Ana səhifə Maqazin |
Azərbaycan möhtəşəm tarixi hadisənin astanasındadır. Bakıda I Avropa Oyunlarının keçiriləcəyi zamana sayılı günlər qalıb.
Bu tədbir ərəfəsində Bakı-2015 Avropa Oyunlarının ulduz səfiri
Tünzalə Ağayeva Publika.az-a müsahibə verərək beynəlxalq tədbirin
əhəmiyyətindən danışıb.
- Tünzalə xanım, ulduz səfir missiyasını daşımaq necə bir
hissdir?
- Mən həm bir musiqiçi, həm vətəndaş, həm də ulduz səfir olaraq
üç xoşbəxtliyi bərabər daşıdığıma görə qürur duyuram. Ulduz səfir
seçilməyimi həyatımda gözəl bir şans kimi dəyərləndirirəm və buna
görə qürur duyuram. Hesab edirəm ki, bu, mənim həyatımda parlaq bir
səhifə kimi qalacaq. Dünyada çox qlobal hadisə olan Avropa
oyunlarına verəcəyim töhfəyə görə qürurlanmamaq mümkün deyil.
Ölkədə tanınmış bir musiqiçi, populyar bir sima olaraq auditoriya
qarşısına keçib təbliğat aparırıq. Səfir olmağın ayrı bir ləzzəti
var. Mən digər ulduz səfirlərdən fərqli olaraq iki missiya
daşıyıram, eyni zamanda, könüllülərin də səfiriyəm. Könüllülərlə
görüşürəm, onları həvəsləndirirəm. Əslində mən elə özümü də könüllü
sayıram. Baxmayaraq ki, məni səfir adına layiq görüblər.
- İdmanın atıcılıq növü üzrə səfir seçilmisiniz.
Maraqlıdır, əvvəllər heç idmanın bu sahəsinə marağınız
vardımı?
- Bəlkə də bu, qismətdəndir ki, bəxtimə məhz atıcılıq üzrə ulduz
səfir seçilmək düşdü. Çünki doğrudan da mən idmanın bu növünü
həmişə sevmişəm, maraq göstərmişəm. Bu idman növündən danışarkən
ilk növbədə gözümüz önünə atıcılıq üzə Olimpiya və Dünya Çempionu
Zemfira Məhdiəddinova gəlir. Mən onu şəxsən tanıyıram və aramızda
dostluq münasibətləri var. Biz bir-birimizin uğurlarına sevinən
insanlarıq və onun hər qələbəsinə görə qürur duyuram. Ölkəmizdə
keçiriləcək Avropa Oyunları bir daha mənə fürsət yaratdı ki, bu
idman növü ilə daha yaxından tanış olum. Eyni zamanda öz
tamaşaçılarımı bu idman növünə həvəsləndirim, onlara bir çağırış
edim. Çünki bu idman növü üzrə Bakımızda Avropa Oyunları
çərçivəsində müxtəlif məkanlarda yarışlar keçiriləcək, dünyanın
məşhur atıcıları Azərbaycana gələcəklər.
Artıq gənc idmançılarımızla da Zemfira xanım hazırlıq işləri
aparır, mütəmadi məşqlər keçirilir. Onların hər biri həyəcan
keçirirlər, təbii ki, ən layiqliləri qalib olacaq.
- Ölkəmizdə keçiriləcək bu möhtəşəm tədbirin əhəmiyyətini
necə qiymətləndirirsiniz?
- Avropa Oyunları ölkəmiz üçün tarixi əhəmiyyət daşıyır. Bu
oyunların ölkəmizdə keçirilməsini böyük bir mədəniyyət hadisəsi
kimi qiymətləndirmək olar. Eyni zamanda ölkəmizin imicinə çox
müsbət təsir edən bir hadisədir. Azərbaycan gənc bir ölkədir, amma
buna baxmayaraq, dünyanın güclü dövlətləri ilə eyni sırada dayana
bilirik. Artıq Azərbaycan dünyanın siyasi gücü olan dövlətləri ilə
eyni səviyyədə sözünü deyə bilir. Etiraf edək ki, idman həm
siyasət, həm bütün sivilizasiyaların görüşü, həm də mədəniyyət
festivalı deməkdir. Bu mənada, Azərbaycan belə bir möhtəşəm tədbiri
keçirməklə çox şeylər qazanır. Beynəlxalq aləmə nüfuzlu bir dövlət
olaraq imza atır. Eyni zamanda qapılarını dünya xalqlarının üzünə
açır, barış-dostluq nümayiş etdirir. Bütün ölkələrə çağırış edir
ki, bəli, biz bütün xalqlarla görüşə bilirik, əl-ələ verə bilirik,
dostluq etməyi bacarırıq.
- Bakı-2015 ilk Avropa Oyunlarına həsr olunan mahnı ifa
etməyiniz də, bildiyim qədər, könüllü olaraq ürəyinizdən
keçib...
- Bəli, I Avropa Oyunlarının ulduz elçisi olaraq mən də yarışlara öz töhfəmi mahnı ilə vermək istədim. Avropa Oyunlarına həsr olunmuş "Bakımın üzü gülür" adlı mahnı bəstələdim. Mahnının Azərbaycan versiyası Avropa Oyunlarının ən böyük partnyorlarından biri olan "Koka-kola" şirkətinin video çarxında səsləndirilir.
Bütün dünyanın diqqətini iyunda ölkəmizə yönəldəcək Avropa
Oyunları üçün ifa edəcəyim mahnının ingilis versiyasını məşhur
fransalı müğənni Kelli Coys təqdim edəcək. Kelli ilə yaxın
dostluğumuz var və təklifi də o özü mənə etdi. Artıq gözəl nəticə
əldə etdik. Hər kəs bu mahnını maraqla izlədi. Mayın əvvəllində
mahnının klip versiyası da təqdim olunacaq.
- Bildiyimiz qədər, Avropa Oyunlarına bir könüllü olaraq
töhfələriniz bununla da kifayətlənməyəcək, qarşıda solo-konsertiniz
də gözlənilir…
- Bəli, 22-23 may tarixlərində Heydər Əliyev Mərkəzində I Avropa
Oyunlarına həsr olunmuş "Xoş gəldin" adlı möhtəşəm konsertim baş
tutacaq. Ölkə xaricində tez-tez konsertlərim olur, amma öz ölkəmdə
konsert üçün çox darıxmışdım. Mən orda bütün sevənlərimi
gözləyirəm. Sadiq tamaşaçılarıma canlı musiqi performansları vəd
edirəm. Bax belə bir ərəfədə çox həyəcanlıyam.
- Yaxınlarınızdan kimlərsə bu oyunlarda iştirak
edəcəkmi?
- Qızım Fidan idmanı, aktiv həyat tərzini çox sevir. Mütəmadi
Avropa Oyunlarının keçirilməsi ilə bağlı hər xəbəri izləyir və
ölkəmizdə belə bir tədbirin keçirilməsinə görə çox sevinir.
- Tünzalə xanım, burdan sevənlərinizə səslənib nə çağırış
edərdiniz?
- Mən insanlara demək istəyirəm ki, idman həm də sağlamlıq, faydalı həyat tərzi, hər zaman formada qalmaq deməkdir. Bu mənada mən də çağırış edirəm, yaxınlarıma, dostlarıma, onların ailəsinə, eyni zamanda sevənlərimə, bütün insanlara ki, gəlib Avropa Oyunlarına tamaşa etsinlər, həzz yaşasınlar. Onu da deyim ki, ətrafımda Avropa Oyunlarına maraq göstərən, gəlib izləmək istəyən çoxlu sayda insanlar var. Mən onların hamısını Avropa Oyunlarında gözləyəcəyəm. Bu bir fürsətdir, bu fürsəti qaçırmayın.
Tarix
2015.04.27 / 15:03
|
Müəllif
Axar.az
|