Yuxarı

Nəriman Nərimanovun üç üzü

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəriman Nərimanov "ÜÇÜZ" layihəsində

NƏRİMAN NƏRİMANOV TARİXDƏ

Teymur Əhmədov (Filologiya elmləri namizədi, professor): Nəriman Nərimanovun həyatı və fəaliyyəti Azərbaycan tarixinin və ictimai-ədəbi fikrinin yeni dirçəlmə dövrünə təsadüf edib. Xalq içərisindən çıxmış, bütün həyatı boyu geniş və çoxcəhətli ictimai, ədəbi və siyasi fəaliyyəti ilə xalqın azadlığı və səadəti uğrunda mübarizə aparmış Nəriman Nərimanov Azərbaycan maarifçi-realist və inqilabçı-demokratik ədəbiyyatın inkişafında, onun yeni mütərəqqi keyfiyyətlərlə zənginləşməsində müstəsna rol oynayıb. Azərbaycan ədəbiyyatında Nəriman Nərimanov mütəfəkkir yazıçı və materialist filosof M.F.Axundovun yaratdığı ədəbi məktəbin klassik ənənələrinin qüdrətli davamçısı olub. O, bir müəllim, ədəbiyyatımızda tarixi faciə janrının banisi, nasir, həkim, jurnalist, publisist və teatr xadimi kimi milli mədəniyyətimizin inkişafına səmərəli təsir göstərib.

N.Nərimanovun ədəbi irsi zəngindir. XX əsrin sonlarından onun dövri mətbuatda çoxlu felyetonları, ədəbi-tənqidi, elmi-publisist məqalələri, eyni zamanda, dram və nəsr əsərləri çap edilib.

Teatrı geniş kütlələrlə sıx əlaqə saxlamaq üçün əsas vasitə hesab edən Nərimanov öz ürək sözlərini, fikirlərini geniş xalq kütlələrinə çatdırmaq niyyətilə "Nadanlıq", "Şamdan bəy", "Nadir şah" pyeslərini qələmə alıb. "Nadanlıq" (1894) komediyası Nərimanovun ilk qələm təcrübəsidir.

"Nadanlıq" komediyasında yazıçı öz şəxsi mənafeyini ümumin xeyirinə qurban verən Məhəmmədağa və Ömər kimi maarifpərvər ziyalıları zülmət səltənətinə qarşı qoyur. İctimai həyat meydanına yenicə atılan Məhəmmədağanın və Ömərin köhnə feodal mühitinin mühafizəkar qayda-qanunlarına kəskin etirazı və yenilik uğrunda mübarizəsi komediyanın əsasını təşkil edir. Nərimanovun "Nadanlıq"da məqsədi "müsəlmanların" həyatına "bir zərrə qədər nəf" gətirmək idi.

O, "Dilin bəlası, yaxud Şaradan bəy" (1895) komediyasında üfunətli burjua cəmiyyətinin doğurduğu fəlakətlərə qarşı çıxır, Şamdan bəy surətində dövrün xudpəsənd, lovğa, ikiüzlü "millət dostlarını" ifşa edirdi. Dramaturq bu əsərində ilk dəfə olaraq kapitalizm aləminin iyrənc bəlalarından xilas olmaq üçün mütərəqqi qüvvələrin ittifaqı ideyasını irəli sürürdü. O dövrdə belə bir fikrin təbliğ edilməsi çox əhəmiyyətli idi.

Məlum olduğu kimi, Azərbaycan ədəbiyyatı tarixində faciənin ilk nümunəsini Nəcəfbəy Vəzirov "Müsibəti-Fəxrəddin" (1896) pyesi ilə yaratmışdı. XIX əsrin sonlarında N.Nərimanovun "Nadir şah" (1898), Ə.Haqverdiyevin "Dağılan tifaq" (1896) və "Bəxtsiz cavan" (1900) səhnə əsərləri Azərbaycan ədəbiyyatında faciə janrının ideya-bədii və mövzu cəhətindən müstəqil inkişaf yoluna düşdüyünü göstərirdi. İlk faciə əsərlərində, "Nadir şah" istisna edilməklə, mövcud ictimai həyat bilavasitə tənqid obyekti kimi götürülür, mülkədarlığın öz mövqeyini və iqtidarını itirməsi, yeni ictimai qüvvələrin meydana gəlməsi təsvir olunur. Bu əsərlərdə burjua münasibətlərinin patriarxal-feodal ictimai münasibətlərini həyat səhnəsindən tədricən sıxışdırıb aradan çıxarması prosesi öz bədii ifadəsini tapır. Dramaturqlar ictimai yaraların islahat yolu ilə sağalacağına ümid bəslədiklərinə görə ictimai quruluşa, burjua-mülkədar münasibətlərinə qarşı çıxmırdılar.

"N.Nərimanovun nəsr yaradıcılığı da səmərəli olub. "Bahadır və Sona" romanı, "Pir" povesti, "Bir kəndin sərgüzəşti" hekayəsi vətənin mədəni yüksəlişi, ictimai fikrin inkişafı yolunda onun apardığı mübarizə barədə aydın təsəvvür yaradır.

NƏRİMAN NƏRİMANOV ƏDƏBİYYATDA

İsa Həbibbəyli (Filologiya elmləri doktoru, professor): Nəriman Həsənzadənin 1968-ci ildə yazdığı "Nəriman" poeması Azərbaycan ədəbiyyatında epik-dramatik poema janrının uğurlu nümunəsidir. "Epik-dramatik" janrda yazıldığı bəyan edilsə də, bu əsərdə lirikanın da kifayət qədər payı var. "Nəriman" poemasında görkəmli dövlət xadimi Nəriman Nərimanovun məşhur Genuya konfransında çıxışı ərəfəsindəki düşüncələrinin ifadəsi olan aşağıdakı parça ictimai lirikanın qiymətli nümunəsi sayıla bilər:

Alındı, satıldı bəlkə yüz kərə,
Bakının varını dünya bölüşdü.
İşıqlı gecələr yad şəhərlərə
Qaranlıq döngələr Bakıya düşdü.

Boğuldu məmləkət alovda, qanda
Yadlar elə bildi, öz evindədir.
Babəkin məzarı Azəristanda
Qılıncı Drezden muzeyindədir.

Əzilən bir elin, ya yurdun bilin,
Nəğməsi çox qəlbə, ürəyə yatdı.
Adı çəkiləndə Şərqdə Vazehin,
Qərbdə Bodenştet şöhrətə çatdı.

Susdu ozanların telli sazları,
Od oldu kəndinin alın tərində.
Babam Nizaminin əlyazmaları
Uyuyur Londonun muzeylərində.

Solmadı eşqimiz, məhəbbətimiz,
Sevdiksə, o qəlbi oxşaya bildik.
Ölkədən ölkəyə danışdıqca biz,
Əsrdən-əsrə yaşaya bildik.

Əslində, mükəmməl ictimai lirika nümunəsi olan parçada daxili bir gənclik, vətəndaş narahatlığı, dramatizm mövcuddur. Şairin "Nəriman" epik-dramatik poemasının dram formatında hazırlanıb Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulması üçün əsər üzərində ciddi, əsaslı bir dəyişiklik etməyə ehtiyac qalmayıb. "Bütün Şərq bilsin" tamaşası sadəcə olaraq, "Nəriman" dramatik poemasının səhnənin şərtlərinə və imkanlarına uyğunlaşdırılmış variantıdır. Bu tamaşa ilk növbədə Azərbaycan xalqının böyük oğlu Nəriman Nərimanovun tale dramıdır.

NƏRİMAN NƏRİMANOV FİLMDƏ

Aydın Kazımzadə (kinoşünas): Rejissor Ə.İbrahimov 1971-ci ildə "Mosfilm" və "Azərbaycanfilm" kinostudiyalarının müştərək istehsalı olan "Ulduzlar sönmür" irihəcmli tarixi-inqilabi filminə quruluş verib.

"Ulduzlar sönmür" genişformatlı bədii filminin mərkəzində mürəkkəb, çoxcəhətli şəxsiyyət – müəllim, həkim, yazıçı-publisist və dövlət xadimi Nəriman Nərimanov durur. Müəlliflər filmdə novella-xatirə formasından istifadə edərək böyük şəxsiyyətin və onun yaşayıb-yaratdığı dövrün tarixini, qəhrəmanın xarakterini və onun digər insani keyfiyyətlərini açıb göstərmişlər.

Rusiya kinosunun məşhur rejissoru A.Alov bu filmlə bağlı belə deyib: "Bir neçə kino novellasından ibarət olan "Ulduzlar sönmür" filmi Nərimanovun xarakterinin və fəaliyyətinin bir çox cəhətini açıb göstərir. Filmdə N.Nərimanov qeyri-adi dərəcədə hərtərəfli istedada malik bir insan – görkəmli dövlət və partiya xadimi, maarifçi, ədib, diplomat, həkim kimi təcəssüm etdirilir. O, ömrünün axırınadək zəhmətkeş kütlələrin mənafeyinə sədaqətlə xidmət edib, alovlu qəlbinin bütün hərarətini onlardan əsirgəməyib.

"Ulduzlar sönmür" filmi kinematoqrafiya cəhətindən maraqlıdır və yaxşı baxılır. Film üslubunun vahidliyi, yaradıcı qrupun istedadlı işi ilə diqqəti cəlb edir. Filmin yaradıcılarından birinci növbədə, parlaq fərdi dəst-xətti olan, filmdən-filmə inkişaf edən rejissor Ə.İbrahimovun xidmətlərini qeyd etmək lazımdır".

Ə.İbrahimov gözəl rejissor olduğu qədər də istedadlı ssenarist idi. O, "Ulduzlar sönmür" filmini İ.Hüseynovla birgə yazıb, həmin filmdə "Bequlov" rolunu məharətlə ifa edib.

Tarix
2015.03.27 / 11:21
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla