Yuxarı

Qafarzadə və Yusif qalmaqalı

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bunu sizə Küçük Əmraha görə igid oğlanlarımızın üz cırıb, diş qırdığı vaxtdan yazıram. O vaxt ki, hələ binaların pəncərəsində "krosnu" – qazan qapağı, köhnə kişilərin başında vasmi papağı var idi. O vaxt ki, Bakının mərkəzində cici qızlar "yaa, kızım, şto sluçilos?" - deyib özlərini poliqlot-zad hesab edirdilər. İndi məsələ bir az ciddiləşib. Artıq təkcə danışığımız deyil, özümüzü də tərcümə olunmuşuq. Siyasi proqnozlar verib Hillari Klintonlaşanlarla şirinkalıq edib Hilari Daf olan cici qızlara, özünü Makedoniyalı İsgəndər sanıb, əslində, Makedon olan qaqaşlara tərcümə edilmişik. Biz bu cür tərcümələrlə başlamışıq məktəbə. İndi gələk çıxaq əsas mətləbə.

Ötən gün telekanalların birində müğənni Nadir Qafarzadəni, adı Oğuz elinin, dadı İranın olan Sami Yusifi tanımadığına görə quru yuyub yaş sərdilər. Cəmi bir neçə ay əvvəl Nadirin "Maral-maral" mahnısına tullanıb düşənlər birdən Sami Yusifə görə pələngə döndülər. Hələ deyəsən, Nadirin kanala girişinə də qadağa qoyulub. Nədi-nədi Nadir Qafarzadə güneyli qardaşımızı tanımayıb. Bax, burda bir paralel yanaşmaya toxunmaq lazım.

Nəyə görə Hüseyin Cavidi tanımayan müğənni təkcə gülüş obyektinə çevrildiyi halda, Sami Yusifi tanımayana qarşı radikal tədbirlər görülür? Biz nə vaxt yüzillik sərçəni 3 aylıq qaranquşa dəyişməkdən əl çəkəcəyik? Yəni Hüseyin Cavidin "Ana" şeiri Sami Yusufun "Ana" mahnısından zəifdir? Və ya dəyərsizdir? Yox, əlbəttə ki yox. Məsələ başqadır, qardaş.

– Birincisi, bu qibtəkeşlik tarix boyu müstəmləkə olmağın bizə ötürdüyü genetik kodlardır. Bizdə sövq-təbii sığınmaq istəyi var. Daim sığınmaq üçün nəhəng bir qüvvə axtarırıq. Mütləq bizi himayə edən kimsə olmalıdır. İndiki dövrdə cəmiyyət olaraq bunu Türkiyənin boynuna qoymuşuq. Amma unutmayaq ki, hədsiz itaət də köləlik yaradır.

– İkincisi, biz keçmiş zamanlarda millət olaraq o qədər diqqətdən kənarda qalmışıq ki, Avropanın adi futbol matçında bir Azərbaycan bayrağı görəndə oranı qiblə elan edirik. İndi Sami Yusif və ya Sami Xedira Azərbaycana aid bir söz desə, qolumuzun altında 5 tağ Sabirabad qarpızı cücərir.

– Qiblə demişkən, üçüncüsü: Nə qədər tolerant olsaq da, dinpərəstlik bizim genimizdə var. Namaz qılan uşaq şəkli görəndə əldən-ayaqdan gedib göz yaşı tökən, ancaq aclıqdan ölən qohuma əl tutmayan millətik. Din bizdə daha çox şou xarakterlidir. Göstəriyə meyilliyik. Məsələn, canamazın, təsbehin belə təmtəraqlısını istəyirik. Bu, "mənə zondan babat bir dənə təsbeh gəlib" anlayışı ilə eyni şeydir. İndi Sami Yusif mənim də bəyəndiyim bir "Allahu Allah" mahnısı oxuyub deyə, ondan peyğəmbər düzəltmişik. Mən müşahidə etmişəm. Bizim millət güneyli qardaşımızı əbalı, nurani bir peyğəmbər kimi görür.

İndi məsələ Sami Yusifin yaradıcılıq gecəsi deyil. Məsələ Azərbaycan mədəniyyətinin "cümə axşamı"dır. Bu gün Nadir Qafarzadəni Sami Yusifə görən baltalayanlar sabah elə Nadiri toya çağırıb yenə "maral-maral" oynayacaqlar. Bu millətə Sarı gəlin lazım deyil, qardaş. Vallah, mən heç bir toyda "Sarı gəlin" dinləməmişəm. Əvəzində, o qədər "maral-maral" oxuyurlar ki, ağzında çeynədiyin toyuq da maral ətinin tamını verir.

Nadir şah Azərbaycan üçün nə etmişdisə, ötən gün Nadir Qafarzadə də Azərbaycan musiqisi üçün onu etdi.

Şəxsən mən yerli müğənnilərimizi dinləmirəm. Amma bilirəm ki, bizim millətə məhz yerli müğənnilər lazımdır. Çünki "xalqımın toy kimi bir adəti var". Sami Yusif, Özcan Dəniz, 50 sent kimilər gəlib iki mahnı oxuyub 1 milyon alıb gedəcəklər, siz yenə qapı-qapı düşüb Nadir Qafarzadəni, İzzət Bağırovu axtaracaqsınız, əzizlərim. Nadirin təhqiri də unudulacaq. Sami Yusifin "Sarı gəlin" oxuması da.

Sonda demək istəyirəm ki:

Ovçu, güllə atma bu marala, amandır.

Tarix
2015.03.15 / 10:00
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ağdərədə nələr baş verir? - Video

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Ramiz Rövşən: Əlimdən qan iyi gəlir...

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Ölkəmizdə təhlükəli virus tapıldı: CONTEXT-21

Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

Azərbaycan xalqı yeni müharibəyə başlasın!

Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Ermənilərin Qarabağdan apardığı qapı...

Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla