Yuxarı

Nəhənglərin gizli Arktika savaşı

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

XX əsr, məlum olduğu kimi, iqtisadi kapitalın təmərküzləşdiyi və istehsal nəhənglərinin meydana gəldiyi bir dövr idi, nəhənglərin bəzən müharibəyə keçən mübarizəsi də məhsullarını reallaşdırmaq - bazar uğrunda gedirdi.

 

Yeni texnologiyalarla tarixə qədəm qoyan XXI əsrdə isə enerji təhlükəsizliyi hər ölkənin bir nömrəli probleminə çevrilir, odur ki, nəhənglərin mübarizəsi də karbohidrogen ehtiyatları (ənənəvi enerji mənbələri) uğrunda gedir.

 

Təsəvvür edin ki, bu mübarizənin qızışdığı bir məqamda dünyanın bir kənarında, sayı-hesabı olmadığı kimi, sahibi də olmayan karbohidrogen ehtiyatları aşkar olunur… Bəli, təsdiq olunmuş məlumatlara görə, dünyanın karbohidrogen ehtiyatlarının dörddən biri Şimal qütbündə, daha doğrusu, kontinentin qütbə doğru uzanan şelfində (4200 metr dərinlikdə) yerləşir. Beləliklə, bu vaxta qədər yalnız coğrafi maraq doğuran buzlar diyarı artıq 21-ci əsr geopolitikasının ən qaynar nöqtələrindən birinə çevrilməkdədir.

 

Elə buna görə də Rusiyanın Şimal qütbünün özününkü hesab etdiyi kontinetal şelfində özünəməxsus şəkildə suveren hüquqlarını bərpa etmək niyyəti ("Akademik Fedorov" gəmisinin "Rossiya" atom-buzqıranının müşayiəti ilə 2007-ci ilin yayında Arktikada ekspedisiya keçirməsi və rus bayrağının titan kapsulda 4200 metr dərinliyə endirilməsi) "Arktika qonşuları"nın böyük narazılığına səbəb olmuşdu. İlk növbədə ABŞ Arktikaya öz iddiasını bildirdi və 2008-ci ildə sahil-mühafizə xidmətinin "Xili" buzqıran gəmisini Şimal qütbünə göndərdi. Bu, əsl üzən elmi-tədqiqat institutudur - gəminin göyərtəsində elmi labarotoriya, cihazlar, avadanlıqlar və hətta vertolyot da var. ABŞ-ın eyni səviyyəli ikinci üzən stansiyası "Polyar dəniz" də artıq səfərə hazırdır və Şimal qütbünə gedəcəyi günü gözləyir. Üçüncü – "Polyar ulduz"un hazırlanması isə artıq başa çatmışdır. Mətbuatın məlumatına görə, ABŞ Konqresi Arktikanın təbii sərvətlərinin öyrənilməsi və mənimsənilməsi üçün 8 milyard dollardan çox vəsait ayırıb.

Kanada isə Şimal qütbünə ekspedisiya göndərmədi, amma ölkənin baş naziri 2008–2010-cu illərdə "hadisə yerinə" 3 dəfə şəxsən səfər etdi. O, Arktikaya birinci səfəri çərçivəsində "vətəndaşlarımız bilməlidir ki, ölkəmizin gələcəyi məhz bu gün, burada həll olunur" bəyanatını verdi. Kanadanın xarici işlər naziri isə Rusiyaya sərt mesaj göndərdi: "Biz böyük coğrafi kəşflər epoxasında yaşamırıq və hər kəs istədiyi yerə "bizim ərazidir" deyə bayraq sanca bilməz. Rusiyanın ekspedisiyası elmi, ya siyasi hadisə deyil, sözün əsl mənasında şoudur və Kanadanın suverenliyinə heç bir təhlükə törədə bilməz".

 

Son məlumatlara görə, artıq Kanada hökuməti sözdən işə keçib və ölkənin bütün hərbi-dəniz qüvvələrini (hərbi gəmi və təyyarələrə malik sahil-mühafizə xidməti də daxil olmaqla) ölkənin şimal sərhədlərində cəmləməyə, "Arktika suverenliyi" adlanan hərbi-taktiki əməliyyatı həyata keçirməyə başlayıb.

 

Rəsmi açıqlamalara görə, Rusiyanın məqsədi Şimal Buzlu okeanında Qrenlandiya adasına tərəf uzanan və Rusiyada Lomonosov və Mendeleyev adlandırılan sualtı dağ silsilələrinin Sibir kontinental platformasının davamı olmasını təsdiq etmək idi. Əgər bu elmi fərziyyə təsdiq olunarsa, (siyasi sifariş varsa, deməli bu, artıq texniki məsələdir – Q.A), Rusiya tərəfi lazımi materialları BMT-nin müvafiq qurumlarına göndərəcək. İşdir, BMT də bu sənədləri - adıçəkilən sualtı dağ silsilələrinin Rusiyaya aid olduğunu təsdiq edərsə, şimal qonşumuz nə az, nə çox - 1.2 milyon kvadratkilometr əlavə, həm də neft və qazla zəngin əraziyə malik olacaq. Qeyd etmək lazımdır ki, Arktika şelfinin yalnız 5 faizi öyrənilib və artıq kəşf olunmuş Ştokmanov yatağında 3.8 trilyon kubmetrdən çox qaz ehtiyatı var (bu, bütün Avropanı 15 il təmin edə bilər). Müxtəlif dövrlərdə aparılan axtarış-kəşfiyyat işlərinin üst-üstə düşən məlumatlarına görə, bu ərazilər həm də qızıl və almaz səpintiləri, platin filizləri ilə zəngindir. Elə buna görə də zəngin ərazilərə iddiaçıların sayı da sürətlə artır.

 

Rusiya, ABŞ, Kanada, Danimarka, Norveç, İsveç, İslandiya, Finlandiya ilə birlikdə uzaq Çin də Qütb neftinə iddia edir. Deyilənə görə, Rusiyanın "Rossiya", ABŞ-ın "Xili" buzqıranları ilə birlikdə Çinin "Qar əjdahası" da Şimal qütbündə keşik çəkir.

 

Beynəlxalq normalara görə, hər hansı dövlət müəyyən coğrafi və geoloji əlamətlər olduğu təqdirdə öz dəniz sərhədlərindən 200 mil (1 mil 1.6 kilometdir) məsafədə suyun dibinə (şelf adlanır) iddia edə bilər. Əsas geoloji əlamətdir, yəni kontinentin suyun dibi ilə sahildən həmin məsafəyə uzanmasıdır. Arktikada isə şelfə beş ölkə iddia edə bilər - Rusiya, ABŞ, Kanada, Danimarka və Norveç. Qeyd etmək lazımdır ki, bu ölkələrin hamısı artıq Arktikanın karbohidrogenlə zəngin ərazisinə öz iddialarını bildiriblər. Rusiya və Danimarka daha şanslı hesab olunur. Rusiya tərəfi adıçəkilən sualtı dağ silsilələrini Sibir platformasının davamı hesab etdiyi kimi, Danimarka da Qrenlandiya adasının davamı hesab edir.

 

ABŞ-ın şansı isə daha az qiymətləndirilir. Nə qədər qəribə olsa da, Konqres hələ BMT-nin Dəniz hüququ haqqında Konvensiyasını (1982-ci il) ratifikasiya etməyib. Hər hansı dövlətin dəniz şelfinə iddiası isə məhz bu Konvensiya ilə nizama salınır. Mətbuata sızan məlumata görə, Dövlət Departamenti təcili olaraq bu sənədin təsdiq olunmasını təklif edib. Təbiidir: ABŞ Şimal qütbünün zəngin ehtiyatlarından kənarda qalmaq istəmir və situasiyanı diqqətlə izləyir. Dövlət Departamenti  Alyaska yarımadası sahillərindən Şimal Buzlu okeana uzanan 600 millik əraziyə iddia etdiyini gizlətmir.

 

Kanada hökuməti də son zamanlar məsələ ilə bağlı aktivlik nümayiş etdirir. 2010-cu ildə hökumət Arktikanın Kanada şelfinə nəzarət edəcək 8 gəminin qurulması haqqında qərar qəbul edib. 2015-ci ildən isə Arktikaya kosmosdan nəzarət etmək niyyətindədir. Bu məqsədlə "Radarsat-2" peyk sisteminin buraxılması planlaşdırılır.

 

Karbohidrogenlərlə zəngin Barens dənizində Norveçlə Rusiya arasında "ərazi iddiası" isə artıq 75 ildir ki, davam edir. Moskva və Oslo Şpisbergen və Yeni Torpaq adaları arasında sərhədi heç cür tapa bilmir. Barens dənizinin hüquqi statusu təyin olunmur ki, olunmur. Buna baxmayaraq, Norveç dənizin dibindən təbii qaz ehtiyatlarını çıxarmaq və saxlamaq üçün ABŞ-ın dəstəyi ilə nəhəng "Snevit" kompleksini tikir. Bu, nəhəng beynəlxalq layihədir və 9 milyard dollar dəyərindədir.

 

Maraqlıdır ki, mübahisə edən yalnız Rusiya ilə Norveç deyil. Danimarka və Kanada artıq 30 ildir ki, Qrenlandiya yaxınlığında kimsənin yaşamadığı kiçik Hansa adasını bölə bilmirlər. Danimarka Hansa adasını Qrenlandiyanın davamı hesab edir və heç bir güzəştə getmək istəmir. ABŞ isə özünün şimal boğazlarından Kanadanın istifadə hüququnu tanımaq istəmir. Məsələ dəfələrlə məhkəməyə düşsə də, həll olunmadan qalır. Bir sözlə, öz aralarındakı köhnə problemləri onillərlə həll etməyə qadir olmayan Arktikayanı ölkələrin yeni problemi həll edəcəyi, həm də Şimal qütbünün zəngin karbohidrogen ehtiyatlarını bölüşə biləcəyi inandırıcı görünmür.

 

Çıxış yolu da görünmür. Əgər dəniz şelfini sektorlar üzrə bölsələr, daha böyük sərhəd xətləri olan Rusiya və Kanada uduşda qalacaq və təbii ki, ABŞ, Danimarka və Norveç buna razı olmayacaq. Əgər sahildən eyni məsafədə orta xətt üzrə bölsələr, Şimal qütbünün bütün sərvətləri Danimarkanın payına düşər və bununla da nə ABŞ, nə də Rusiya razı düşər. Deməli, yenə qalır kondominium - şelfin beş sahilyanı dövlət arasında bərabər bölgüsü məsələsi. Bu isə ümumiyyətlə baş tutan iş deyil. Əvvəla, yuxarıda deyildiyi kimi, dünyanın bütün nəhəngləri - güclü dövlətləri Şimal qütbünün karbohidrogenlərinə iddialıdır. Sonra, güclülərin zəiflərlə zəngin karbohidrogen sərvətlərini bərabər bölməsi nəinki inandırıcı görünmür, hətta məlum "gözü çıxmış qardaşdan öyrənmək" lətifəsini xatırladır.

 

Beləliklə, dünyanın taleyi qaranlıq qalır...

 

Tarix
2015.04.23 / 09:38
Müəllif
Qаlib Аrif
Şərhlər
Digər xəbərlər

Sahibkarların “xiyar siyasəti”

Növbəti Dördgünlük savaş nə vaxt olacaq?

Ermənilər Abbasovdan niyə razı qalırdı?

Qərb-Rusiya savaşı: 2016 nə vəd edir? – Təhlil

Ərdoğanın qeyri-adi bəyanatı

Alternativ enerji nədir? – Mənbələr

Mahal dilini dinc saxlasaydı...

KQB mayorunun Sovetləri titrədən qətli

Tələ: Gözəl qız oğlanı evə gətirir, bu zaman...

“Qatil qarajda elektrik stulu düzəldibmiş” - Polis

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla