Yuxarı

Atatürkün dediyi olsaydı...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçılarımızın heç bir başqa sahəyə möhtac olmadan sırf öz yaradıcılığı hesabına dolanmalarının yolu nədir? Ümumiyyətlə, dünya praktikasında bunun yolları yaranana kimi, yəni onlar məşhurlaşana kimi hansı yoldan keçirlər və ya keçməlidirlər?

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk deyirdi: "Əfəndilər, şeir pul üçün deyil, yeni qurulan gənc cümhuriyyətimiz üçün yazılmalıdır. Şeir imperatorluq dövrümüzdən qalma bir sənət sahəsidir. Kim şairdirsə, ona kisələrlə qızıl verin".

İsraildə yaşayan dəyərli yazıçımız Çingiz Hüseynov isə bu problemi belə şərh edir: "Puşkin deyirdi: "İlham satılmazdır, amma əlyazmanı satmaq olar". Alıcı tapılsa. Sovetlər dövründə alıcı dövlət idi, vahid ideyanın xeyrinə-tərənnümünə xidmət edən yazılara – bu, geniş axın idi – yaxşı qonorarlar, pullu mükafatlar-adlar verilirdi. Amma onu da deyim ki, hərdən, bəzən xırda, kiçik çaya bənzər tənqidi, müxalif ruhlu əsərlər də çap üzü görə bilirdi, bu da əksər hallarda üslub biclikləri vasitəsilə mümkün olurdu.

İndiki dövrdə – sistem deyil, bir şəxsə və ya iqtidarlara bağlı quruluşdur alıcı.

Yazıçılıq istedaddan savayı bəxtə-taleyə də bağlıdır. Təbii ki, öz yaradıcılığı hesabına dolananlar həm bizim diyarda, həm də dışarıda, tək-tük olsa da, var. Titulları şəxsən mənimçün qəribə səslənir: "milyonçu yazar!"

Əsil yazıçılıq qazanc gətirə biləcək ixtisas, peşə deyil, ədalət hissindən doğan vicdanın tələbidir, əmridir. Yazmaya bilirsənsə, ürək-qəlb ağrısına dözməyi bacarırsansa, aclıqdan, təqiblərdən qorxursansa, tulla qələmini, yorma özünü, yazma, əzizim – budur mənim faydasız təkliflərim".

Bizdə şair, yazıçıların yazdıqları bədii nümunələrlə "dolanması" ilə bağlı müxtəlif fikirlər olub həmişə: bəziləri elə düşünüblər ki, yazar yazılarından aldığı qonorar hesabına dolana bilər; digərləri isə "yazmaqla ailə saxlamaq olmaz" fikrindədirlər. Baxır hansı yazı ilə… İdealist kimi səslənsə də, fikrimcə, şair, yazıçı heç vaxt bədii mətnindən təmənna güdməməlidir, hələ şeirdən heç. Nəsrdə və dramaturgiyada istedad qədər nəzəri biliyin – savadın, məntiqin də rolu var. Şeir isə sırf olmasa da, daha çox hisslərin məhsuludur. Necə deyə bilirik ki, "mən filan hissi bu sətirlərlə paylaşmışam, buna görə mənə filan qədər qonorar verin, onu sizə verim?" Həqiqət bu olsa da, təəssüf ki, qonorarı istəmək məcburiyyətində qalırıq. Çünki ruha gedən yol bədənimizdən keçir, mənən aydınlanmaq üçün fiziki cəhətdən sağlam olmaq lazımdır. Bunun üçün isə çoxunuzun "əl çirki" hesab etdiyiniz pul gərək olur. İnsanın sosial tərəfi tam təmin olunsa, onun mənəvi tərəfi də daha az axsayar.

Yazıçı, publisist Müşfiq Xan isə yazıları hesabına dolanmağı yazarlarımızın yuxuda görəcəyini deyərək, necə deyərlər, hamımızı çıxılmaz vəziyyətdə qoyur:

"Azərbaycanda kitab çap etdirmək sözün həqiqi mənasında zillətli işdir. Ümumiyyətlə, bizim məmləkətin qələm əhli yalnız yazdığı kitabdan, əsərdən, şeirdən qonorar alıb yaşamağın nə olduğunu yuxuda görə bilər. Əlçatmaz, absurd və bir o qədər də gülməli səslənir – "qonorarla dolanan yazıçı". Altı ildir nəşriyyata gəlib-gedən o qədər gənc, həvəskar, istedadlı müəllif gördüm ki. Amma nə olsun? İstedadlıları çap etmək lazımdır. Oxunar, oxunmaz, satılar, satılmaz – bu, ayrı məsələdir. Amma aylıq 300 manat maaşını bir neçə ay toplayıb kitab çap etdirməyə gələn, sonra da həmin kitabları anbarlarda saxlamaqdan bezib, gəlib-gedənə, qohum-əqrəbaya şokolad qutusu kimi hədiyyə edən müəlliflərin çəkdiklərini Allah-taala heç bir bəndəsinə göstərməsin. Xaricdə bestseller siyahısına düşmüş kitabların tirajları ortalama 500 min nüsxədən çoxdur. Bu tirajlamanı bizim ən çox satan müəllif bir ilə 5 min kitab satmaqla 100 ilə ancaq bacara bilər. Ay nə bilim, "əsl ədəbiyyat tirajlanan ədəbiyyat deyil" kimi fikirlərsə, "dalay-dalay"dan başqa bir şey deyil.

Və bütün bu üzücü mənzərənin fonunda, qısa desək, bir çox xarici ölkələrdə qonorarla yaşamaq mümkündür, bizdə isə yəqin ki, heç vaxt mümkün olmayacaq. Azərbaycanda ilk kitabını çap etdirmək istəyən, təzə-təzə yazmağa həvəslənən gənclərə tövsiyəm budur ki, özlərini, ailələrini bədbəxt eləməsinlər. Gedib faydalı işlə məşğul olsunlar".

AYB-nin gənclərlə iş üzrə katibi Rəşad Məcid isə qonşu – qardaş ölkə dediyimiz Türkiyəni nümunə çəkir, orada yazıçıların qonorarları hesabına dolandıqlarını deyir və nə vaxtsa bizdə də elə olacağına yalnız ümid edir: "Qonşu Türkiyəni götürsək, orda 20 il əvvələ kimi tirajlar az idi və öz əsərlərinin qonorarıyla yaşayan yazıçılara nadir hallarda rast gəlinirdi. Kitab bazarı inkişaf etdi, kitabın təbliği artırıldı və indi Türkiyədə onlarla yazıçı var ki, əsərlərinin qonorarıyla yaşamaq iqtidarındadır. Bizdə də bu proses getməli, nəşriyyatlar inkişaf etməli, kitabların tirajı artmalıdır ki, yazıçılar qonorar ala bilsinlər. Bizdə indi tək-tük yazıçı tapmaq olar ki, əsərlərinin çapından qazana bilsin – Çingiz Abdullayev, Elxan Elatlı, Qaraqan kimi. Ona görə də yazıçılar çox vaxt çörək pulunu başqa yerlərdə işləməklə çıxarırlar – bəziləri jurnalistikadan, bəziləri müəllimlikdən və başqa sahələrdən. Arzu edirik ki, bizdə də kitaba maraq artsın, kitabların tirajı qalxsın və müəlliflər kitablarına görə qonorar ala bilsin".

Əslində, bu problem bir çox ölkədə var. Tarixən mədəniyyətləri müqayisə edəndə Qərb mədəniyyəti ilə Şərq mədəniyyəti arasındakı fərqlərdən biri olan "Şərqdə şeirə, ədəbiyyata daha çox üstünlüyün verilməsi" bəndini xatırlayıram. Amma qəribə və acınacaqlıdır ki, hazırda Şərqdə əksər vaxt hobbi kimi qəbul edilən şeirdən Qərbdə – kapitalist ölkələrdə daha çox pul qazanılır. Ən çox qazananlar isə senarilərini rejissorlara satanlardır.

Professor Niyazi Mehdi də çıxış yolunu elə bunda görür. Filosof, tənqidçi başqa çıxış yolu bilmədiyini də etiraf edir. Jurnalist, teletənqidçi Qulu Məhərrəmli isə əslində, problemin nəzəri cəhətdən mümkün həll yollarını təklif edir: "Yazıçılarımızın hər hansı başqa fəaliyyətlə məşğul olmadan sırf ədəbiyyatla – bədii yaradıcılıqları hesabına dolanmalarının nəzəri cəhətdən mümkün yolları var. Birincisi, ölkədə kitaba, bədii ədəbiyyata münasibət dəyişməli, ikincisi, ədəbiyyat, yazıçı, alim əməyi geniş təbliğ olunmalı, gənc nəsildə fikir və düşüncə adamlarına hörmət təbliğ olunmalı, üçüncüsü, daha çox TV-lərdə bədii ədəbiyyata və ya hər hansı yeni çap olunmuş əsərə həsr olunmuş diskussiyalar keçirilməli, bu fonda bədii ədəbiyyatın missiyası izah olunmalı, dördüncüsü, kitablar ucuz satılmalı və yazıçıya normal qonorar verilməli və ən nəhayət, yazıçı o dərəcədə istedadlı və populyar olmalıdır ki, onun kitablarını axtarıb alsınlar. Dediyim kimi, bunlar nəzəri cəhətdən mümkündür, amma acı praktika başqa və sərt şərtlər diqtə edir. Bu şərtlərlə yaşadığımız cəmiyyətin sosial havası da dəyəndə çörəyi qələmdən çıxan yazıçının (təkcə onunmu?) vəziyyəti xeyli ağırlaşır. Ona görə də bu amansız reallıqda hansısa xoşbəxtlik reseptləri təklif etmək mənim üçün çox çətindir, sadəcə, yazıçı başqa iş yeri də axtarmalıdır".

Deyilənlərdən də məlum olduğu kimi, yazıçıların başqa sahə ilə məşğul olmadan – qonorarları hesabına dolanmaları mümkün deyil. Onların əksəriyyəti öz sahəsindən tamamilə uzaq işlərdə işləyir, çox az qismi isə yazıları hesabına dolanır.

Publisist janrla pul qazanmaq olar. Bu, daha çox rəsmi, "soyuq janr"dır. Amma bədii mətndə iş bir az qəlizə düşür. Bədii mətn yazan adam "iç adamı"dır axı… Amma Atatürkün dediyi kimi, hər şair olana da kisələrlə qızıl verilsəydi, indi Azərbaycan qızıl istehsalında CAR-ı geridə qoymuşdu...

Arada qızıl kimi sözləri yaradacaq yazarlar məhv olub gedir, ədəbiyyat beşiyindəcə boğulur, çıxış yolu isə tunelin sonunda gözə dəyən iynə ucu boyda işıq qədər də görünmür...

Tarix
2015.04.25 / 18:03
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Bu yoldakı körpü təmir edilir – Ehtiyatlı olun!

“Molla Nəsrəddin” jurnalı haqda şok faktlar

Xalq artisti niyə ruhi dispanserə gedib? - Video

“Belə bayağı, primitiv sözlər...”

Dünyanın ən gözəl azərbaycanlı Karmeni - Foto

Aşıq Ədaləti öldürmək istəyən kim olub?

Erməni hakerlərdən növbəti hücum - Foto

Möcüzələr yaradan Qəbələ sakini – Video

Pamuk: “63 il əvvəl İstanbul...”

Azyaşlılara sevindirici xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla