Yuxarı

Biz ölkəmizin nazirləri olduq…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün görkəmli içtimai-siyasi xadim, filologiya elmimizdə, tarixşünaslığımızda təkbaşına bütöv bir institut qədər iş görmüş filologiya elmləri doktoru, professor Firudin Ağasıoğlunun doğum günüdür.

Firudin bəylə təqribən 45 il öncə tanış olmuşuq. "Appastrof lazımdırmı?" adlı bir məqaləsini oxumuş və işlədiyim "Ədəbiyyat və incəsənət " qəzetində dərc etmişdim. Nəticəsi göz önündədir, indi artıq dilimizdə lazımsız appastrof işarəsi yoxdur.

Elə ilk tanışlıqdan uzun illərin yaxınına, dostuna çevrilmişdik. Yəqin burda milli-filoloji dəyərlərə münasibətlərimizdəki yaxınlıqla yanaşı, vətəndaşlıq mövqeyi, xalqımızın taleyi ilə bağlı düşüncə və arzularımızdakı oxşar cəhətlər də rol oynamışdır.

Firudin Ağasıoğlu ixtisasca dilçidir; bu sahədə dəyərli araşdırmaları var . Lakin xalqımızın taleyi və ötən yüz ilin 60-ci illərindən filologiyamızda, ədəbi, içtimai, elmi fikrimizdə güclənən milli özünüdərk prosesi, tarixi yaddaşın bərpası və güclənməsinə olan içtimai tələbat onu həm də bir tarixçiyə, içtimai xadimə, elm, təhsil və vətəndaş qurumlarının təşkilatçılarından birinə çevirdi.

Dilçilərin tarixə marağı təsadüfü sayıla bilməz. Xüsusən Azərbaycan türkləri kimi tarixi "siyasət canavarına" bağlanan, qurban verilən , saxtalaşdırılan, ilk mənbələri yox edilən bir xalqın dili həm də ən etibarlı tarix mənbəyi, tarix güzgüsü rolu oynayır.

Səksəninci illərin ortalarından başlayaraq biz bütün siyasi proseslərdə xalq içində, müstəqillik uğrundakı mübarizələrdə yanaşı olmuşuq. "Varlıq" Birliyinin əsas qurucularından idi, Meydana bir yerdə çıxmışıq. O, nümayış komitəsinin ilk başçısı idi. Mən Meydanı idarə edənlərdən biri idim. Meydan hərakatından sonra mən ölkədə ilk müstəqil qəzet olan "Azərbaycan"ı çap edəndə Firudin bəy onun Redaksiya Heyəti üzvlərindən biri oldu. Qəzetdə latın qrafikasına keçid kampaniyasını başladıq və sonralar bunu bir yerdə həyata keçirdik.

Meydanda və sonralar bir çox məsələlərdə münasibətlərimiz eyni idi. Buna görə qaragüruhun hücumlarını da gördük və birgə müqavimət göstərdik, birgə mübarizə apardıq. Millət vəkili olaraq müstəqillik uğrunda mübarizənin çətin yollarından keçdik. Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası haqqında Konstitusiya Aktına qol çəkdik, müstəqil dövlətimizin nazirləri olduq…

Yanaşı gördüyümüz işlər, keçdiyimiz yollar haqqında ətraflı yazmaq imkanı yoxdur, bu geniş vaxt aparar. Qarabağ cəbhəsində Ermənistanla sərhəd bölgələrində Quzeydən Güneyə çoxlu görüşlərimiz oldu, təhlükələrdən adladıq. Bütün bunlarla yanaşı əsas işimizdən uzaqlaşmadıq.

Firudin Ağasıoğlu əsl elm adamıdır. Son illərdə yaşadığı bütün sıxıntılara baxmayaraq, öz elmi araşdırmalarını yarımçıq qoymadı. Neçə-neçə bir-birindən dəyərli əsər yazdı. Onun İbrahim peyğəmbər haqqında araşdırmaları, "Azər xalqı", "Daş baba", "Etrusklar" adlı kitabları ümumtürk tarixinə çox dəyərli tövhələrdir.
Firudin bəylə üst-üstə düşən bir fikrimiz də türklərin ata yurdlarının ilk coğrafi məkanlarının Altay deyil, Urmiya hövzəsi, Ön Asiya olmasıdır. Bu konsepsiya türkçülük elmində inqilabi bir hadisə və dönüş nöqtəsi sayılmalıdır. F.Ağasıoğlunun bu mövqeyi təsdiqləyən 9 cildlik "Azərbaycan türklərinin islama qədərki tarixi" kitabı müəllifinin böyük elmi kəşfi və Azərbaycan tarixşünaslığının uğuru sayılmalıdır. Hələlik, 3 cildi çap olunmuş bu əsər siyasi, dini maraqlarla saxtalaşdırılan tarixşünaslığımızda mənəvi işğala son qoyur, oxucunun üzünü tarixi həqiqətləri açır. Təəssüf ki, həmin əsər hələ ki, geniş müzakirəyə cəlb edilməmiş və əsl elmi qiymətini almamışıdır. Amma gec-tez Firudin bəyin bu mövqeyi təsdiqini tapacaq və böyük elmi axtarışların, zəhmətin nəticəsi olan bu çox ciddi əsər əsl qiymətini alacaqdır.

Türklərin islama qədərki tarixi qəsdən gizlədilən, unutdurulan, əyri güzgüdə göstərilən bir tarixdir. Bu tarixi öyrənməkdə F.Ağasıoğlunun türk dünyasında alternativi yoxdur.

Mən əziz qələm dostumun elmi və ictimai fəaliyyəti haqqında geniş yazmaq istəmirəm. İmkan düşəndə onu da yazarıq. İndi sadəcə olaraq onu doğum günü münasibəti ilə təbrik etmək istədim. Ona uzun ömür, can sağlığı arzulayıram. Fəxr edə bilər ki, bütün ömrünü elmimizin inkişafına, millətimizin yüksəlişinə və müstəqillik mübarizəsinə sərf edib.

06 may 2015

Tarix
2015.05.06 / 19:22
Müəllif
Sabir Rüstəmxanlı
Şərhlər
Digər xəbərlər

Lənətə gəlsin o demokratiya ki...

Məni “qandırma” cəhdi? Adamın üzünə tüpürərlər…

Üzündə qeyri-adi işıq, əlində iri çanta...

Bu ağrı ilə İstanbul xəstəxanasına gəldim

Mentalitetdən uzaq, tərbiyəsizliklə dolu...

Harınlığın, qudurğanlığın göz deşdiyi məkan…

İran gölməçəsində quruldayanlara Bozqurd cavabı

Ordumuzdakı “5-ci kolon”: başda yüksək çinli şəxs dayanır

Türklüyün beşiyi buradır! Turan burdan başladı

Amilinin şiri və dünyanın fikri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla