Ana səhifə Toplum |
"Royal bank" ASC-nin Plastik Kartlar Departamentinin direktor müavininə cinayət işi açılıb.
Baş Prokurorluqdan Axar.az-a verilən məlumata görə, "Royal bank" ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı Gülşən Mustafayevanın 2011-2012-ci illərdə "Royal bank" ASC-nin Plastik Kartlar Departamentinin direktor müavini vəzifəsində işləyərkən öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edib. O, cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərinin həqiqi mənbəyini gizlətmək üçün həmin bankın filialları vasitəsilə 4 milyon 817 min manat məbləğində pul vəsaitlərinin köçürülməsi ilə bağlı maliyyə əməliyyatlarını həyata keçirməklə leqallaşdırmasında şübhə bilinir.
Hazırda onun barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 193-1.3.2-ci (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Tarix
2015.04.01 / 15:37
|
Müəllif
Nigar İxtiyarqızı
|