Yuxarı

Biz xoşbəxt qul idik

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəlkə də kimdəsə elə bir təsəvvür yaranacaq ki, mən bir azca vaxtı qabaqlamaq istəyirəm. Amma yox. O mövzudan ki, indi yazmaq istəyirəm, onun əsil vaxtı çatıb. Məsələ bundadır ki, sovet əsgərləri Reyxstaqın üstündən qırmızı bayrağı aprelin 30-da asmışdılar. Mayın 2-də isə Berlini tamam nəzarətə götürmüşdülər.

Niyə mən bu mövzuya toxunmaq istədim? Əslində, hər il bu mövzuda nəsə yazıram. İndi də ənənəyə sadiq qaldım. Bir daha yazmaq, özüm üçün nələrisə yenidən çək-çevir etmək qərarına gəldim...

Bu müharibə SSRİ əsarətində olan və yaxud da onun əsarəti altına düşməkdən qorxan, ehtiyat edən bütün xalqlar ikiyə bölmüşdü. "Bölünmək" sözünü yazıram, amma sanki bütün bədənimdən elektrik keçir. Heç bilmirəm, indi yazacağım sözləri özüm fikirləşmişəm, yoxsa nə vaxtsa və haradasa oxumuşam? Qərəz, deyəcəyim budur ki, bölünməkdən o qədər qorxuram ki, çürük almanı da iki yerə bölməyə əlim gəlmir...

Nə isə. Keçək mətləbə. Qələbə bayramı ilə bağlı yadımda qalan əsas bir detal Moskvada olmuşdu. Tələbə idik. O vaxt Moskvada qələbə bayramlarını böyük atəşfəşanlıqla qeyd edirdilər.

Belə bayramlardan biri idi. Atəşfəşanlıqdan yenicə qayıtmışıdıq və dostlardan birinin otağında oturmuşduq. Orada bir alman qızı da vardı. Adı da deyəsən, Ketrin idi. Bəlkə də başqa idi, artıq yadımda deyil. O, dostumuzun rəfiqəsi idi...

Elə-belə bayramdan, atəşfəşanlıqdan söhbət edirdik. Birdən uşaqlardan biri alman qızına tərəf dönüb, "Atəşfəşanlığı seyr etməyə getmişdinmi", - deyə soruşdu. Bir anın içində qızın sifətinə kədər qondu və o, zorla eşidiləcək səslə "Biz ki, qalib gəlməmişdik..." - dedi...

Onun sözləri mənə çox təsir etdi. Birinci dəfə idi düşünürdüm ki, bəs bizlər-azərbaycanlılar, gürcülər, latışlar, estonlar, daha nə bilim kimlər, o müharibədə özümüzü və millətlərimizi qalib saymaqda nə qədər haqlıyıq?..

Bilirsiniz, qul olmağın qəribə xüsusiyətləri, cəhətləri olur. Xüsusən də insan qul kimi doğulursa, azadlıq haqqında ümumiyyətlə təsəvürü olmursa, ozünün kimliyinin fərqində olmur, qul olduğunu başa düşmür, fikirləşir ki, hər bir şey qaydasındadır, elə belə də olmalıdır...

Biz də qul olduğumuzu bilmirdik. Axı sovet adamı idik! Bilmirdik ki, sovet adamı elə qulun başqa bir adıdır. Güman edirəm ki, o vaxt almanlar, polyaklar və onlara yaxın xalqlar vəziyyəti daha yaxşı başa düşürdülər...

Biz isə qul idik, həm də xoşbəxt qullar idik... Təzad da elə bundadır. Qərəz, biz qul olduğumuzu bilmirdik. Ona görə də sovetlərin dərdi dərdimiz, bayramı isə bayramımız idi. Sonradan əsil həqiqətləri bildik.

Amma bir detalı da burada qeyd etməyi vacib bilirəm. Bizim babaları, ataları haqlı edən bir nüans vardı: müharibə faşizmə qarşı müharibə idi. Düşünürəm ki, M.Ə.Rəsulzadənin o vaxtki alman hakimiyyətinə münasibəti bizim üçün də tam yetərli olmalıdır. O, Hitlerin mahiyyətini dərhal müəyyən etmişdi. Amma bununla bərabər, müharibənin elə tərəfləri də vardı ki, onlar da öz yozumlarını gözləyirlər...

İndi legionerlər haqqında hamı bilir. Hamı olmsa da, böyük əksəriyyət həmin o insanların düşdüyü faciəli vəziyyəti anlamağa çalışır. Amma axıra qədər anlaya bilirmi? Baltik ölkələrinin insanları hər şeyi sadə yolla həll etdi: orada paradlar da iki dənə olur, birini almanların tərəfində döyüşənlər, digərini isə o biri cəbhədə - sovetlərin tərəfində vuruşanlar keçirir. Bəzən hətta aralarına dava da düşür...

Yox, demirik ki, bizdə də iki parad olsun. O vaxtkı müharibəyə münasibətimizi çətinliklə olsa da, tamam müəyyən etmişik: 41-45-ci illərin müharibəsi faşizmə qarşı müharibə idi. Belə fikirləşməsəydik, belə bir mövqe tutmasaydıq "Şindlerin siyahısı", "Pianoçu" kimi filmlərə baxa bilməzdik. Amma cəmiyyətdə mübahisələr olur. Onlar indi də sezilir. Ona görə ki, suallar adamı sanki didib- çeynəyir...

Tutaq ki, 41-45-ci illərdəki ordu bizim ordumuz idi, vətən bizim vətənimiz və paytaxt da bizim paytaxtımız idi! Olsun... Bəs 1990-cı ildə bizi qıran ordu kimin ordusu idi? Xocalıda qırğın törədən 366-cı alay kimlərin alayı idi? Mayın 8-də Şuşanı işğal edən ermənilərə dəstək verən ordu kimin ordusu idi?..

Qarabağın işğalının arxasında dayanan ordu kimin ordusu idi? Bəs "Ermənistan bizim Cənubi Qafqazda forpostumuzdur!" deyənlər kimlər idi?..

Bu suallara cavab verməyə tələsməyin. Çünki onların əsil cavabı çoxuna sərf etmir...

Bəli, müharibə faşizmə qarşı müharibə idi. Bəli, vətənimiz də SSRİ idi. Di gəl, başqa SSRİ-lər də vardı. Məsələn, A.Soljenitsının təsvir etdiyi SSRİ - İvan Denisovun yaşadığı SSRİ...

Tarix
2015.04.30 / 10:41
Müəllif
Hüseynbala Səlimov
Şərhlər
Digər xəbərlər

ABŞ Trampı seçərsə...

İlin belə bir günü də var...

Əfsanə başladı

Dördüncü Dünya müharibəsində...

Allah adamının cəhənnəmi

Qərb kommunizmi belə qurur

Azad adam

Neft erası bitir: Nə etməli?

İtirilmiş böyük şans

Bu peşə də ölür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla