Yuxarı

Türkü və kürdü hər yerdə öldür!

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında bağlanan Türkmənçay sülh müqaviləsinin bəndlərindən biri də İranın müxtəlif ərazilərində məskunlaşan ermənilərin Quzey Azərbaycana köçürülməsini nəzərdə tuturdu. Müqavilənin imzalanmasından dərhal sonra – fevralın 13-də isə ermənilərin ilk köçü Arazdan şimala adladı və Qarabağa yerləşdirildi.

Bu fakt 1988-ci il fevralın 13-ü - ermənilərin Xankəndində başlayan ilk mitinqinin tarixi ilə üst-üstə düşür. Görünür, ermənilərin bu tarixi seçməsi təsadüfü deyildi. Çünki 3 gün müddətində gerçəkləşdirilən erməni köçü sübut edirdi ki, Qafqazın türklərdən təmizlənməsi və Ermənistan dövlətinin yaradılması ideyasının kökü daha öncəki tarixlərə gedir və 1828-ci ilə qədər ilkin hazırlıqlar artıq başa çatmışdı…

***

Türkmənçay müqaviləsindən sonrakı 3 il müddətində 130 min erməni İrandan köçürülərək Qarabağda, o cümlədən İrəvan quberniyasında məskunlaşdırıldı. Nəticədə İrəvan xanlığı ərazisində ermənilərin sayı 1831-ci ilin sonlarına aid statistikaya əsasən 161,7 min nəfərə çatdırıldı.

Ancaq bu tədbirlər bölgənin demoqrafik vəziyyətinə ciddi təsir etmədi. Həm Qarabağ, həm də İrəvan quberniyalarında əhalinin böyük əksəriyyətini Azərbaycan türkləri təşkil edirdi. Hətta bir müddət sonra Azərbaycanın qərb torpaqlarında yaradılan "erməni vilayəti" adlı ərazidə belə ermənilər etnik azlıq idilər, "erməni vilayəti"nin mərkəzi kimi göstərilməyə cəhd edilən İrəvan şəhərinin əhalisinin isə 87 faizi türklərdən ibarət idi. Bu, təbii ki, Birinci Pyotrdan başlayan və Rusiya imperiyasının cənub siyasətinin başlıca qayəsi olan "erməni amilindən Qafqazda etibarlı dayaq kimi istifadə edilməsi" üçün kifayət deyildi. Ona görə də erməni terror şəbəkəsinin inkişafına geniş şərait yaradıldı.

Ermənilər yaradılan şəraitdən istifadə edərək, yeni məskunlaşdıqları Azərbaycan ərazilərini, eyni zamanda, Türkiyənin şərq torpaqlarının bir hissəsini əhatə etməklə "dənizdən-dənizə böyük Ermənistan" yaratmaq və bölgəni türksüzləşdirmək məqsədilə 19-cu əsrin sonlarına doğru bir neçə terror təşkilatı – Armenakan, Hnçak və Daşnaksütyun partiyalarını yaradırlar.

Türkü və kürdü hər yerdə öldür!

Yaradılan hər 3 partiya terror fəaliyyətini rəsmən qəbul edir:

- 1887-ci ildə Cenevrədə yaradılan Hnçak partiyasının Nizamnaməsinin 4-cü bəndində "məqsədə çatmaq üçün terror və dağıdıcılıq fəaliyyəti" nəzərdə tutulur;

- 1885-ci ildə yaranan Armenakan partiyası Türkiyənin Van, Muş, Bitlis, Trabzon bölgələrində və İstanbulda silahlı toqquşmalar və terror fəaliyyətinə başlayır;

- 1890-cı ildə Tiflisdə yaradılan Daşnaksütyun partiyası da Azərbaycanın İrəvan, Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu bölgələrini əhatə eləyən Ermənistan qurmağı ideoloji əsas seçir, 1892-ci ildə keçirilən ilk qurultayında Qafqazı türksüzləşdirmək məqsədilə qərar qəbul edir. Həmin qərarda bildirilir: "Türkü və kürdü hər yerdə, hər bir şəraitdə öldür!"

İlk qırğınlar

Ermənilər məqsədlərini həyata keçirmək üçün Rusiya hərbçilərinin sayəsində silahlanır, sistemli hərbi təlimlər keçir və açıq soyqırıma hazırlaşırlar. Genişmiqyaslı və aşkar soyqırım siyasətini həyata keçirmək üçün ilk fürsət isə 1905-ci ildə Rusiyada başlayan inqilab olur.

Həmin il erməni hərbi birləşmələri Bakı, Şamaxı, Quba, Lənkəran, Gəncə, Qarabağ, Zəngəzur, Göycə, Basarkeçər, həmçinin İrəvanda azərbaycanlılara qarşı misli görünməmiş qırğınlar həyata keçirirlər.

1905-ci ildə ermənilər terror təşkilatlarının Azərbaycanda törətdiyi ilk soyqırımdan sonra İrəvan mahalının demoqrafik vəziyyəti dəyişir. 900 min türkün qovulduğu, məhv edildiyi və didərgin salındığı Azərbaycan kəndlərində Yaxın Şərqdən köçürülən ermənilərin məskunlaşması sürətləndirilir və artıq Birinci Dünya Müharibəsi ərəfəsində, 1914-cü ildə İrəvan quberniyasında ermənilərin sayı 1 milyon 14 min nəfərə çatdırılır. Əvəzində isə cəmi 575 min türk indiki Ermənistan ərazisində öz mövcudluğunu qorumağı bacarır.

"Quduz itlər körpənin əl-ayağını gəmirib yemişdi"

Ermənilərin azərbaycanlılara qarşı ikinci və daha dəhşətli soyqırımı 1918-ci ildə başlayıb və 1922-ci ilə qədər davam edib.

Birinci Dünya Müharibəsinin gedişində Rusiyada başlanan inqilabın ilk dalğasıyla rus ordusunun Cənubi Azərbaycandan geri çəkilməsi ilə böyük silah-sursata, o cümlədən ağır texnikaya sahiblənən ermənilər Tiflisdəki Daşnaksütyun partiyasının təşkilatçılığı ilə müharibədən geri dönən və silahlarını təhvil verməyən erməni dəstələri ilə birgə hərəkət etməyə başlayırlar. Eyni zamanda, Bakı sovetinin 6 minlik ordusuna sahib olan Stepan Şaumyan nə yolla olursa-olsun, bolşeviklərlə azərbaycanlılar arasında münaqişə yaratmağa cəhd göstərir, bu soyqırım aktına sinfi mübarizə və vətəndaş müharibəsi görüntüsü verməyə çalışırdı.

Belə bir fürsət 1918-ci ilin martın 30-da məşhur mesenat Hacı Zeynalabdin Tağıyevin silahla ehtiyatsız davranışdan vəfat etmiş oğlu Məhəmməd Tağıyevin dəfnindən sonra yaranır. H.Z.Tağyevin oğlunu Bakıya gətirən müsəlman diviziyasının 48 nəfərdən ibarət kiçik bir heyəti dəfndən sonra "Evelina" gəmisi ilə Lənkərana geri qayıtmalı idi. Ancaq gəmi limandan aralanan ərəfədə Şaumyanın tapşırığı ilə silahlı bolşeviklər azərbaycanlı əsgərlərin tərksilah olunmasını tələb edirlər. Dəstə tələbi rədd etdikdə isə əvvəlcədən pusquda durmuş pulemyotlar atəş açır; dəstə məhv edilir və gəmidəki silah-sursat ələ keçirilir.

Bakı Sovetində Stepan Şaumyan başda olmaqla Sako Saakyan, Arakelyan və digər daşnaklar bu faktı müsəlmanların bolşeviklərə qarşı çıxması kimi qiymətləndirir və səhər tezdən azərbaycanlılara qarşı hücum əmri verirlər. Beləliklə, martın 31-də Bakıda azərbaycanlıların soyqırımına başlanılır.

***

1918-ci il iyulun 15-də Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən soyqırım faktlarını araşdıran Fövqəladə Təhqiqat Komissiyasının yaradılması həmin dövrün dəhşətlərinin əks olunmasında misilsiz xidmətlər göstərib. Komissiyaya vəkil Ələkbər bəy Xasməmmədov rəhbərlik edib.

Komissiyanın üzvü A.Y.Kluge "Bakı şəhərinin müsəlman əhalisinə qarşı törədilmiş zorakılıqlara dair iş haqqında" məruzəsində yazır: "Yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərlər çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər. Ermənilər müsəlmanların evlərinə soxulur, sakinləri qırır, onları qılınc və xəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını öldürürdülər".

Təhqiqat Komissiyasının məlumatına görə, bu 3 günlük qırğınlar nəticəsində Bakıda 11 minə qədər müsəlman-türk öldürülüb. Ancaq komissiya üzvləri özləri də bu məlumatı səhih rəqəm saymamış və qeyri-rəsmi olaraq 30 minə yaxın türkün qətlə yetirildiyini təxmin ediblər. Çünki öldürülənlərin çoxunun meyiti tapılmamışdı. Şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə, quyulara atırdılar ki, cinayətin izini itirsinlər.

Təkcə "Vulkan" cəmiyyətinin yanalma körpüsünə müsəlman kişilərin, qadın və uşaqların 6748 meyiti toplanmışdı. "Nikolay Bunyatov" gəmisinin komandir köməkçisi Kazım Axundov texnik dostu Vladimir Sokolovu "Kərpicxana" deyilən yerə aparıb və orada işgəncələrlə öldürülən insanların şəklini çəkməyi xahiş etmişdi. Vladimir Sokolov 3 fotoşəkil çəkə bilib:

Birinci fotoşəkildə başında güllə, bədənində 5 süngü yarası olan və sağ çiyninə qılınc yarası vurulmuş ananın sağ döşündə hələ sağ olan körpə uzanıb. Anasının döşünü əmən körpənin ayağında süngü yarası görünür.

İkinci şəkildə iri mismarla divara mıxlanmış 2-3 yaşlı uşaq təsviri var. Üçüncü şəkil isə 13-14 yaşlı qızın meyitidir. Qızın cırılmış paltarları və qançırlardan onun zorlanaraq öldürüldüyü görünür.

Sokolov 4-cü otağa girəndə 22-23 yaşlı bir qadının, iki qarının, 9 yaşlı qızın, 8 yaşlı oğlanın və südəmər körpənin meyitlərini görür. Quduz itlər körpənin əl-ayağını gəmirib yeyibmiş.

Bu mənzərədən dəhşətə gələn Vladimir Sokolov daha heç bir şəkil çəkə bilmir…

"Öldürülənlərin dəfni aylarla davam etdi…"

Dəhşətli qırğınların əhatə etdiyi ərazilərdən biri də Şamaxı idi. Ermənilər şəhərin axundu Cəfərquluya işgəncələr vermiş, onun saqqalının tüklərini bir-bir yolmuş, gözlərini çıxarmış, burnunu kəsmişdilər, axundun yanında sığınacaq tapmış saysız-hesabsız qadın və uşaqları da öldürmüşdülər.

Təkcə Şamaxı qırğınlarıyla bağlı Təhqiqat Komissiyası 925 səhifədən ibarət 7 cildlik şahid ifadələri və materiallar toplamışdı. Sənədlərdən Şamaxı qəzasının 53 kəndinin dağıdıldığı, 8027 azərbaycanlının qətlə yetirildiyi məlum olur. İşgəncələr altında öldürülənlərdən 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olub.

Komissiyanın sədri Ə.Xasməmmədov 1919-cu il martın 30-da "Azərbaycan" qəzetində çap etdirdiyi "Çağırış"da bildirirdi: "Şamaxının yalnız xarabalıqları qalmışdır... Şəhərin 15 minlik əhalisindən sağ qalanlar bütün Zaqafqaziyaya dağılmış, əllərində qoltuq ağacı və bellərində torba qapı-qapı düşüb dilənirdilər ki, acından ölməsinlər... Onlar türk qoşunları Azərbaycana gəldikdən sonra öz el-obalarına qayıtmışlar".

Qafqaz İslam ordusunun gəlişindən sonra Şamaxı küçələrindən iri sümüklər yığılaraq basdırılmışdı. Ancaq komissiya üzvlərinin 1918-ci ildə hazırladıqları hesabatda göstərilir ki, öldürülənlərin basdırılması aylarla davam etsə də, bəzi yerlərdə qalaqlanmış və çürümüş meyitlər hələ də qalmaqdadı.

"Məscidi dağıdıb, din xadimlərini qırdılar"

Ermənilər Quba qəzasında soyqırıma xüsusilə hazırlaşmışdılar. Çünki ilk qırğını törədən Muradyana qarşı əhali müqavimət göstərə bilmişdi.

Birinci Dünya Müharibəsində iştirak edən ermənilərdən ibarət iki min nəfərlik dəstə Muradyanın rəhbərliyi ilə 1918-ci ilin birinci rübündə Qubaya hücuma keçmiş və dəhşətli qırğınlar törətmişdi. Həmin ərəfədə Qusarın Kuzun kəndinin sakini, Türkiyədə təhsil almış nüfuzlu din xadimi Möhübəli Əfəndi və Çağar kəndinin sakini Hətəm Sərkarov yerli əhalini daşnaklara qarşı mübarizəyə qaldıra bilirlər. Ləzgilərin də köməyi ilə qırğınların qarşısı alınır və Muradyan 100 nəfərlə qaçır.

Möhübəli Əfəndi 200 nəfər daşnak terrorçunu həbs etdirib, Quba türməsinə saldırır. Ancaq 10 gün sonra top və pulemyotlarla silahlanmış erməni ordusu yenidən Qubaya hücum edir. Hamazaspın başçılıq etdiyi dəstə şəhəri od vurub yandırmağa, tarixi abidələri dağıtmağa, insanları vəhşicəsinə qətlə yetirməyə başlayır.

Şahidlərin bildirdiyinə görə, Hamazasp Quba camaatının qalan hissəsini meydana yığıb bildirir ki, "mən minlərlə türkün başını kəsən Ərzurum ermənisiyəm. 200-dən çox türk kəndini yandırıb xaraba qoymuşam".

Hamazaspın daşnak dəstəsinə bələdçilik edən qubalı erməni Harun Hayrapetovdan Qubanın varlı adamlarının siyahısını istədiyini yazan şahid qeyd edir ki, "Həmin siyahıda Qubanın varlılarından 26 adamın adı vardı. Hamazasp silahlı əsgəri həmin ailələrin dalınca göndərdi. Silahlı əsgərlər 6 nəfərlə geri qayıtdılar. Gətirilənlərin 4-ü qadın, 2-si uşaq idi. Hamazaspın tapşırığı ilə uşaqların başlarını kəsdilər, qadınları isə uşaqlarının qanını içməyə məcbur etdilər. Qadınlar şivən qoparıb daşnakların üstünə atılanda qarınlarını süngülərlə deşdilər. Sonra qılıncla onları tən ortadan ikiyə böldülər. Meydanda ah-nalə yüksələndə Hamazasp əsgərləri cərgə ilə düzdürüb, günahsız əhaliyə atəş açmağı əmr etdi. Yüzlərlə adam qırıldı..."

Ermənilər bu qırğınlara sünni-şiə davası donu geyindirməyə də cəhdlər edir, xarici dövlətlərdə müsəlmanların erməniləri qırdıqları barədə şayiələr yayırdılar. Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri M.H.Hacınski 1918-ci il iyulun 15-də hökumətin iclasında çıxışı zamanı bildirmişdi ki, erməni cəlladları dinc müsəlman əhalisinin həyatı və əmlakı üzərində görünməmiş vəhşiliklər törədir, bununla yanaşı yalan xəbərlər yayaraq Avropa ictimaiyyətində əks əhval-ruhiyyə yaradırlar.

Quba qırğınlarına da don geyindirməyə çalışan Hamazasp meydana yığdığı əhalinin içindən bir sünni və bir şiə seçərək onlara silah verdirir və bir-birinə atəş açmağa məcbur edir. Bildirir ki, silahlar növbə ilə sünni və şiələrə veriləcək, sonda sağ qalanlar isə öldürülməyəcək.

Komissiyanın dindirdiyi şahidlərin dediyinə görə, "ilk olaraq Ləzgi Məhəmməd və şiələrin ağsaqqalı Məşədi Mirsadıqı irəli çıxardılar. Onların heç biri əlinə silah almaq istəmirdi. Qundaqla başlarına vurub, onları silah götürməyə məcbur etdilər. İkisi də tüfənglərini qaldırıb bir-birini nişan aldılar. Hamı məəttəl qalmışdı. Nisbətən cavan olan Məhəmməd heç kəsin gözləmədiyi halda geri döndü və bir daşnakı yerə sərdi. Qarışıqlıqdan istifadə edən Məşədi Mirsadıq da bir ermənini öldürdü. Bunun ardınca qırğın başlandı. Qaçmaq istəyən yüzlərlə adamı ermənilər pulemyotlarla qırdılar. Ölənlərin çoxu qadınlar və uşaqlar idi. Hamı dayanandan sonra Məhəmmədin qollarını, ayaqlarını kəsdilər. Başını kəsib süngüyə keçirdilər və hamı görsün deyə yuxarı qaldırdılar. Məşədi Mirsadığın gözlərini çıxarıb, qollarını, axırda da boynunu sındırdılar. Daşnaklar həmin gün məscidi dağıdıb həm sünnilərdən, həm də şiələrdən 20-dən çox din xadimini qətlə yetirdilər".

A.Novatski bildirir ki, ermənilər təkcə Quba, Qusar və Xaçmaz ərazisində 26 məscidi yandırmışdılar. Hadisələrin canlı şahidi İbrahim Aydəmirov isə xatırlayır ki, Digah məscidində alban və ərəb əlifbası ilə yazılan kitablar yandırıldıqdan sonra kəndin yaxınlığındakı müqəddəs pirin daşını da partlatdılar. Həmin nəhəng daşın üstündə alban hərflərilə yazılar vardı.

Hamazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Qubada 16 mindən çox insan qırılmış, 162 kənd yerlə-yeksan edilmişdi.

Eyni qırğınlar Lənkəran və Göyçayda, Kürdəmirdə də törədilmişdi.

Rusların təlim keçdiyi erməni qatilləri

Ermənilər Şimali Azərbaycanla paralel olaraq, Cənubi Azərbaycanda – Urimiya, Salmas, Sulduz və Xoyda da kütləvi qətliamlar törədirdilər.

Urmiyadakı soyqırıma erməni dini rəhbəri Benyamin Marşimon rəhbərlik edirdi. Marşimon Osmanlı torpağından 12 min çilov ailəsi ilə birlikdə gəlmişdi, Urmiya, Salmas və Sulduzun 20 min erməni və assur ailəsi isə onlara qoşulmuşdular. Nəticədə böyük bir ordu yaranmışdı ki, bunun da 20 min nəfəri təlim keçmiş peşəkar hərbçilər idi. Əlavə olaraq 800 nəfər rus və 72 fransız zabiti də onlara hərbi hazırlıq keçirdi.

Rusiyanın Urmiyadakı konsulu Nikitinin siyasi, Petros ağanın hərbi, Marşimonun isə ideoloji dəstək verdiyi bu ordu 1918-ci il fevralın 17-dən başlayaraq azərbaycanlılara qarşı soyqırım siyasəti həyata keçirməyə başlamışlar.

Maraqlıdır ki, Urmiya, Salmas, Sulduzda və Xoy ətrafında baş verən bu qırğınlar nəinki Qarabağ və İrəvandan, o cümlədən Bakıdan gələn erməni hərbi birləşmələrinin yardımı ilə həyata keçirilirdi, həmçinin Şimali Azərbaycandakı qırğınlarla az qala eyni gündə baş verirdi. Məsələn, Urmiyada ümumilikdə 50 min azərbaycanlının qətliylə nəticələnən soyqırım 1918-ci ilin Novruz bayramı ərəfəsində ikinci dəfə şiddətlənmiş və martın sonlarına qədər davam etmişdi.

Andronikin başçılıq etdiyi 8 minlik quldur dəstəsi Arazın həm şimalında, həm də cənubunda erməni daşnaklarının azərbaycanlılara qarşı apardıqları soyqırıma yardım edir, soyğunçuluq törədir, kəndləri xarabazara çevirir və "Böyük Ermənistan" kimi nəzərdə tutduqları əraziləri türklərdən təmizləməyə cəhd göstərirdi.

Ermənilər bu məqsədlə Salmasda 30 min, Sulduzda isə 10 mindən çox azərbaycanlını qətlə yetirmiş, yüzlərlə kəndi xarabazara çevirmişdilər.

Qafqaz-İslam ordusunun yaxınlaşması xəbəri ilə Naxçıvana çəkilən Andronik qarşısına çıxan bütün kəndləri dağıtmışdı. Daha sonra Çəmbərəkənd rayonunun Ağbulaq, Ardanış, Bəriyabad, Qaraqaya, Əmirxeyir, Yanıqtəpə, Qaraqoyunlu, Toğluca, Çaykənd, Cıvıxlı, Cil, Şorça və başqa kəndlərə hücum edən Andronik bütün əhalini qırmışdı. Eçmiədzin rayonunun 700 nəfərlik Ayarlı və 800 nəfərdən çox əhalisi olan Qarğabazar kəndlərinin əhalisini də Andronik bütünlüklə, son nəfərinə qədər məhv etmişdi.

"Növbə Qarabağındır…"

Ən çox dağıdılan Zəngəzur qəzası idi. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə görə, Ermənilər bu qəzada 115 Azərbaycan kəndini büsbütün yandırmış, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürmüşdülər.

Ermənilər Zəngəzur qəzasının özündə və ətrafında qırğınları 1920-ci ilə qədər sistemli olaraq davam etdirmişdilər. 1920-ci il yanvarın 21-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü Cəlil Sultanov tərəfindən Azərbaycan parlamentinə göndərilmiş teleqramda deyilirdi: "Dörd gündür ki, erməni quldur dəstələrinin nizami ordu ilə birlikdə top və pulemyotların atəşi altında Zəngəzura hücumları davam edir. İtkilər olduqca çoxdur, əhali vahimə içində kömək umur. Qəzanın bədbəxt əhalisi adından yalvarıram, kağız üzərindəki etirazlardan fəal işə keçin. Azərbaycanın ən gözəl guşələrindən birini tamamilə məhv olmaqdan xilas edin. Zəngəzurun ardınca növbə Qarabağındır..."

***

1918-ci ilin martına qədər Zəngəzurun 199 kəndi, 1919-cu ilin sentyabrına qədər isə Eçmiədzin qəzasının 62 azərbaycanlı kəndi yerlə yeksan edilmişdi. 1919-cu ilin axırında Zəngibasarın bir neçə kəndi istisna olmaqla qalan kəndləri, İrəvan qəzasının 211 və Vedibasarın bütün azərbaycanlı kəndləri məhv edilmişdi. 1916-cı ildə İrəvan şəhərində və İrəvan quberniyasının kəndlərində 375 min nəfər azərbaycanlı yaşayırdısa, 1922-ci ildə onlardan artıq 305 min nəfər tamamilə məhv edilmişdi.

Ümumilikdə isə bu qırğınlar nəticəsində 565 min müsəlman-türk vəhşicəsinə qətlə yetirildi.

Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının topladığı materiallar əsasında azərbaycanlılara qarşı soyqırım faktını təsdiqləmiş və 1918-ci il martın 31-ni matəm günü elan etmişdi. 1919 və 1920-ci illərdə, iki il müddətində ardıcıl olaraq martın 31-i qeyd edilsə də, Azərbaycanın Sovet ordusu tərəfindən işğalından sonra 31 martın qeyd edilməsi qadağan olunmuşdu. Yalnız Azərbaycan müstəqillik əldə etdikdən sonra - 1998-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı günü olaraq yenidən qeyd edilməyə başlandı.

Tarix
2015.03.31 / 15:19
Müəllif
Anar Yusifoğlu
Şərhlər
Digər xəbərlər

Şuşa işğal olunanda da “günahkar” ağdamlılar idi...

Zabit şərəfimiz Qarabağda ləkələndi… - Rus polkovnik

Ermənilər hər gecə əlaqəyə çıxır bizimkilərlə...

Onun ölümü bağışlanmazdı, amma…

Gəncədə qətlə yetirilən polislər niyə silah çıxarmadı?

Anar Yusifoğlunun Əli Həsənova – Şok müraciəti

Bizi yerdən əzizlərimiz götürür...

Ölümə qarşı bir can kimi...

Dünyanın Vətən dərdi çəkən xoşbəxt adamı

Bu xoşbəxtlik uğrunda ölmək…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla