Yuxarı

Lamiyə niyə aktuallaşdı?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lamiyə Quliyevanın həbsxanada dünyaya gətirdiyi uşaq və onun ehtimal olunan atası bu günlərdə çox danışılır. Hər şey Elçin Behbudovun məhkumun həbsxanada zorlandığı şübhəsi və bununla bağlı prokurorluğa müraciət etməsi iddiasından başladı.

Bu iddianı bir neçə KİV yayımladı, bu işdə L.Quliyeva tərəfindən iştirakçılıq halında öldürülən gəncin atası, keçmiş icra başçısı A.Aslanovun əli olduğu ehtimalı irəli sürüldü. Daha sonra Ombudsmanın MPM qrupundan və Ədliyyə Nazirliyindən bunu təkzib edən rəsmi açıqlamalar gəldi; bildirildi ki, hər bir məhkum tənhalıqda uzun müddətli görüşlər keçirmə hüququna sahibdir, zorlama faktı olmayıb, Lamiyə Quliyeva hamilə qaldığı gündən bu yana lazımi tibbi qayğı ilə əhatə olunub. Əgər zorlama cinayəti olsaydı, o buna dair şikayət edə bilərdi. Lakin etməyib, öz mülahizəsinə görə uşağın atasının kim olduğunu gizlədir. L.Quliyevanın da özəl həyatı var, o, bu gizliliyi qorumaqda tam sərbəstdir.

Həqiqətən də L.Quliyevanın zorlanmadığına dair məntiqi əsaslar tapmaq mümkündür. Ən azı, uşağını qəsdən dünyaya gətirdiyini söyləmək olar.

Məhkumların törətdikləri cinayətin və çəkdikləri cəzanın rejiminə uyğun olaraq (ümumi rejimli cəzaçəkmə müəssisəndə, ağır cinayət törətmiş şəxslərə ildə 3 dəfə uzun müddətli görüş verilir) qısa və uzun müddətli görüşləri olur. Qanunla qısa müddətli görüşlər 4 saatadək nəzarət altında, uzun müddətli görüşlər isə 1 gündən 3 günədək ola bilər. Qeyd olunmalıdır ki, uzun müddətli görüşlərə ancaq ailə üzvləri buraxılır, onlar da L.Quliyevanın uşağının ehtimal olunan atası qismində çıxış edə bilməz. Lakin qeyd olunmalıdır ki, aşırı nəzakətli formada xahiş olunsa, məhkuma nəzarətsiz bir otaqda (1-2 saatlıq) qısa müddətli görüş də verildiyi bir faktdır.

Demək ki, L.Quiyevanın istədiyi bir şəxslə könüllü sürətdə görüşməsi və bunun nəticəsində dünyaya uşaq gətirməsi mümkündür. "Amma"lar olmasa...

Bu ammaların başında L.Quliyevanın azadlıqda yaxından münasibətdə olduğu bir insanın qalmamasıdır: daha əvvəl görüşdüyü şəxsi qətlə yetirmiş, sabiq nişanlısı isə özü kimi azadlıqdan məhrum edilmişdir. Düzdür, ehtimal vermək olar ki, zorakı cinayət törətmiş L.Quliyeva bunun üçün xüsusi bir şəxs tapıb; digər ehtimal daha əvvəl sadəcə dostluq münasibətində olan birisi ilə bu işi tutmasıdır… Lakin bu ehtimallar qüvvətli deyildir; azadlıqda olan bir oğlanın məhkumluq həyatı yaşayan keçmiş bir dostunun bu təklifini qəbul etmə ehtimalı, nəzəri olaraq mümkün olsa da, olduqca aşağıdır.

İkinci bir "amma" bununla bağlı ailəsinin susmasıdır.

Üçüncü "amma" isə belə halın cəza icra sistemi təcrübəsində çox nadir hallarda yaşanmasıdır. Qadın məhkumun cəza müddətində dünyaya uşaq gətirməsi qayda deyil, istisnadır. Penitensiar xidmət üçün bu, ümumiyyətlə arzu olunan hal deyildir. Çünki cəzaçəkmə müəssisələri uşaqların saxlanması üçün uyğun yer sayılmır, üstəlik, əlavə söz-söhbət və yükdür. Bu, kamerada saxlanlan digər məhkumlara mənfi təsir edə biləcəyi kimi (uşağın gecə ağlaması, onun bezlərinin qoxu verməsi), uşağın böyüməsinə, öyrənməsinə, təmiz havada vaxt keçirməsinə v s. şəkillərdə mənfi təsir göstərəcəkdir. Uşağın 5-6 yaşda anadan alınıb internata, ya da nənəsinə verilməsi də (hadisədə uşağın nə qanuni, nə də də biolojik atası yoxdur) yeni problemlərin çıxmasına səbəb olacaqdır.

Dördüncü "amma" diqqət çəkir: 2003-cü ildən ağır cinayətə görə məhkum olunan L.Quliyevanın 2010-cu ildə vaxtından əvvəl şərti olaraq azadlığa buraxılması mümkün idi. Bu, standart bir prosedurdur. Lakin o, vaxtından əvvəl buraxılmadığı kimi (məhkum içəridə özünü pis aparsa, onda buraxılmaya bilər, amma buna dair onun intizam qaydalarını pozduğuna dair heç bir açıqlama verilməyib), 2013-cü ildə - azad olunmasına az bir müddət qala, L.Quliyeva bir daha məhkum olunub və 6 ilə yaxın yenidən cəza almışdır. Bu da ağıla bir sual gətirir: ona qarşı qərəzli bir mövqemi var? Yoxsa doğrudan da islaholunmaz məhkumdur?

Və nəhayət, işin ən vacib "amması" da məhkumların qorumasız, ictimaiyyət və ailənin nəzarətindən uzaq, təzyiqlərə olduqca həssas bir durumda olmalarıdır. Məhkumlar mələk olmasa da, cinayət törətmiş şəxslər olsa da, onlar dövlət tərəfindən ədalətsizlik görməməlidir, bu səbəblə bütün dövlətlərdə cəza rejimi sərt olsa da, məhkumların vəziyyəti ictimaiyyətin marağındadır. Onlara sərt də olsa, insani şəkildə davranılırmı? Məhkumlar işgəncə görürmü? Müvafiq tibbi qulluq alırmı? Oxumaq və ibadət etmək imkanları varmı? Sağlam qalmaq üçün müvafiq şəraitləri necə? Müvafiq milli qanunvericilik, Avropa və BMT standartları da bunu ciddi surətdə tənzimləyir.

Bu səbəblərə görə, L.Quliyevanın şəxsi həyatının gizliliyi olsa da, cəza icra sistemimizi paklamaqda, ağa çıxarmaqda, yaranan bu şübhələri aradan qaldırmaqda dövlət marağı vardır. Prokurorluq orqanları şikayət olmadan istintaqa başlaya biləcəyi kimi (zərərçəkmiş şəxs asılılıq vəziyyətində olduqda, ictimai-xüsusi ittiham qaydasında başladılan cinayət işlərində şikayət olmasa da prokuror cinayət işini başlada bilər), Penitensiar xidmət də uşağın doğum tarixini bildiklərinə görə kimlərin 9 ay əvvəl görüşə gəldiyini açıqlaya bilər, çünki bunların dəqiq qeydiyyatı aparılır - kimin hansı saatda gəldiyi, nə qədər görüşdüyü xüsusi dəftərdə qeyd olunur.

Görünən budur ki, şəxsi həyatın gizliliyi hüququ ilə ictimai maraq arasında balansı təmin etmək üçün L.Quliyevanın müvafiq tarixlərdə kimlərlə görüş keçirdiyi ictimaiyyətə açıqlanmalıdır. Yoxsa bu məsələ daha çox danışılacaq, insanlar və qurumlar şübhə altında qalacaqlar.

Tarix
2015.01.29 / 10:40
Müəllif
Fərhad Mehdiyev
Şərhlər
Digər xəbərlər

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla