Yuxarı

Bakı-2015: Bizi nə gözləyir

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq Bakı-2015 Avropa Oyunlarının açılmasına sayılı günlər qalır. Bakı Avropanın idman mərkəzlərindən birinə çevriləcək, dünyanın diqqəti Azərbaycana yönələcək.

Ölkəmizə bütün Avropadan idmançılar, yaxından-uzaqdan qonaqlar, çoxsaylı turistlər gələcək. Şübhəsiz ki, biz bu fürsətdən maksimum faydalanmalı, Avropanın, dünyanın gözündə Azərbaycanın yeni, cəlbedici imicini yaratmalıyıq. Doğrudur, qonaqları respublikamızın inkişafı, idmançılarımızın hazırlığı, paytaxtımızın gözəlliyi ilə sevindirmək olar, amma təəccübləndirmək mümkün deyil. Onlar Avropanın inkişaf etmiş ölkələrindən gələn, bütün dünyanı gəzən, görüb-götürən adamlardır. Düşünürük ki, onları yalnız xalqımızın tolerantlığı və respublikamızın əmin-amanlığı ilə heyrətləndirmək, məhz bu dəyərləri Bakı-2015-in brendinə çevirmək, bütün dünyanın diqqətini Azərbaycana cəlb etmək olar. Çünki Avropa da daxil olmaqla, Qərb dünyası hər cəhətdən inkişaf etsə də, bizdən irəli getsə də, tolerantlığı və əmin-amanlığı bizdən öyrənə, görüb-götürə bilər.

Tolerantlığın nadir nümunəsi

Məlum olduğu kimi, azərbaycanlılar tarixən tolerant xalq kimi ad çıxarmışlar, Azərbaycan dünyanın azsaylı (təəssüf ki!) ölkələrindən biridir ki, burada heç zaman dini və milli ayrı-seçkilik, bu zəmində qarşıdurma halları olmamışdır. Azərbaycan xalqı müxtəlif dinlərin və millətlərin nümayəndələri ilə yüz illərlə bir ölkədə, bir şəhərdə, bir kənddə yaşamış, hətta düşmən erməniyə də çörək vermək səviyyəsinə ucalmışdır. Qarşıdurma halları isə yalnız ermənilər tərəfindən törədilmiş, XX əsrin əvvəllərində və sonlarında isə tarixə düşmüşdür.

Yeri gəlmişkən, tolerantlıq azərbaycanlıların mentalitetində olduğu kimi, milli və dini dözümsüzlük də ermənilərin xislətindədir. Qloballaşmanın sürətlə yayıldığı, əksər millətlərin və dinlərin qaynayıb-qarışdığı XXI əsrdə Ermənistanı monomillətli bir ölkəyə çevirmişdir. Bütün dünyaya yayılmış erməni diasporunun səylərinə baxmayaraq, artıq bu həqiqəti dünya ictimaiyyətindən gizlətmək mümkün deyildir.

Azərbaycan xalqı öz adət-ənənələrinə, tarixinə görə vahid və monolit olsa da, milli mənşəyinə və dini təriqətinə görə fərqli qruplardan ibarətdir. Azərbaycanda İslamın şiə və sünni təriqətlərini təmsil edən azəri-türkləri, ləzgilər, avarlar, talışlarla yanaşı, xristian dininin müxtəlif qollarına mənsub insanlar da yaşayır. Məhz bu qrupların inteqrasiyası ölkə miqyasında tolerantlıq - milli və dini dözümlülük modelidir və vahid Azərbaycan xalqını təşkil edir. Azərbaycanda müasir tolerantlığın kökü məhz bu inteqrasiyadan gəlir və Heydər Əliyev kimi dahi siyasətçinin respublikaya 30 ildən çox rəhbərliyi dövründə nadir bir fenomenə çevrilmişdir: xalqın monolitliyi möhkəmləndikcə, tolerantlığı da yüksəlmişdir.

Hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət Azərbaycanda bütün dünyada tanınan və təqdir olunan iqtisadi inkişaf fenomeni yaratmaqla yanaşı, mövcud tolerantlıq və əmin-amanlıq modelini daha da inkişaf etdirmişdir. Qədim və zəngin mədəniyyətə malik, tolerantlığın və əmin amanlığın hökm sürdüyü Azərbaycan, faktiki olaraq, dünyanın humanitar əməkdaşlıq mərkəzinə çevrilmişdir. Buna görə də 2015-ci ildə ilk Avropa Oyunları Bakıda keçirilir.

Şübhəsiz ki, bu oyunların ölkəmiz üçün əsas əhəmiyyətli məqamlarından biri, bəlkə də birincisi dostluq, həmrəylik məşəlinin yandırılması, Azərbaycan xalqının tolerantlığının, qonaqpərvərliyinin bütün Avropadan gələn və bütün dünyanı təmsil edən idmançılara nümayiş etdirilməsidir. Deməli, Avropa Oyunları həm də Azərbaycanın sivill dünyaya inteqrasiyasını sürətlənməsinə xidmət edəcəkdir.

Təhlükəsizlik və əmin-amanlıq şəhəri

Beynəlxalq idman oyunları, həm də o ölkələrdə, o şəhərlərdə keçirilir ki, ora təhlükəsizdir, kriminal vəziyyət nəzarətdədir. Tarixən bu tipli beynəlxalq idman layihələrinin keçirildiyi ölkələrin siyahısına nəzər salsaq, inkişaf etmiş dövlətlərin sıralanmasını görərik. Çünki yalnız qüdrətli dövlət beynəlxalq səviyyəli tədbirin bütün infrasturukturunu yarada bildiyi kimi, təhlükəsizlik məsələlərini də həll etməyə qadirdir. Əslində, buna gücü və imkanı çatmayan ölkə heç namizədliyini irəli sürmür. Oyunların keçirilməsi üçün lazım olan sabitlik şəraiti və təhlükəsizliyin təmini beynəlxalq tədbirin baş tutması üçün ən vacib amillərdəndir. Təcrübəli ölkələr olimpiya büdcəsinin əhəmiyyətli bir hissəsini infrastruktur, bir hissəsini əməliyyat xərclərinə ayırır, bir hissəsini də təhlükəsizlik üçün xərcləyir. Bu, təhlükəsizlik məsələsinin önəminin göstəricisidir.

Məlum olduğu kimi, dünyanın bir çox iri şəhərlərində - istər Avropada, istər Asiyada, istərsə də Şimali və ya Cənubi Amerikada - təhlükəsizliyin əsas problemi yüksək cinayətkarlıqla bağlıdır. Azərbaycan isə bütün dünyada cinayətkarlığın səviyyəsinin ən aşağı olduğu ölkələrdən biridir. Bakıda hətta azyaşlı uşaqların məktəbə tək gedib-gəldiyini görə bilərik, bu isə dünyanın bir çox inkişaf etmiş ölkələrinin qibtə edəcəyi vəziyyətdir. Odur ki, iki il bundan əvvəl pataxtımızın ilk Avropa Oyunlarına ev sahibliyi etmək üçün namizədliyi qəbul ediləndə, onun çox vacib bir üstünlüyü nəzərə alınmışdı: Bakı kütləvi tədbirlərin keçirilməsi üçün ən yaxşı təhlükəsizlik mühitinə malikdir.

Deməli, bütün dünya Azərbaycanı təhlükəsiz ölkə kimi qəbul edir, faktiki olaraq, etibar edir. Azərbaycanda idmanın və idmançıların inkişafı, olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında qazanılan uğurlar da beynəlxalq idman ictimaiyyətinin diqqətini Azərbaycana yönəldir və respublikamız beynəlxalq idman yarışlarının və dünya çempionatlarının keçirildiyi bir məkana çevrilir.

Avropa Oyunlarında Bakıya 50 ölkədən 6 mindən çox idmaçının, on minlərlə turistin gələcəyi bildirilir. Bu möhtəşəm tədbirin keçirilməsi üçün Azərbaycanın bütün lazımı tədbirləri cəmi iki ilə yekunlaşdırması dövlətimizn gücünü nümayiş etdirir. Eyni zamanda, Bakının ev sahibi kimi seçilməsi paytaxtın təhlükəsiz şəhər statusunu bir daha təsdiq etmiş oldu. Azərbaycan paytaxtı ötən illərdə keçirilmiş beynəlxalq əhəmiyətli tədbirlərdə bu işin öhdəsindən layiqincə gəldiyini sübut edib, təhlükəsizlik və əmin-amanlıq şəhəri kimi tanınıb. İndi əsas məsələ oyunların keçirildiyi ərəfədə təhlükəsizliyin etibarlı təmin edilməsi, ictimai asayişin qorunub saxlanılmasıdır. Hazırda bu istiqamətdə işlər davam etdirilir, ehtimal olunan bütün təhlükələr öyrənilir, respublikanın hüquq-mühafizə orqanlarında profilaktik tədbirlər planları hazırlanır. Avropa Oyunlarının təhlükəsizliyini tam təmin edilməsi şübhəsiz ki, Azərbaycanın etibarlılıq statusunu daha da yüksəldəcək, Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən biri imicini təsdiq edəcəkdir.

İqtisadi səmərə və perspektivlər

Mütəxəssislərin fikrincə, Avropa Oyunları strateji layihə olduğu üçün onun gəlirləri yalnız qısa zamanı deyil, həm də uzunmüddətli dövrü əhatə edəcəkdir. Oyunların keçirildiyi müddətdə cari gəlirlərin əldə edilməsi ilə yanaşı, həm də bu möhtəşəm idman tədbiri başa çatandan sonra ölkə iqtisadiyyatına əlavə vəsaitin daxil olması davam edəcəkdir. Əvvəla, bu oyunların keçirilməsindən həm cari, həm də strateji baxımdan turizm sektoru və sözügedən sahədə fəaliyyət göstərən sahibkarlar faydalana biləcəklər. Belə ki, Avropa Oyunlarında ölkəyə minlərlə turistin gəlməsi nəzərdə tutulur. Bu tədbirin iki həftə davam edəcəyini nəzərə alsaq, deməli, oyunlar keçirilən dövrdə hər bir turist ölkədə müəyyən qədər pul xərcləyəcək. İkincisi, turistlərin Azərbaycanda olmasından, xüsusilə də xidmət, nəqliyyat, bank sektoru gəlir əldə etmək imkanı qazanacaq. Digər tərəfdən, cari gəlirlərə biletlərin satılması, yayım və reklam vasitəsilə əldə olunan gəlirlər də daxildir. Oyunların müxtəlif xarici kanallar vasitəsilə yayımlanması da gəlir əldə etməyə imkan verəcəkdir. Yerli və xarici şirkətlər də Avropa Oyunları zamanı özləri reklam kampaniyalarının aparılmasında maraqlı olacaqlar. Eyni zamanda, ölkəyə gələn turistlərin xarici valyutanı milli valyutaya çevirmələri manata tələbin artmasına və xarici valyuta təklifinin çoxalmasına səbəb olacaq. Bu da Mərkəzi Bankın intervensiya xərcinin azaldılması baxımından çox əhəmiyyətlidir.

Uzünmüddətli gəlirlərə gəlincə, inşa edilən infrastrukturlar sonrakı dövrdə qlobal və beynəlxalq yarışların keçirilməsi üçün istifadə ediləcəkdir. Belə ki, 2017-ci ildə 4-cü İslam Həmrəyliyi Oyunlarının, 2020-ci ildə futbol üzrə Avropa Çempionatının final mərhələsinin və digər beynəlxalq oyunların respublikamızda keçirilməsi ilə bağlı razılıq artıq əldə edilmişdir. Bakıda tikilmiş müasir idman obyektləri heç şübhəsiz ki, Azərbaycan vətəndaşları üçün də çox vacibdir. Xüsusilə, vətəndaşlarımızın sağlamlığının möhkəmləndirilməsi üçün onların istifadəsi çox əhəmiyyətlidir. Bu halda Bakı elə bir sosial səviyyəyə qalxmış olacaq ki, həmin şəraitə praktiki olaraq heç bir keçmiş "olimpiada paytaxtı" nail olmamışdır. Bir sözlə, Avropa Oyunları kimi beynəlxalq layihələr Azərbaycan üçün qısa və uzunmüddətli dövrdə sərmayələrin cəlb edilməsi baxımından əhəmiyyətlidir. Mövcud infrastrukturun yaxşılaşması Azərbaycanın rəqabət qabiliyyətliliyinin daha da güclənməsinə və bu baxımdan xarici investisiyaların cəlbinə də şərait yaradacaqdır.

Avropa Oyunlarının əhəmiyyəti

Avropa Oyunları Azərbaycanın dünyada tanıdılması, tolerantlığı və əmin-amanlıq ölkəsi imicinin yaradılması ilk növbədə, xarici turistlərin və sərmayələrin cəlb edilməsinə müsbət təsir göstərəcəkdir. Məlum olduğu kimi, respublikamızda qeyri-neft sektorunun inkişafı vacib hədəflərdən biridir. İqtisadiyyatın şaxələnməsi, eyni zamanda, qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsini nəzərdə tutur. Belə beynəlxalq yarışlar Azərbaycanın infrastrukturunu, iqtisadi potensialını tanıtmaq, turizm imkanlarını açmaq üçün olduqca vacibdir. Turizm sektorunun inkişafının prioritet olduğunu nəzərə alsaq, bu sahə belə mötəbər yarışların keçirilməsindən ciddi şəkildə taktiki və strateji gəlirlər əldə edəcəkdir.

Avropa Oyunları iki həftə çəkəcək və müasir tariximizin şanlı bir səhifəsinə çevriləcəkdir. Amma dünya mətbuatı xeyli müddət bu möhtəşəm tədbiri, onun nəticələrini işıqlandıracaq, idman ictimaiyyəti, milyonlarla idman azarkeşi Azərbaycandan, onun paytaxtı Bakıdan danışacaq, tanımayanlar da bizi tanıyacaq.

Xalqımızın zəngin mədəniyyəti, tolerantlığı, paytaxtımızın gözəlliyi, əmin-amanlığı müzakirə ediləcək, bunlar bir növ Bakı-2015 brendinə çevriləcək. Obrazlı desək, paytaxtımızın müasir tarixi iki yerə bölünəcək: Avropa Oyunlarına qədərki və Oyunlardan sonrakı Bakı. Birinci dünyada neft Bakısı kimi tanınsa da, ikinci yeni Bakı kimi tanınacaqdır. Yeri gəlmişkən, yeni Bakı respublika rəhbərliyinin prioritetlərindən biridir, Qış bulvarının yaradılması, Ağ şəhər layihəsinin reallaşması, Bakı bulvarının yenidən qurulması da bu istiqamətdə həyata keçirilən meqalayihələrdir. Nəticələr də göz önündədir. Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməkdədir. Avropa Oyunları isə bu nəticələri göstərəcək, dünya ictimaiyyətini yeni Bakı ilə tanış edəcəkdir. Ən əsası isə Avropa Oyunları Azərbaycanı Qərbi-Asiya yox, məhz Avropa ölkəsi kimi tanıtmağa imkan verəcəkdir.

Tarix
2015.05.12 / 09:34
Müəllif
Qаlib Аrif
Şərhlər
Digər xəbərlər

Sahibkarların “xiyar siyasəti”

Növbəti Dördgünlük savaş nə vaxt olacaq?

Ermənilər Abbasovdan niyə razı qalırdı?

Qərb-Rusiya savaşı: 2016 nə vəd edir? – Təhlil

Ərdoğanın qeyri-adi bəyanatı

Alternativ enerji nədir? – Mənbələr

Mahal dilini dinc saxlasaydı...

KQB mayorunun Sovetləri titrədən qətli

Tələ: Gözəl qız oğlanı evə gətirir, bu zaman...

“Qatil qarajda elektrik stulu düzəldibmiş” - Polis

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla