Yuxarı

İlk dəfə: Rəsulzadənin nəsil şəcərəsi – Nadir Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın ən böyük şəxsiyyətlərindən və siyasi xadimlərindən olan Məhəmmədəmin Rəsulzadənin ad günüdür. İlk müstəqil Azərbaycan dövlətini qurmuş Azərbaycan Milli Şurasının sədri, Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanında (Parlament) aparıcı qüvvə olan Müsavat və bitərəflər fraksiyasının başçısı, Azərbaycanın istiqlal savaşını son nəfəsinədək mətinliklə aparan Rəsulzadə Azərbaycan boyda tarix yaradıb.

Bakı Avrasiya Universitetinin professor, dəyərli araşdırmaçı Ədalət Tahirzadə ilk dəfə olaraq M.Ə.Rəsulzadənin nəsil şəcərəsini üzə çıxarıb. Əldə etdiyi informasiyaları Axar.az-la bölüşən tədqiqatçı mənbə kimi daha çox əyal dəftərlərindən (vergi siyahıları) istifadə edib:

"Soyların tarixinin aydınlaşdırılmasında ən etibarlı qaynaqların başında çar hökumətinin vergi yığmaq məqsədilə tərtib etdirdiyi əyal dəftərləri (rusca ona "kameralnoye opisaniye" deyilir) durur. Azərbaycan Respublikası Tarix Arxivində (ARTA) saxlanılan bu dəftərlərlərdən Rəsulzadənin özündən öncəki üç nəslini müəyyənləşdirə bildik".

"1832-ci ildə kollej qeydiyyatçısı Xotyanovskinin tərtib etdiyi Bakı əyalətinin əyal dəftəri"ndə Novxanı kənd ailələrinin siyahısında 140-cı sırada bu adları oxuyuruq:

Məhəmmədtağı Kərbəlayı Əliəkbər oğlu - 30 yaş [təx. 1802]

Onun qardaşları:

1) Məhəmmədqasım - 20 yaş [təx. 1812]

2) Məhəmmədrəsul - 12 yaş [təx. 1820]

3) Əliəkbər - 6 yaş [təx. 1826]

Bunlar əkinçilərdir. İldə 2 manat 50 qəpik vergi ödəyirlər.

Ə.Tahirzadə deyir ki, sənəddə adı keçən Kərbəlayı Əliəkbər soyun bizə bəlli ilk kişisidir. Məhəmmədtağı, Məhəmmədqasım, Məhəmmədrəsul və Əliəkbər onun oğullarıdır. Ancaq sonrakı əyal dəftərlərində Əliəkbərin izi itir, yerinə Məhəmmədəmin Rəsulzadənin atası Məhəmmədrəsulun oğlu Əliəkbərlə qarşılaşırıq.

Rəsulzadələr vergi ödəməkdən niyə azad oldular?

"Tanış olduğumuz növbəti əyal dəftəri birincidən 31 il sonra – 1863-cü ildə tərtib edilib. "Bakı qəzası Maştağa nahiyəsi Novxana kəndinin əyal dəftəri" adlı bu sənəddə 1832-ci il əyal dəftərindəki 4 qardaşdan yalnız ikisinin övladları ilə tanış oluruq. Bu əyal dəftərinin 442-ci vərəqində 39-cu (26-cı) yerdə qeyd olunmuş Məşədi Məhəmmədqasım Əliəkbər oğlunun 54 yaşı olduğu göstərilib (bu hesabla o, təxminən 1809-cu ildə doğulmuş olur). 1832-ci ildə 20 yaşı olan Məhəmmədqasımın 31 ildən sonra (1863-də) 51 yaşı olmalı idi, halbuki burada 3 yaş çox göstərilib. Deməli, əyal dəftərlərindəki başqa yaşları da tam dəqiq saymaq olmaz – onlar gözəyarı müəyyənləşdirilib".

Məşədi Məhəmmədqasımın oğul övladları bunlardır:

Məhəmmədrza - 26 yaş [təx. 1837]

Hüseyn - 19 yaş [təx. 1844]

Məhəmmədhəsən - 13 yaş [təx. 1850].

Təəssüf ki, bu oğulların törəmələrini əyal dəftərlərindən tapmaq mümkün deyil. Əldə başqa yazılı və şifahi bəlgə və bilgilər isə yoxdur.

Bu ailənin adı qarşısına 5 ildən sonra – 1868-ci ildə belə bir qeyd artırılıb: "Bu ailə molla təyin edildiyinə görə Xəzinə Odasının sərəncamına əsasən, vergiödəyənlər təbəqəsindən çıxarılıb.

Burada xüsusi vurğulanmalı məqam odur ki, adı çəkilən Ağa həm də 3-cü Əliəkbərdir – sonralar Bakı Ruhani Məclisinin üzvü olmuş, Məhəmmədəmin Rəsulzadənin atası Axund Hacı Əliəkbər. Ə.Tahirzadə Hacı Əliəkbər barədə 3 mühüm sənəd əldə etdiyini bildirir. Onlar doğum şəhadətnaməsi, axundluq dərəcəsi əldə etmək üçün yazdığı ərizə və onun şəxsiyyətini təyin olunması ilə bağlı şəhadətnamədir. Bütün bu sənədlər Hacı Əliəkbərin Tiflisdə imtahan verməsi üçün bir yerə toplanıb.

Ə.Tahirzadə əlavə edib ki, 1892-ci il fevralın 4-də Zaqafqaziya Şiə Ruhani İdarəsi axund dərəcəsi almaq üçün imtahana buraxılmasını xahiş edən Pirverdi məscidinin mollası Hacı Molla Əliəkbər Hacı Molla Məhəmmədrəsul oğlunun təqdim etdiyi ərizəyə və sənədlərə baxaraq imtahana buraxılmasına qərar verib.

"Hacı Əliəkbərin sonralar Bakı qəzası Ruhani İdarəsinin üzvü seçilməsi ona 1892-ci ildə axundluq attestatı verilməsini təsdiqləyir. Bütün burayadək yazılanlardan Məhəmmədəmin Rəsulzadəyədək olan üç nəsil az-çox aydınlaşır. Əyal dəftərlərindən göründüyü kimi, Axund Hacı Molla Əliəkbər (Hacı Ağa) və Əbdüləziz qardaş olublar. Axund Hacı Molla Əliəkbər (1847/1848-1926) iki dəfə evlənib".

İlk yoldaşı Zinyət xanım Zal qızından qızı Şəhrəbanu və 1884-cü il yanvarın 31-də oğlu Məhəmmədəmin dünyaya gəlib. Zinyət xanım gənc yaşlarındaykən balalarını yetim qoyub. Hacının, ikinci yoldaşı Maral xanımdan övladı olmayıb, ancaq 70 yaşında dünyasını dəyişmiş bu xeyirxah insan sonralar ərinin və qaynı Əbdüləzizin yiyəsiz qalmış nəvələrinə baxıb.

Məhəmmədəmin əmisi Kərbəlayı Molla Əbdüləzizin qızı Ümmülbanu ilə ailə qurub və ondan 5 övladı olub: Lətifə (1912-1943), Rəsul (1914-6.3.1938), Xalidə (1916-1943), və Azər (1920-?) . Bir övladları körpə ikən ölüb.

Dəhşətli təqiblərlə üz-üzə qalan ailə

"M.Rəsulzadə xaricə getdikdən sonra onun ailəsi hədsiz təqiblərə məruz qalıb. 6 noyabr 1937-də yoldaşı Ümmülbanu xanım, analığı Maral xanım, qızı Xalidə və oğlu Azər Qazaxıstana sürgün ediliblər. Maral xanım 1937-də, Ümmülbanu xanım 1939-da sürgündə dünyalarını dəyişiblər. Xalidə xanım 1943-də gizlicə Bakıya gəlib və üç ay sonra itkin düşüb".

Rəsulzadənin qızı Lətifə xanım Lahıc kəndindən olan Damad bəylə evlənib. Firuzə, Eşvə və Sona adlı qızları olub. Bunların da başı olmazın müsibətlər çəkib. 1941-ci ildə Lətifə xanım iki qızı ilə sürgünə göndərilib və 1943-də 10 yaşlı qızı Eşvə ilə birgə aclıqdan və soyuqdan ölüb. Onun əri Damad da 1941-də həbs edilib, başına nə gəldiyi indiyədək bəlli deyil.

İlk oğlu Rəsul ailəsiylə birgə Qasım İsmayılov (indiki Zərgərpalan) küçəsindəki 129-cu evdə yaşayıb. O 1926-cı ildə oxumağa başlayıb və 1933-də Bakıda 9 saylı orta məktəbi bitirib. Həmin il Maliyyə-İqtisad Texnikumuna girib və oranı 1936-da bitirib. Keçmiş maliyyə komissarı (naziri) Nəsir Tağıyev və həmin komissarlığın kadr bölümünün müdiri Abbas Sadıqovun tövsiyəsi ilə Biləsuvar Rayon Maliyyə Şöbəsinə yerli büdcə üzrə müfəttiş təyin edilib və orada işləməyə başlayıb. 1937-nin martında onu Xızı Rayon Maliyyə Şöbəsinə eyni vəzifəyə dəyişdiriblər. Noyabrda isə ailəsi sürgün edilib.

Həmin il dekabrın 7-də Rəsulun həbs olunması üçün sənədlər hazırlandığını deyən Ə.Tahirzadə nədənsə, bu həbsin yalnız 15 yanvar 1938-ci ildə gerçəkləşdiyini deyib:

"Tutuqlanmaya əsas: "Məhəmmədəmin Rəsulzadənin oğludur" və "əksinqilabi iş aparıb". Cəmisi iki dəfə dindirilib. Hər şey "sübut olunub" və Azərb. SSR XDİK Üçlüyünün qərarı ilə 1 mart 1838-ci il qərarı ilə 6 mart 1938-də 24 yaşında güllələnib, əmlakı da müsadirə edilib. Yalnız 27 oktyabr 1989-cu ildə Rəsul bəraət alıb".

Məhəmmədəmin bəyin kişik oğlu Azər bəy rəssamdır. O, sürgün yerindən vətənə dönməyib və ömrünün sonunadək Karaqandada yaşayıb. Azər bəyin cənazəsi Novxanıya gətirilərək burada babasının yanında dəfn edilib. O, Rəsulzadənin, ata yurdunda dəfn edilən yeganə varisidir.

Azər bəyin oğlu, Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının prezidenti Rəis bəy (1948) də tanınmış rəssamdır. Məhəmmədəmin Rəsulzadənin ikinci həyat yoldaşı Leyla (Vanda) xanımdan övladı olmayıb.

"Gənc yaşlarından siyasətlə maraqlanan əmisi oğlu Məhəmmədəli də Müsavat Partiyasının qurucularından olub. 1919-da Azərbaycan Cümhuriyyəti Parlamanına üzv seçilmişdi. O da Türkiyəyə mühacirət edib. Orada da evlənib, ancaq uşaqları olmayıb. Bundan əvvəl Vətənində evləndiyi yoldaşı Raziyə xanımı uşaqları Musa, Gündüz və Aydınla birgə həbs edərək, sonra da Məhəmmədəminin ailəsinə qoşaraq Qazaxıstana sürgünə yollayıblar".

Ə.Tahirzadənin sözlərinə görə , onun bacısı şairə Ümmügülsüm Azərbaycanın istiqlalı mövzusunda yazırdı:

"1937-də onun əri Seyid Hüseyn, 1938-də isə özü həbs edilib. Seyid Hüseyn güllələnib, Ümmügülsüm isə 8 il həbsə alaraq sürgünə göndərilib, uşaqları başsız qalıb. Cığatay xəstələnərək 24 yaşında ölüb. Seyid Hüseynin bacısı qızı Səyyarə xanım uşaqları öz himayəsinə götürüb və onlara doğma ana kimi baxıb. 1945-də sürgündən dönən Ümmügülsümü kommunistlər Bakıda yaşamağa qoymayıblar. Ona görə də Şamaxıya gedib və bir neçə aydan sonra orada dünyasını dəyişib. Bu, Rəsulzadə soyunun indiyədək bəlli olan ən kamil tarixçəsidir".

Tədqiqatçı Ə.Tahirzadə təxminən Məhəmmədəmin Rəsulzadənin təxminən 100 il əvvəl çəkdirdiyi nadir şəklini də təqdim edib. Həmin foto 1914-cü il fevralın 8-də çəkilib.

Tarix
2015.01.31 / 14:22
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla