Yuxarı

Mustafa Kamal necə general oldu

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəzərdən keçirilən sivilizasiyanın içərisində və ya ondan kənarda yer almasından asılı olmayaraq, hər bir müəllifdə hadisələrə özünə məxsus yanaşma tərzi əmələ gəlir. Bu və ya yekun nəticə ona daxili məntiqin gətirdiyi inandırıcılıq vektorlarının qarşılıqlı təsiri ilə izah olunur.

Hər bir tarixi dövrün öz xüsusiyyətləri var, hər tarixi hadisə öz ilkin şərtlərinə malikdir və bunların birini digərindən ayırmaq olmaz. Əks-təqdirdə tədqiqatçı mütləq subyektivizmə uğrayacaqdır.

Şübhəsiz, türklər ta qədimdən müəyyən intellektual və emosional keyfiyyətləri ilə fərqlənmiş və Altay hüdudlarını da elə bu özəllikləri ilə adlamışlar. Şübhə yoxdur ki, məhz bu qabiliyyətlər türklərin yeni ərazilərdə məskunlaşmasına şərait yaradırdı. Buna müvafiq olaraq da nəhəng dövlətlər ərsəyə gəlirdi. Türklər özləri üçün ictimai tərbiyə formasına çevrilən, çoxsaylı məziyyətlərə malik davranış normaları işləyib hazırlayırdılar. Türk hələ uşaqlıqdan dünya ilə ünsiyyətin prinsiplərinin məcmusunu əxz edir, vaxt ötdükcə bunlar həyati davranış normalarına çevrir və yaşa dolduqca bu dəyərlər refleks şəklində onun şüurunda möhkəmlənir. Nəticədə genealoji olaraq beyin neyronlarında bütün toplananlar yeni nəsillərə ötürülür.

Osmanlı, Rusiya, Britaniya imperiyalarının və dünyanın digər güclü dövlətlərinin qarşıya qoyduqları əsas məqsəd idi. Osmanlı imperiyasının son dövrlərini Avropada hətta "xəstə dövlət" adlandırırdılar. Vaxtaşırı Çar Rusiyasının maraqları Böyük Britaniyanın siyasəti ilə təzad təşkil etdikdə, ruslar osmanlılarla yaxınlaşmaq istəklərini izhar edirdilər. Həmçinin də Osmanlı imperiyasının Böyük Britaniya ilə və ya vassalı olan Misirlə və özünün digər şərq qonşuları ilə münaqişə vəziyyətində olduğu dövrlərdə türklər ruslarla ümumi dil tapırdılar. Və əksinə, Rusiya Balkanlarda döyüşdüyü zaman ruslar və türklər düşmən mövqelərdə olurdular. Bu zaman Osmanlı imperiyasını "xəstə dövlət " adlandıranlar özləri onların müttəfiqinə çevrilirdi.

Bütün bunlar daha çox torpaq ələ keçirməyə can atan ölkələrin real siyasətinin, regional imperializminin nəticəsi idi. Qeyd etmək lazımdır ki, son dövrlər Osmanlı sultanları strateji səhvlərə yol verərək öz ölkələrinə bunların üz verməsinə yol açırdılar. İqtisadiyyatının modernləşdirilməsi, ölkəyə müasir Avropa texnologiyalarının cəlb edilməsi, təhsilin və sənayenin inkişaf etdirilməsi əvəzinə sultanlar imperiyanı diplomatik manevrlərlə qoruyub saxlamağa cəhd göstərirdilər. Ölkə içəridən zəif, amma xarici siyasəti baxımından güclü idi, lakin bu, osmanlıların imperiyasını dağılmaqdan xilas edə bilmədi.

O cümlədən də Birinci Dünya müharibəsinin ilk günlərindən rəqiblər Osmanlı imperiyasını özləri tərəfdən müharibəyə cəlb etmək üçün mübarizəyə başladılar. Bu ölkəyə təsir etmək üstündə Antanta ilə Avstriya-alman bloku arasında çoxdan gərgin mübarizə gedirdi. "Gənctürklər" hökuməti Avropa ilə münaqişəyə getmək istəmirdi, ona görə də Antanta ilə müharibədən çəkinirdi. Onlar həm ingilislər, həm də bütünlükdə Antanta ilə ümumi dil tapmağa çalışırdlar, lakin avropalılar Türkiyəni "xəstə dövlət" adlandıraraq, onun ərazisini ələ keçirmək niyyətindəydilər. Türklər isə Almaniya ilə danışıqlara başlamaq məcburiyyətində qalaraq, digər dövlətlərlə - Fransa, İngiltərə və Rusiya ilə müharibədə onu dəstəklədilər.

Beəlikədə, 1914-cü il avqustun 2-də alman-türk ittifaqı barədə müqavilə imzalandı.

1914-cü ildə Antanta rəhbərliyi Osmanlı imperiyasının paytaxtı İstanbulu döyüşlə ələ keçirib, şərqdən hücum edən rus qoşunları ilə birləşmək niyyətində idi. Müharibə başlayandan sonra Şərqi Anadoluda erməni millətçi hərbi dəstələri fəaliyyətə başladı, onlar müharibənin qızğın çağında erməniləri üsyana qaldırmaqla, Şərqi Anadolunun ruslar tərəfindən asan ələ keçirilməsini təmin etmək istəyirdilər. Bununla onlar Antantanın etibarını qazanaraq, türk torpaqlarında monoetnik erməni dövləti quracaqlarına inanırdılar. İş o yerə çatmışdı ki, Türkiyə hökuməti arxa cəbhədə erməni təhlükəsini önləmək üçün ön cəbhədən bütöv bir diviziyanı geri çəkməyə məcbur olmuşdu.

Müttəfiqlər ekspedisiya korpusunu Gelibolu yarımadasına çıxarmağı planlamışdılar. Dardanelə nəzarət edən türklər düşmənin fəaliyyətini minumuma endirə bildilər.

Türk ordusu Dardanel boğazının müdafiəsi üçün 20 diviziyadan ibarət güclü qoşun qruplaşması yaratmışdı. Türklərin desant əleyhinə müdafiəsi möhkəmləndirilmiş sahil məntəqələri və batareyaları sisteminə söykənirdi. Antanta gəmilərindən açılan güclü artileriyya atəşlərinin müşayiəti altında sahilə çıxan desant dəstəsi qəhrəman türk əsgərinin çəsarətli müqaviməti ilə üzləşdi; çətin şəraitdə müdafiə olunanlar düşmənin üzərinə dəfələrlə hücumlar təşkil edirdilər. Bütün cəhdlərə və dənizdən düşmənə dəstək verən artileriyya atəşlərinə baxmayaraq, desant qoşunları Gelibolu yarımadasında irəliləməyə müvəffəq ola bilmədi. Döyüşün elə ilk günlərində müttəfiqlər 18 min nəfər itki verməklə, cəmi 1-1,5 km. irəliləyə bildilər.

Qabatəpə burnu yaxınlığında sahilə çıxan avstraliyalılar Cunukbayir yüksəklilərinə qalxmağa başlayanda polkovnik Mustafa Kamal onları qabaqlamağa qərar verdi. O, şəxsən özü batalyonunu piyada əlbəyaxa döyüşə apararaq, bütün diviziyanı ardınca çəkməyə müvəffəq oldu. Döyüşdə 5 min nəfər itki verən avstraliyalılar hündürlükdən geriyə, sahil kənarına oturduldular və elə orada da möhkəmləndilər.

Polkovnik Mustafa Kamalın komandanlığı altında olan türk qoşunları əsas möhkəmləndirilmiş mövqelərini müdafiə edə bildilər, baxmayaraq ki, dənizdən ingilis-fransız donanması onları daim atəş altında saxlayırdı. Çanaqqala döyüşlərinə qədər Mustafa Kamal artıq iki müharibənin - 1911-12-ci illər italyan-türk, 1913-cü ilin Balkan - iştirakçısı olmuşdu. Çanaqqala savaşında isə o, dəniz boğazlarının müdafiəsində duran 1-ci ordunun piyada diviziyasına komandanlıq edirdi. Gələcək marşal Gelibolu yarımadasının ingilis-fransız desantından müdafiəsi zamanı şanlı türk əsgərləri ilə bərabər göstərdikləri şücaətə görə böyük şöhrət qazanmışdı. Bu təşkilatçılığına və igidliyinə görə sonradan 16-cı ordu korpusuna komandanlıq ona tapşırıldı. Aramsız döyüşlərdə və xəstəliklərdən 25 min nəfərə qədər itki verən (türk qoşunlarının itkisi də təxminən bu qədər olub) müttəfiqlər öz qoşunlarını (145 min nəfər, 400 artilleriya qurğusu) Gelibolu yarımadasından evakuasiya etməyə məcbur oldu.

Müttəfiqlər öz qoşunlarını Geliboludan evakuasiya edərək, təcili şəkildə Saloniki cəbhəsinə keçirdilər. Bir sözlə, Antantaya boğazları ələ keçirmək nəsib olmadı. Türk xalqının qəhrəmanlığı nəticəsində Çanaqqala döyüşlərində düşmən tamamilə uğursuzluğa düçar oldu.

1916-cı il yanvarında türk xalqı İstanbulda Çanaqqala müdafiəsinin qəhrəmanlarını qızğın alqışlarla qarşıladı. Göstərdiyi igidliklərə görə Mustafa Kamal çoxdan layiq olduğu general-mayor rütbəsini və "Paşa" titulunu aldı və xidmət sahəsində sürətlə irəliləməyə başladı.

Tarix
2015.04.22 / 23:00
Müəllif
Adıgözəl Məmmədov
Şərhlər
Digər xəbərlər

Ermənilərin köçürülməsi qərarını kim verib? – Foto

Mircəfər və onun ermənilərlə vuruşan gizli dəstəsi - Fakt

Beriya Xalq Cümhuriyyətinin xəfiyyəsi idi – Fakt

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla