Yuxarı

“Qapı döyməyin axırı başına döyməyə gətirib çıxarır”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şakir Xanhüseynli Biləsuvarda yaşayıb-yaradır. Müəllimdir. Hələ Sovetlər dönəmindən şeirləri ilə diqqət çəkib. Lakin özü-özünü meydandan kənarda saxlayıb. Müəllim və kəndli həyatını yaşayıb. Şair olsa da, şairlik iddiasından uzaq olub. Ara-sıra dərc olunsa da, şeirləri onu həmişə poeziya sevənlərin yaddaşında saxlayıb. "Soraq" layihəmizin budəfəki qonağının sorağını sosial şəbəkədən aldım. Dostluq yolladım. Qəbul etdi. İlk yazan da mən oldum:

Ocağıma gəlib külümü görürsünüz

- Salam, Şakir müəllim. Necəsiniz?

- Salam. Yaxşıyam, var olun. Mən sizin yaradıcılığınızla çoxdan tanışam, oxumuşam, yenə də oxuyuram. İmzanıza böyük hörmətim var.

- Çox sağ olun, Şakir müəllim. Elə mən də sizi lap çoxdan tanıyıram, yaradıcılığınızı izləyirəm, hörmətim var. Amma çox az görünürsünüz. Nə edirsiniz, haradasınız?

- Biləsuvarda, İsmətli kəndində yaşayıram. Müəllim işləyirəm.

- Ədəbi mühitdə az görünməyiniz nə ilə bağlıdır? Əyalətdən uzağa, paytaxta əliniz çatmır, yoxsa köhnə kişilər kimi hər qapıda boy vermək istəmirsiniz?

- Təbiətim elədir ki, bəlkə də bu pis haldır, çox görünməyə çalışmamışam. AYB-yə üzvlük üçün sənəd verib, ardına düşməmişdim. Ona görə bir az gec üzv oldum. Nə bilim, görünür, bir az fəal olmaq lazımdır.

- Bir az da pessimistsiniz:

"ey neçə illik dostlarım,

indi ocağıma gəlib

külümlə görüşürsünüz...

külümə baxır,

külümü görürsünüz" - deyirsiniz. Nə olub axı?

- Bəlkə bu hisslər bir az bəzi insanlardakı biganəlikdən yaranıb. Bizi nə qədər birləşdirən vasitələr çoxalıbsa, bir o qədər də uzaqlaşırıq. Bir-birinə hörmət, deyərdim ki, bizdə çox azdır.

Bəziləri fikir, misra oğurlayır

- Amma şeirlərinizin birində demisiniz ki, dostlar gəlsəydi, onlara həyatdan kam aldığınızı deyərdiniz. Demək, heç də hər şey pis deyil.

- Siz hər şeyi çox gözəl duyursunuz. Bəlkə səhv edirəm. Sizin həbsxana şeirləriniz olmayıb ki?

- Olub. "Burda darıxmaq olmaz" kitabım elə bütünlüklə zindan şeirlərindən ibarətdir.

- 3-4 il bundan əvvəl mən o silsiləni bir qəzetdən oxumuşdum, çox xoşum gəlmişdi. O səhifəni saxlamışam.

- Çox sağ olun. Necə fikirləşirsiniz, siz bizim ədəbiyyata doğma ola bilmisinizmi? Axı özlərini doğma göstərənlərin yaradıcılığında ədəbiyyata ögeylik daha qabarıq görünür. Sizdə isə misralar sanki uzaq bir ağrını yaxından əks etdirir.

- Mən ədəbi mətbəxdə "bişənləri" maksimum şəkildə "nuş etməyə" çalışmışam. Yazarların çoxunu tanıyıram, tanıdığımı da deyirəm. Bəziləri isə bəlkə sizdən fikir, misra oğurlayır, yeri gələndə deyir, mən o adamları tanımıram.

- Şeirlərinizin bir çoxunda giley var. Həm də özünüz təbiətinizdən də razı kimi görünmədiniz. Özünüzü daha çox nədə qınayırsınız?

- Hər adam öz xarakteri ilə doğulur. Nəyi səhv, nəyi düz etdiyini müəyyən zaman keçəndən sonra bilir. Konkret özümü nədə qınadığımı deyə bilmərəm. Necə deyərlər, nəyəm, buyam.

- Həyatınızda "ilk"lər çoxmu olub? İlk günahınız, ilk ahınız və sair.

- Həyatda "ilk"lər çox olur. Ancaq mən həmişə rayon qəzetində, onda 9-cu sinifdə oxuyurdum, çıxan ilk şeirimi xatırlayıram.

- Biləsuvarda?

- Yox, Yardımlıda, "Yeni kənd" qəzetində. İndi o qəzet "Zirvə" adlanır.

- Özünüzü ədəbiyyatda hansı yerdə görürsünüz? Bu yer düşündüyünüz yerdirmi?

- Yox, düşündüyüm yer deyil. Bir az da adamın şansı gətirməlidir. Ancaq mən onunla təsəlli tapmışam ki, məni V.Bəhmənli, M.İsmayıl, Ə.Salahzadə kimi şairlər çap edib.

- Hə, siz o vaxtlar dərc olunurdunuz ki, çoxları dərc edilmirdi. Demək şansdan giley etmək olmaz. Görünməməyi siz özünüz istəmisiniz.

- Mənə həmişə qapı döymək çətin gəlib. Bu bəzən adamın başına döyməyinə gətirib çıxarır. Amma yenə o fikirdəyəm ki, bəxtin gətirməyi, əsas olmasa da, şərtdir.

Hamısı dəyib bir-birinə

- Demək, müşahidələriniz sizə deyir ki, ədəbi cameədə bəxti gətirənlər daha çoxdur. Məsələn, bəxti şahlıq quşuna tuş gələnlər kimlərdir?

- Əsas olan, əlbəttə, bədii mətndir. Nə varsa, qiyməti verilməsə də, demək, yazar haradasa arxayındır ki, kimsə böyürdən çıxıb o yazılara salam verəcək. Konkret adlar çəkmək istəmirəm.

- Yaxşı, onda belə deyək, daha çox mətni olan, amma bəxti olmayanlar necə, çoxdurmu? Ad çəkmək, elə başa düşürəm ki, qəbahət olmaz.

- Ədəbi cameədə də şəxsi münasibətlər əsas rol oynayır. Bu, çox pis haldır. Çünki burada hansı obyektivlikdən danışmaq olar? Regionçuluq, dostluq-tanışlıq, hamısı dəyib bir-birinə. Bütün bunlara rəğmən, bizdə indi çox dəyərli əsərlər yaranır - təbliğat işi tamamilə yarıtmazdır.

- Bax, siz özünüz rayonda müəllimlik edirsiniz, öz təbliğatınızla az məşğul omusunuz. Amma oxunmusunuz, oxunursunuz. Demək, təbliğat heç də tanınmaq deyil. Yazmaq əsas şərtdir.

- Sizinlə razıyam.

- Yardımlıdan üzü bəri gəldiniz. 9-cu sinifdə "Zirvə" qəzetində dərc olundunuz və sözün hərfi mənasında zirvədən aşağı, arana köçdünüz. Bu aşağı düşmək sizin ədəbi mühitdə yuxarı qalxmanıza yardım etməli idi axı, üzü dəryaya, paytaxta tərəf gəlirdiniz. Amma dayandınız.

- Doğrudur. Mən arandayam, amma həmişə dağlarımızdayam. Ədəbi mühitdə nə var, nə yox, izləməyə çalışmışam. Odur ki, o dediyiniz dəryadan bir qədər uzaq da olsam, çəkilmələrdən, qabarmalardan xəbərim var. Mənə elə gəlir ki, mən dayanmamışam, bəlkə elə gedə bildiyim qədər getmişəm? Yəni bundan artıq mənim üçün nə isə ola bilməz. Nə bilim?..

- Bəs bizim ədəbiyyatın durumu necədir?

- Hər şeydən öncə mənim bir oxucu kimi, əgər sevdiyim əsərlər varsa, bəzi imzaları görəndə məmnunluq hissi keçirirəmsə, şübhəsiz, cavabım müsbətdir.

- Bəs heç fikrinizdən keçibmi ki, xalq şairi olasınız? Tutaq ki, olmusunuz, həyatınızda nə dəyişərdi?

- Olsun ki, fikrimin yolu çala-çuxurdu deyə, hələ belə bir şey bu yoldan keçməyib. İnanmıram hansısa titul həyatımı dəyişsin. Bu, tale işidir.

- Əvvəllər yazarlarımız oxucu məktubları alardı. İndi bu çox yüngülləşib. Mesaj qutunuza yaradıcılığınızla bağlı çoxmu münasibət gəlir?

- Mesajla münasibət bildirənlər də olub, indi də var, amma elə də çox yox.

- Oxucu qıtlığı var, yoxsa dostlarınızın sayı azdır?

- Birbaşa yazılar haqda fikir bildirənlər çox olur, amma bu, danılmaz faktdır ki, bizdə kitab, bədii əsər oxumağa meyil heç də ürəkaçan deyil.

- Son olaraq, uzaq səfərə çıxsanız yazarlardan kimin kitabını, yol yoldaşı olaraq isə hansı yazarı götürərdiniz?

- Etibarlı olduğuna görə, Bilal Alarlı ilə səfərə çıxardım. Onu şəxsən tanıdığım üçün deyirəm...

Tarix
2015.04.24 / 09:34
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla