Yuxarı

O bizdən bircə şey umur: nekroloq

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Soraq" layihəsində

Sorağına düşdüyüm şair Xosrov Natilin xəbərini dənizdən aldım. Cilov adasında Yaşıllaşdırma idarəsində çalışırdı. Onunla şəxsi tanışlığım dağların qoynunda olmuşdu. O zaman hələ torpaqlarımız işğal olunmamışdı. Müharibə gedirdi. Zəngilanda ezamiyyətdə olan jurnalisti – məni tapmışdı.

Sonralar köçkün statusu ilə Bakıya sığındı. Həyatının acılı anları da çox oldu, sevincli məqamları da. Bakıda Baş botanika bağında elmi işçi və aqronom kimi əmək fəaliyyətinə başladı. Sonra... Sonra az-az görüşdük. "Soraq" layihəmizin bu dəfəki qonağının səsini dənizdən eşidəndə bu səsdə bir qədər yumşalmanı, dağlardakı səsin cingiltisinin həzin notlarla əvəzləndiyini hiss etdim. Vədələşdik ki, görüşək. Onun yaşadığı evin yaxınlığındakı kiçik, lakin çox səliqəli bir pivəxanada üz-üzə oturduq. Ərklə pivə sifariş verdi. "Havalar qızmasa da, pivənin yeri həmişə var", - dedi. Özü ilə gətirdiyi, dənizdə ovlanmış və çox ustalıqla duza qoyularaq qurudulmuş seld balığını da kafe xidmətçisinə verdi:

- Bunu səliqə ilə doğra, birini isə özünüz üçün götür.

Yerimizi rahatladıqdan sonra artıq ikinci dəfə eyni sualı verdim:

- Xosrov, necəsən?

- Diqqətinə görə təşəkkür, Faiq bəy, bəlkə daha doğrusu, əsgər atası... Hər şey yaxşıdı. Hələ ki salamatam, sənin də sağlığını bir olan allahdan istədim, atam...

Pivələr artıq stolun üstündədir. İçməyə tələsmir. İşi ilə maraqlanıram:

- Hazırda nə işlə məşğulsan?

- Bilirsən ki, ixtisasca aqrar sahənin adamıyam. Baş botanika bağından bir il qabaq ayrıldım, elmi yaradıcılığımı son pillədə dayandırdım.

- Bilirəm. Tamam başqa bir auraya, mühütə adladın.

- Hə, düz deyirsən, bildiyin kimi, dənizi seçdim - təbii ki, istəmədən.

- Dənizə könül verdin...

Dağları unutmam lazımdı...

- Sən dənizi yaxşı tanıyırsan. Amma deyim ki, mənim dənizi sevməyim üçün dağları unutmam lazımdır, bu da ki mümkünsüz. Çox ciddi və bənzərsiz problemlərimi (şəxsi olduğu üçün anlatmağı xoşlamıram) həll etmək üçün və sağlamlığımı qorumaqdan ötəri Cəzirəni - Çilov adasını seçdim. Ekoloji problemin məhəlli həlli ilə yaşıllaşdırma işindəyəm, deyim ki, ciddi uğurlarımız da var.

- Bilirəm ki, ədəbiyyat adamlarından uzaq olsan da ədəbi mühitdə varsan. Müşahidələrin nə deyir, necədir ədəbiyyatın durumu, qruplaşma-zad? Dənizdən necə görünür?

- Ədəbi mühitdən coğrafi baxımdan uzaq olsam da, hər zaman yaradıcı mühitin içində olmuşam. Bu arada əlavə edim ki, sənin zindan şeirlərini sevdim. Robinzon kimi adada yaşasam da, elə 2014-də bir neçə yerdə çap olundum. 2015-də mart ayında "525-ci qəzet"də "Mən aqronomam" başlıqlı bir neçə publisist yazım dərc edildi. Aqronomlara olan bir qədər ironik münasibəti açmaq və münasibəti müsbət müstəviyə gətirməyə cəhd etdim.

Yadplanetli deyilik

- Yaradıcılıq sənə nə verdi? Yeni tanışlar, geniş anlamda ədəbi əlaqələrin yaranması, ya dolanışıq?

- Yaradıcılığın verdikləri də var, aldıqları da...Dolanışıq sarıdan da heç vaxt aciz olmadım, son anda fiziki gücümü satmağa belə hazır oldum həmişə. Bir vətəndaş kimi borcumu verməliydim, verdim də. Bir şeyi diqqətinə çatdırım, cənab kapitan, bilirsən ki, bizim bu məmləkətdə hüquqi statusumuz məcburi köçgünlükdür. Heç yerdə daimi qeydiyyatımız yoxdur, amma yadplanetli də deyilik, göydən uçan boşqabla gəlməmişik və ya yerdən göbələk kimi çıxmamışıq, amma uzun illər yumşaq şəkildə desək, bu zümrəyə - qaçqın və köçkünlərə qarsı bir qısqanclıq olub. Yəni onların evi-eşiyi, mənzili, maşını, hətta vəzifəsi ola bilməz və s....

Fikirlidir. Və fikirdən də onu ayırmıram. Qoy, danışsın. Qəribə, kədərli təbəssümü var şairin. Bəziləri kimi süni dərdli sima formalaşdırmır özündə. Pivədən aramla içir. Sualın birinci tərəfini ikinci "həmlədə" cavablandırır:

- Amma yaradıcılıq elədi ki, imzasına hörmət edən hər bir yazar cılız düşüncədən uzaqda durmalıdı. Bilirsən ki, konkret və ünvanlı danışmağı üstün tutduğumdan xeyli problemlər yaşamışıq, bir zaman sənli-mənli başımız torpaqlarımızın ərazi bütövlüyünə, vətəndaş cəmiyyəti uğrunda mübarizəyə qarışdığından bəzi kosmopolit adamlar özlərini süni şəkildə şişirdib şair adlandırdılar, kağız-kuğaz korlayıb kitab çap etdirdilər... Təbii ki, bu, qısqanclıq deyil, poeziya təəssübkeşliyinə olan münasibət kimi başa düşülməlidi.

- Bayaqkı sualımın üstündən rahat keçdin, üzə vurmayacağımı zənn etdin. Yaxşı, ədəbi mühitdə necə hiss edirsən özünü?

- Ədəbi mühit ədəbi əlaqə deməkdi mən biləni, bu mühit bir az da əlavə stimuldu yazar üçün. Nəşrdən başqa tanış yazıçıların yazdıqları, onların xarekteri, yaxud sənətə, alkoqola, qadına münasibəti və s. aydınlaşır. Yeri gəlmişkən, kapitan, sənin qadına münasibətin bir qədər duzlu-şordu.

- Ay Xosrov, heç hənanın yeridir?

- Sözü qəribçiliyə salmıram, yeri gələndə deyirəm. Əslində, elə hər yazarın yaradıcılığı onun poetik fotosudu. Mənə qalarsa, ədəbiyyatdan və ya ədəbi qurumdan umacağım bir şey yoxdu, ədəbi təsərrüfatdan heç nə istəmədim, bir kiçik ədəbi nümunə verə bilsəydim bu özüməm - özümü ifadə edirəmsə, deməli, ədəbi mühitdə Xosrov Natıl rəngi də var, deyə bilərəm. Ədəbiyyatımızda qəbul olunan bir neçə yeni imzalar da var.

Umacağım bir nekroloqdu

Soyuq pivədən bir udum da alır, tamına baxırmış kimi qurtumlayır. Barmaqları ilə qurudulmuş dəniz balığının nazik sümüklərini əzir, sonra pivəni yola saldığı yerə ötürür. Solfetlə əlini silir. Sonra qayğılı və özündən narazı, incik halda davam edir:

- Hər zaman yazdıqlarımı üzə çıxarmağa xəsislik etdim, nə üçünsə hər zaman şair yox, şair təbiətli şəxs olaraq tanındım, o mənada umacağım titul sadəcə şairlikdi, halım məmləkətimin elmi taleyi, ədəbi taleyinə oxşardı - mənim taleyim və ədəbi imzam.

Dissertasiya ərəfəsində tədqiqat məkanım Bəsitçay dövlət qoruğu (Zəngilanda baş elmi işçi - dissertant idim) işğal olundu, əlyazmalarım kitablarım da işğala məruz qaldı. Bizi heç yanda daimi qeydiyyata almadılar. İndi mən Yer kürəsində adi bir kirayənişin kimi yaşayıram, ömrümün bahasına... və hər gün ulu günəşin həsrətin çəkən uzun gün bitkisiyəm. Dəfn olacağım yer bəlli olmaz. Bir son şansa dəli ümidim də var soydaşlarım kimi. O torpaqda dəfn olunmaq şansı. Ədəbi qurumdan, qurumlardan umacağım bəlkə bir nekroloqdu - hələ qərarımda tərəddüddəyəm.

- Xosrov Natil özünü Azərbaycan ədəbiyyatında harada görür? AYB-dən umacağın, yaxud vaxtı ilə umduqların gerçəkləşə bilibmi?

- Doğrusu, AYB-nın ədəbi orqanlarında çap olunmaqda heç vaxt maneəyə rast gəlmədim, ədəb-ərkanla təqdim etdim, "Azərbaycan", "Ulduz", "Qobustan" jurnallarında məmnunluqla çap etdilər və qonararımı da halallıqla aldım. Məni ilk dəfə rəhmıtlik İsa İsmayılzadə çap elədi 1991-ci ildə, sonra Vaqif Yusifli, daha bir neçə dəfə İntiqam Qasımzadə. "Ulduz"da Elçin Hüseynbəyli, Qulu Ağsəs, "Qobustan"da Fikrət Qoca, indi də Vaqif Əlixanlı. Qəzetlərdə də problemlərlə üzləşməmişəm, "Ədalət" də dövri olaraq şerlərim çap edib. Onu da deyim ki, bir ay əvvəl AYB üzvü olmuşam.

- Bir vaxtlar Zəngilanda yaşayanda "ovcunun içində buğda dənəsi" vardı. İndi əlində-ovcunda nə qalıb?

- Dünyada baş verən naqisliklər, düz olmayan adamların, bivec adamların nankorluğu... bir tərəfdən də tarazlığı pozulmuş ekologiyamız taxıl səpməyimizə mane olur...

Pivə parçını başına çəkir. Sona qədər içir və mənim yaddaşımda kök salıb qalan şeirini özünün yaddaşının alt qatından dilinə gətirir:

İlişib kötüyə bivec nadana

bir gözü qıpığa, bir kor vicdana

bu dünya yer tapmır bir ovuc dənə

ovcumun içində buğda dənəsi

Sonra zarafatla: "Hə, kapitan, biz bu dünyada bir qərib ömrü yaşadıq", - dedi. Söhbət zamanı ilk siqaretini yandırdı, ehtiyyatla, sanki siqaret kötüyünü incidəcəkmiş kimi tüstünü ciyərlərinə "dəvət edərək" başqa şeirindən də bir parça söylədi:

Kirayə tutmuşuq Yer kürəsini-

başına dönürük ulu günəşin

Ömrü bahasına yaşayırıq biz

Hərəmiz bir cürə kirayənişin...

Xosrovla söhbətimizin yekunudur. Tanış kafe xidmətçisini səsləyir:

- Gəl pulunu al, - sonra da mənə tərəf çevrilir, bu dəfə əsil dənizçi kimi deyir: - Kapitan, mən hər gün ulu günəşin həsrətin çəkən uzun gün bitkisiyəm, bayaq dedim axı...

Tarix
2015.03.30 / 08:15
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla