Yuxarı

Azərbaycan zabiti Fransa kəşfiyyatçısına söz verdi və...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Böyük azərbaycanlılar" layihəsində:

(II hissə)

Əvvəli burada

Şəki şəhər Rayonlararası Mühafizə şöbəsinin rəisi, polkovnik-leytenant Müşfiq Cəbrayılov atası - Qarabağ uğrunda döyüşlərdə canından keçən Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılov haqqında bir sıra faktları və xatirələri Axar.az-a danışdı. Söhbətin davamını təqdim edirik.

Onun zəhmindən əsərdik...

- Milli qəhrəman Mikayıl Cəbrayılovu necə xatırlayırsınız?

- Olduqca xeyirxah və alicənab insan idi. Yadıma gəlir, harada çətinlik çəkən ailələr yaşayırdısa, o, mütləq onlara köməklik göstərərdi. "Haqsızlığa dözə bilmərəm" deyib Qarabağa da könüllü olaraq getdi.

- Bəs ata kimi hafizənizdə necə qalıb?

- O, Qarabağda həlak olanda, mənim on üç yaşım vardı. Mən ailədə ikinci uşaq idim və məndən başqa üç bacım vardı. Mən uşaq ağlımla dərk etdim ki, ailədə anam və bacılarıma arxa- dayaq olmalıyam, atam öyrətdiyi kimi, heç kəsə haqsızlıq etməməli və heç kəsin də ailəmizə qarşı haqsızlıq etməsinə izn verməməli idim. Atamla bağlı xatirələrə gəldikdə, yalnız onu deyə bilərəm ki, onu gördükdə zəhmindən əsərdik. Baxmayaraq ki, həyatı boyu bir dəfə də olsun bizə əl qaldırmaz, səsini belə yüksəltməzdi, amma ondan çox çəkinərdik. Olduqca qəribə baxışları var idi, insanı diqqətlə nəzərdən keçirər, sanki fikirlərinin doğru olub-olmadığını bilmək istəyirdi.

- Sizin üçün ağır olsa da, onun həyat yolundan və Qarabağda göstərdiyi şücaətdən geniş danışmağınızı istərdim.

- Həyatdan cavan gedən insan haqqında danışmaq çox ağırdır. Ələlxüsus da əgər bu insan sənin doğma atandırsa.

Atam Mikayıl Cəbrayılov 1950-ci il aprel ayının 27-də Şəki şəhəri Oxut kəndində dünyaya göz açıb. İlk təhsilini Oxut kənd orta məktəbində alıb. Babam Əhmədiyyə Cəbrayılovun ailəsində məlum əziyyət və çətinliklər ucbatından Şəki internat məktəbində təhsilini davam etdirir və ipək kombinatında işləməyə başlayır. 1976-1978-ci illərdə Rzayev adına orta milis məktəbini bitirdikdən sonra, Daxili İşlər Nazirliyi tərəfindən milis nəfəri kimi işə götürülür. Zaqatala rayonunda leytenant rütbəsində sahə müvəkkili vəzifəsini icra edir.

Könüllülər Qarabağda

- Bəs Qarabağa, döyüşə necə yollanır? Hansı amil onu dinc həyatdan qaynar nöqtəyə apardı?

- 1988-ci ildə məlum Sumqayıt və Şəki iğtişaşları zamanı atam Şəkiyə qayıdır və Kürdəmir, Qax, Oğuz, Şəki polislərindən ibarət könüllülər dəstəsinə qoşularaq birbaş Qarabağa yollanır.

- Könüllülərdən ibarət dəstə hansı əraziləri qoruyurdu?

- Əslində, Şəki rayon polis nümayəndələri Cəmilli kəndini mühafizə edirdi. O zaman hələ torpaqlarımız düşmən tərəfindən işğal edilməmişdi. Amma olduqca güclü münaqişələr olurdu. Ermənilər birinci növbədə polislərin məhvinə çalışırdılar, çünki onlar əlisilahlı idilər. Dinc əhali onların planında ikinci yerdə idi.

- Mikayıl Cəbrayılov məhz Cəmillilər kəndində həlak oldu?

- Bəli. Cəmillilər və Kosalar arasında "Dar körpü" adlanan ərazidə. Hadisə isə bu cür baş verib. Cəmilli kənd camaatı uzun müddət ermənilərin gülləbaranına tuş gəldiyi üçün xeyli müddət taxılsız qalır. Yerli camaat aclıqdan əzab çəkirdi. Atam və onun Oğuzlu polis yoldaşı Arzu Əliyev səkkiz nəfər yerli sakinlə bərabər taxıl arxasınca Kosalara yollanırlar. Lakin "Dar körpü" adlanan ərazidə onları erməni yaraqlıları qarşılayır və burada atamla yanaşı daha iki nəfər həlak olur; Oğuz rayonu Padar kənd sakini olan 1963-cü il təvəllüdlü polis leytenantı Arzu Əliyev və on yeddi yaşlı Cəmilli kənd sakini Əhməd Cavadov.

- Bayaq söylədiniz ki, o zaman torpaqlarımız düşmən tərəfindən alınmamışdı. Ölkəmiz Sovet İmperiyası tərkibində olduğu müddətdə, canilərə qarşı hər hansı bir cəza tətbiq edildimi?

- Bəli, o zaman istintaq işini aparan tədqiqatçı Zümrad Piliyev idi. Karlen Sarkisoviç adlı bir erməni cinayət məsuliyyətinə cəlb edildi, lakin sonra məlum Xocalı hadisələrində əsirlikdə olan azərbaycanlı ilə dəyişdirildi.

Şəhidlərlə bağlı səhv məlumatlar...

- Qayıdaq Cəmillidə atanız üçün son döyüş olan o ağır günə. Sözügedən vaxt hansı tarixə təsadüf edirdi?

- Hadisə on beş dekabr, 1990-cı il tarixində baş verib.

- Qəribədir, Milli Qəhrəmanlara dair kitablarda və internet səhifələrində müxtəlif tarixlər qeyd olunub.
- Yaxşı ki, bu məqama toxundunuz. Bu, mənim ən yaralı və barışa bilməyəcəyim bir məqamdır. Bizim babalar, atalar həlak olsa da, biz övladları hələ də yaşayırıq. Təəssüflər olsun ki, kitablarda, internet səhifələrində o qədər yanlışlığa yol verirlər ki, insanda istər-istəməz gərginlik və küskünlük yaranır. Səhv məlumatlar şəhidlərimiz və qəhrəmanlarımızın ruhuna edilən hörmətsizlikdir. Axı bir zəng qədər adi çözümü olduğu halda, nə üçün bu qədər səhv edirlər? Əgər mən yaxın tarixi belə səhv mənimsəyirəmsə, əsrlərdən gələn tarixi qəbul etməkdə ümumiyyətlə çətinlik çəkərəm. Atamın doğum tarixini belə düzgün qeyd etmirlər. Övladları dörd olduğu təqdirdə, yalnız birini qeyd edirlər. Mən sizin vasitənizlə yazarlardan bu ciddi məsələyə diqqətlə yanaşmağı tələb edirəm.

- Sizin üçün ağır anlar yaşadacaqsa da, döyüşü bizim üçün təsvir etməyinizi xahiş edirəm.

- Xocalı istiqaməti ilə ZİL maşınında yola düşən on nəfər, qeyd etdiyim "Dar körpü" adlı ərazidə ermənilərin şiddətli müqaviməti ilə qarşılaşır. Ermənilərin açdığı atəş nəticəsində on yeddi yaşlı Əhməd Cavadov avtomobilin yuxarı kabinində olduğundan, güllə elə birinci olaraq ona tuş gəlir və çiynindən aldığı yara ilə dünyasını dəyişir. O zaman atam yerli sakinlərə dərhal təhlükə olan yerdən uzaqlaşmağı əmr edir. Özü isə Arzu Əliyevlə müdafiə olunmağa başlayır. Lakin tezliklə, Arzu Əliyev beynindən aldığı güllə yarası ilə dünyasını dəyişir.

Son güllə və son döyüş

- Atanız döyüş meydanında tək mübarizə aparmalı olur?

- Bəli, atam döyüş meydanında tək qalır, lakin iki saata yaxın döyüşür. Hətta hadisədən dərhal sonra döyüş yerinə gələn yerli kənd sakinləri onun iki avtomat darağını düşmənlərə sərf etdiyinin şahidi olur.

- Məndə olan məlumata görə, ermənilər hətta şəhidlərimizin meyitlərini özləri ilə aparmaq istəyib.

- Bəli, lakin bu istəklərinə nail ola bilməyiblər. Yerli sakinlər hücuma keçərək, meyitlərin onlar tərəfindən aparılmasına imkan verməyiblər. Atamın meyiti Cıdır düzündə yuyulub, kəfənləndikdən sonra dekabr ayının 17-də Şəkidə, elə doğulduğu kənddə torpağa tapşırılır.

- Apardığım araşdırma zamanı bəlli olub ki, atanız heç də düşmən gülləsindən həlak olmayıb. O, son gülləsi ilə özünü vurur ki, ermənilərə əsir düşməsin.

- (Kövrəlir) Əslində mən bu haqda danışmaq istəməzdim, çünki yaralı yerimdir. Amma sizin söylədikləriniz həqiqətdir. Bəli, atam əsir düşməmək üçün, son gülləni öz çənəsinin altından vurub.

- Mən ozamankı Cəmilli kənd soveti sədri vəzifəsində çalışan Ramiz Qəhrəmanovla əlaqə saxladım. Məlum oldu ki, Mikayıl Cəbrayılov hər kəsə atası Əhmədiyyə Cəbrayılovun nəsihətini təbliğ edib - "Son gülləni özünüzə saxlayın, özünüz-özünüzü öldürün, amma əsir düşməyin!"

- Doğrudur.

- Bizə o da məlumdur ki, atanızın cənazəsi yaşadığınız evə gətirilərkən, babanız Əhmədiyyə Cəbrayılov kəfəni açdıraraq oğlunun çənəsinin alt hissəsinə baxıb, bilmək istəyib ki, oğlu onun sözlərinə əməl edib, ya yox...

- Bəli. Tam haqlısınız. Babam onu Qarabağa yola salarkən, deyirdi ki, döyüş baş verərsə, güllələrdən birini hökmən özün üçün saxla. Gördün ki, gücün tükənir, əlin əsməsin, özünə qıy, əsirliyin zülmü ilə qarşılaşmayasan. Mən onun nə demək istədiyini illər sonra, atasız böyüdüyüm illərdə anladım.

Oğlumun adı Mikayıldır

- Bir qədər özünüz haqqında danışardınız. Ötən müsahibədə polis sıralarına məhz atanız və əminizin yolunu davam etdirmək niyyəti ilə qoşulduğunuzu demişdiniz.

- Bəli. 1977-ci il təvəllüdlüyəm. 1998-ci ildə Polis Akademiyasına daxil olmuşam, hazırda mühafizə polisi rəisi vəzifəsində çalışıram. 12 yaşlı Mikayıl adında oğlum və 11 yaşında Zeynəb adlı qızım var.

- Oğlunuz Mikayılın atanızın və sizin yolunuzu davam etdirərək polis olmasını arzu edərdinizmi?

- Düşünürəm ki, elə də olacaq. Necə deyərlər, aşıq gördüyünü çağırar. Biz gördük atamız polisdir, o peşəni seçdik, yəqin oğlum da məndən geri qalmaz.

- Mən bilirəm ki, ailənizdə atanız və babanızın itkisindən savayı daha bir əziz insanın faciəsi ilə qarşılaşmısınız. İstəyirəm bu haqda özünüz danışasınız.

- Atam həlak olanda böyük bacımın 15 yaşı vardı. Aldığı qəfil xəbərdən sarsılır və qəzəbini başını beton divara çırpmaqla büruzə verir. Aldığı xəsarətlər izsiz ötüşmür. Qısa müddətdə onun beynində sürətlə yayılan bədxassəli şiş aşkarlanır. Biz onu dəfələrlə əməliyyat etdirdik, ən güclü həkimlərin müalicəsi ilə həyatda qalması üçün çalışdıq. Lakin bütün mübarizəmiz uğursuzluqla nəticələndi və bacım iyirmi yaşında dünyasını dəyişdi.

Tarix
2015.05.01 / 08:15
Müəllif
Aynur Nurlu
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla