Ana səhifə Yazarlar |
Jurnalistlər bayram günlərində həmişə xəbər qıtlığından
əziyyət çəkir. Amma əminəm ki, Novruz tətilində bu xəbəri heç kəs
duymaq istəməzdi. Dünyada ən etibarlı hava yollarından sayılan
"Lufthanza"nın alt şirkətinin "Airbus 320" təyyarəsi Alp dağlarının
üzərində qəzaya uğradı.
Nəticə ağır oldu: 150 ölü...
Təbii ki, xəbəri ilk duyunca ağıla hansısa ehtimallar gəlmir.
Sadəcə, 150 insanın qəfil həlak olmasının şokunu yaşayırsan...
Amma sonradan biləndə ki, o insanlar həyatla alman hava yolları
şirkətinin günahı ucbatından vidalaşmayıb... Dünyaya bu şoku
yaradan bir pilotdur... 150 nəfər günahsız insan 28 yaşlı Andreas
Lubitz adlı şəxsin psixi problemlərinin qurbanıdır... dəhşətə
gəlirsən... Təsəvvür etmək belə çətindir: adamın psixoloji
problemləri var, xəstədir, qətiyyən pilot kimi fəaliyyət göstərə
bilməz. Amma bunu çalışdığı aviaşirkətdən gizlədir və ilk fürsətdə
150 nəfərin həyatına son qoyur.
Faciə, yoxsa terror deyək, ya başqa cür
adlandıraq?
Təsəvvür edin, harasa səfər edirsiz, necə arzularınız, planlarınız
var. Bilet aldğınız və sərnişini olduğunuz təyyarəni idarə edən
pilotun qafasında hansı proseslərin getdiyindən xəbərsizsiniz. O,
sizi göyün yeddinci qatından, sözün əsl mənasında, dağların başına
çırpır, həyatınıza son qoyur. Arzular, planlar yarıda qırılır.
İnsanlıq adına ədalətsizlikdir. Hansı yönündən baxsaq... 150
nəfərin faciəli ölümü, onların yaxınlarının, doğmalarının acısı,
kədəri dözülməzdir.
Və bunun insani izahı yoxdur...
Bundan sonra hava nəqliyyatından istifadə edərkən aviaşirkətlərdən
pilotların sağlıq durumu ilə bağlı arayış istənməlimi, yoxsa özləri
bir yolunu tapacaqlar? Amma etiraf edək ki, insan həyatının, insan
sağlamlığının qarşılığı-qiyməti 50 min avro, 50 min dollar və ya 50
min manat deyil. İnsan həyatının, sağlamlığının qiyməti yoxdur!
Adamın doğmasını, ciyərparasını öldür, səbəb nə olursa-olsun, sonra
da parayla-pulla könlünü almağa cəhd et. Absurddur...
Allaha şükürlər olsun ki, təhlükəsizlik baxımından AZAL dünyada
örnək sayıla biləcək şirkətlərdən biridir. Azərbaycan Hava Yolları
öz işinin öhdəsindən həmişə peşəkarlıqla, məharətlə gəlib və qürur
duya biləcəyimiz bir brendə çevrilib.
Türkiyə haqqında həmişə deyirlər ki, türkləri dünyaca
məşhurlaşdıran 3 brend varsa, onun biri və birincisi THY - Türk
Hava Yollarıdır.
Məncə, azərbaycanlılar da AZAL bağlı eyni dərəcədə
qürurlana bilərlər!
Bu sətirləri yaza-yaza xatırlamaq istəyirəm: biz daha çox
nəyimizlə, nələrimizlə fəxr edirik? Azərbaycanı dünyaya tanıdacaq
neçə brendimiz var?
Və ya Azərbaycan deyiləndə orta statistik əcnəbinin ağlına ilk
olaraq nə gəlir? Onlar bu ölkə haqqında nə bilirlər?
Xatırladaq: Birinci Avropa Oyunlarının başlanmasına iki aydan bir
az artıq vaxt qalır. Azərbaycan növbəti dəfə beynəlxalq tədbirə ev
sahibliyi edəcək. "Avroviziya" mahnı müsabiqəsindən sonra daha bir
mötəbər yarışma...
Əlbəttə, normal düşüncəli azərbaycanlı üçün qürür duyulası
hadisədir. Sözün əsl mənasında, Hadisədir! Çünki Azərbaycanın özünü
dünyaya təqdim etməsi üçün növbəti dəfə çox gözəl bir fürsət
açılır, münbit şərait yaranır. Bu önəmli bir kültür tədbirinin –
idman yarışmasının Bakıda keçirilməsi həm də Avropaya, Avropa
dəyərlərinə inteqrasiyadır.
Bunun bir adı Uğurdur!
Bir adı Vətənpərvərlik!
Üçüncüsü, Azərbaycan naminə Çalışmaq, İş, Fəaliyyət!
Azərbaycanlılar, sizdən soruşuram, məntiqlə buna sevinmək lazımdı,
yoxsa... aşağılamaq, gözdən salmaq?
Avropa Oyunlarına hazırlıq prosesində bəzi qüvvələr tərəfindən
başladılan qara-qışqırığın, hay-küyün izahı varmı? Onlar
gerçəkdənmi Azərbaycanın uğurlarına sevinə bilmirlər?..
Əslində tanış situasiyadır. "Avroviziya" mahnı müsabiqəsinin Bakıda
keçiriləcəyi ərəfədə də eyni proseslərin şahidiydik. Yalnız
düşmənlərimiz istəmirdi ki, bu yarışma Azərbaycanda keçirilsin. Hər
vəchlə törəni gözdən salmağa cəhd edirdilər. Məsələnin ən naxoş
tərəfi o idi ki, düşmənlərimiz yalan olmuşdu, öz içimizdəkilər,
müxalifətdəkilər gerçək. Əllərində olan 5-6 media orqanı az qala
gecəli-gündüzlü bar-bar bağırırdı, əcnəbilərə çağırışlar edirdi ki,
yarışmada iştirak etməyin, Azərbaycana gəlməyin...
Axırı nə oldu?
Gözlənildiyi kimi, Azərbaycan öz üzərinə düşən vəzifəni sonadək
ləyaqətlə icra etdi. Beynəlxalq yarışma yüksək səviyyədə baş
tutdu... Gənc Azərbaycan dövlətinin tanıdılması üçün bütün
vasitələrdən istifadə olundu. Miqyasca cox nəhəng işlər görüldü.
Mədəniyyətin dili ilə Azərbaycan öz sözünü dedi!
Dünyada reklama, təbliğata milyardlar xərclənir. Qarabağ kimi bir
konfliktdə məcbiri tərəf olan, ərazisi işğal olunan Azərbaycanın
tanınmağa, təbliğ olunmağa əşhədü-ehtiyacı varkən bu gözəl imkandan
bəhrələnməsinmi? İndi sizin istədiyiniz nədir, bu ölkədəki müsbət
dəyişiklikləri, inkişafı, tərəqqini beş ölkənin vətəndaşı,
idmançısı görsə, gördüyü qayğıdan, diqqətdən məmnun qalsa,
Azərbaycan onun yaddaşında müsbət işarələnsə, dünyanın 55 ölkəsinin
TV-ləri Azərbaycandan canlı yayımlar etsə, dünya dağılar, yoxsa
sizin çirkab niyyətləriniz puç olar?
Birinci Avropa Oyunlarının keçirilməsi üçün Azərbaycan dövlətinin
sərf etdiyi maliyyə, xərclənən pullar dolayısı ilə Qarabağ
münaqişəsinin Azərbaycanın xeyrinə həll olunmasına qoyulan
kapitaldır. Güc nümayişidir. Azərbaycan gücləndikcə addım-addım
Qarabağa yaxınlaşır.
Mötəbər beynəlxalq tədbirə ev sahibliyi etmək də bu Gücün daha bir
göstəricisidir, birincilik adına yiyələnməkdir, diqtə olunandan
diqtə edənə çevrilməkdir.
Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsini Ermənistan
bunlara görə istəmir. Bəzi dılğır beynəlxalq təşkilatlar da bu
səbəblərdən arzulamır. Buna görə qarayaxmalarla məşğul olurlar.
Anlaşılandır, çünki düşməndirlər.
Yaxşı, bəs sizə nə olub? Düşmənlə, Ermənistanla, ermənipərəst
təşkilatlarla sizin maraqlarınız niyə üst-üstə düşür? Siz kimsiniz,
azərbaycanlısınız, yoxsa Azərbaycanın düşmənisiniz?!
Yazının əvvəlində bir pilotun 150 nəfər insanı məhv etməsini
elə-belə yada salmadım. Azərbaycanın radikal müxalifəti də mahiyyət
etibarilə psixopatdır, xəstə düşüncənin, cahil təfəkkürün, geriçi
zehniyyətin daşıyıcısıdır.
Aydındır, hər bir siyasi təşkilatın başlıca məqsədi hakimiyyətə
gəlməkdir. Amma potensialı buna yetməyəndə hər şeyi qara rəngdə
görmək, hər şeyi məhv etmək, "ya mən, ya da mən" aqressiyası
sərgiləmək ağır bir xəstəliyin simptomlarıdır. O xəstəliyin
müalicəsi yoxdur.
Bax, elə buna görə sükanı onların əlinə verməmək lazımdır. Ki,
günahsız insanları məhv etməsinlər, bu dövlətin sonunu
gətirməsinlər...
Alp dağlarının üstündə bir təyyarənin sükanının bir psixopatın
əlində olmasının nə ilə nəticələndiyini görəndən sonra
Azərbaycandakı müxalif psixopatlara nəyisə necəsə etibar etmək
olar?
Düşüncəsi belə qorxunc...
Ağıllı insanlar, özlərinin, ölkələrinin gələcəyini düşünən insanlar
ona görə o düşərgədə deyillər...
Ona görə onlar təkdirlər...
Tarix
2015.03.31 / 00:37
|
Müəllif
Aynur Camalqızı
|