətənə qayıtdım, könüllü olaraq Birinci Qarabağ döyüşlərinə yollandım. Döyüş yoluma o zaman Şuşa şəhərində olan Şəki batalyonunda başladım.

Elə oğlanlarımız şəhid oldu ki…

- Mümkünsə, deyin, ilk döyüşünüzü necə xatırlayırsız?

- İlk döyüşüm Şişqayada oldu. Həmin döyüşdə çoxlu itki verdik. Yaralıları, şəhid olanları daşımışıq, yüksəklikdə mövqe tutub, ora mərmi qaldırmışıq. Çətin idi. Elə zülmlər yaşamışıq ki, danışmaq olmur, yadıma salanda indi də bir təhər oluram! Daşaltı kəndində döyüşlərimiz olub, ordan da çoxlu sayda şəhid və yaralılar çıxarmışıq. Şəhid olan əsgərlərimizin vəziyyəti məni dəli edirdi. Kiminin başı, kiminin qolu, kiminin tək ayağını, əlini tapırdıq. Lənət olsun ermənilərə, elə oğlanlarımız şəhid oldu ki… Bəzilərinin heç bir parçasını da tapa bilmədik ki, dəfn edək.

300 nəfərdən cəmi 30 nəfər salamat qaldı

Susur. Fikrə gedir. Mane olmuram. Siqaret yandırır, yenidən danışır:

- Sizə bir xatirə danışım. Laçın rayonundan Tofiq adlı bir əsgərimiz vardı. O məni demək olar ki, ermənilərin əlindən aldı. Bizə hücum etmək əmri gəldi. Əvvəlcədən kəşfiyyat getməli, vəziyyəti öyrənib mövqeləri tutmalıydı. Nə isə, getdik. Əməliyyatda 300 nəfər döyüşçü vardı. Hətta eşşəklərə də silah yükləmişdik ki, yüksəkliyə qaldıra bilək, mövqelərimizdə möhkəmlənib, növbəti tapşırığı gözləyək. Birdən yüz metr məsafədən ermənilərin qəfil hücumuna məruz qaldıq. Atışma başladı. Çox sayda əsgərimiz itkin düşdü, yaralılarımız, şəhidlərimiz oldu. 300 nəfər döyüşçüdən cəmi 30 nəfər salamat qaldıq. İçimizdə xain vardı, bizi satmışdılar, amma həmən bələdçini tapa bilmədik. 100 nəfər öz könüllülərimiz, qalan əsgərlər isə yeni gələnlər idilər.

Qumbara atan erməni...

Bir dəfə də bizi Naxçivanik kəndinə göndərdilər. Mən əsgərlərimiz oturan "Kamaz"ı sürürdüm. Yolda istədim girəm yanacaqdoldurama məntəqəsinə. Yanacaq ehtiyatımız az idi. Elə maşını saxlamışdım ki, bir də gördüm bir erməni dığası qumbaraatanla bizi vurmaq istəyir. Cəld avtomatı götürüb vurdum. Ehtimal etdik ki, ermənilər orda yeyib-içirmişlər. Sonra bunun dostları ordan uzaqlaşıb, bu dığa isə yuxuya gedib qalıb. Biz gələndə isə səsə ayılıb.

Onlar bizim camaatın mal-qarasın güllələmişdilər. Ermənilər ordan qaçıb getməsəydi, hamısını qıracaqdıq.

Əsir götürülmüş şəkili

Bir dəfə də Xromurdda bir ermənini əsir götürmüşdük. Danışanda məlum oldu ki, Şəki ermənisi imiş. Başladım bunu sorğu-sula ki, a bala, burda nə işin var? Qayıtdı ki, biz köçüb Ermənistana getdikdən sonra məni məcbur yolladılar bura, get döyüş, dedilər. Uşaqlar qəzəbli idi, istədilər bunu öldürsünlər, komandir qoymadı: "Bizim ermənidən nə fərqimiz oldu, əsirlərlə davaranış qaydaları var". Və onu göndərdik arxaya ki, əsirlərimizlə dəyişsinlər.

Bağışla, sonacan döyüşə bilmədim

- Bayram bəy, mühasirəyə düşmüsüz, ölümlə üz-üzə gəlmisiz, nə hislər keçirirdiz?

- Qardaş, biz döyüşə girəndə ancaq düşünürdük ki, bu döyüşdə ya ölərik, ya da sağ çıxarıq. İnanın, elə döyüşlər olub ki, batalyonumuzla hücuma keçib, qabağımıza gələn erməniləri alaq kimi biçirdik. Əsir götürdüklərimiz də olurdu. Onları gətirib öz əsirlərimizlə dəyişirdik. Bir sözlə, döyüş zamanı bəzən insan insanlığını itirir. Onlar bizim ana-bacılarımıza nə işgəncələr verirdilər, biz bunu bilirdik, görürdük! Qisas almaq, düşməni məhv etməkdən başqa hansı hiss ola bilərdi? Ağdərədə böyüşərkən, Şəkidən bir əsgər vardı, ermənilər onu snayperlə başından vurdu. Özümü çatdırdım, kömək etmək istədim, gözlərimin içinə baxdı, "bağışla, sonacan döyüşə bilmədim", - dedi. Son nəfəsində özünü, ailəsini fikirləşmədi, döyüşə bilməyəcəyinə təəssüf etdi. O səhnəni unutmaq mümkün deyil.

Xanım döyüşçülər bizdən daha yaxşı idi

- Bayram bəy, döyüşlərdəki kişi əsgərlərimizdən danışdıq, amma istərdim xanım döyüşçülərdən də bəhs edəsiz.

- Kişiylə qadının fiziki gücü təbii ki, bərabər deyil. Amma bizim xanım döyüşçülər həm mənəvi, həm də düşmənə nifrət bəsləmədə kişilərdən geri qalmazdı. Elə döyüşdə də. Onlar nə lazım idisə, onu da layiqincə edirdilər. Xanımlar həm bizimlə bərabər döyüşür, həm yeməyimizi, təmizliyimizi edir, həm də yaralarımızı sarıyırdılar. Bir sözlə, hər şeyi bizimlə bərabər, amma bizdən daha yaxşı yerinə yetirirdilər. Azərbaycan qadını dünyada əvəzsiz qadındır desəm, yanılmaram. Onlar olmasa, biz nə halda olardıq? Düşünün ki, döyüşdə həm silah atmaq, həm də yaralıları daşımaq, şəhidləri hətta mənzillərinə qədər aparıb, valideyinlərinə təhfil vermək böyük qəhrəmanlıqdır, xanımlarımız bunu edirdi.

İndi özümə ağlayıb, yas saxlayan lazımdı

- Döyüşə gedəndə evli idniz. Həyat yoldaşınız "getmə" dedimi?

- Bir övladım da vardı. Amma yoldaşım "getmə" demədi. Atam Şəkinin sayılan kişilərindən idi, zurnaçıydı. O qoymurdu döyüşə gedəm: "Ay bala, səndən başqası yoxdumu bu millətin qeyrətini çəksin?" - deyirdi. Anam isə mənə xeyir-dua verdi: "Onsuz da səni saxlamağa gücüm çatmayacaq. Get, Allah qorusun, salamat qayıt gəl", - dedi.

Mən də dədəmə dedim ki, dədə, mən getməsəm, o getməsə, axı erməni gəlib oturacaq burda...

Getdim, döyüşdüm, peşman da deyiləm. Söz yox, mənim bu dəqiqə çörək almağa imkanım yoxdur, amma hər kəsin yanında alnım açıq, ürəyim sakitdir. Mən döyüşə gedəndə qarşılıq gözləmədən getmişəm.

Bir söz deyim, inan, düz 5 il saqqalımı qıxrmamışam. Bir şəhidimizin 40-ı çıxmamış, başqası şəhid olub. Düz beş il yas saxlamışıq. İndi isə özümə ağlayıb, yas saxlayan lazımdı. Allah bütün şəhid olan əsgərlərimizə rəhmət etsin!

Erməni mərmi atdı, məni cəzalandırdılar

Bayramın döyüş xatirələri bitmək bilmir, yaddaşından silinməyəcək anları bizim də yaddaşımıza köçürür:

- Elə bir vəziyyət yaranmışdı ki, ermənilər Abdal Gülablını aramsız vururdu. Gecələr maşınların işığını belə yandıra bilmirdik. Hərbi hissənin maşınıyla döyüş bölgəsindən gəlirdim. Bir yer var ora çatanda, erməni mərmi atdı. Mərmi mənim idarə etdiyim maşnının arxasına düşdü. Zərbənin təsirindən yolu görə bilmədim, maşın çökəkliyə aşdı. Ağır yaralandım. İndi də ürəyimdə o qəzadan qalan qüsurlar var. Bax, bu hadisəyə görə məni çox incitdilər. Dedilər ki, sən dövlətə ziyan vurmusan, hətta maaşımı da vermədilər.

Bir dəfə də posta durmuşduq. Növbəni dəyişirdik. Erməninin atdığı mərmi düz posta düşdü. Uşaqlarımızın çoxu şəhid oldu. Yeddi şəhidi mən özüm apardım evlərinə. Üçü də Şəkidən idilər.

Bizi yenə də aldatdılar, mühasirəyə düşdük

Bir dəfə də Qarakənd istiqamətində hücuma hazırlaşırdıq. Elə eləməliydik ki, əməliyyat uğurlu olsun. Biz kəndə çatanda ermənilər atmağa başladı. İki erməni pulemyotçusu oturmuşdu yuxarıda. Bizim uşaqlar onlarım postunu necə vurdusa, hər iki dığa səngərdən göyə qalxdı. Birdən onların tankları çıxdı, başladı vurmağa. Həmin döyüşdə 24 nəfər şəhid verdik. Məcbur olub silos quyusuna düşdük. İmkan vermirdilər ki, başımızı çıxaraq. Niyə belə oldu? Çünki bizi yenə də aldatmışdılar, arxadan kömək gəlmədi, mühasirəyə düşdük.

Sonradan bizim bir BMP sürənimiz vardı. Elə bil avtoş idi. Onun sayəsində mühasirəni yardıq. Ancaq meyitlərin çoxunu çıxara bilmədik.

Əsgərimizin bağarsaqlarını əlimlə…

Bir dəhşətli xatirə də danışım: Şuşa gedən gün maşınımda yaralılar var idi. Ermənilər mərmi ilə maşnımı vurdular. Bütün yaralılar şəhid oldu. Halbuki bizə kömək gəlsəydi, onlar ölməyəcəkdi. Bir əsgərimizin bağarsaqlarını əlimlə içinə saldım ki, pis görünməsin. Düşündüm ki, gedim, kömək gətirim. Gəldim Şuşanın mərkəzinə, baxdım ki, bir maşın meyit var. Küçələrdə də meyitlər vardı. Onların üstünə qapı qoyan kim, taxta qoyan kim… Bunu etmişdilər ki, meyitləri erməni görüb parçalamasın. Bax, biz bu dəhşətləri yaşamışıq. Nəhayət 1993-cü ildə tərxis edildim. Heydər Əliyevin əmri ilə könüllülər ordudan buraxıldı.

- Bayram bəy, müharibədən sonra nə ilə məşğul olduz?

- Döyüşlərdən sonra bir ara Rusiyaya getdim, işləmək, ailəni dolandırmaq gərək idi. Sonra yenidən vətənə qayıtdım. Heç bir imtiyazdan yararlana bilmirəm. Heç müharibə veteranı kimi də qeydiyyata alınmamışam. Tək istəyim budur ki, bir qız uşağm var, dolana bilmirəm, çətinlik çəkirəm, mənə veteranlığımı versinlər, heç olmasa pensiya alım. Allah dövlətimizə, hökumətimizə dəyməsin. Vətən sağ olsun! Yenidən döyüş başlasa, mən yenə də hazıram. Artıq ordumuz da, texnikamız da var. İnanıram ki, Ali Baş komandan əmr versə, uzağı bir aya İrəvana qədər gedərik.

Tarix
2015.01.29 / 09:09
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla