Yuxarı

Köhnə avtomobili necə seçməli – Aldanmayın

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xüsusi olaraq 2-ci əldən maşın alanlar üçün

Şəhərimizdə minik maşınlarının sayı sürətlə artır. Yollar, prospektlər bir yana, səkilər, həyətlər də maşınla dolur, tıxaclar adi gündəlik hadisəyə çevrilir. Hətta son zamanlarda Avro-4 standartlarının tətbiqi və yanacağın qiymətlərinin yüksəlməsi də buna təsir etmir.

Təbiidir, minik maşınlarının sayının artması iqtisadi-sosial inkişafla bağlı olan məsələdir. Günün reallığı isə belədir: maşını olmayan babat maşın almaq, babat maşını olan isə satıb daha yaxşısını almaq istəyir. Və dədə-baba "Jiquli"sinini artıq heç kim bəyənmir.

Mən hələ şanlı "Qaz-24"ləri demirəm, rayonlarda bunların arxasını kəsib "Pikap" düzəldir, ot, odun daşıyırlar. Hazırda babat maşın deyəndə, hamı "Mersedes", yaxşı maşın deyəndə "Cip" başa düşür. Bunların isə, məlum olduğu kimi, təzəsi çox bahadır. Bu da çoxunun imkanlarına uyğun gəlmir.

Odur ki, bu çoxluq 2-ci ələ üz tutmalı, yəni işlənmiş maşın almalı olur.

Burda əfsanələşmiş bir əhvalatı xatırlayaq: Amerikanın "Ford" şirkəti 1903-cü ildə Henri Ford tərəfindən yaradılıb və ilk avtomobilini də həmin ildə istehsal edib. Yeri gəlmişkən, indi babat və yaxşı maşın istehsal edən bu şirkətin ilk avtomobilləri bizim indiki faytonlara bənzəyirdi. Deməli, 1953-cü ildə "Ford" şirkəti özünün 50 illiyini qeyd edir. Bu münasibətlə xeyriyyə tədbiri keçirmək, "Ford"un ilk avtomobillərini hər yerdən yığıb muzeyə qoymaq, sahiblərinə isə son modelləri hədiyyə etmək istəyirlər. Eşidirlər ki, Türkiyənin hansısa ucqar şəhərində (kənd desəm, inanmazlar) "Ford"un ilklərindən biri var. Şirkətin nümayəndələri son modellərdən birini də götürüb Türkiyəyə gəlir. Axtarıb türkü də, "Ford"u da tapırlar, amma bir problemlə üzləşirlər. Türkün 50 yaşlı "Ford"unda yük maşınından tutmuş tikiş maşınına, əl arabasına kimi, hər maşından bir ehtiyat hissəsi, detal olur. Nümayəndə heyəti məsləhətləşir, geri aparmaq bahadır deyə, təzə "Fordu" türkə bağışlayır, onun köhnə maşınını da aparmır, özünə saxlayır. Qərəz, sözümün canı odur ki, hamının bəxti bu türkünkü kimi gətirmir, köhnə maşın həmişə xeyir vermir. Həm də atalarımızın kəlamı var ki, hər şeyin təzəsi, dostun köhnəsi.

Bir az da müasir desək, təzə "Jiquli" köhnə "Mersedes"dən yaxşıdır.

Yeri gəlmişkən, maşın alanda, özüm də 2-ci ələ üz tutmalı, yəni işlənmiş maşın almalı oluram.

Mən Sovet döründə Moskvada təhsil almışam. Moskva o zamanlarda da bu qədər varlı olmasa da, elə bu qədər "böyük bazar" idi. Və o bazarın "qızıl qaydası" vardı: xaricilərdən - polyaklardan, özümüzünkülərdən isə gürcülərdən heç vaxt, heç nə almamaq! Yəni bunlardan nə alsan, neçəyə alsan, uduzacaqsan. Ən yaxşı halda, türkün köhnə "Ford"unu təzə adına sənə sırıyacaqlar, ən pis halda isə…

Nə isə, mən bazarın "qızıl qaydası"nı bilsəm də, gürcülərdən 3 dəfə maşın almışam. Aldanmışam deməyə dilim gəlmir, amma olsun ki, başım həm də buna görə ağarıb… Odur ki, atalar demiş, al kəndində, sat kəndində, heç olmasa, şikayət eləməyə yerin və üzün olar…

2-ci əldən, yəni işlənmiş maşın almaq niyyətində olanlar birinci növbədə avtomobilin kilometrajı ilə maraqlanır. Amma bu gün, demək olar ki, bütün satıcılar kilometrajı asanlıqla geri çəkə bilir və çəkir. Odur ki, sizə xüsusi vasitələr və ya hər hansı kömək olmadan avtomobilin həqiqi yaşını müəyyən etməyin yolları barədə danışmaq istəyirəm.

Söz yox ki, bazarda alıcı üçün öz xidmətlərini təklif edən, hətta avtomobilə zəmanət talonu təşkil edən (adətən 6 aylıq) kifayət qədər vasitəçilər var. Amma qeyd etmək lazımdır ki, 6 aylıq zəmanət kifayət qədər az müddətdir. Ən "ölü" maşını belə çox cüzi məsrəflə nəzərdə tutulan zəmanət müddətinə heç bir nasazlığını göstərməyəcək bir vəziyyətə gətirmək olar. Daha sonrakı bir neçə ayda isə avtomobil tökülür, istifadəyə yararsız hala düşür. Bu isə xərclər, həm də böyük xərclər deməkdir.

Qeyd etmək lazımdır ki, alıcının bazarda aldadılması həmişə olub və indi də var. Odur ki, bazara gedərkən sizi maşından yaxşı başı çıxan dostunuzun, ya tanışınızın müşayət etməsi vacibdir. Əslində bu, bazardan avtomobil almağın qaydasıdır. Amma avtomobil seçərkən alıcının özünün də müəyyən qədər bilgisinin olması zəruridir. Bu sahədə olan bilgi və təcrübə sayəsində nasaz maşınların 70 faizini yerindəcə müəyyən etmək olur. Sadəcə hara və nəyə baxmaq lazım olduğunu bilmək lazımdır.

Təcrübə göstərir ki, avtomobilə ilkin baxışda, elə bazardaca onun yaşını və halını dəqiq olmasa da, təxminən təyin etmək olar. Məsələn, avtomobilin faraları, qapılarının yerinə normal oturması onun vurulub-vurulmadığını vizual təyin etməyə imkan verir və bu, elə bir təcrübə tələb etmir. Amma maşını işə salıb mühərrikin səsinə görə ona qiymət vermək üçün təcrübə gərəkdir. Avtomobilin sürət və əyləc pedalları isə onun yaşını ələ verən əsas amillərdəndir. Pedalın köhnəlmiş rezin üzlükləri və ya cilalanmış metal pedal avtomobilin köhnəliyinin əlamətidir. İddia olunun kilometrajla pedalın vəziyyəti arasında fərq varsa, şübhələnməyə dəyər ki, avtomobilin yaşı iddia edilən rəqəmdən çoxdur.

Diqqət yetirilməli ikinci yer avtomobildə salonunun örtüyüdür. Təbii haldır ki, gündəlik təmizlənmə zamanı yuyucular salon örtüyünün təmizliyinə tam diqqət yetirmirlər. Üstəlik, uzunmüddətli istifadə nəticəsində döşəmənin örtüyünün korlanması da qaçılmazıdır. Örtüyü dəyişmək isə satıcıya sərf etmir, çünki bunun üçün bütün salonu dəyişmək lazım gəlir ki, bu da çox bahadır. Belə ki, 50-100 min kilometr aralığıında salon ortüyünün keyfiyyətini itirməsi və ya sökülməsi real deyil, amma 150-200 min kilometrdə artıq mümkündür. Deməli, maşının interyeri aşağı səviyyədədirsə, bu, avtomobilin uzun müddətli istismarından xəbər verir.

Növbəti baxacağınız yer sükandır. Sükanın təbii dəridən olması alıcıya sərfəlidir. Çünki baha başa gəldiyi üçün satıcıya onu dəyişmək sərf etmir. Amma bəzi dələduz satıcılar bundan çəkinmir, köhnə maşını təzə qiymətlə satmaq xatirinə hətta bahalı sükanı dəyişirlər. Bu halda isə oturacaqlar alıcının köməyinə gəlir. Oturacaqların üzlükləri daha bir indikatordur. Əgər, oturacaq dəri deyilsə belə, sükanın səthi ilə eynilik təşkil etməlidir. Əgər fərq varsa, artıq sual yaranması üçün real səbəbdir. Əgər parça üzlükdən istifadə olunubsa, material 50-100 min kilometr arasında rəngini çətin ki, dəyişsin. Bu zaman edilməsi vacib olan şey oturacağı mümkün qədər qaldırıb rəngləri və tikişin vəziyyətini tutuşdurmaqdır.

Qapılarda və ön paneldəki plastika növbəti önəmli amillərdəndir. Daha dəqiq desək, onların üzərində düymə, dəstək və digər xırda detallara diqqət yetirmək lazımdır. Hər zaman istafadə olunan bu detalların vəziyyəti avtomobilin yaşından xəbər verir. Belə ki, bu hissələrin orijinalını tapmaq həmişə mümkün olmur və ucuz başa gəlmir.

Sürət qutusunun dəstəyi və onun ətəyi (əgər varsa) də avtomobilin yaşını təyin edən vacib amillərdən biridir. Çünki dəstəyin özü yaxşı qalsa belə, onun ətəyi köhnəlir və maşının yaşından xəbər verir. Bir az təcrübəli alıcı maşını işə salıb (sürət qutusu mexaniki olanda), dəstəyi sürət hədlərinə keçirməklə də maşının vəziyyətini təyin edə bilər. Yeri gəlmişkən, maşının açarının yerində laxlaması, mühərriki dərhal işə salmaması, əl əyləcinin yaxşı saxlamaması da maşının yaşından xəbər verir. İstənilən halda, yadda saxlamaq lazımdır ki, satıcı maşının kilometrajını asanlıqla geri çəkə bilsə də, bütünlüklə salonu və digər detalları dəyişə bilmir. Çünki bu, maşının real qiymətindən baha başa gəlir. Əgər salon tamamilə yenidirsə, şübhə doğurmalıdır və çox güman ki, bir neçə avtomobilin hissələrindən yığılmışdır. Əgər kilometrajın göstəricisilə salonun vəziyyəti eynilik təşkil edirsə, yuxarıda göstərilən amillərə baxmağa dəyər.

Ən yaxşısı isə işlənmiş avtomobil alarkən rəsmi dilerə müraciət etmək, yəni maşını salondan almaqdır. Salona hətta tək də getmək olar. Orada kilometraj və sizi maraqlandıran digər məsələr barədə düzgün məlumat verəcəklər. Eyni zamanda, avtomobilin diaqnostikası gerçəkləşdirilir. Həm də müəyyən məbləğ qarşılığında menecer maşının reputasiyası haqqında Avropadakı ofisə sorğu göndərə bilir. ABŞ-dan idxal edilən avtomobillərin real kilometrajını "Carfax" və "Autochek" (müvafiq olaraq 20 və 30 dollar qarşılığında) milli məlumat bazaları əsasından müəyyən etmək olar.

Sonda isə (pulu ödəməzdən əvvəl) avtomobilin axtarışda olub-olmadığını müəyyənləşdirmək üçün müvafiq DYPŞ-yə mütləq müraciət etmək lazımdır.

Tarix
2015.04.01 / 08:45
Müəllif
Qаlib Аrif
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla