Yuxarı

“Puşkinin ürəyi varisinin rüsvayçılığına dözmədi”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki dahinin varisləri

Tale poltavalı yazıçı Renata Smirnovaya görünməmiş hədiyyə bəxş edib – o, A.S.Puşkinin nəticəsi Sofya Nikolayevna Danilevskaya ilə rəfiqə olub.

Renatın valideynləri Böyük Vətən Müharibəsindən dərhal sonra Poltavaya köçür. Sofya Nikolayevna Danilevskaya qızları – Mariya, Natalya və Marina ilə birlikdə N.B.Qoqolun bacısının onun kitablarından aldığı qonorarın hesabına tikdirdiyi birmərtəbəli geniş evdə yaşayırdı. Həmin vaxtdan Renata Smirnovanın həyatı iki dahi yazıçının – Puşkin və Qoqolun varisləri ilə sıx bağlanır. Renata xanım onlar haqqında heç kimin bilmədiklərini və heç yerdə yazılmayan məqamları bilir...

1877-ci ildə adyutant Nikolay Bıkov – Qoqolun bacısı Yelizaveta Vasilyevna Qoqolun oğlu süvari general-leytenantı Aleksandr Aleksandroviç Puşkinin - Aleksandr Sergeyeviçin tarixə rus sərkərdəsi və dövlət başçısı kimi daxil olan oğlunun yanında xidmət edirdi. Onlar Bolqarıstanın Osmanlılardan azad olunması uğrundakı döyüşlərdə birgə iştirak etmişdilər. Polk Voronej quberniyasına köçdükdən sonra isə bütün subay zabitlər komandirin evinə nahara dəvət olunurlar. Elə gənc adyutant (Qoqolun bacısı oğlu) general-leytenantın on səkkiz yaşlı qızı Mariya ilə (Puşkinin nəvəsi) orada tanış olur.

Tezliklə gənclər evlənirlər, Nikolay Vladimiroviç hərbi xidmətdən gedir və zövcəsini irsi malikanələri Vasilyevkaya (indiki Poltava vilayətinin Şişak rayonunun Qoqolevo kəndi) aparır. Yeni evlilər orada özlərinə ev tikirlər, doqquz uşaq böyüdüb boya-başa çatdırırlar.

Sofya Nikolayevna ailənin üçüncü uşağı idi. 1913-cü ildə Puşkinin oğlu Vasilyevkaya gəlir. O, layiqli ev təhsili almış nəvələrini gördüyü üçün xoşbəxt idi. Uşaqların hamısı fransızca danışır, mütaliə edir, musiqi ilə məşğul olurdular.

Sofya Nikolayevna babası Aleksandr Aleksandroviç Puşkini ilk dəfə Moskvada görmüşdü. O zaman anası onu - Poltava Nəcib Qızlar İnstitutunun məzununu konservatoriyaya qəbul olmaq üçün (Sofya böyük müsabiqədən keçərək konservatoriyaya qəbul olmuşdu) Moskvaya aparmışdı. Onlar babasının Nikolo-Plotnikov döngəsindəki evinə düşmüşdülər. Qohumlar nahar süfrəsi ətrafına toplaşmışdılar, söhbət Aleksandr Sergeyeviçdən düşür. O zaman Sonya təəccüblənmişdi ki, yalnız Aleksandr Aleksandroviç dahi Puşkin haqqında, - "Atam deyərdi ki...", "Atam filan şeyi geyməyi xoşlayardı" – deyirdi. Çünki şairin bütün uşaqlarından yalnız o, atasını xatırlayırdı...

Sofya Nikolayevnanın söylədiyinə görə, babasının kabinetində stolun üstündə Puşkinin gündəliyi var idi. Lakin Aleksandr Aleksandroviç heç kimə onu vərəqləməyə icazə vermirdi, çünki şairin haqqında mənfi fikirlər yazdığı insanlar hələ sağ idilər. Onun sözlərinə görə, babası tənbəlliyi, özgənin əməyi ilə dolanmağı sevmirdi, uşaqlara səhər tezdən oyanmağı, soyuq su ilə yuyunmağı, ayaqyalın gəzməyi öyrədərdi. Qızlara erkən uşaqlıq yaşlarından ev təsərrüfatı ilə məşğul olmağa, tikiş tikməyə alışdırardılar. Bir sözlə, həyata hazırlayardılar. O, bir hərbçi kimi birinci dünya savaşını və inqilabı görmüşdü.

Yeri gəlmişkən, Sofya Nikolayevna babasının əsl ölüm səbəbi haqqında da danışmışdı. Məlumdur ki, bu, uzun illər ailə sirri kimi gizlədilirdi. Hamı elə hesab edirdi ki, general-leytenant Aleksandr Puşkin 1914-cü ildə vəfat edib, Birinci Dünya savaşının başlanmasını görməyib. Əslində isə onun ürəyi rüsvayçılığa dözmədi – oğullarından biri orduda xidmət etməkdən boyun qaçırdı.

Renata Smirnova bütün suallara məmnuniyyətlə cavab verir:

- İndi Puşkinin varisləri harada yaşayırlar?

- Tale onları bütün Yer kürəsinə səpələyib. Onlar Rusiya və ABŞ-da, Avstraliya və Marokkoda, Çində və Fransada, Almaniyada, İsveçrədə, Qonolulada... kök atıblar. Ukraynada da çoxdurlar, əsasən də Poltavada. Təkcə Mariya Aleksandrovnanın altmış varisi var.

- Onların arasında yazıçı və ya şair olanı var?

- Aleksandr Sergeyeviç Puşkin varislərinə yazıçılıqla məşğul olmağı qadağan edib. "Məndən yaxşı yaza bilməyəcəksən", - o deyərdi. Ancaq bildiyim qədərilə demək olar ki, hamısı az-çox yazır. Lakin bu şeirlər ev arxivindən kənara çıxmır. İndi genetiklər Puşkinin varislərinin səkkizinci nəslinə çox böyük ümidlə baxırlar. Güman edirlər ki, məhz bu nəsildən kimdəsə qüdrətli poetik istedad üzə çıxacaq. Ancaq ümumiyyətlə, şairin varisləri arasında həkimlər üstünlük təşkil edirlər. Görünür, həkimlik istedadı onlara Vasilyevka kəndinin sakinlərini müalicə edən Mariya Aleksandrovnadan, şairin nəvəsindən keçib. Yeri gəlmişkən, Sofya Nikolayevnanın kiçik qızı Marina Sergeyevna Çalik könüllü olaraq cəbhəyə gedib və Böyük Vətən Müharibəsinin başlanğıcından 1946-cı ildə yaponların darmadağın edilməsinədək hərbi həkim işləyib. Məhz Onun varisləri Poltavada yaşayırlar.

- Puşkinin ən yaxın varisləri ona bənzəyirdilərmi?

- Mən birinci dəfə Sofya Nikolayevnanın qızlarından biri Mariya Danilevskayanı görəndə onun Aleksandr Sergeyeviçə inanılmaz bənzərliyindən heyrətə gəldim. O da alçaq boylu, eynilə qıvrım saçlar, domba boz-mavi gözlər. Ancaq hər şeydən çox onun mimika və hərəkətlərinin zirəkliyi məni heyran qoydu – bütün bunlar eynilə Puşkinin təsvirini xatırladırdı. Ona görə də, məlum olduğu kimi, rəssamlar onun portretini yaratmaqda çətinlik çəkirdilər. Şairin ölümündən sonra isə onlar "natura" kimi nəvəsi Anna Aleksandrovnadan "istifadə edirdilər".

Mən Anna Aleksandrovnanın Moskvada yaşayan bacısı oğlu Sergey Borisoviç Puşkinlə də tanış idim. İnfaktdan sonra kardioloji klinakada yatanda SSRİ Yazıçılar Birliyinin üzvü kimi ona kömək etmişdim. Dünya şöhrətli şairin varisini xəstəxananın dəhlizinə qoymuşdular – palatada yer yox idi. Gəncliyində demək olar ki, eynən Aleksandr Sergeyeviçə bənzəyirdi. Sofya Nikolayevna deyirdi ki, burnunun solundakı ət xalı şairdən ona irsən keçib. Anna Aleksandrovna və qızı Mariyada da eynilə elə bir xal var idi. Əlləri də Puşkininkinə bənzəyirdi – nazik və uzun. Bundan başqa, Puşkindən onlara uzunömürlülük geni də miras qalıb. Belə ki, Sofya Nikolayevna Danilevskaya 1984-cü ildə, ömrünün 98-ci ilində, bacısı Tatyana isə 90 yaşında vəfat edib.

- Sofya Nikolayevnanın xatirələrində sizi ən çox təsirləndirən nə idi?

- Məni bir məsələ narahat edirdi ki, zadəgan bir nəslin nümayəndəsi inqilab illərində necə sağ qalıb və onun ailəsi sovet hakimiyyəti illərində necə yaşayıb. Onun bu barədəki söhbətləri çoz təsirli idi. Mənə qədər bu barədə heç kimə danışmamışdı.

"1919-cu ildə mülkədar malikanələrinə od vurulanda mən Oliferovkada (indi Poltava vilayətinin Mirqorod rayonu) yaşayırdım, - Sofya Nikolayevna deyirdi. – Otuz iki yaşım var idi, beş körpə uşaqla tək qalmışdım: ərim spankadan (influensanın (qripin) ən ağır forması – tərc.) yenicə rəhmətə getmişdi. Soyuq bir oktyabr gecəsində talançılar qonşu evə soxuldular. Mən əyinləri çılpaq, yuxulu uşaqları götürüb arabadakı samanın arasında gizlətdim. Poltavaya getməyi qərara aldım, anam orada yaşayırdı (atam tifdən rəhmətə getmişdi), ancaq silahlı qruplaşmaların əlindən ora keçmək mümkün deyildi, Mirqoroda qayıtmalı olduq.

Mirqorodda bazarda paltarımı çörəyə dəyişəndə təsadüfən Vasilyevkadakı ev qulluqçumuzla rastlaşdım. O, bizi öz evində gizlətdi. Orda da başqa bir bəla üz verdi – uşaqlar bir-birinin ardınca skarlatinaya yoluxmağa başladılar. Axır ki, onları birtəhər Poltavaya çatdıranda enkevedenin adamları əllərində tapança evə soxuldular. Mən heç onlara demədim ki, biz Puşkin və Qoqolun varisləriyik. Onlar heç bu adları tanımırdılar. Xoşbəxtlikdən bizə sovet hökumətinin hörmət etdiyi yazıçı Vladimir Qalaktionoviç Korolenko yardım etdi. O özünün çörək, yarım litr yağ payını bizə gətirirdi. O, bizə Qoqolun bütün əşyalarını Poltava proletar xalq muzeyinə təhvil verməyi təklif etdi. Biz onları səksən il idi ki, evimizdə saxlayırdıq. Yazıçının kitabxanasındakı fransız, italyan və alman dillərindəki iki min beş yüz kitab, onun əlyazmaları ilə dolu qovluq, Fyodor Müllerin fırçasının məhsulu olan Qoqolun portreti də bu əşyalar arasında idi. Onu da qeyd edim ki, həmin portreti rəssam İtaliyada məxsusi olaraq Nikolay Vasilyeviçin anası üçün çəkmişdi. Belə bir qiymətsiz bəxşişin müqabilində hökumət bizə şəhər kənarında dəri zavodunun yarımzirzəmisində yerləşməyə icazə verdi. Puşkinin nəvəsi və general qızı olan anam sevinirdi ki, bizi başqaları kimi küçəyə atmayıblar. Uşaqlar isə bu yarımzirzəmidən yalnız bayırdakı çamuru və gəlib-keçənlərin ayaqlarını görürdülər".

Nəvələrinin təhsili ilə məhz Mariya Aleksandrovna özü məşğul olurdu, çünki onları sovet məktəbinə qəbul etmirdilər. Oxu və yazıdan əlavə o, uşaqlara fransız dilini də öyrədirdi. Öz paltarlarından uşaqlara paltar tikirdi. Ancaq heç zaman özünün zadəgan əsilli olduğunu danmırdı. "Heç bir qüvvə bizi Puşkin və Qoqoldan imtina etməyə vadar edə bilmədi", - həmişə qürurla deyərdi. Sofya Nikolayevna həmişə çox sadə geyinərdi. Lap son günlərinədək jabo (köynək yaxasında kisəyi və ya krujevadan büzməli haşiyə - tərc.) və kameya (daş və ya balıqqulağından düzəldilən bəzək – tərc.) geyərdi. "Yalnız belə özümü insan hiss edirəm", - onun libası ilə maraqlanan hər kəsə belə deyərdi. Qonağı həmişə mütləq qapıyacan ötürər və deyərdi: "Nəzakət göstərib gəldiyiniz üçün sizə minnətdaram". Sofya Nikolayevna uzun və şərəfli bir ömür yaşayıb. O, Poltava quberniyasında ilk dəfə 1912-ci ildə Vasilyevkada uşaq başçası açdı. Sovet hakimiyyəti illərində Poltavada yetim uşaqlar üçün uşaq bağçasında musiqidən dərs dedi. Almanlar gələndə və bütün əməkdaşlar 29 körpəni taleyin hökmünə buraxıb qaçanda o, uşaqları tərk etmədi.

Faşistlər yəhudi ovuna çıxanda Sofya Danilevskaya öz həyatını təhlükə altında qoyaraq infeksion xəstəxananın bir neçə həkimini öz evinin zirzəmisində gizlədərək onları xilas etmişdi. Böyük qızının əri isə onlara saxta sənədlər düzəltmişdi.

- Hökumət iki dahinin varislərini nə vaxtsa "bağışladımı" ?

- Sofya Nikolayevnanın böyük oğlu yalnız on yaşında məktəbə getdi. Bununçün o, Poltavaya gələn xalq maarif komissarının qəbuluna getməli oldu. Sonra isə ali məktəbə qəbulla bağlı problemlər ortaya çıxdı – onlar yalnız qiyabi təhsil ala bilərdilər.

Sofya Nikolayevna bütün ömrü boyu leninqradlı məşhur tarixçi, akademik Boris Qrekova minnətdar idi. Akademik onun böyük oğlu Aleksandrı öz ailəsinə qəbul edir və bunun sayəsində də o, universiteti bitirə bilir. Ancaq 1934-cü ildə Sergey Kirovun qətlindən sonra şəhəri zadəgan ailələrindən "təmizləməyə" başladılar və Aleksandrı da başqaları ilə birlikdə yük vaqonları ilə Karakandaya sürgünə yolladılar. Onun nənəsi, Puşkinin nəvəsi düz bir il nəvəsini xilas etmək üçün SSRİ xalq müdafiə komissarı Voroşilovun qəbuluna düşməyə çalışdı və yalnız 1936-cı ildə, yeri gəlmişkən, Puşkin və Qoqolun varisləri içərisində ilk dəfə professor, elmlər doktoru adını almış Aleksandr sürgündən qayıtdı. Bunda akademiklər qrupunun hökumətə etdiyi müraciətlər də böyük rol oynadı.

- Hardasa yazmışdılar ki, guya Puşkinin varisini şairin qızıl saatını verməklə azad etdiriblər.

- Yox, bunlar şayiədir. 1937-ci ildə Puşkinin anadan olmasının 100 illiyi qeyd edilirdi. Leninin keçmiş məsləkdaşı, Moskvadakı Dövlət Ədəbiyyat muzeyinin direktoru Vladimir Bonç-Bruyeviç şairin qohumlarına məktubla müraciət edir. O, Puşkinin qızıl saatını Leninqradda Moykadakı ev-muzeyinə təhvil verməyi xahiş edirdi və o, elə indi də orada saxlanılır. Ailə bu xahişə razılıqla cavab verdi.

- Bəs saat Mariya Aleksandrovnaya necə çatmışdı?

- Puşkin özü hələ liseydə ikən onu imperatriçə Mariya Fyodorovnadan şairin şeirlərindən məmnunluq əlaməti olaraq hədiyyə almışdı. Sonra o, uzun illər məşhur rus yazıçısı, son anadək Aleksandr Sergeyeviçin yatağının yanında olan və şairin ürəyi dayanarkən saatı da dayandıran Vasili Jukovskidə qalır. Qoqol "Ölü canlar"ın ikinci hissəsi üzərində işləmək üçün Almaniyaya onun yanına gələndə isə qonağın Puşkinə necə ürəkdən pərəstiş etdiyini bilərək saatı ona bağışlayır. 1851-ci ildə Nikolay Vasilyeviç qiymətsiz hədiyyəni Vasilyevkaya gətirir, saxlamaq üçün bacısı Olqaya verir. Otuz il keçdikdən sonra Puşkinlə Qoqolun varisləri qohum olanda Olqa Basilyevna onu gənclərə hədiyyə edir.

İki dahi yazıçının varisləri inqilab, vətəndaş və vətən müüharibələri, aclıq illərində qoruyub saxladıqları bütün qiymətsiz əşyaları müxtəlif muzeylərə hədiyyə etmişlər. Ancaq bu eksponatların heç birində, xüsusilə də N.V.Qoqolun Şişansk rayonundakı muzey-qoruğunda bütün dünya təcrübəsində olduğu kimi, onların kimin tərəfindən təhvil verilməsi haqqında informasiya yoxdur.

Bu məşhur ailənin üzvləri çox sadə insanlardır, onlar öz əsil-nəcabətlərini gözə soxmurlar. Bir dəfə 1980-ci ildə Sovet İttifaqının müxtəlif tərəflərindən yığışıb gələn nəvə-nəticələri Puşkinin Mixaylovskidəki muzey-qoruğuna buraxmamışdılar ki, muzeyin bağlanmağına 20 dəqiqə qalıb, kassa artıq işləmir!

- Renata Arsentyevna, siz dediniz ki, Puşkinə aid bir tapıntı əldə etmisiniz. O nədir?

- Bu, əqiq (qırmızı və narıncı rəngli qiymətli daş – tərc.) qaşlı möhürlənmiş (yazısı olan) üzükdür, üzərində A.S. inisialı var. Onu Puşkinə 1826-cı ildə dekabrist Sergey Volkonskinin arvadı ərinin ardınca sürgünə yollanarkən onları dəstəklədiyinə görə minnətdarlıq əlaməti olaraq bağışlayıb. Puşkinin oğlu bu üzüyü qızı Anna Aleksandrovnaya, o isə öz övladı olmadığından bacısı oğlu Sergey Barisoviçə verib. Çox qoruduğu yadigarı da mənə məhz o göstərib. Bu üzük Puşkinlər ailəsində qalan çox az nadir əşyalardan biridir.

Tərcümə etdi: Təhminə C.B.

Tarix
2015.03.29 / 09:45
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla