Yuxarı

Əməkdar artist: “Azdrama gün-gündən sifətini itirir”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İnsan taleyi" layihəsində:

Kazım Abdullayev Respublikanın əməkdar artistidir. Uzun illərdir ki, teatrdadır. Yüzlərlə tamaşada, filmdə müxtəlif rolların ifaçısı olub. Onunla axşamdan bir az keçmiş "İnsan taleyi" layihəmizin qonağı olaraq həmsöhbət oldum. Görüşüb, əhvalını soruşdum: - Necəsiniz?

Azdramada böhran var, rejissor qıtlığıdır

- Sağ olun, buna da şükür, siz necəsiniz?

- Həmişə şükürlü olasınız. Bizdə də yaxşılıqdır. Hazırda hansı tamaşa üzərində işləyirsiniz?

- Düzü, yeni hazırlanan tamaşalarda mən yoxam. Özümə bir az istirahət götürmüşəm. Çünki son illər Azdramada çox işlədim. 8 ildə 40-a yaxın tamaşada rol aldım. Dedim, bir az dincəlmək lazımdır ki, güc yığıb işə girişim.

- Bəs bu istirahət sizi narahat etmirmi? Axı aktyorlar deyirlər ki, biz səhnədə olanda istirahət edirik.

- Mən onsuz da həftədə ən azı 3 tamaşada oynayıram. Bundan başqa, çəkilişlər olur, dublyajlara çağırırlar. Boş vaxtım yoxdur.

- Yenə də Azdramadasınız?

- Bəli.

- Siz filmlərdə, seriallarda oynamısınız, həm də dublyaj. Bir aktyor kimi özünüzü harada daha rahat hiss edirsiniz?

- Əlbəttə, səhnədə. Mən səhnəsiz qala bilmərəm.

- Deyəsən teatrlarımız böhrandadır, yoxsa bu, səhv müşahidədir?

- Böhran var, rejissor qıtlığıdır. Böyük sənətkarlar getdilər, özlərindən sonra heç kimi qoymadılar. Həm teatrda, həm də kinoda cavanların püxtələşməsi üçün də vaxt lazımdır. Dəqiq müşahidədir, böhran var.

- Axı deyirlər, teatrlardan rejissorları didərgin salıblar. Tamaşa qoyulanda onları müqavilə ilə dəvət edirlər. Bu, işsizlik deyilmi? İş olmayanda təcrübə də olmur axı.

- Yox, başqa teatrlarda rejissor var. Azdramada yoxdur. Bu teatra rejissorlar dəvətlə gəlib tamaşa qoyurlar.

Bizim teatr sifətsizdir

- Bəs bu teatrda rejissorsuzluq ağrılı hal deyilmi?

- Ağrılıdır. Teatrın rejissoru olar da. Bilmirəm nə düşünürlər? Ona görə də Azdrama günü-gündən sifətini itirir. Rejissor teatrın sifətidir. Bizim teatr hələ ki, sifətsizdir.

- Bu haqda hər kəs danışır, amma rəhbərliyə müraciət edilmir. Sifəti olmayan teatırın tamaşaçısı da az olar yəqin.

- Bu, müdiriyyətdən yox, nazirlikdən asılıdır. Teatrda tamaşalar oynanılır, tamaşaçı da var.

- Son baxdığım tamaşa Vaqif Səmədoğlunun pyesi əsasında olub. Deyəsən siz də oynayırdınız orda.

- Yox, o tamaşada mən oynamıram.

- Amma mənə elə gəldi ki, premyerada siz də oynayırdınız.

- Deyəsən siz məndən müsahibə götürürsünüz.

- Elədir. Bu mənim stilimdir. Xəbərsiz danışdırıram, çünki belə, səmimi alınır. İncimədiniz ki?

- Yox, o nə sözdür, nə incimək?! Mən onsuz da sözümü deyirəm. Mənim son oynadığım "Əmir Teymur"da şair Kirmani obrazıdır. Dediyiniz tamaşada da Cəfər və Füzuli oynayır. Siz yəqin "Xanumani" tamaşasını deyirsiniz. Orada Makar rolundayam. Mən həm də Hüseynbala Mirələmovun "Gəncə qapıları"nda Cavad xanı oynayıram.

- Siz həyatınızı teatra bağlamısınız, ilk rolunuzu necə xatırlayırsız? Özünüzə kimi kumir saymışdınız?

- İlk dəfə 1968-ci ildə Balaxanı mədəniyyət evində S. Vurgunun "Komsomol poeması"nda səhnəyə çıxmışam. O vaxtdan da səhnədəyəm. 1970-ci ildə instituta daxil oldum. Kurs rəhbərim Adil İskəndərov, asistenti isə Elmira Şabanova idi.

- Bu illər ərzində təxminən neçə rol oynamısınız?

- Doğrusu, saymamışam. Amma 150-dən çox olar. 20 il Sumqayıt teatrında, 9 il Bələdiyyə teatrında, 2005-ci ildən isə Azdramada işləyirəm.

- Hansı rolunuz sizə daha doğmadır?

- Rollar çox olub. Əziz olanı H.Cavidin "Afət"indəki Ərtoğruldur. Yaxşısı budur, hər teatrdan birini deyim. N.Nərimanovun "Nadir şah" əsərində Şah Təhmaz, Azdramada "Qarabağnamə"nin İbrahim xanı, "Gəncə qapıları"nda Cavad xan obrazları mənə daha doğmadır. Azərbaycan xanlarının çoxunu oynamışam. Naxçıvan xanı Kəlbəli xanı, Quba xanı Fətəli xanı və s.

Ailəmi dublyajla dolandırmışam

- Nəyi arzulamısınız və o arzu gerçəkləşməyib?

- Bilirsiniz, aktyor pyesdən, rejissordan asılı olan adamdır. Mən yaxşı bir tarixi filmə çəkilmək istərdim. Bu arzum hələ ki, arzu olaraq qalır. 1978-ci ildən bu yana filmlərə çəkilmişəm. Çox heyif ki, bizim nəslin payına yaxşı illər düşmədi. 90-cı illərdə - bizim çəkilib, uğurlu obrazlar yaradacaq vaxtlarımızda hər şey dağıldı. Kino demək olar ki, yox oldu. Təəssüf edirəm, bizim ən məhsuldar dövrümüz pis vaxta düşdü.

- Bütün xanları oynamısınız. Hər xanın da bir xarakteri. Necə düşünürsünüz, bu xarakterlərdən sizdə bir şey qaldımı? Və bütöv Azərbaycanın bir xanı olsaydı, onu necə oynayardınız?

- O barədə heç düşünməmişəm.

- Neçə illərdir ki, külüng çalırsınız. Hər hansı bir mükafat, təltif, fəxri ad...

- Respublikanın əməkdar artistiyəm. Bir il də Prezident mükafatı almışam, vəssəlam.

- Bəs dolanışıq necədir? Qonorar ürəkaçandırmı?

- 40 ilə yaxındır ki, dublyaj ilə məşgulam. Minlərlə filmin Azərbaycan dilində səslənməsində iştirak etmişəm. Ailəmi yalnız o sənətimlə dolandırmışam. Çətin vaxtlarım da olub. Uşaqları oxudub, böyütmüşəm. Allaha şükür, indi özləri-özlərini dolandırırlar. Mən heç vaxt şikayət etməmişəm. Hər kəsin öz taleyi var, onu da yaşayır.

- Bəs bədxahlarınız necə, olubmu?

- Onsuz olmaz ki. Amma mən həmişə calışmışam ki, hamı ilə münasibət saxlayım. Çünki eyni səhnəni bölüşürük. Kim kimə necə münasibət bəsləyir, o dəqiqə bilinir. Ona görə aktyor dostlarımla həmişə yaxşı münasibətdə olmağa çalışıram.

İçməyə vaxtım yoxdur

- Bəzi aktyorlar yeyib-içməyə aludədirlər. Mey ilə aranız necədir?

- İçməyə vaxtım yoxdur. Toydan-toya, bayramdan-bayrama.

- Necə bilirsiz, teatrda öz yerinizdəsiniz, yoxsa haqqınız verilməyib?

- Bayaq dedim, mən şikayət edən adam deyiləm. Həmişə işimi görürəm, layiqəmsə versinlər, layiq deyiləmsə... Şikayətə ehtiyac yoxdur. Tamaşamı oynayıram, filmimə çəkilirəm, dublyjımı edirəm.

- Amma ola bilməz axı, nəyisə arzulayasan, haqqın olduğunu biləsən, amma bu alınmaya, sizi də incitməyə.

- Əlbəttə ola bilməz. Amma üzdə bildirmirəm. 40 ildir professional səhnədəyəm, hələ bir otaq da olsun dövlətdən ev almamışam, bu məni incidir.

- Növbəyə yazılmadınız, yoxsa adamınız, arxanız olmadı?

- Növbədə olanda Sumqayıtda, dediyiniz "dostlar" qoymadı ev alam. Sonra hakimiyyət dəyişdi, müstəqil olduq. Növbə heç kimə lazım olmadı. Belə ev almaq isə, bilirsiniz də... Bizim maaşla yaxın getmək olmur. Oğlum böyüyüb, evə görə evləndirə bilmirəm. 2 otaqlı evdə yaşayıram... baxmayaraq ki, mən almanların filmində çəkilmişəm, rusların 3 serialında rol almışam və s.

- Bəlkə müraciət edəsiniz? Axı, illərdir səhnədəsiniz, müxtəlif obrazlar yaratmısınız.

- Əvvəla, heç kimə müraciət etməmişəm, etməycəm də. Kiməsə nə üçünsə ağız açmaq mənim xarakterimə ziddir. Bayaq da soruşmuşdunuz, obrazlardan xarakterimdə qalanlar var, ya yox. Əlbəttə var. Elə o xan, şah rollarından yəqin bir az qalıb ki, kiməsə baş əymək, ağız açmaq istəmirəm.

- Yadlarına düşəcəyinizi düşünürsünüzmü? Bəlkə dostlar hərəkət eləsin, rəhbərliyin yadına salsın. Umduğunuz dostlar varmı? Umduğunuz yerdən küsmüsünüzmü?

- Yox, mən heç kimdən heç nə ummuram. Bir ilim qalıb, təqaüdə çıxıb, evi uşağa verib gedəcəm rayon teatrlarının birinə. Ömrümü orda başa vuracam.

Heç kimin qarşısında ağlayan deyiləm

- Hansı rolu oynamaq istəyərdiniz? Və güvəndiyiniz kimdir, nədir?

- Oynamaq istədiyim rollar çox olub, oynamamışam, filmlər olub çəkilməmişəm. Güvəndiyim isə yalnız ailəmdir, vəssalam.

- Sizcə, teatrımızın bu günü dünənindən nə götürdü, sabaha nə ötürəcək?

- Bu, çox qəliz sualdır. Bu sualı teatrşünaslara vermək lazımdır, onlar araşdırma aparmalıdırlar.

- Əvvəllər belə bir görüntü vardı: aktyorlar ən xoşbəxt adamlardır. Bəs bu gün necə?

- Elə, görüntü olaraq qalıb. Necə xoşbəxt ola bilərlər ki, 150-200 manat məvacib alırlar. Cavanlar evsiz, ailə qurmağa qorxurlar ki, necə dolanacaqlar. Ən az məvacib aktyorlardadır. Bütün bu çətinliklərə baxmayaraq işləyirlər, yaradırlar.

- Deyirdilər ki, incəsənət xalqa məxsusdur. Bəs niyə xalqa məxsus olanı yaşadanların alın yazısı qarmaqarışıq xətlərlə yazılıb?

- Onu yuxarılar yaxşı bilər.

- Yəni əl çatmır onlara?

- Yordunuz məni, başım ağrıdı…

- Üzrlü sayın, siz Allah…

Tarix
2015.05.02 / 09:48
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla