Yuxarı

“Nəyim vardısa azadlığım üçün xərclədim”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

- Xosrovun işi Allaha qalıb, onu burda çürüdəcəklər.

Aqil bunu pıçıltı ilə dedi. Xosrova fikir verdim, qaşının üstünə tökülmüş saçını ağzından yuxarı üfürdüyü hava ilə qovur, eyni zamanda yemək tədarükü görürdü. Bu günün yeməyini hazırlamağı özü istəmişdi:

- Sizə nahara bir yemək bişirim ki... yoxsa bu Rasim (şustryakımız – F.B) içinin zəhərini də yeməyə qatır...

- Mənim ixtiyarım nədir ki, sənin istəyinin əksinə gedəm, buyur, istəyirsən lap bir həftə bişir, - mən razılaşaraq demişdim.

Xosrov da gülüb:

- Nə oldu, domino, şahmat oynamaq istəyəndə mane olursan, yemək bişirmək istəyəndə istəyimin əksinə getmirsən? – demişdi.

- Ay Xosrov, sən hələ gəncsən də, oyun oynamaqla axırda qumara qurşanarsan, onsuz da əlində olanları qapazlayıb alıblar. Bir-iki şey qalıb, onu da uduzarsan. Rəşid kişiyə (Xosrovun atası), Nuruya (Nurəddin Xosrovun böyük qardaşı idi, Bərdədə yaşayırdı) nə deyərik? Axı qardaşın səni bizə tapşırıb.

Xosrov ləzzətlə gülmüşdü. Aqil də Xosrovun tərəfində dayanmışdı:

- Şairə nə sərf etsə onu deyəcək.

İndi Xosrov yemək bişirmək üçün tədarük görür, mən kitab oxuyuram, Aqil isə sabah olacaq görüşə indidən hazırlaşırdı.

- Şair, Xosrov qardaşı ilə telefonla danışıb. Deyir ki, hakim qardaşıma deyib, mən onu azad edəcəm, günahsızdır. Amma prokuror protest verəcək, onlarla danışın. Nə isə, razılaşa bilmirlər.

Sonra siqaret yandırıb, tüstüsünü ciyərlərinə çəkərək əlavə etdi:

- Zarafat deyil e, 4 ildən çoxdur ki, içəridədir. Hələ də günahlarını sübut edə bilmirlər. Mən inanıram ki, bu günahsızdır.

- Namiq (otaq yoldaşımız) deyir ki, günahı olan adama bu qədər iş verməzlər, - mən dedim. - Məsələn, sənə günahsız olduğun üçün 1 il veriblər?

- Bəs sənə 5 il hökm oxunub, günahın var da.

- Əlbəttə var. Mən ayağımı yorğanıma görə uzatmadım. Uşaq satan bir nəfər baş həkimdən yazdım və sən demə, böyük bir qrupun maraqları ilə baş-başa gəldim. "Düz yola" dəvət etdilər, yazma dedilər, mən isə yazdım.

- Zarafat deyil, 13 il iş veriblər. Bu isə dirənib, apelyasiyaya verib. 3 ildən çox istintaq altında qalıb.

Xosrov söhbətin ondan getdiyini hiss edirdi. Amma pıçıltı ilə danışığımızı eşitmədiyinə əmin idik. Onun məhkəməsi təzə olmuşdu. Apelyasiya şikayətinə də müsbət cavab almamışdı. İndi isə daha yuxarı instansiyaya müraciət etmişdi.

Xosrov tərtərli iş adamı idi və uzun müddət Ukraynada, sonralar isə Rusiyanın ayrı-ayrı şəhərlərində yaşamışdı. İdmançı idi. Fiziki hazırlığına söz ola bilməzdi. Müxtəlif idman növləri ilə məşğul olmuşdu. Əlbəyaxa və sambo döyüş növləri üzrə SSRİ idman ustası idi. Həbsinə səbəb isə biznes ortağının anidən yoxa çıxması olub. 10 saylı Cəzaçəkmə Müəssisəsinə gəldikdən sonra tibb məntəqəsində "kirayə" yer tutmuşdu. Bizimlə bir otaqda qalırdı. Həbs olunma səbəbini özündən soruşmuşdum. "Uzun hekayətdir", - demişdi. Amma danışmışdı:

- Mənim güclü biznesim vardı. Rusiyaya çaxır aparırdım. Hər dəfə də ən azından 3 TIR. Gürcüstan uşaqlarına verirdim. Onlar satdıqdan sonra pulumu verirdilər. Xırdalanda 2 hektar torpaq almışdım. Bakıda evlərim, ofisim, mağazalarım, maşınlarım vardı. Sonradan həmin uşaqlar mənə şərik olmağı təklif etdilər. Razılaşdım. Rusiyada müharibə başlamışdı. Xeyli vaxt mal göndərə bilmədim. Çeçenlər imkan vermirdilər. Dağıstanda da vəziyyət yaxşı deyildi. Onların təklifi ürəyimdən oldu. Mənə dedilər ki, yükləri gəmilərlə Qazaxıstana, oradan da quru yolla Rusiyaya aparaq. İstəməsəm də, razı sala bildilər. 3 "Kamaz" yük vurdum. İki əmioğlu idilər. Biri malın üstündə getdi, digəri isə təyyarə ilə Rusiyaya uçdu. Təxminən 10 gündən sonra dedilər ki, Qazax gömrüyü malı saxlayıb. Gedib, tanış tapdım. Məlum oldu ki, gömrükdə 3 "Kamaz"dan biri qalıb. Soruşdum, dedi ki, 2 maşın sərhədi keçib. Bu maşını isə keçirə bilmədik. Çaxırı elə qazaxlara satıb, sürücü ilə Bakıya gəldim. Bu adam da oradan Rusiyaya getdi. Sonra bir xəbər çıxmadı. Getdim Rusiyaya. Orada bir qadınla qeyri-qanuni evlənmişdim. İşlərimə o nəzarət edirdi. Bir oğlum da var. Maşın təmiri emalatxanam, mağazalarım, sellofan paket hazırlayan sexim vardı. Yoldaşım dedi ki, bəs qardaşlar gəlmişdi bura, ziyan eləmişik, maşın təmiri emalatxananı sataq. Razı olmadım. Dedim ki, "Xosrovsuz heç nə edə bilmərəm". Sənə ona görə teleqram vurdum. Mən isə teleqram almamışdım. Qayıtdım Bakıya. Narahat idim. İki "Kamaz"dan da, sürücülərdən də xəbər yox idi. Axtarışa verdirdim. Sonra məni gəlib apardılar: "Axırıncı dəfə onları sən görübsən", - dedilər və həbs etdilər. Guya mən o iki əmioğlunu və iki sürücünü öldürmüşəm. Rus qızı ifadə vermişdi ki, o adamlar dəfələrlə görünüblər, sağdırlar. Bir il saxladılar. Sonra həbsdən azad oldum. Əlimdən çox şeyim çıxmışdı. Rusiyaya getdim. Qardaşlardan biri tapılıbmış. Yoldaşımı məcbur edib ki, pul lazımdır. Emalatxanaları satıb Xosrovu azad edək. O isə iki maşın verib ki, satın, amma bunlara dəyməyin. Bu dəfə onlarla bağlı Rusiyada şikayət etdik. Bu zaman məlum oldu ki, mən "İnterpol"da axtarışdayam. Özümə saxta sənəd düzəltdim. Yaşayış yerimi dəyişdim. 6 il belə qaçaq yaşadım. Axırda bezdim, qayıtdım Bakıya, polisə getdim. Dedim ki, bu adamlar sağdır. O sürücülər də, onların maşını da bu əmioğluların güdazına gedib. Kimə deyirsən?! Mən onlara deyirəm ki, Qazaxıstanda o adamdan ayrılmışam. Sürücü mənimlə Bakıya gəlib. Amma o qalıb orda. Nə edibsə o edib. Hər iki itkin düşmüş maşın isə Qazaxıstana girib, amma çıxmayıb.

Xosrovun Bayıl türməsində də başına çox bəlalar gəlib. Onu şərləmək, döymək, sındırmaq istəyiblər, amma bacarmayıblar.

- Gəlib təslim oldum. Dedim: "Qaçaq yaşamaqdan bezmişəm". İki gündən sonra məni gətirdilər Bayıla. Həmin gecə 4 nəfər məni o ki var çırpdı. Müqavimət göstərmədim.

Səhəri gətirdilər müstəntiqin yanına. Otaqda müstəntiqdən başqa bir nəfər də hündürboy adam vardı. Əmr etdilər ki, məni soyundursunlar. Qış olduğundan içəri çox soyuq idi. İstəyirdilər ki, üşüyüm. Köynəyimi, maykamı əynimdən dartıb çıxartdılar. Həmin adam əzələmə baxıb heyrətə gəldi:

- Bu adamın daş kimi bədəni var, soyuq buna kar etməz.

Dedim:

- Axşam məni döyürdünüz ha, heç o təpiklər də mənə kar etmirdi.

Xosrovun dediklərinə inansaq, o, dələduz bir qrupun girovluğuna düşmüşdü.

- Mənim bütün pullarımı, torpaqlarımı, əmlakımı almaq istəyirlər.

Bayıl türməsində Bakı Şifer zavodunun direktoru ilə bir kamerada qalırmış. Direktor çox zəngin və xeyirxah iş adamı kimi tanınırdı. Xosrov deyir ki, içəridəki dələduzlar o kişini qorxudub pulunu xərcləyir və istehza edirdilər.

- Bir dəfə lap ağını çıxartdılar. Mədəni adam olan direktoru çox pis qorxudub külli miqdarda pulunu əlindən almaq istəyirdilər. Özümə söz verdim ki, onu qoruyacam, qorudum da. Demək olar ki, 2 həftəyə yaxın "razborka" oldu. Axırda dava düşdü. Kamerada kim vardı, hamısını şil-küt etdim. İş adamına da dedim ki, qorxma, nə qədər mən varam, sənə bir adam söz deyə bilməz.

Xosrovla 3 aya yaxın "xlebnik" olduq. Biz onu "içəridə" qoyub "çölə" çıxdıqdan təxminən 1 ay sonra sorağı Bayıldan gəldi. Ona sovqat apardım. Məktub yolladı: "Tezliklə azad olacam".

İki həftədən sonra onunla azadlıqda görüşdük. 2007-ci ilin oktyabr ayı idi.

- Həmin zavod direktoru vardı ha, məni tapdı, 28 mayda evi vardı, bağışladı mənə, get yaşa dedi. İndi orda oluram.

- Bəs sənin evlərin vardı axı.

- Hə vardı... Nəyim vardısa azadlığım üçün xərclədim.

Tarix
2015.03.24 / 10:41
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla