Yuxarı

Bacısını döyüş meydanında tapdı və... – Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cəbhə xətti"nin budəfəki astanasında bir şəhidin ömür kitabı açılacaq, rəvayət ediləcək... bir dərviş təki... Unudulmamış ağrı-acı xatırlanacaq səhifələrdə. Can yanğısı, əslində, itirilməmiş ümidlər və günbəgün uzaqlaşan xatirələr canlanacaq kimlərinsə real baxış bucağında... və o danışdı:

Əzizlərini torpaq, qeyrət davasında itirlənləri dinlədikcə bir-birinə bənzəyən qismət naxışları ilə qarşılaşmışam. Elə bil ki, qadir Tanrı Vətənimizin şəhidlik ucalığından bizə boylanan övladlarını şərəfli ünvanda qovuşdurmaqdan ötrü dünya mülkündə varlıq çiçəyi tək bitiribmiş. Qazax mahalının bir parçası olmuş Tovuzun şəhid qızı Rəhilə Komsomol qızı Qarayeva da həmin insanlardan biridir. İndi Tanrının seçilmiş bəndələrindən birinin - Rəhilə Qarayevanın 45 il bundan öncə Tovuzun Qədirli kəndində başlamış, 22 il qabaq isə Qubadlının Yuxarı Cibikli oymağında başa çataraq dastanlaşmış ömür yolunun maraq oyadası yarpaqlarını, səhifələrini vərəqləyib, illərin axarında baş verən olayları çözələmək istərəm.

 

Vətən deyib ağlayanın,

Göz yaşları selə dönər.

Axıb gedər gecə-gündüz,

Bir məkanda gölə dönər.

 

Hə... 1970-ci illərdə rəhmətlik eloğlumuz Komsomol Qarayevin ailəsində baş verənlər onun doğmalarına həm sevincli, həm də ürək sızladan anlar yaşatmışdı. 70-ci ilin 22 martında təbiətdə yeni ovqatın baş qaldırdığı günlərdə mərhum Komsomol dayıyla rəhmətlik Fatma xalanın evində başqa bir təntənə yaşanmışdı. Uğur soraqlı həmin yaz günündə onların daha bir övladı, qız balalarının isə bacı payı Tanrı bəxşişinə dönüb həyat səhnəsinə qədəm qoymuşdu. Saz sənətini ürəkdən sevən Komsomol "Sazçı qızlar" ansamblının yaradıcısı və yaşadıcısı mərhum Rəhilə Cabbarovanın şərəfinə qızının adını Rəhilə qoydu. Rəhilənin dünyaya gəlişindən bir il sonra basıcı Savadın gözləri şadyanalıq işartılarına bələnmişdi. İlk qızları ata-anasının üzünü güldürmüşdü. 1972-ci ildə Komsomol atayla Fatma ananın oğul balaları, qanlı döyüşlərin baş alıb getdiyi fəlakətli çağlarda bacısıyla çiyin-çiyinə verərək quduz yağılara qarşı döyüşəcək Qabil Qarayevin qığıltıları Rəhilənin haray-həşirinə qarışdı. 1973-cü ildə Savad xanımın daha bir qızının doğumuyla Qarayevlərin şadlıqla zəngin üərklərinə yeni naxış salmışdı. Bir neçə il dalbadal Qarayevləri qanadlandıran həyatın xoş axarının yönü dəyişdi. Savad Qarayevanın həyat yoldaşı dünyanın işləklərindən hələ yaxşı baş çıxarmayan qızını, Savad xanımı gözüyaşlı qoyub haqq dərgahına qovuşdu. Savad xanım balalarını təkbaşına, necə, hansı çətinliklərə qatlaşaraq böyüdəcəyəni düşündüyü, darlıqlardan qurtulub dincliyə çıxmağın yollarını aradığı çağlarda, həyat yoldaşını itirəndən haradasa bir il yarım sonra daha dözülməz itkini atasıyla, anasıyla, bacıları, qardaşları ilə birlikdə yaşamağa məhkum oldu. Komsomol kişinin ocağında böyüyənlərə süd vermiş cəfakeş Fatma xanımın həyatdan köçməsi körpə balaları Rəhiləni və Qabili ana nəfəsinin məhrəmliyinə də, könül oxşayan ana laylasının şirinliyinə də həsrət qoydu.

 

Əzizim otağında,

Bülbüləm budağında.

Bala anadan ayrı

Can verir otağında.

 

Qadın qayğısından, ana doğmalığından yaranan istiliyin qeybə çəkilməsi ilə buzlaşmış evdə baş-başa verən atanı da, 3 bacını, 3 qardaşı da boynubükük qalmış bacıları Rəhilənin, qardaşları Qabilin gələcək taleyi düşündürürdü. Qarayev soyadının daşıyıcıları 6 yaşlı Rəhiləni, 4 yaşlı Qabili böyütmək, yetkin insanlar kimi yetişdirərək insan cəmiyyətinə çıxarmaq məsuliyyətindən doğan vəzifələrinin öhdəsindən layiqincə gəlməliydilər. Sözsüz ki, kiçik yaşlı bacılarının, qardaşlarının qara donlu qayğıları Komsomol kişinin qızlarını daha çox düşündürürdü. Onlar çox gözəl anlayırdılar ki, ana yoxluğunun yerini doldurmaq naminə daşıyacaqları yük bütün ağırlıqları ilə onların çiynindədir. İllər qarabəxt Rahilənin yaşının üstünə yaş gətirmiş, 12 yaşına çatmışdı. Bacısı Savad xanım atalarından icazə aldıqdan sonra bacısını himayəsinə götürdü. Bacısı qızları ilə bir yerdə, tay-tuş kimi böyüyən Rəhilənin uşaqlığı get-gedə arxada qalır, onun ürəyini ələ almağa çalışanlar meydana çıxırdı. Rəhilə sevib-seviləsi çağlarını yaşadığından hər kəsi, eləcə də Savad Qarayevanı düşündürən ən ciddi məsələlərdən biri onun da ailə qurması, xoşbəxt yaşaması, ev-eşik, övlad yiyəsi olması idi. Rəhiləni ağappaq gəlinlik paltarında görmək istəyənlər bu arzunun həvəsi ilə çırpındıqları halda fələk adlı varlığın çarxı onların ciyərparələrini şəhidliyə doğru çəkib aparmaqda idi. Rəhilə Sumqayıtda dərziliyin sirlərinin öyrənirdi bir peşə məktəbində. Ötüb-keçən günlərin yel qanadlı atı onu ömür qatarının dayanacağı son mənzilə doğru addım-addım yaxınlaşdırmaqdaydı.

 

Dağlarda qar, qış oldu,

Ömrümə dar qış oldu.

Lələnin şirin sözü

Fələyə qarğış oldu.

 

Səadət çıraqlarını söndürmüş, ümid ağaclarını köklü-köməcli qoparmış qanlı-qadalı müharibə tüğyanı Azərbaycanı bir-birinə vuranda ölkənin əliqabarlı təbəqəsi Vətən uğrunda döyüşlərin getdiyi səngərlərə atılmışdı. Bütün ölkəni silkələyən savaşlarda hər gün qan axıdılırdı. Yuxa ürəkli ulusumuzun əsəblərini tarıma çəkmiş Xocalı faciəsinin vəhşət doğuran sonluğu böyüklü-kiçikli hamını öz yerindən oynatmışdı. Dağınıqlıq, başıpozuqluq, başbilənin yoxluğu məmləkəti qəlpələrə parçalayırdı. Buna baxmayaraq yurdsevərlər Vətənin bütövlüyü, ulusun xoşbəxt gələcəyi yolunda ya canlarından keçirdilər, ya da sağlamlıqlarının itirilməsinə səbəb olan yaralar alırdılar. Ədavət qazanında qaynayan fitnənin buğu qorxubilməz igidlər beşiyi Azərbaycanı bürüdüyü 1990-cı illərin başlanğıc dönəmlərində cəbhədə yaralananların görüşünə getmək istəyənlər də çox idi. Günlərin bir günü söhbətimizin qəhrəmanı Rəhilə Qarayeva tay-tuşlarına qoşulub Sumqayıtda yerləşən Təcili Tibbi Yardım Xəstəxanasında ölümlə həyat arasında mübarizə aparan yaralı həmvətənlərimizin görüşünə yollanır. Həmin görüş Rəhilənin içində bəlkə də çoxdan vurnuxan, var-gəl edən qərarsızlığın qətiləşməsinə səbəb olur. Bununla da Rəhilə Komsomol qızı Qarayevanın cəbhə bölgələrinə doğru gedən yollarının üstündə yaşıl işıq yanır. Axı əzizlərini Rəhilənin evlənməyi düşündürürdü.

 

Elim qalıb neçə dağlar dalında,

Qismətim var yazılıbsa alında,

Gedəcəyəm ayaq qalsa yalın da,

Pir igidin çırağı da sönərmi?!

 

Rəhilə son qərarına qətilik möhürü vurub cəbhəyə yola düşdükdən bir neçə ay keçsə də, ailə üzvləri, doğmaları onun itkin taleyindən soraq ala bilməmişdilər. Sovet ordusunda xidməti borcunu tamamlayan qardaşı Qabil Vətənə qayıtdıqdan sonra 1993-cü ilin ilk aylarında bacısını axtara-axtara onun yerini tapır. Elə o vaxtdan bacı ilə qardaşın döyüş yolları eyni səngərlərdən keçir, onlar işğalçı qüvvələrlə mübarizəni bir yerdə aparırlar. Talançı rus-erməni qoşunundakı cinayətkarları qorxuya salmış rəhmətlik Həsənəlinin başçılığı altında neçə-neçə döyüşdə yurddaşlarının yanında yer alırlar. 1992-ci ilin dekabrında dostun-düşmənin Həsən Qorxmaz kimi tanıdığı cəsur komandir şəhidlik şərbətini dadır. Komandirinin cəsədi yağıların cənginə keçmək təhlükəsində qalanda Rəhilə Qarayeva komandirinin cansız cəsədini kürəyinə alaraq təmas nöqtəsindən çıxarır. 1993-cü ilin 31 iyulunda Rəhilə kişilik təpəri olmayanların silahından açılmış atəş nəticəsində aldığı yaradan dünya ilə vidalaşır. Qardaşından başqa heç kimlə vidalaşmağa macal tapmır. Avqustun 2-də atası Komsomol kişinin təkidi ilə Rəhilə ata ocağında, Tovuzun Qədirli kəndində torpağın qoynuna tapşırılır.

 

Ana, mənə az ağla!

Qış sızılda, yaz ağla!

Nə vaxt yadına düşsəm,

Ağ kağıza yaz, ağla!

 

Martın 14-də Leyla Fərhad qızı Həsənovanın min-bir əziyyət bahasına ərsəyə gətirdiyi anım toplantısının məramı Rəhilə Komsomol qızı Qarayevanın 45 illiyi ilə bağlı idi. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin keçmiş binasına toplaşanlar gənc vətənsevər Leyla Həsənovanın bu xoş məramına havadar çıxanlar idilər. Milli Qəhrəman Asif Məhərrəmovun (Fred Asifin) qardaşı və mərhum eloğlumuzun adını daşıyan fondun başçısı Ədalət Məhərrəmov, keçmiş qadın döyüşçülər Sevda Səfərova, qardaşı və dayısı şəhid olmuş, özü də odlu cəbhələrdə düşmən ünsürlərlə üz-üzə gəlmiş Nərminə Abbasquluyeva, tarixçi alim, keçmişimizin gizli qatlarının araşdırıcısı Nazim Tapdıq oğlu, hərbçi qadın, bu gün də hüquq-mühafizə orqanlarında çalışan Aida Şirinova, "Avropa" Nəşrlər Evinin başçısı Şöhrət Səlimbəyli, hərbi jurnalist Nigar Həmidli, Təranə Mürsəqulova və başqaları yığnıcaqda çıxış etdilər. Anım toplantısında Rəhilənin bacıları Savad və Xanımzər xanım ilə birlikdə şəhidin bacısı oğlu da iştirak edib, xatirələrini iştirakçılarla bölüşdü. Yığıncağın səbəbkarı Leyla Həsənova çıxışında bir istəyini - şəhid Rəhilə Komsomol qızı Qarayevanın adının əbədiləşdirilməsi üçün Tovuz İcra Hakimiyyəti başda olmaqla, əlaqədar dövlət qurumlarının hərəkətə gəlməsinin gərəkliliyini dilə gətirdi. Leyla Həsənovanın bu diləyinin tezliklə doğrulacağına ürəkdən inanırıq.

 

"Cəbhə xətti"nin kövrək simləri kədər-kədər, bayatı-bayatı bir torpaq, bir şəhid salnaməsi ilə dilləndi... söz susdu, söz danışdı.

 

 

Tarix
2015.04.23 / 09:20
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla